adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7
02 Noyabr 2016 13:50
68943
MÜSAHİBƏ
A- A+

Zəlimxan Məmmədli:“Təşəbbüskarları, pozucu zehniyyəti tanıyıram”

"Borçalı" İctimai Birliyinin başı üzərində qara buludlar dolaşır. Bir qrup metbuata çıxaraq birliyin sədri Zəlimxan Məmmədlinin fəaliyyətindən narazı olduğunu bəyan edib. Konfrans keçirib. Bütün bunlarla bağlı suallarımızı "Borçalı” İctimai Birliyinin sədri Zəlimxan Məmmədli cavablandırır.

-Zəlimxan müəllim "Borçalı” İctimai Birliyi ilə bağlı xoşagəlməz informasiyalar yayılıb. İctimai Birlikdə nə baş verir?

-1993-cü ildə təsis edilən təşkilat heç bir işlə yadda qala bilməyib. 2009-cu ildən yeni heyətlə mümkün olanları edə bilmişik. Hüququ çox sevirəm. Hüququn olmadığı, işləmədiyi cəmiyyətlər anormal cəmiyyətlərdir. Həm də Azadlığı çox sevirəm. Azadlıq olmadığı halda başqasına, xüsusilə elə, millətə fayda vermək imkanın minimuma enmiş olur. Hər zaman bu sərhədlər çərçivəsində - kiminsə əlavəsi olmadan millətin, elin ruhuna söykənərək, hüququ ali bilərək fəaliyət göstərmişik. Bilirəm ki, mövcud Azərbaycan reallıqlarında ən çətin yolu seçmişik. Düşünürəm ki, bizim ərtafımızda problem yaratmağa çalışan və ya yaradan məhz bu duruşumuzu sinirə bilməyən düşüncənin iş birliyidir. Zaman-zaman təşkilat içərisində problem yaratmağa çalışsalar da buna nail ola bilmədilər. Ən sonda hüquqsuzluq və mütilərin varlığı faktorundan istifadə etdilər. Mütiləri səfərbər edərək hüququ ayaq altına alaraq, qanunun, haqqın, ədalətin üzünə tüpürməyi məqbul bildilər. Təşkilatımız monolitdir, bu proseslərdə cəmi bir nəfər təşkilat üzvü bu tələyə düşüb. Üzvlərimiz, yolumuz yerindədir və doğru bildiyimiz yolu getməkdəyik.

-Sizə qarşı quruplaşan insanları tanıyırsınızmı?

-İlk təşəbbüskarları, pozucu zehniyyəti tanıyıram. Bunlar 2009-dan bu yana nə təşkilatın üzvü olublar, nə də təşkilatın hər hansı bir uğuruna seviniblər. Bu düşərgə son 8 ildə yalnız qara yaxmaqla, aşağılamaqla, düşmən dəyirmanına su tökməklə məşğul olublar. Saxta növbədənkənar konfrans adı altında toplaşanların əksəriyyətini tanımıram. Onlar fikrimcə, aldadılmış, nə baş verdiyinin mahiyyətinə varmadan və yaxud nəyə görəsə oyuna salınmışlar ola bilər. Onların əksəriyyəti təşkilatın üzvü deyillər. 500 min borçalı türkünün cəmiyyətə üzvlük iddiası qoyması absurd olmaqla, gülməlidir. Təşkilatın hal-hazırda 199 nəfər üzvü var və bunlar məsuliyyətlərini dərk edən insanlardır.

-Məhz sizin rəhbərliyiniz altında Gürcüstanda yaşayan soydaşlarımızla bağlı bir sıra problemlərin həllinə nail olan Birliyin daha nə kimi planları var?

-İlk növbədə hüququn təhqir olunduğu düşüncəsindəyəm. Hüquqa bu cür sayğısızlığın nəticələrinin aradan qaldırılması və hüququn reabilitasiyası hədəflərdən biridir. Eyni zamanda aylıq, kvartallıq və illik fəaliyyət planımıza uyğun olaraq tədbirlərimizi həyata keçirəcəyik. 1912-ci ildə nəşr olunmuş məşhur Emin Ağa Borçalının "Bəsdir, Oyan” kitabını 104 ildən sonar təkrar nəşr etdirdik. Onun təqdimatına hazırlaşırıq. Daha sonra Avropa və Türkiyəyə səfərimiz nəzərdə tutulur. Səfərimizdə əsas məqsəd həm Qarabağ, Güney Azərbaycan və təbii ki, Borçalı mövzusunda həqiqətləri Avropa parlamentarilərinə çatdırmaq, soydaşlarımızın problemlərinə diqqəti yönəltməkdən ibarətdir. Noyabr ayının sonunda Qafqazda birgəyaşayış problemlərinə həsr olunmuş elmi-nəzəri konfrans, dekabr ayında isə Borçalı türklərinin ilin sonuna yaxın zirvə toplantısı və Türklüyə Xidmət Mükafatının təqdimat mərasimi nəzərdə tutulmuşdur. Təbii ki, soydaşlarımızın problemlərini ictimailəşdirmək və dövlət hakimiyyət orqanları və ictimaiyyətin diqqətini bu problemə yönəltmək əsas hədəflərdəndir.

-Elat Bayramlarının keçirilməsi ilə bağlı bir sıra problemlər var. Bu məsələnin həlli ilə bağlı hansı addımlar atılır?

-Elat Bayramı soydaşımızın, ümumilikdə isə Azərbaycan-türk mədəniyyətinin vasitəçiliyi ilə Gürcüstanın bütövlüyü çərçivəsində soydaşlarımızın Gürcüstanda vətəndaş hüquqlarının tam təmini və dünyaya səpələnmiş Borçalı türklərinin imkanlarını Borçalıya, Gürcüstana yönəltməyə xidmət edən unikal mədəniyyət layihəsidir. Gürcüstanın indiki iqtidarı bu reallığı qəbul etməkdə zorlandı, sinirə bilmədi, soydaşımın hüquq çərçivəsində boy göstərməsindən əsassız olaraq xoflandı. Bu onların tarixi yanlışlığıdır. Son parlament seçkisində də azad fikir nümayiş etdirən soydaşımızın halal qalibiyyətini bütün resurslarını səfərbər edərək əngəlləmələri də dediyimizə əyani sübutdur. Təbii ki, həqiqəti söyləyərək müharibə etmək fikrində deyilik. Amma eyni zamanda Gürcüstanı bu yanlışlıqlardan imtinaya dəvət etmək və Elat bayramını da keçirməyin də soydaşımız olaraq onların toxunulmaz hüququ olduğuna inandırmaq da vəzifələrimizdəndir.

-Yeri gəlmişkən Ədliyyə Nazirliyinin sizin təşkilat barəsində verdiyi çıxarış var. Orda sədr Kərəm Məmmədli göstərilib. Bununla bağlı Ədliyyə Nazirliyinə hər hansı müraciət etmisinizmi?

-Hüquq sevgi, sayğı tələb edir. Dövlətçilik düşüncəsindən uzaq məmurlar hüququ aşağılayıblar, alçaldıblar, təhqir ediblər, ayaq altına atıblar. Bir təşkilat varkən, fəaliyyətdə ikən, yenicə konfrans keçirmişkən təşkilata aidiyyətə olmayan kəsləri bir otağa dolduraraq onlara qanunsuzluq edənlərə motivasiya dərsi keçmək Ədliyyə Nazirliyinin vəzifəsi, işi deyil. Ədaləti bərqərar etməli olan dövlət qurumu təəssüf ki, Azərbaycan dövlətçiliyinə xəyanət etmək yolunu seçdi. Ədliyyə Nazirliyində oldum. Borçalı Cəmiyyəti ola da bilər, olmaya da bilər, Amma Azərbaycan dövlətçiliyi, demokratiya, hüququn aliliyi kimi müqəddəs amallarla bu cür cinayətkarcasına davranmaq olmaz. Hüquq qananın sevgisi, eşqi, namusudur. Onu aşağlayan nə gözümdə, nə könlümdə uca mərtəbədə ola bilməz. Odur ki, indi hüququ pozan Ədliyyə Nazirliyini məhkəməyə vermişik. Bu prosesdir. İnanmaq istərdik ki, bir zamanlar bu qanunsuzluqlara imza atanlar hökmən, məhz əlahəzrət qanun qarşısında cavab verəcək.

Ədil Ədilzadə