adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7
01 Noyabr 2016 19:25
39783
MÜSAHİBƏ
A- A+

Rəis Rəsulzadə: “Zirzəmidə həm yaşadım, həm də işlədim” - Müsahibə

Rəsulzadə yadigarının acılar dolu həyat hekayəsi

Yarızarafat deyir, heç son aylara qədər 70 yaşının tamamı, yaxud yubileyı barədə düşünmürmüş. Amma ətrafdakı dostlar bu barədə o qədər danışıb ki, artıq özü də qeyri-ixtiyari yubiley "tədarükü”nə başlayıb.

Əhmədlidəki soyuq, nəmiş emalatxanada elektrik çaydanını isinməyə qoyduqdan sonra üst-üstə qalaqlanan bir-birindən gözəl rəsm əsrlərinə işarə edir həmsöhbətimiz...
Müsahibimiz Məhəmməd Əmin Rəsulzadə yadigarı, Azərbaycanın Əməkdar rəssamı Rəis Rəsulzadədir. 1 noyabr 1946-cı ildə anadan olan Rəis bəy ömrünün 70-ni tamamlayır. Yubileyi ilə əlaqədar noyabrın 4-ü saat 19.00-da Bakı Mədəniyyət Mərkəzində rəsm əsərlərinin sərgisi təşkil olunacaq. Mədəniyyət və Turizm Nazirliyi və Rəssamlar İttifaqının birgə təşkilatçılığı ilə keçiriləcək əsas sərgi isə noyabrın ikinci yarısında baş tutacaq.
Elə biz də böyük dəyər verdiyimiz yubilyarla yubiley söhbətinə görə getmişdik...

Amma elə oldu ki, sonda yaralarının qaysağını qopardığıma özüm də peşman oldum. Nə etmək olar, sovet repressiya maşınının hədəfində olan Rəsulzadə soyadının daşıyıcıları ömür boyu məşəqqətlər yaşayıblarsa, bunları necə xatırlamamaq olar. Bu, bir nəslin timsalında Azərbaycan sevdalı insanların faciəvi tarixidirsə, yazılması daha faydalıdır bəlkə də...

Rəis Rəsulzadə Azərbaycana 1965-ci ildə gəlib və Əzim Əzimzadə adına rəssamlıq məktəbinə daxil olub. Lakin M.Ə.Rəsulzadənin nəvəsi olduğuna görə hər hansı problemlə üzləşməyib:"Onda mən tələbə gənc idim. Sovet hökumətinin ”KQB"-si işləyirdi, yəqin ki, tam nəzarətsiz deyildim, amma heç nə hiss eləmirdim". Ardınca isə R.Rəsulzadə hərbi xidmətə yollanıb. Əsgərlikdən sonra Qazaxıstana, Karaqanda vilayətinə qayıtmalı olduğu halda, vətənini seçib və 1969-cu ildə təkrar Bakıya dönüb. Hansı ki, burada onu nə gözləyən vardı, nə də ev-eşik sahibiydi. Ona görə də həyatının ağır dönəmi vətəndə də davam edib: "Birgə oxuduğum dostlarımla, rəssam uşaqlarla bərabər emalatxanada qaldım. Daha sonra müəllimimin emalatxanasında yaşadım. Bundan sonra isə zirzəmidə bir otaq tutdum. Rəssamlara sifariş yerinə yetirmək üçün yer ayrılırdı da. Mən də orda həm yaşadım, həm də işlədim”.

Yalnız ailə qurandan bir-iki il sonra 1985-ci ildə özünə mənzil ala bilib.

Rəis bəyin bir qız övladı var. Amma ata-babasının yolunu davam etdirmir:"Çox istedadlıdır. Hətta məndən də istedadlıdır. Amma qızım mənə dedi ki, sənin çəkdiyin əzabları mən çəkmək istəmirəm. Onun fikri ilə razılaşdım. Qız uşaqları üçün həqiqətən də çox çətindir”.

***

"70 yaş elə mərhələdir ki, səhhət cəhətdən problemlər olmasa, artıq hansı işləri necə görmək barədə daha ciddi düşünməli olursan. Rəssamı yaşadan elə yaradıcılıq işləridir, onu deməsə də, büruzə verməsə də, daxilində daim bu məsələ haqda düşünür” - deyən müsahibimizə suallarımız səngimir:

- Rəis bəy, siz necə, şah əsərinizi yaratmısınızmı?

- Mən bunu deyə bilmərəm. Lakin Mikelancelonun (intibah dövrünün dahi heykəltəraşı və rəssamı-E.P.) bir sözü vardı. 80 yaşında deyirdi ki, mənim indiyəcən yaratdıqlarım bir tərəfə, ancaq bundan sonra nə yaradacağamsa, o, daha əhəmiyyətli olacaq. Yəni sənətin əsl mahiyyətini üzə çıxartmaqdan söhbət gedirdi. Həqiqətən də elə oldu. Onun iki əsəri yarımçıq qalıb. Amma yarımçıq qalsa da bütün digər əsərlərindən üstün sayılır.

- Əsərlərinizin sayını bilirsinizmi? Sizin necə, yarımçıq əsərləriniz varmı?

- Yarımçıq əsərim yoxdur. Amma istərdim ki, bəzi əsərləri yenidən işləyim. Əsərlərimi saymıram, amma xeyli var.


- İndiyədək yaradıcılığınız hansı ölkələrdə nümayiş olunub?

- Çox ölkələrdə. Amerika, İsrail, Almaniya, Polşa, Rusiya, Əfqanıstan, Türkiyə, Kubada sərgilərim olub. Həmçinin Azərbaycanda.

-Cümhuriyyət qurucusunun nəvəsi kimi sərginiz təşkil edilibmi?

- 1994-cü ildə Məhəmməd Əmin Rəsulzadənin 110 illiyində sərgim olub. Düzdür, Rəsulzadənin nəvəsi kimi yox, repressiya olunmuşların sərgisi kimi təqdim etmişdilər. Hətta AzTV də işıqlandırmışdı.

- Məhəmməd Əmin Rəsulzadənin yubileyi ilə bağlı prezident sərəncamı olduqdan sonra inam var ki, onun Əməkdar rəssam olan nəvəsinin də 70 illiyi ilə bağlı dövlət tədbiri, yaxud prezident sərəncamı ola bilər.

- Nə bilim. Olarsa, lap yaxşı, çox sağ olsunlar. olmazsa da, heç nə deyə bilmərəm. Hər halda, Məhəmməd Əmin ayrı, onun yadigarı ayrı (gülür). Amma Azərbaycanın tarixidir də...

***

...1937-ci ildə qapı döyülür və Rəsulzadə ailəsinin üzvlərinin cəhənnəm dolu həyatı başlanır. Rəis bəyin ata-anası elə sürgündə, Qazaxıstanda tanış olub evləniblər. Onun atası Bakıdan, anasının ailəsi isə Naxçıvandan sürgün edilmişdi. Sürgün yerini isə belə xatırlayır: "Çox axmaq bir yer idi. Səhralıq, quraqlıq, aclıq... Ən yaxın dəmir yolu 50 km-likdən keçirdi. O zaman sovetlər türk millətinə qarşı soyqırım siyasəti yeridirdi. Əhalisinin sayına görə isə Azərbaycan ən çox repressiyaya məruz qalan respublika olmuşdu”.

Cümhuriyyət qurucusu olmaqdan başqa "günahı” olmayan Məhəmməd Əminin analığı Maral xanım, həyat yoldaşı Ümbülbanu xanım, oğlu Azər bəy və qızı Xalidə xanım sürgün edilib. Azər Rəsulzadənin böyük bacısı Lətifə xanım isə 1941-ci ildə sürgünə göndərilib. "Rəsulun taleyindən heç nənəm ölənə qədər xəbər tutmayıb. Deyirdilər ki, elə oğlunun dərdindən ölüb” - deyir Rəis bəy.

Yubilyarımız 70 illik həyatına xəyali olaraq qayıdanda hər bir epizodu olduğu kimi xatırladığını deyir:"Hərdən olur, ötən onilliklər gözümün qabağından epizod-epizod ötüb keçir. Düzdür, mən Salvador Dali deyiləm. O deyirdi ana bətnində olmağım da yadımdadır. Amma həqiqətən, bir yaşımdan üzü bəri hamısı mənim yadımdadır. Yadımdadır, məni qucaqda tuturdular, SSRİ-nin xəritəsini göstərirdilər, bütün respublikaların paytaxtlarını göstərirdim. Hamı təəccüblənirdi ki, bu uşaq hardan bilir. Vaxtından qabaq oxumaq istədiyim üçün məktəb yaşına çatmamış məni məktəbə qoymuşdular. Şəkil çəkməyimi bilincə məndən çəkməyi istəyirdilər. Mən rus məktəbində oxuyurdum. Orada da sürgün olunmuş ziyalılar dərs deyirdi. Onların da bizə münasibəti yaxşı idi. Məndə rəssamlığa meyl anadangəlmə idi. Çox böyük həvəsim vardı. Rəng olmayanda qırmızı kərpici döyüb su ilə qarışdırırdım, ondan rəng düzəldirdim. Bundan başqa, kömürü əzib su ilə qarışdırırdım, rəng alınırdı. Yağlı boya istəyəndə tabaşirə yapışqan qatırdım və ”boya" hazır olurdu. Çox haqq-hesablar var..."

O deyir ki, Azərbaycandan sürgün edildiklərini uşaqlıqdan bilirmiş:"Böyüklər həmişə olub-keçənləri xatırlayırdılar, bu arzu ilə yaşayırdıq ki, vətənə qayıdacağıq”. Stalinin ölümündən, 1956-cı ildən sonra repressiya qurbanlarına münasibət dəyişir və 1959-cu ildə Rəsulzadə ailəsinə də bəraət verilir. Beləcə, Rəis bəyin də Vətənə yolu açılır...
***
Lakin Azərbaycana qayıtmaq ailə üzvlərinin çox az qisminə qismət olub:"Böyük bibimin ailəsi Qazaxıstanda, sürgündə dünyasını dəyişdi. Həyat yoldaşını qızıl mədənlərində, katorqada işlədirdilər. Özü və kiçik qızı soyuqdan donmuşdu. Nənəm Ümbülbanu xanım, Maral xanım, mənim anam rəhmətə getdi. Ümumiyyətlə, Rəsulzadənin ailəsindən 20 nəfərə yaxın insan orda həlak oldu. Heç məzarlarının da yeri bəlli deyil.

Məsələn, Maral xanım və Ümbülbanu xanım Çulaq Kurqanda rəhmətə getmişdi. Onlar Aral gölünün ətrafında yaşayırdılar. Sonra ailənin digər üzvləri oradan Taldı Kurqan tərəfə köçmüşdülər. Çünki əvvəlki yerdə iqlim çox sərt idi, ərizə yazıb nisbətən cənub tərəfə köçürülmələrini istəmişdilər”.



Rəis Rəsulzadə atasının çox böyük rəssam olduğunu deyir:"O, Mikayıl Abdullayev, Böyükağa Mirzəzadə ilə bir yerdə oxuyub, onların içərisində lider idi, özləri də deyirdi. Amma sürgün onun bütün həyatını dəyişib”.

Atası Azər bəyin çərçivəyə salınmış, kətan üzərindəki portreti diqqətimi çəkir. Rəhmətlik bu portreti 1950-ci ildə yaradıb:"Güzgüyə baxıb, öz-özünü çəkib. Nə vaxtsa lampanı portretin üstünə aşırmışdılar, bir tərəfi yanmışdı. Mən yanan, sıradan çıxan yerləri bərpa elədim”.

Novxanı məzarlığında, Məhəmməd Əmin Rəsulzadənin atası ilə yanaşı uyuyan Azər Rəsulzadə sovet dövründə bir neçə dəfə Azərbaycanda olub. Rəis bəyin xatirələrindən:"Atam 1988-ci ilin meydan hadisələri dövründə bura gəlmişdi. O zaman indiki ”Həzi Aslanov" metro stansiyasının yaxınlığında yaşayırdım. Meydana bir yerdə getmişdik. Qalanmış tonqallara baxdı, dedi, "sovet hökuməti bunları bağışlamayacaq”. O bilirdi də vəziyyəti. Sonra 20 Yanvar hadisələri baş verdi".

R.Rəsulzadə əlavə edir ki, atası 1949, 1952, 1959, 1961-ci illərdə də Azərbaycana gəlib və Qazaxıstana qayıdıb.

***
Yubilyarımız üçün nə qədər ağır olsa da, anası barədə də danışmasını istəyirəm. Uzun pauzadan sonra danışır: "Anam rəhmətə gedəndə mənim 3 yaşım vardı. Həyətdəki qarmaqarışıqlıq yadıma gəlir. Onu xatırlayıram ki, çoxlu ayaqlar o yan-bu yana gedir və qırmızı bir parçanı xatırlayıram. Mafənin üstünə salınan parça beynimə həkk olunmuşdu. Bundan sonra ki, anam yox oldu. Soruşurdum ki, bəs anam hanı, anam hanı? Məni aldadıb deyirdilər ”xəstəxanadadır, bir azdan gələcək". Sonra uşaq olsam da, başa düşdüm ki, yox, bu, başqa məsələdir, daha soruşmadım..."

Həmsöhbətimizi çox ağır xatirələrdən ayırmağa çalışıram. Amma çətindir. Rəis bəy davam edir:

- İndi geri baxanda adam özünə inanmır. Qəribə gəlir ki, necə olub bütün bunlara dözə bilmişəm. Hətta çox illər sonra burada elə anlar olub ki, həmkarlarım deyiblər "sən çıx get Bakıdan, burada alınmır”. Amma indi baxırsan ki, hansısa qüvvə səni burada saxlayıb..."

R.Rəsulzadə ilk dəfə Ankaranın Əsri məzarlığında uyuyan babasının məzarını 1997-ci ildə ziyarət edib:"Bir qrup rəssamla İstanbula ezamiyyətə getmişdik. Ordan da Ankaraya getdim, Milli Kültür Dərnəyində oldum, rəhbərliklə görüşəndən sonra Məhəmməd Əminin məzarını ziyarət etdim. Amma atam ziyarət edə bilmədi. Təbii ki, istəyirdi, amma qismət olmadı...”

Rəis bəy daha bir faciəli taleli can-ciyərindən bəhs edir:"Məhəmməd Əminin əmisi oğlu Məhəmmədəli var idi, 100 yaşına qədər İstanbulda yaşadı. Onun Azərbaycanda yaşayan oğlu Aydın - atamın xalası oğlu - 80-ci illərdə gedib onu tapmışdı, atası ilə görüşə bilmişdi. 3 ay yanında qalandan sonra qayıtdı. Artıq o da rəhmətə gedib. Atasının məzarı isə Türkiyədə, İstanbuldadır. Hətta onlar repressiyaya məruz qalmasınlar deyə, soyadlarını da dəyişib ”Eminov" etmişdilər, ana familiyasını götürərək. Amma buna baxmayaraq, onları da sürgün etmişdilər, ciddi nəzarətdəydilər".

Bu gün M.Ə.Rəsulzadənin qohum-əqrəbalarından bəhs olunanda adətən Rəis bəydən danışılır. Amma Rəis bəyin özündən kiçik bacısı hazırda Sibirdə yaşayır. Elə o zaman ailə qurub və Azərbaycana gələ bilməyib. Onun 3 qız övladı var. Rəis bəyin bir neçə il əvvəl rəhmətə gedən bibisi qızı Firuzə xanımın övladları, nəvələri isə Azərbaycanda yaşayır.
Söhbətimizi Rəis bəyin yaratdığı əsərlərə tamaşa edərək davam etdiririk. Bir-birindən gözəl təbiət mənzərələri üstünlük təşkil edir. Deyir, Goranboydan Qubaya, Şamaxıdan Naxçıvana qədər ölkənin əksər yerlərində olub: "İnşallah, Lerik tərəfə getmək istəyirəm. Özü də gedib baxıb çəkdin, bununla iş bitmir. Gərək gedəsən, bir az mühitə uyğunlaşasan, obyekti mənimsəyəsən, gərək o, qəlbinə yatsın, sonra kətana köçürülsün. Yoxsa elə-belə nəyisə təsvir etmək boş şey olur. Qəlbinin süzgəcindən keçirməlisən”.

Və Qarabağ xatirəsi: 1992-ci ildə Ağdamın Şellisində, Əsgəranda olub. Şuşanı isə sonuncu dəfə 1986-cı ildə ziyarət edib:"Çoxdan arzusunda idim. Şuşa çox gözəl yerdir. Təsəvvür edin, gedirsiniz, buludlar ayağınızın altında...Cıdır düzündə də şəkillər çəkmişəm. O xatirələr unudulmazdır. Alah qismət eləsin, bir daha o yerlərə qayıda bilək!”