ANA SƏHİFƏ / YAZARLAR

Mən necə dəli oldum - II yazı

23128    |   2016-11-01 11:50
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Gözlərimi açanda ətrafımda anam, atam, bacım, qardaşım, ağ xalatlı həkim qadın vardı. Həkim əli ilə saçımı oxşadı: "Gül kimi oğlan nə günə düşüb?!” Anamın hıçqırtısı qulaqlarımda eşidildi. Atam damağında siqaret səssiz-səmirsiz mənə baxırdı. Bacımla qardaşım isə təəssüf dolu baxşılarını yerə zilləmişdilər.

Anam atama qonşu qızını sevdiyimi demişdi. Gecələr yatmadığımı, içki içdiyimi, bir sözlə, açmışdı sandığı, tökmüşdü pambığı. Atam vəziyyətimin gərginliyindən nigaran idi. Tez-tez: "Ürəyin nə istəyir? Özünü necə hiss edirsən?” – deyə suallar verirdi. Mən isə yenə hər gün içirdim. Gecədən səhərə kimi boş, soyuq küçələrdə veyillənirdim.

Gecənin yarısında yerimdən durdum. İşıqları yandırdım. Qəfil atam yerindən sıçradı.

- Hara gedirsən? Yıxıl, yat...

Onun sözlərini eşidirdim, amma cavab verməyə ərinirdim. Atam qollarımdan yapışıb, saxlamağa çalışdı. Evdəkilər yuxudan oyanmışdı. Mən indi bunun fərqinə varmışdım. Anam aramıza girdi. Atamı sakitləşdirdi. Mənim ünvanıma löyün-löyün qarğış yağdırdı.

Sonra araya sükut çökdü. Qardaşım donquldanırdı: "Qoyun, yataq, səhər tez durmalıyam”. Çığırmağa başladım: "Nə yatmaq, durun, qalxın. Mən ölürəm. Dünyada insanlar ölür, uşaqlar ölür. Durun, yatmayaq, yaşayaq, durun!..”

Bir gün də axşam evə gələndə anam tək idi. Qolundan yapışdım ki, gedək qızı istəyək. Anam məndən qorxmağa başlamışdı. Razılaşdı. Yazıq anam. Lənət olsun mənim yeniyetməliyimə! Lənət olsun mənim kimi övlada! Qapını bərk-bərk vurdum. Qızın özü açdı. Gözlərindəki işıq üzümə vururdu. İçəri keçdik. Sevdiyim qızın anasına salam-zad vermədən keçdim mətləbə. Ay xala, qızınızı bir həftəlik mənə verin. Mən ona heç nə etməyəcəm. Sadəcə qucaqlayacam. Verin qızınızı mənə. Nə olar, yalvarıram. Ay Oğuz, bu hələ olan iş deyil. Universitetini, hərbi xidmətini qurtar, gəl qızı verim. Sevdiyim qız masada oturub bu mənzərədən böyük bir həzz alırdı.

Evləri elə bil ağ örtüyə bürünmüşdü. Hamı ağarmışdı. Bəmbəyaz görüntü və duman vardı. Anamı görmürdüm. Hiss elədim kimsə arxadan məni dartır. Getdikcə sürətlə geri çəkilirəm.

Geriyə çevriləndə təcili yardım maşınını gördüm. Sirena səsi başımı döyəcləyirdi. Atam, qardaşım yanımda idilər. Elə bilirdim sevdiyim qızın yanına gedirik, elə bilirdim ki, dünyanı xilas edəcəm.

Gedirdik. Pəncərədən tələsən adamları görürdüm. Hamı harasa qaçırdı. Qara zolaqlar gözümü ağrıdırdı. Atam sürücü ilə nəsə danışırdı. Qardaşım uşaqlıq xatirələrimizi yada salırdı. Hər şeyi itirirdim. Daxilimdə partlayışlar gedir, bədənimdən uzaqlaşırdım.

Xəstəxananın binasını görəndə qaranlıq küçəyə tərəf qaçmağa başladım. İki adam sürətlə yetişib məni tutdular. Ağlayırdım. Kimlərisə söyürdüm. Atam saçımı sığalladı.

- Məni aldatdınız..

- Yox, Oğuz, yaxşı olacaqsan, get. Sabah gələcəm, hər gün yanına gələcəm..

Palatanın qapısı açıldı. Dəmir qapının cırıltılı səsi sükuta bürünmüş otaqlara doldu. Uzun bir dəhliz qarşımda parıldayırdı. Dəhlizin axırında bir stul vardı. Addımladım. Oturudum. Ətrafa göz gəzdirdim. Divarların boz rəngi, zəif işıq, parıldayan döşəmə. "Anaaaa”, deyə qışqırdım. Palatalarda canlanma oldu sanki. Söyüşlər, təhqirlər... Dəhlizin başında iri cüssəli sanitarın küt sifəti göründü.

Mənim dəlixanada ilk günüm belə başladı...

ardı var



İmza:Oğuz Ayvaz

YAZARIN ARXİVİ

2017-10-16 : Anamın oxşarı
2017-10-03 : Mən heç kiməm
2017-06-19 : Atama məktub
2017-01-18 : Atama məktub
2016-10-03 : Eşq romanı
SON XƏBƏRLƏR
2018-01-20
2018-01-19


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Təbii qaz limitini keçmisinizmi?

Hə (75%)
Yox (25%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
Mollaya xəbər verirlər ki, qayınanasını su aparıb. Molla gəlib girir çaya, başlayır su yuxarı axtara-axtara getməyə. Görənlər soruşurlar ki:
- Ay Molla, bu necə axtarmaqdı? Cənazə su axan tərəfə gedər, ya yuxarı dırmaşar?
Molla deyir:
- Siz onu tanımırsınız. O, elə bir tərs adam idi ki, hökmən yuxarı gedib. Sizin işiniz olmasın, mən bu saat onu tapacağam.




digər lətifələr
ARXİV
FACEBOOK