adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7
28 Oktyabr 2016 11:50
76349
MÜSAHİBƏ
A- A+

“Gördüyüm yuxular çin olsa, intihar edərəm”

Yuxu həyatın tərs üzüdür. Bizim hər gün rastlaşdığımız insanların, hadisələrin o üzü. Burada zaman yoxdur. Şüurumuzun qaranlıq guşələrinə düşən bir qırıq işıqdır yuxu. O işığın içində tez-tez xatırladığımız, unuda bilmədiyimiz, hər gün düşüncəmizin küçələrində əli cibində veyil-veyil dolaşan adamlar yaşayır. Yuxudakı xatirələr, düşüncələr, əzablar, sevgilər, xəyallar, ümidlər bizim o biri dünyamızın sakinləridir. Yuxu bizi sarsıda da bilər, sevindirə də. Bəzən beynimizin içində eynən çöl boyu yüyürən atlar sayaq insanların xatirələrinin axını olur. Bu kütləvi axını bizə yuxular göstərir, qırıq-qırıq, zəif ssenaridə, montajı olmayan film kimi. Məşhur psixoanaliz Ziqmund Froyd yuxular haqqında "Yuxuların yozumu" kitabını yazmışdır. Froyda görə, yuxular bizim şüurumuzda mövcud olan həyatımızdır.

"Yuxu qapısı” rubrikasının növbəti qonağı Jurnalist Ekspert Mərkəzinin sədri, yazar Ceyhun Musaoğludur. Adalet.az müsahibəni təqdim edir:

- Froyda görə, yuxu mənasız bir şey deyil, sıxışdırılmış arzuların təhrif olunmuş, pərdələnmiş şəkildə gerçəkləşməsidir. Sizin fikriniz necədir?

- Yuxu haqqında deyilən bütün fikirlər elə yuxunun özü kimi yarımçıq, tamamlanmamış, özündə sonsuz mənaları əks etdirən fikirlərdir. İnsanın dərk etmədiyi hər şey ondan ucadır. Məsələn, Allah, məsələn, ruh... Eləcə də yuxu insan düşüncəsinin üst qatıdır, baxmayaraq ki, elm, yuxunun şüuraltı informasiyalar yığını olduğunu deyir. Olsun, amma şüurun altında olanlar elə düşüncənin üstündə olanlardır. Düşünürəm ki, yuxunun insandan daha çox mələklə bağlılığı var. Biz yatırıq, mələk oyaq qalır, min oyundan çıxır və onda ilahi güc olduğu üçün çıxardığı oyunları biz yuxuda olanda görürük.

- Yuxularınız həyatınıza necə təsir göstərir, yəni gördüyünüz yuxuya görə planlarınızı qurursunuz?

- Oxumuşam ki, yuxuda gördüyün hadisə ya oyaq vaxtlarında arzuladıqlarındır, ya da qorxduqların. Bu yanaşmada uyğunluq çoxdur. Mən nəyi daha çox arzulayıramsa və ona çata bilmirəmsə yuxuda görürəm. Qorxduğum hadisələrin də yuxuma girdiyi halları az olmayıb. Adamlar tanıyıram ki, onlar heç vaxt yuxu görmədiklərini deyirlər. Əslində inandırıcı deyil. Sadəcə ola bilsin onların gördükləri yuxular mənasızdır, bu üzdən adam yuxu görmədiyini zənn edir. Oyaq vaxtı mənasız işlərlə məşğul olanların, düşünməyi bacarmayanların, arzusu yemək olanların yuxularında məna axtarmaq absurdur. Məncə yuxu görməyən adam yoxdur. Şəxsən mən yuxu görməyi xoşlayıram. Nəyi pisdir ki, arzuladıqların və əl çatmaz olanlar yuxuna gəlir, sən onunla təmas qurursan. Yekəxanalıq çıxmasın, mən qəşəng yuxular görürüəm. Yəni mövzu baxımından gördüyüm yuxular məzmunlu olur, həm də posmodern ruhlu. Yuxuda elə şeylər görürəm ki, onları ancaq ədəbiyyat və filmlə göstərmək mümkündür. Görünür təxəyyülümdə fantaziya çoxdur. Oyananda hər dəfə deyirəm ki, gördüyümü yazacam, sonra yazmağı da unuduram, elə gördüyümü də. Yuxu həm də sehrlidir, nə günah istəyirsən yuxuda edə bilərsən, mütləq bağışlanır. İnsan yuxusuna görə cavabdehlik daşımır. Yuxudakı kimi yaşamaq arzularımdan biridir - sərbəst, azad və güclü.

Demək olar yuxunun həyatıma təsiri yoxdur. Yuxuda gördüyümdən daha çox, həyatda öncədən hiss etdiyim baş verir. Qəribədir, indi ha istəyirəm bu günə qədər gördüyüm yuxulardan birini bura yazım, yadıma heç bir detal düşmür. Bircə onu bilirəm ki, yuxularım çox canlıdır, rənglidir, məzmunludur.

- Yuxudan sonra onun yozumları haqda baş sındırırsız?

- Heç vaxt. Həyat adamın başını hər addımda elə sındırır ki, yuxuya görə də başını növbəti dəfə ağrıtmaq istəmirsən. Yuxu elə yuxu olaraq qalmalıdır. Yuxuda gördüklərimiz paralel dünyada baş verənlərdir. Uşaq vaxtı sevgi şeirləri yazırdım, əksər azərbaycanlılar kimi. Belə misra vardı: "Deyirlər balaca ölümdür yuxu, yuxudan duranda ölürəm gülüm". Hər gün yuxuda onu görürəmsə, niyə oyanıb onsuz dünyaya düşüm ki... Bu mənada yuxu həm də gözəldir, baxmayaraq ki, yatanda həyatda olmursan.


- Yunan filosofu Heraklitin yuxu haqda məşhur bir sözü var: "Oyanıq olan insanlar üçün tək bir dünya vardır. Yuxuda olanların isə hər birinin ayrı bir aləmi vardır, onun içində hey fırlanırlar”. Siz necə fikirləşirsiniz?

- Ümumiyyətlə başa düşmürəm, Heraklit nə demək istəyib bu fikirləri ilə, fırlanmaq fiziki mənadamı səslənir, ya ayrı izahı var... Ancaq oyaq adamların da müxtəlif dünyaları ola bilər. Məşhur fikirdir: "Yaşamaq istədiyin dünyanı özün qur". İnsan real dünyada istədiyi həyatı qurmağı bacarar, sadəcə risk və cəsarət lazımdır. Yuxuda nə risk var, nə cəsarət. Yuxuda seçmədiyin həyata düşürsən. İki dünya var - real və yuxu. Mən yuxudakı dünyanı xoşlayıram. Əgər yuxu görməsəm və bilsəm ki, daha heç vaxt yuxu görməyəcəm, bunu xəstəlik bilərəm, həkimlərə müraciət edərəm. Arada oldu, uzun müddət yuxu görmədim. İnanın dəli kimi olmuşdum, bütün günü fikirləşirdim, fantaziyalar qururdum ki, şüuraltına keçsin və yuxuma gəlsin. Nail oldum.

- Yuxuların mistik hadisə olduğuna inanırsınızmı?

- İnanmamaq mümkün deyil. Axı mistika izah olunmazdır. İzah edə bilmədiyimiz hər şeyin mistik gücü var.

- Gördüyünüz yuxular çin olurmu, ya da əksinə?

- Gördüyüm yuxular çin olsa, ya məni tutarlar, ya öldürərlər, ya da intihar edərəm. Çox zaman sevinirəm ki, gördüyüm yuxular çin olmur. Çünki faciə yaşamış olaram. Yuxularımın məzmununda qayda, ənənə və qanun pozuntuları çoxluq təşkil edir.

- Həyatınızda gördüyünüz ən yadda qalan yuxu və ən gözəl yuxu hansılardır?

- Yadımda qalanı yoxdur. Elə abstrakt şeylər görürəm ki, həyatda onların izini -tozunu tapmaq çox çətindir, daha dəqiqi mümkünsüzdür.

- Bəzi adamlar yuxuda ağ-qara filmə baxırlar. Bunun səbəbi hələ bilinmir. Amma alimlər onu bildirir ki, insanların 12 faizi ağ-qara yuxu görür. Siz necə düşünürsünüz?

- Mənim yuxumda çiçəyin çiçək, böcəyin böcək rəngi var. Həm də yuxularımdakı rənglər həyatdakından çox dəqiqdir, hətta özüdür. Təbiətin həyatdakı dəqiq rəngini müəyyənləşdirmək olmur - toz basıb, havanın rəngi, məsələn, yarpağın dəqiq rəngini görməyə imkan vermir. Yuxumdakı rənglər isə dəqiqdir, Allahın yaratdığı əsl rənglərdir.

- Yuxularınıza haram qatmısınız?

- Çox olub. Qəsdən oyanmışam ki, doğmamın, əzizimin ölümünü görməyim, yaxud özüm uçuruma yuvarlanmayım, qəzaya düşməyim. Çox vaxt yuxuda olduğumu bilmişəm. Dözmüşəm, dözmüşəm, son anda ayılıb aradan çıxmışam.

- Hansı doğmanızı daha çox yuxuda görürsünüz?

- Yuxumda ən çox gördüyüm adam Üzeyir Hacıbəyovdur. Onunla eyni dövrdə yaşamadığıma görə peşmanam. Elə bilirəm, dahi Üzeyir bəyin ölümünün qarşısını ala bilərdim. O çox yaşamalıydı. Hər dəfə Fəxri Xiyabana gedəndə, Üzeyir bəyin dizinin üstünə qoyduğu daşa dönmüş əlindən öpürəm. Həmin günün axşamı onu mütləq yuxumda görürəm. Elə xoşbəxt oluram ki, Üzeyir bəy mənimlə danışır, daha doğrusu o, danışır mən dinləyirəm.

- Sizə görə yuxularımız həqiqətə çatdırır bizi?

- Əksinə, yuxular adamı həqiq ətlərdən uzaqlaşdırır. Nə yaxşı ki, belə olur. Hamının bildiyi həqiqət artıq təkrardır. Təkrarsa bir dəfə baş verdiyi üçün maraqsızdır. Yuxulardakı həqiqətlər yenidir, həm də heç kimə məxsus deyil. Kimsə yuxumuzdakı həqiqəti özəlləşdirə bilməz. O heç kimindir, deməli, safdır, təmiz və əsraraəngizdir. Yuxusuz bir günüm olmasın, onda həyat lap gözümdən düşər. Alternativi olmayan həyat bezdiricidir. Yuxu həyatın alternatividir.