adalet.az header logo
  • Bakı 8°C
  • USD 1.7
27 Oktyabr 2016 18:11
6798
GÜNDƏM
A- A+

Zakir Həsənov yazıçılarla görüşdü - FOTOLAR

Müdafiə naziri general-polkovnik Zakir Həsənov oktyabrın 27-də Azərbaycan Yazıçılar Birliyi (AYB) üzvləri ilə görüşüb.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Adalet.az-a verilən xəbərə görə, əvvəlcə görüş iştirakçıları Silahlı Qüvvələrin Baş Qərargahının binasındakı ulu öndər Heydər Əliyevin büstü önünə gül dəstələri qoyublar. Sonra qonaqlar Silahlı Qüvvələrin Baş Qərargahının binasında yaradılan ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyətinin əks olunduğu muzeyi ziyarət ediblər.

Qonaqlar, həmçinin Silahlı Qüvvələrimizin inkişafından bəhs edən filmə baxıblar.
Dəyirmi masa ətrafında davam edən görüşdə Müdafiə naziri qonaqlara Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin orduda ciddi islahatların aparılmasına dair verdiyi tapşırıqların icrası ilə əlaqədar görülən işlər, hərbi qulluqçuların sosial-məişət və xidməti şəraiti, həmçinin döyüş fəaliyyətinin təkmilləşdirilməsi istiqamətində atılan addımlar və perspektivlər barədə ətraflı məlumat verib.

Görüşün əhəmiyyətindən danışan AYB-in sədri, Xalq Yazıçısı Anar bu cür tədbirlərin mütəmadi keçirilməsinin vacibliyini vurğulayaraq bildirib ki, ziyalılar, ictimai xadimlər Azərbaycan əsgərinin yanında olmaqla bərabər, gənclərimizin, gələcək nəslin vətənpərvərlik ruhunda, döyüş əzmində tərbiyə olunmasında müstəsna rol oynamalıdırlar və bu iş daim həyata keçirilməkdədir.


Xalq şairləri Fikrət Qoca, Nəriman Həsənzadə və Sabir Rüstəmxanlı, xalq yazıçıları Çingiz Abdullayev və Mövlud Süleymanlı, eləcə də akademiklər Teymur Bünyadov və İsa Həbibbəyli, Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü Nizami Cəfərov, Rəşad Məcid, Nazim İbrahimov, Rauf Aslanov, Səlim Babullaoğlu, Şahin Əbilov, Azər Turan, Tofiq Məlikli və Xəyal Rza Silahlı Qüvvələrlə yazıçılar, şairlər, ziyalıların əməkdaşlığının intensivləşməsini zəruri edən məqamlardan danışaraq cəmiyyətdə vətənpərvərlik təbliğatının gücləndirilməsinə yönələn təkliflərini səsləndirib, fikir mübadiləsi aparıblar. Sonda xatirə şəkli çəkdirilib.