adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
27 Oktyabr 2016 17:26
18315
ELM VƏ TƏHSİL
A- A+

Şenyan Pedaqoji Universitetinin nümayəndə heyəti Dillər Universitetində

Oktyabrın 27-də Azərbaycan Dillər Universitetinin (ADU) rektoru vəzifəsini icra edən professor Dünyamin Yunusov Çinin Şenyan Pedaqoji Universitetinin nümayəndə heyətini-Xarici əlaqələr üzrə prorektoru Can Xuey, Ədəbiyyat İnstitutunun müdiri Xu Yuvey və Xarici Dillər İnstitutunun müdir müavini Pen Syüqanı qəbul etdi.

Adalet.az xəbər verir ki, görüşdə ADU-nun nəzdində fəaliyyət göstərən Konfutsi İnstitutunun Azərbaycan tərəfindən müdiri, professor Rafiq Abbasov iştirak edirdi.

Professor Dünyamin Yunusov qonaqları salamladı və onları universitetdə görməkdən məmnunluğunu dilə gətirdi. O, ADU-nun yaranması və tədris prosesi haqqında qonaqlara ətraflı məlumat verdi. ADU-nun beynəlxalq əlaqələr sahəsinə toxunan Dünyamin Yunusov ali təhsil müəssisəsinin dünyanın bir çox ölkələrinin, o cümlədən Çinin aparıcı universitetləri ilə əməkdaşlıq etdiyini bildirdi. Professor Dünyamin Yunusov ötən tədris ilində ADU-nun Regionşünaslıq və Beynəlxalq Münasibətlər fakültəsinin çinşünaslıq ixtisası üzrə təhsil alan 10 nəfər tələbəsinin Çinin Şenyan Pedaqoji Universitetində bir illik təhsillərini uğurla başa vurduqlarını söylədi. O, eyni zamanda universitetlər arasında təhsil sahəsində mövcud olan əməkdaşlığın Azərbaycan-Çin humanitar əlaqələrinin inkişafına töhfə verəcəyini qeyd etdi.

Görüşdə, həmçinin ikitərəfli münasibətlər, birgə layihələrin genişləndirilməsi və gələcək əməkdaşlıq perspektivləri müzakirə edildi.

Sonra təhsil, elm və mədəniyyət sahəsində qarşılıqlı marağı nəzərə alaraq iki xalq arasında dostluq əlaqələrini inkişaf etdirmək məqsədi ilə Azərbaycan Dillər Universiteti və Şenyan Pedaqoji Universiteti arasında əməkdaşlıq haqqında müqavilə yeniləndi. Müqaviləyə əsasən bütün təhsil proqramları üzrə tələbə və magistr mübadiləsi, birgə tədqiqat layihələrinin yaradılması və həyata keçirilməsi, konfrans və seminarların təşkil olunması, birgə təhsil

proqramlarının yaradılması və həyata keçirilməsi, həmçinin elmi tətqiqatların aparılması məqsədi ilə müəllim və elmi işçilərin mübadiləsi, tədrisin təkmilləşdirilməsi nəzərdə tutulur.

Görüşdən sonra professor Rafiq Abbasov ADU-nun nəzdində Çinin Xuçjou Universiteti ilə əməkdaşlıq çərçivəsində yaradılan Konfutsi İnstitutunun təhsil və mədəniyyət sahəsində fəaliyyəti barədə qonaqları məlumatlandırdı.

Çinli qonaqlar ADU-nun Beynəlxalq Münasibətlər və Regionşünaslıq fakültəsinin Çinşünaslıq ixtisası üzrə təhsil alan tələbələri ilə görüşdülər. Onlar Çin dilinin tədrisi sahəsində Şenyan Pedaqoji Universitetinin xarici universitetlərlə əməkdaşlığından danışdılar.

Qonaqlara Prezident İlham Əliyevin Azərbaycan-Çin münasibətlərinin inkişafına verdiyi töhfəyə həsr olunmuş "İlham Əliyev – iki qədim xalqlar dostluğunun müasir davamçısı (2003-2013 illər)” adlı kitab və ADU-nun nəzdində fəaliyyət göstərən Konfutsi İnstitutunun əməkdaşları tərəfindən hazırlanan Azərbaycan – Çin dilində ilk milli dərslik təqdim olundu.