adalet.az header logo
  • Bakı 19°C
27 Oktyabr 2016 15:03
24481
ƏDƏBİYYAT
A- A+

Kafkanın qatili kimdir?

Tural İsmayılovun "Kafkanın qatili" hekayəsi haqqından düşüncələr

Səhər işə getmək, corabın itmiş tayını axtarmaq, taksilər tərəfindən zəbt olunmuş dayanacaqda avtobus gözləmək nə qədər ağır olsa da, mən işə getməliyəm. Ona görə ki, məni ayın sonunda sevimli kredit borclarım, unutmadığım kommunal xərclər və s. başqa bu kimi qayğılar gözləyir. Hələ ailə qayğılarını, vətəndaş mövqeyimindən doğan missiyamı demirəm.

Bütün yorucu, üzücü və ümidsiz günlərimin bir təsəllisi var: "oxumaq". Mahnı yox, şeir, hekayə, bəzən də əhvalımdan asılı olaraq roman oxumaq.

Ötən gün belə bir təsəllim Tural İsmayılovun "Kafkanın qatili" adlı hekayəni oxumaq oldu. Bir finca çay, iki dilim Lənkəran limonu ilə bu hekayəni oxumağa başladım. Düzün desəm bir az yorğun idim və yuxu ehtiyacım məni lap uşaq kimi təntitmişdi. Amma bu hekayəni oxudum. Və nə yaxşı ki, oxudum. Kafka mənim aləmimdə nə qədər ciddi və qaşqabaqlı idisə, bu hekayəni oxuduqdan sonra onu daha səmimi, daha mülayim və şən gördüm. Bu müsbət enerji məni daha da ruhlandırdı, necə deyərlər hekayə haqqında düşüncələrimi yazmağa sövq etdi.

Məişət qayğılarından cücərən gündəlik tələbatlar ürəyimdə nar kimi sıxılsa da, gözlərimdən yaş kimi axsa da, mütaliə etmək həvəsim məni həyata bağlayır. Mənə elə gəlir ki, hekayəni həm də Kafkanın arzuları da adlandırmaq olar. Çünki bu hekayədə bir istək, bir məram, bir mesaj var. Sadəcə onu oxuyub , duymaq gərəkdir.

Cəmiyyətin axsamasında bir kitabsızlıq, bir mütaliəsizlik, bir cahillik olduğu kimi, həm də bunları vurğulayan ağıl sahiblərinə qarşı laqeydlik də durur. Tural İsmayılov da öz hekayəsində bu kimi məsələlərə toxunmaqla öz yazmaq funksiyasını yerinə yetirmiş olur. Kitab oxumağın faiz dərəcəsi nə qədər skeptik görünsə də, bir o qədər də utopik məna daşıyır. Məhz bu səbəbdən kitab oxumağın faydası haqqında yazmaq, onu təlqin etmək çox zəruridir.

"Kafkanın qatili" hekayəsində cəmiyyətə çağırış, oxumağa dəvət və buna ehtiyac olduğu görülməkdədi. Hekayənin süjet xətti əvvəldən sona kimi dövrün aktual problemləri üzərində qurulub. Sosial bərabərsizlik, kapitalizmin mənəvi böhranı, təfəkkürün bulanıqlığı hekayənin əsas məğzidir. Bütün bunların fonunda hekayə çox rahat və asan bir dildə yazılıb. Zəkanın aydınlığına və ruhun dincliyinə zəmanət verilir. Məhz buna görə hekayəni oxumağı həm də mənəvi dinclik hesab edirəm.

Gözümün önündən 25-ci kadr kimi keçən və mənəvi cəhətdən kövrək notlara köklənən, hekayədən bir parçanı oxuyuram: "Bir ay əvvəl idi. Son günlər qəribə hiss edirdim özümü. Hər gün başım ağrıyırdı, əvvəl elə bilirdim ki, nəsə pis bir xəstəliyə yaxalanmışam və başımda nəsə şiş var. Amma bir təhər qonorarı toplayıb həkimə getdim və sadəcə yuxusuzluq və əsəbdən doğan bir narahatlıq keçirdiyimi qeyd etdilər. Amma hiss edirdim ki, mən nələrsə edirəm və xatırlamıram."

Günün sonunda yağışın pıçıltıları məni uzaqlara aparırdı. Buludların ahuşunda özümü bir boşluqda, bir naməlumluqda hiss edirdim. Elə bu səbəbdən hərarətim də qalxmışdı bir az. Tural İsmayılovun təfəkkürünün məhsulu məni bir xeyli heyrətləndirdi. Məişət qayğılarını bütün çılpaqlığı ilə qələmə alan gənc yazar həm də özlüyündə bir neçə suala da cavab axtarırdı sanki. O suallara ki, cavabını min illərdi bəşər övladı axtarır. "Mən kiməm?" "Mənim yerim hardadı?" "Mövcüdat nədir?" tipli suallar nə qədər çaşdırıcı olsa da, bir o qədər əhəmiyyətli suallardı. Çünki biz yaradılışın o üzündəki bizi və yoxluğun bu üzündəki onları həmişə düşünmüşük. Ötən əsrin müharibə burulğanından ədəbiyyat da ağır yaralarla ötüşdü. Bəzən bu yaralar yeni dünyaların yaranmasına gətirib çıxardı. "Kafkanın qatili" hekayəsində də yaraların sağalmasına bir ümid, bir inam var. Bu ümid, bu inam hekayədə əvvəldən axıra kimi bir xətt üzrə inkişaf edir. Yeni dünyaların yaranması hallarının labüdlüyündən, zərurriliyindən danışılır.

Bu hekayəni oxamasaydım düşünərdim ki, adi məişət qayğılarından qurtulmaq olmaz. Amma bu hakayə məni nəinki adi məişət qayğılarından, həm də mənəvi yorğunluqdan, qərarsızlıqdan, ümidsizlikdən xilas etmiş oldu. Mən bu xilaskarın yeni hekayələrini oxumaq, yeni dünyaları kəşf etmək həvəsinə düşdüm. İndi mənə ümid verən hekayələr sırasına Tural İsmayılovun yazmış olduğu "Kafkanın qatili" hekayəsi də daxil oldu. Nə yaxşı ki, bu hekayə "ümidverici" "inandırıcı" oldu. Yoxsa mən bu hekayəni oxumuş olduğum zamanın qarşısında yenə çarəsiz və üzüqara olardım. Zaman isə geri qayıtmır. Geri qayıtmayan isə heç vaxt bizim deyilmiş demək. Məhz buna görə müəllifin ünvanına bir təşəkkür yazmaq istədim. O təşəkkür ki, hələ bir az utancaq, bir az da solğun görünür. Hər halda oxucu təşəkkürünün böyüklüyü də məhz müəllifin oxunaqlı olmağından asılıdır. Bu mənada Tural İsmayılov gənc olmasına baxmayaraq, oxunaqlıdı. Mən bunu bir gənc oxucu kimi həm də məsuliyyətimlə deyirəm.

İşıqlı sabahlar gecələrdən keçir. Gecələr olmasa sabahlar da olmaz. Odur ki, "Kafkanın qatili" hekayəsində qaranlıq olmasa, işıq da olmaz. Ölüm olmasa, həyat da olmaz. Bütün bunlar nə qədər fəlsəfi yük daşısa da, bir o qədər məlum və aydın məsələlərdi.

Kitab oxumağın nələrdənsə "çıxış" yolunu olduğunu göstərən gənc yazar hekayədə əsl cinayətin nə olduğunu deməyə çalışır. Bəzən qətl tək fiziki baxımından törədilmir, həm də mənəvi baxımından da baş verdiyini görürük. Lakin buna görə məsuliyyətə cəlb olunmur, cinayət işi açılmır, heç kim məhkum olunmur. Bu işin məsuliyyətini də, cinayətini də, məhkumluğunu da, ziyalılar, aydınlar daşıyır. Ona görə də hekayənin qatil obrazı bu qəbildəndir. Bəlkə də o qatil olmasaydı, fiziki ölümə səbəbkar olmasaydı, neçə mənəvi ölümlər baş verərdi, cəmiyyət işığa yox, qaranlığa sürüklənərdi. Məni hekayədə ən çox özünə çəkən bu oldu. Mən bu xəttdən yapışıb, düşündüm. Düşündüklərimi də, qələmə aldım. Daha doğrusu klaviaturada gəzişən barmaqlarımın nizamlı hərəkəti ilə bunları yazdım. İndi isə rahatam. Rahatam ki, düşündüklərimi yaza bildim. Yoxsa içimdəki narahatçılıq yuxusuzluğa, baş ağrılarına gətirib çıxarardı. Həm də varlığımdan yəqin oldum. Düşünmək həm də var olmaq deməkdir axı. Bu hekayəni oxuyaq və düşünək. Düşünək ki, varlığımızı hiss edək. Yoxluğumuzu unudaq.

Sonunda çay içməyi unutduğum, əvəzində faydalı iş bilib oxuduğum "Kafkanın qatili" hekayəsinin kimlik sənədini cəhalət və intellekt arasında yaranan uçurumda gördüm. Gördüyüm məni işığa, görmədiklərim isə yenidən hekayəyə qaytardı...