adalet.az header logo
  • Bakı 15°C
  • USD 1.7
26 Oktyabr 2016 16:55
9400
ELM VƏ TƏHSİL
A- A+

ADU-da “Azərbaycan multikulturalizmi” adlı dərs vəsaitinin müzakirəsi keçirildi

Azərbaycan Dillər Universitetində (ADU) universitetin Sosial elmlər kafedrasının təşkilatçılığı ilə Akademik Kamal Abdullayev və professor Etibar Nəcəfovun ümumi redaktəsi ilə yazılan "Azərbaycan multikulturalizmi” adlı ali məktəblər üçün nəzərdə tutulan dərsliyin müzakirəsi baş tutdu. Müzakirədə Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri, Akademik Kamal Abdullayev, ADU-nun rektoru vəzifəsini icra edən professor Dünyamin Yunusov, Tədris işləri üzrə prorektor, professor Əfqan Abdullayev, Tərbiyə işləri üzrə prorektor, professor Ələddin Əliyev və universitetin professor-müəllim heyəti, həmçinin Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin əməkdaşları iştirak edirdi.

Universitetdən Adalet.az-a verilən məlumata görə, açılış nitqi ilə çıxış edən ADU-nun rektoru vəzifəsini icra edən professor Dünyamin Yunusov qonaqları salamlayaraq onları universitetdə görməkdən məmnun olduğunu söylədi. Bugünkü görüşün çox maraqlı və önəmli məsələyə həsr olunduğunu bildirən professor iclasda Akademik Kamal Abdullayevin iştirak etməsinin əhəmiyyətini xüsusilə vurğuladı.

Dünyamin Yunusov əsrlər boyu müxtəlif millətlərin və dinlərin nümayəndələrinin Azərbaycanda ailə kimi yaşadığını, nisbətən yeni anlayış olmasına baxmayaraq multikulturalizmin xalqımıza xas ənənə olduğunu, multikultural dəyərlərin, tolerantlığın xalqımızın canında, qanında olduğunu sözlərinə əlavə etdi. Qərb dilçiləri multikulturalizm anlayışını ideologiya kimi qələmə versələr də, bu bizim həyat tərzimizdir deyən Dünyamin Yunusov Azərbaycan xalqının tarixən öz torpağında yaşayan bütün millətlərə xoş münasibət bəslədiyini nəzərə çatdırdı. O, 2016-cı ilin Prezident İlham Əliyev tərəfindən "Multikulturalizm ili” elan edilməsini deyərək "Azərbaycan multikulturalizmi” adlı dərslik haqqında məlumat vermək üçün sözü Akademik Kamal Abdullayevə verdi.

Sözügedən dərslik haqqında müzakirəyə həsr olunan görüşün təşkil edilməsində əməyi keçən hər kəsə minnətdarlığını dilə gətirən Kamal Abdullayev 2016-cı ilin İlham Əliyev

tərəfindən "Multikulturalizm ili” elan edilməsinin və multikulturalizmin Azərbaycanın dövlət siyasəti kimi müəyyənləşdirilməsinin təsadüf olmadığını, bunun üçün ölkəmizdə böyük bir ənənənin, tarixin və potensialın mövcudluğunu diqqətə çatdırdı.

Multikulturalizmin qaynaqlarının ədəbi-bədii, elmi-fəlsəfi və siyasi-hüquqi əsaslar adlı istiqamətlərdə müəyyənləşdiyini deyən akademik bunun Azərbaycanın mənəvi, mədəni, intellektual potensialı ilə bağlı olduğunu söylədi. O, bildirdi ki, bu üç istiqamət dünyaya Azərbaycanın mədəniyyəti, ideologiyası, psixologiyası, ədəbiyyatı, ictimai-siyasi durumu ilə bağlı bir model təqdim edir. Bunun tərkib hissəsi kimi Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi müxtəlif layihələr həyata keçirir ki, bunlar da xarici ölkələrdə Azərbaycan multikulturalizmini tədris etməklə bağlıdır. Artıq dünyanın 20-yə yaxın universitetində Azərbaycan multikulturalizmi bir fənn kimi tədris olunur. Bu da o deməkdir ki, orada bizim ədəbiyyatımız, dəyər və inanclarımız, tariximiz, mədəniyyətimiz, siyasətimiz, həqiqətlərimiz həmin universitet tələbələrinə təqdim edilir. Bizim yetişdirdiyimiz tələbələr Azərbaycan həqiqətlərinin həm carçısına çevrilirlər, həm də, müdafiəçilərinə. Sadalanan bu nüanslar "Azərbaycan mültikulturalizmi” dərsliyinin ən böyük missiyası və yazılma səbəbidir.

Çıxışının sonunda Kamal Abdullayev dərsliklə bağlı təklif və iradların nəzərə alınacağını iştirakçıların diqqətinə çatdırdı.

Daha sonra çıxış edən Sosial elmlər kafedrasının müdiri, dosent Ədalət Abdiyeva kitabın müzakirəsinin rəhbərlik etdiyi kafedranın iclasında baş tutmasının sevindirici hal olduğunu bildirdi. O, böyük bir kollektiv tərəfindən hazırlanan kitabın kifayət qədər əhəmiyyətə malik olduğunu, cəmiyyətdə baş verən sosial hadisələrin məcmusunu özündə əks etdirdiyini söylədi. Sosial elmlər kafedrasında artıq iki ildir ki, həmin fənn bakalavr və magistr pilləsində tədris olunur deyən Əlalət Abdiyeva onun tələbələr tərəfindən maraqla mənimsənildiyini ifadə etdi. Kafedra müdiri, həmçinin kitaba ölkədaxili və xaricdən ümumilikdə 19 rəyin gəldiyini bildirərək onların səsləndirilməsi üçün sözü iştirakçılara verdi.

ADU-nun Regionşünaslıq və Beynəlxalq Münasibətlər fakültəsinin dekanı, dosent Anar Nağıyev, Pedaqoji (ingilis dili-alman dili) fakültənin dekanı, professor Fikrət Cahangirov və digər çıxışçılar dərsliyin Azərbaycan elmi və ölkəmizdən kənardakı tədqiqatçılar üçün çox əhəmiyyətli bir mənbə, eyni zamanda Azərbaycan multikulturalizmi və onun əsaslarını həm

daxili auditoriyaya, həm də dünyaya çatdıra biləcək bir vəsait, həmçinin indiyədək qazanılmış təcrübəni ümumiləşdirilmiş formada təqdim edən toplu olduğunu vurğuladılar.

Sonda çıxış edən ADU-nun Tədris işləri üzrə prorektoru, professor Əfqan Abdullayev dərs vəsaitinin akademik əhəmiyyəti, azərbaycançılıq ideyasının Azərbaycanda və onun hüdudlarından kənarda təbliğ edilməsi baxımından ali təhsil sistemində yazılan önəmli kitablardan biri olduğunu söylədi. Belə dərsliklərin davamlı olacağına ümid etdiyini bildirən prorektor kitabın ərsəyə gəlməsində əməyi keçən hər kəsə təşəkkürü etdi, onlara işlərində uğurlar arzuladı.