adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
26 Oktyabr 2016 15:00
7000
MƏMLƏKƏT
A- A+

NARKOTİKA QƏBUL EDƏN SÜRÜCÜ…

Biz tez-tez Baş Dövlət Yol Polisi Darəsinin müxtəlif qurumları ilə birgə reydlərdə iştirak edirik. Belə reydlərin mütəmadi keçirilməsi birmənalı olaraq hərəkətin təhlükəsizliyinə hesablanır. Bu günlər isə Baş Dövlət Yol Polisi İdarəsinin ekoloji bölüyünün keçirdiyi reyddə çox qəribə bir hadisənin şahidi olduq. Ümumiyyətlə, həmişə yol hərəkəti qaydalarını kobud surətdə pozan sürücülər saxlanılarkən əksər hallarda xidmət aparan əməkdaşlarla mübahisə edirlər.

Ekoloji bölüyün stasionar məntəqəsinin yaxınlığında keçirilən reyd zamanı yüksək sürətlə Bakı-Sumqayıt avtomobil yolunda hərəkət edən bir nəqliyyat vasitəsi diqqəti cəlb elədi. Həmin nəqliyyat vasitəsinin sürücüsü tez-tez manevr edir və arxadan gələn avtomobillər üçün qəza şəraiti yaradırdı. Bu anı görən ekoloji bölüyün tağım komandiri, polis kapitanı Hacı Abdullayev nəqliyyat vasitəsinin saxlanılması ilə bağlı sürücüyə «Saxla» işarəsi verdi. Sürücü ekoloji bölüyün stasionar postunda avtomobili saxladı. O, yerə düşərkən tağım komandiri Hacı Abdullayev onun hərəkətlərindən şübhələndi və onu posta dəvət etdi. Danışığından hiss olundu ki, ya o spirtli içki qəbul edib, ya da narkotik maddənin təsiri altındadı. «VAZ-21154» markalı 90 LZ 559 nömrəli avtomobilin sükanı arxasında əyləşən Cavid Mehrac oğlu Şəfiyev müayinə edilmək üçün yaxınlıqdakı xəstəxanaya aparıldı. Narkoloqun rəyindən sonra aydınlaşdı ki, Cavid Şəfiyev narkotik maddə tərkibli marixuana qəbul edib. Sürücü özü də bunu səmimi etiraf elədi. Onun barəsində həkim narkoloq 5733 nömrəli akt tərtib etdi. Avtomobil sürücünün əlindən alınaraq cərimə meydançasına qoyuldu. Beləcə başqalarının həyatı üçün çox böyük təhlükə törədən və narkotik maddənin təsiri altında olan sürücü zərərsizləşdirildi.

Ekoloji bölüyün komandiri, polis polkovnik-leytenantı Fuad Mayılov reyd zamanı belə faktlarla da qarşılaşdıqlarını bildirdi. O dedi ki, ümumiyyətlə, bölüyümüzün əməkdaşları nəinki yol-hərəkəti qaydasını pozanlara, müxtəlif cinayətlər törədib aradan çıxmaq istəyən ayrı-ayrı kriminal tərkibli adamları da bir çox halda zərərsizləşdirib. Bütün bunlar onu göstərir ki, əməkdaşlarımız sutkanın 24 saatı ərzində tapşırılan işi məuliyyətlə yerinə yetirir və rəhbərliyin qarşıya qoyduğu vəzifələri icra etməklə öz vəzifə borclarını lazımi səviyyədə yerinə yetirirlər.

Bakı-Sumqayıt avtomobil yolunda ekoloji bölüyün əməkdaşları xidmət apararkən nasaz vəziyyətdə yolda qalan avtomobilin sahidinə də kömək göstəriblər. Belə ki, nəqliyyat vasitəsinin qabaq çarxı sınaraq sıradan çıxmışdı. Təbii ki, onu tək sürücünün gücü ilə bərpa etmək mümkün deyildi. Yol Patrul Xidməti maşınında vəzifə borcunu yerinə yetirən iki əməkdaş yerə düşərək həmin sürücüyə köməklik göstərdi və mövcud problemi aradan qaldırmaqda ona yardım etdilər.

Bu cür münasibətlərin yaranması yol polisi ilə sürücülər arasında mədəni əlaqələrin formalaşmasına çox yaxşı zəmin yaradır. Bu isə o deməkdir ki, hər an hərəkət iştirakçıları avtomobil yollarında çətinliklə üzləşərsə həmişə yol polisi onlara kömək etməyə hazırdır və bu köməyi davamlı olaraq sürücülərə göstərirlər.

Əlbəttə, hər hansı insana lazımi köməklik göstərəndə o adam da bu qayğını ömrü boyu yadından çıxarmır və həmin insanlara öz minnətdarlıqlarını bildirirlər. Avtomobili yolda qalan sürücü də bu köməkliyə görə yol polisinə bir daha təşəkkür elədi.