adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7
25 Oktyabr 2016 09:26
11659
LAYİHƏ
A- A+

Arzum, diləyim Cəlilabad

(əvvəli ötən saylarımızda)

Yazımızın əvvəlki hissələrində xatırlatmışdıq ki, Cəlilabad kənd təsərrüfatı rayonudu və burada demək olar ki, kənd təsərrüfatına aid olan əsas sahələrin hamısı az və çox şəkildə reallaşdırılır və insanlar həmin sahələrdə çalışmaqla həm həyatlarını təmin edirlər, həm də rayonun və ölkənin iqtisadi durumunu gücləndirirlər. Doğrudur, sovet dönəmində Cəlilabad Azərbaycanın üzümçülüklə məşğul olan ən iri rayonlarında biri idi. Bu gün torpağın öz istifadəçilərinə verilməsi, sahibkarlığın həyata vəsiqə qazanması və bir də hər bir torpaq payçısının öz istəyinə uyğun olaraq təsərrüfat qurması Cəlilabadda kənd təsərrüfatını çoxçeşidli edibdi. Burada əkinçilik, bostançılıq, heyvandarlıq və bağçılıq müəyyən həcmdə bu gün də inkişaf etdirilməkdədi.
Əgər biz bu inkişafın ümumi dinamikasını və onun sahələr üzrə artım tempini gözdən keçirsək, onda məlum olar ki, 2016-cı ildə Cəlilabadda həm sahibkarların, həm də iş adamlarının və ayrı-ayrı fərdlərin ümumi gücü ilə rayonda təqribən 70 min hektara yaxın sahədə səpin aparılmışdır. Bu da həm taxılçılıq, həm də bostan-tərəvəz məhsullarının becərilməsi üçün nəzərdə tutulmuşdu. Doğrudur, həm ayrılan kreditlərin, həm də sahibkarlığın inkişaf fondunun dəstəyi ilə rayonda toxum, gübrə, sürtkü yağları, yanacaq və digər məsələlər öz həllini tapdığı üçün məhsuldarlıq da ilbəil yüksəlmişdi. Ümumi yekun nəticəyə görə rayonda 127 min ton taxıl istehsal olunmuşdu. Onun da 87,7 faizini buğda təşkil edir. Deməli, Cəlilabadda yerli istehsal olan buğdanın çörəyinin bərəkəti hər bir evə, hər bir ailəyə aid edilə bilər.
Yeri gəlmişkən, onu da qeyd edək ki, bu ilin məhsulu üçün də Cəlilabadda öncədən zəruri işlər görülübdü. Yəni 61,3 min hektar sahədə payızlıq, yazlıq dənli bitkilər əkilmiş və onların becərilməsi, gübrə verilməsi, suvarılması və sairə işləri də həm vaxtında, həm də peşəkarcasına həyata keçirilmişdi. Artıq bu ilin də yüksək məhsulu özünü büruzə verməkdədi. Çünki torpaq diqqət və qayğı sevir. Ona göstərilən diqqət də sonda halal bara, bərəkətə çevrilir.
Bir zamanlar kəsilib məhv edilmiş üzüm bağlarının yenidən bərpası, şərab emalının yenidən dirçəldilməsi istiqamətində aparılan tədbirlər Cəlilabadda həm yeni iş yerlərinin açılmasına, həm də adamların maddi durumunun yüksəlməsinə bir növü yaşıl işıq yandırıbdı. Məhz görülmüş tədbirlər artıq sovet dönəminin xatirəsi olan üzümçülüyün yenidən həyata qayıtmasına maraqlı olan adamların, yəni sahibkarların, fermerlərin, iş adamlarının marağını artırmış və onlar da öz növbəsində bu sahəyə kapital qoymağa başlamışdılar. Bu gün faktiki olaraq Cəlilabadda 1500 hektara yaxın üzüm bağı salınmışdı. Ötən il həmin sahələrdən 9340 ton üzüm istehsal olunmuşdu ki, bu da üzümçülüyün inkişafına dair qəbul olunmuş dövlət proqramının bir növü yaxın zamanlarda tam gerçəkliyə çevriləcəyinə inamı daha da artırmışdı. Bizə verilən məlumata görə, bu il də, yəni 2015-ci ildə də Cəlilabadda yeni üzüm bağlarının salınması istiqamətində müəyyən addımlar atılmışdır. Rəsmi məlumata görə, Cəlilabadda daha 100 hektara yaxın üzüm bağının salınması artıq bir iş planı kimi təsdiq olunmuşdur.
Kənd təsərrüfatı rayonu olan Cəlilabadda taxılçılıq, üzümçülüklə yanaşı, bostan-tərəvəz məhsullarının, giləmeyvənin yetişdirilməsi istiqamətində də əhəmiyyətli uğurlara imza atılıbdı. Rayon icra hakimiyyətinin başçısı Əziz Əzizovun ötən ilin yekunlarına dair hesabatından bəlli olur ki, Cəlilabad rayonunda kartof və çiyələk istehsalının artırılması üçün gərəkli olan bütün işlər görülmüş, şərait yaradılmışdır. Elə həmin görülən işlər və yaradılan şəraitin nəticəsidir ki, 2016-cı ildə Cəlilabad rayonunda təqribən 70 min ton kartof və 25 min tona yaxın yüksək keyfiyyətli, necə deyərlər, alıcıların və istifadəçilərin ürəyincə olan çiyələk istehsal edilmişdi. Bazarda real müştərisi gözləyən kartof və çiyələk məhsullarının bu cür gəlirli olması cəlilabadlıları daha da həvəsləndirir və onlar 2017-ci il üçün nəzərdə tutulmuş istehsal planlarında bu sahəni daha da genişləndirməyi qarşıya məqsəd qoymuşdular. Və faktiki olaraq bu gün həmin məhsulların daha geniş sahələrdə əkilməsi üçün müvafiq işlər görülmüşdü.
Təbii ki, Cəlilabad rayonunda təkcə üzüm, kartof, taxıl, çiyələk becərilmir. Burada həmçinin şəkər çuğundurur, günəbaxan, bostan məhsulları, pambıq, eləcə də meyvə də yetişdirilir. Rəqəmlərə müraciət etsək, onda məlum olar ki, Cəlilabadda kənd təsərrüfatı ilə məşğul olan insanların əməyi nəticəsində 368 ton bostan məhsulu, 1384 ton meyvə, 1700 ton şəkər çuğunduru, 1228 ton tərəvəz, eləcə də 46 ton pambıq istehsal olunmuşdu. Əgər bu rəqəmlərin dəyərini hesablayıb onu maddi duruma çevirmək istəsək, onda məlum olar ki, həqiqətən ötən il Cəlilabadın təsərrüfat adamlarının ailə büdcəsi üçün uğurlu sayıla bilər.
Hər bir kənd rayonunda olduğu kimi, Cəlilabadda da insanlar təsərrüfatın digər sahələri ilə yanaşı, heyvandarlıqla da məşğul olurlar. Doğrudur, bu gün kənd yerlərində əkin-biçin sahələrinin, örüşlərin, biçənəklərin, bir sözlə, heyvandarlıq üçün gərəkli olan sahələrin planlı şəkildə saxlanılması, təmin eidlməsi, becərilməsi o qədər də ürəkaçan durumda deyil. Amma buna baxmayaraq, hər bir heyvandarlıqla məşğul olan şəxs özü öz ailə proqramına, təsərrüfat proqramına uyğun olaraq qarşısına qoyduğu məqsədə doğru addımlayır. Bu da sonda fərdi şəkildə heyvandarlıqla məşğul olanların müəyyən üsullarla problemi aradan qaldırıb uğurlara imza atmağa imkan verir. Faktiki olaraq gözdən keçirdiyimiz rəqəmlər göstərir ki, Cəlilabadda 2480 baş inəkdən 1764 baş bala alınmışdı. Rayon üzrə qara malın şəxsi və fermer təsərrüfatlarda qara malın baş sayı 99262, davarların baş sayı isə 122667-ə çatmışdı. Həmçinin onu da xatırladaq ki, Cəlilabadda quşçuluq da cins damazlıq inəklərin alınıb saxlanılması işi də uğurla həyat keçirlir. Bu isə ət, süd və yumurta istehsalına böyük təkan verir.
Bəli, Cəlilabadda, yəni sərhədə söykənən bu ölkədə regionların inkişafına dair Dövlət Proqramı uğurla davam etdirilir.

Əbülfət MƏDƏTOĞLU
AzƏrbaycan Respublikasının Prezidenti yanında kütlƏvi informasiya vasitƏlƏrinin inkişafına dövlƏt dƏstƏyi fondunun
maliyyƏ yardımı ilƏ