adalet.az header logo
  • Bakı 12°C
  • USD 1.7

Uorlik, Şuşa bizimçün nə deməkdir, bilirsənmi?

4959 | 2016-10-24 12:35
Az qala əsrin dörddə biri qədər mənasız bəyanatlar verməkdən və bölgəyə turist səfərləri etməkdən başqa heç nəyi ilə yadda qalmayan həmsədrlər yenə gəldi. Azərbaycan prezidenti ilə görüşdə həmişəki kimi üç həmsədr, üstəgəl ATƏT-in "qarabağlı”sı Kaspşik iştirak edib.

Maraq üçün google-də axtarış verdim, baxdım ki, eyni formatlı görüşlərdə olsa-olsa, amerikalı və fransalı həmsədrlərin yeri dəyişib, gah rus diplomatın "sağ dış”ı olurlar, gah da "sol dış”ı, bundan özgə Qarabağla bağlı dəyişən heç nə yoxdur...

Gələndəfəki görüşdə isə fransalı Pyer Andriunu başqa bir "ehsanyeyən”lə, Stefan Viskonti ilə əvəzləyəcək. Prezident Olland Qarabağ məsələsini "unutmadığını” nümayiş etdirmək üçün təptəzə həmsədr göndərəcək. Azərbaycanın fəlakəti nə qədər adam üçün iş və "yem” yeri oldu...
Bu dəfəki görüşdə amerikalı həmsədr vəziyyətin "rusca” olduğunu bildiyi üçün bu dəfə "işğal olunmuş ərazilər Azərbaycanın nəzarətinə qaytarılmalıdır”-söylədi. Səfər heç uğurlu vaxta düşməyib axı. Fakt budur ki, ermənilərin azğınlığına səbəbkar elə bu həmsədrlərin ölkələridir. Aprel müharibəsindən sonra özlərini itirmiş işğalçı ölkəni məhz bu həmsədrlərin hərəkətə keçərək Azərbaycan ordusunun qarşısını kəsməsi xilas etdi. Ermənilər yenə qəsəbə salır, yol çəkir, qızıl çıxarırlar onların sayəsində...

Rusiya atəşkəs haqqında razılaşmanın əldə olunmasından sonra... ermənilərə 4-5 "İsgəndər” raketi bağışladı ki, kefləri istəyəndə Bakıya tərəf atsınlar. Rəsmi Vaşinqton da "borclu” qalmadı, Qarabağ ermənilərinə müasir avadanlıqlar göndərdi ki, bizi yaxşı görsün. Bu barədə bir az sonra...ABŞ dövlət katibi Con Kerri də bildirdi ki, Dağlıq Qarabağ münaqişəsinin həlli hazırda mümkün deyil. Səbəbkar isə Ermənistanla yanaşı... Azərbaycan imiş. "Tərəflərin sülhə hazır olmaması üzündən” anlaşma əldə edə bilməmək, nə deməkdir? Yəni Azərbaycan niyə torpaqlarının işğalı ilə barışmır, bunları narahat edən məsələ budur.

Ona görə də amerikalı həmsədrin dedikləri sadəcə diplomatikgediş, hiylədir. Kimsə zənn eləməsin ki, ABŞ artıq Qarabağın geri qaytarılması məsələsində prinsipial mövqe ortaya qoyur. Sadəcə Bakının soyuq baxışlarının qarşılığında cənab Ceyms Uorlik onun "ürəyinə girmək” istəyir. Amma çətin ki, bu, alınsın. Çünki o, bundan əvvəl də bənzər bəyanatlar verib. Məsələn, keçən il də "işğal olunmuş ərazilər kompleks nizamlanma çərçivəsində Azərbaycanın nəzarəti altına qaytarılmalıdır”-deyən bu Uorlik idi.
"Kompleks nizamlanma çərçivəsində”... Yəni Dağlıq Qarabağın müstəqilliyini tanımaq sizdən, ətraf 5-6 rayonu qaytarmaq bizdən. Necə ki, Putin "hər iki tərəf qalib olmalıdır” bəyanatının oxşarıdır. Bir-birinə qarşı nüvə təhdidi edən Amerika və Rusiya nədənsə yalnız bir məsələdə anlaşma içindədirlər, o da Qarabağla bağlı.

Azərbaycan prezidenti qapalı danışıqlarda Dağlıq Qarabağın müstəqilliyini tanımaqla bağlı Bakıya təzyiq göstərildiyini demişdi. Ad çəkməsə də, bəlli olur ki, anlaşa bilmədiklərindən dünyanı nüvə silahı ilə məvh etməyə belə hazır olan iki nəhəng güc yalnız Qarabağın Azərbaycana qaytarılmaması məsələsində yekdil mövqedədir.

Diqqət edin, amerikalı həmsədr əraziləri kim qaytarmalıdır, bunu demir. İndiyədək Ermənistanı işğalçı dövlət kimi tanımayan ölkənin diplomatı da işğalçı Ermənistan ordusunun Qarabağdan çıxarılmasını tələb etməyə çəkinir.

Başqa bir sualın da cavabı yoxdur: Uorlik "ərazilər” deyərkən Dağlıq Qarabağı da nəzərdə tuturmu? Düzdür, şablon olaraq "ABŞ Azərbaycanın ərazi bütövlüyünü tanıyır” deyir. Amma Amerika Dağlıq Qarabağı Azərbaycan ərazisi sayırsa, onda yuxarıda toxunduğumuz məsələni, Qarabağ separatçılarına müasir müşahidə qurğularının - C4ISR sistemlərinin verilməsini necə başa düşək? Təmas xətti boyunca yerləşdirilən bu qurğuların işğalçıya verilməsi o deməkdir ki, "Azərbaycan əsgəri hücuma keçən kimi hədəfi nişan alın”.

Azərbaycan prezidenti Dağlıq Qarabağa muxtar respublika statusunun verilməsini mümkün sayıb. Bunun qarşılığında ermənilər "Bakını bir az da sıxaq, müstəqilliyimizi tanısın” mövqeyini sərgiləyir. Həmsədrlər bundan sonra da tərəflər arasında bərabərlik işarəsi qoyacaqlarsa, onlarla görüşlərə vaxt sərf etməyə dəyməz. Heç olmasa bundan sonra açıq danışsınlar, desinlər ki, biz Şuşanın Azərbaycana qaytarılmasını istəyirik! Görsəydim soruşardım, cənab Uorlik, Şuşa bizimçün nə deməkdir, heç olmasa sən bunu bilirsənmi?

TƏQVİM / ARXİV