adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7
23 Oktyabr 2016 23:34
4542
GÜNDƏM
A- A+

Xalq artistinin oğlu ölüm ayağında

Mərhum xalq artisti Eldəniz Zeynalovun oğlu Məmməd Zeynalovun vəziyyəti ağır olaraq qalır.

Adalet.az axar.az-a istinadla xəbər verir ki, Gülbəniz Zeynalova qardaşının vəziyyəti ağır olduğu üçün əməliyyata qaldırılmadığını deyib: "İnsult keçirib, beyninə qan sızıb. Buna görə danışa bilmir, yaddaşı yoxdur, adımızı da xatırlamır. Vəziyyətində nisbi irəliləyiş var, amma hələ palataya keçirmirlər, həkimlər deyir ki, olmaz. Çünki böyrəkləri ilə bağlı ciddi problemi var və bu, onun sağalmasına imkan vermir. Çox pis vəziyyətdədir, bilmirik ki, onu nə edək..."

Gülbəniz Zeynalova bildiribki, hələlik rəsmi qurumlardan onun qardaşının vəziyyəti ilə bağlı maraqlanan yoxdur: "Yalnız öz işlədiyi teatrdan olan iş yoldaşları və oranın direktoru İftixar Piriyev gəlir. Bu yaxınlarda xalq artisti Arif Quliyev, Tahir İmanov, atamın köhnə dostları da xəstəxanaya gəlmişdilər. Onların arasında Qarabağ əlilləri də var idi. Mətbuatda gedən çoxsaylı yazı və məlumatlara baxmayaraq, dövlət qurumlarından hələlik heç kəs onunla maraqlanmayıb".

Gülbəniz Zeynalova qardaşının müalicəsi ilə bağlı Heydər Əliyev Fonduna müraciət edəcəklərini də qeyd edib: "Həkimlər deyir ki, qardaşımın ürəyi də zədələnib. "Semaşko"da Allahın ümidinə qalıb, heç bilmirəm, orada ona nə edirlər. Heç olmasa güclü həkimlər ayrılardı. Əlimizdə nə var idi, hamısı müalicəyə getdi.

Doğrudur, xəstəxanadan həkimlər bizdən pul almırlar, amma iynə-dərmanlar var ki, onları mütəmadi almalıyıq. Mən tək qalmışam, dövlət işində işləyib, maaşa baxan adamam. Artıq bütün imkanımız tükənib, heç nəyi çatdıra bilmirik. Bu günə qədər heç kəsə müraciət etmirdik. Amma indi lazımdır. Qardaşım çox pis vəziyyətdədir, bunun sonu necə olacaq, bilmirəm. Bunun üçün Fonda müraciət edəcəyik. Bəlkə oradan bizə köməklik edərlər".

Xatırladaq ki, mərhum xalq artisti Eldəniz Zeynalovun 38 yaşlı aktyor oğlu Məmməd Zeynalov bu günlərdə yolda qəfildən insult keçirib. Təcili 1 saylı Şəhər Klinik Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilən aktyorun beyninə qan sızdığı məlum olub.