adalet.az header logo
  • Bakı 9°C
  • USD 1.7
22 Oktyabr 2016 09:43
4110
GÜNDƏM
A- A+

Payız təəssüratları...


Vahid MƏHƏRRƏMOV

Payız gəlir... Payızın gəlişi yağışların yağması ilə, soyuq küləklərin əsməsi ilə özünü göstərdi. Buludlar bir göz qırpımında göy üzünə pərdə çəkdi. Sonra da bir-birinə dəyib nərilti-gurultu qopardı, yeri-göyü silkələdi. İldırımlar çaxıb hər tərəfi işıqlandırdı. İsti yay günlərində bürkülü havada yağmayan yağış, sanki payızın gəlişindən ürəklənib yağdıqca yağdı. Günəşin hərarəti azaldı, istiliyi öləzidi. Havanın şaxı sındı, bir az sərinlədi, bir az rahatlandı.
Payız gəlir... Payız gələndə ilk yada düşən bəlkə də məşhur mahnının məşhur sözləri olur. "Payız gəldi uçdu getdi quşlar..." Təkcə uçub gedən quşlarmı oldu? Təbii ki, yox! Yalnız uçub gedən quşlar olsaydı, nə var idi ki? Heç bunu özümüzə dərd edib dilimizə gətirməzdik. Çünki o gedən quşlar gələn ilin isti aylarında yenidən öz yuvalarına dönəcəklər. İş ondadır ki, ilk qədəmlərini atan bu payız ömrümüzdən bir yayı da götürüb aparacaq. O yay bir daha ömrümüzə qayıtmayacaq. Ondan bizə yalnız isti xatirələr, bürkülü düşüncələr qalacaq.
Payız gəlir... Payız fəsli həm sirli-sehrlidi, rəngarəngdir, bənzərsizdir, həm də küləklidir, yağışlıdır, sazaqlıdır. Payız küləyi, yağışı və soyuğu ilə təbiətin əynindən yaşıl donunu çıxarmağı bacarır. Yayda coşub-çağlayan, yerə-göyə meydan oxuyan anamız təbiət yavaş-yavaş payıza təslim olur. Onun dediyi ilə durub-oturur. Yavaş-yavaş libasını dəyişir, əyninə qızılı paltar geyinib qışı qarşılamağa hazırlaşır. Özünün əbədi yolu ilə asta-asta hey irəli gedir.
Payız gəlir... Payızın gəlişini bəlkə də birinci hiss edən ağaclar olur. Soyuğun nəfəsini duyan kimi dərin fikrə gedirlər. Yavaş-yavaş yarpaqlara xal düşür. Xal-xal olan yarpaqlar saralır. Ağaclar sarılı, qırmızılı bir libasa bürünürlər. O geyimdə daha müdrik və nurlu görsənirlər. Yarpaqlar saraldıqca zəifləyib gücdən düşür. Külək onu silkələyib bir andaca budaqdan üzüb yerə salır. Yarpaq ağacdan göz yaşları ilə ayrılır. Sanki öz anası ilə, doğması ilə sağollaşır. Külək onu qabağına qataraq qovub uzaqlara aparır. Yavaş-yavaş ağaclar torpağın qoynunda qış yuxusuna getməyə hazırlaşır.
Payız gəlir... Gələn bu payız özü ilə yaradıcı adamlara ilham gətirir, ruh verir. Məncə payız yaradıcı insanlara mövzu bəxş edən bir fəsildir. Şairlərin ən çox vəsf etdiyi də elə bu fəsildir. Rəssamların çəkdiyi rəsm əsərlərinin çoxu payıza həsr olunub. Gözəl musiqilər də sanki payız kimi həzin və ürəyəyatımlıdır. Payız düşüncələr fəslidir. İnsan bu fəsildə daha çox yazıb-yaradır, daha çox mütaliə edir. Payızda daha çox sevib-sevilirlər. Bəlkə də elə hamı buna görə də payız fəslinin gəlişini bu qədər həsrətlə gözləyir. Payız həm də toylar fəsildir, insanların xoşbəxtliyə qovuşduğu aydır.
Payız gəlir... Qoy gəlsin, xoş gəlir. Qədəmləri mübarək payız! Təki gələn fəsillərin payızı olsun. Ömrümüzün payızı gəlməyə tələsməsin, bir az ləngisin, bir az yubansın, bir az gözləsin...