adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7
22 Oktyabr 2016 09:42
4847
GÜNDƏM
A- A+

MARAQLA OXUDUĞUM KİTAB

Qədir Tərtərlinin "Mənim həyat romanım" kitabı haqqında

Həmyerlimiz, yazıçı-publisist, "Qızıl Qələm" mükafatı laureatı Qədir Tərtərlinin yenicə çapdan çıxmış "Mənim həyat romanım" kitabını son cümləsinədək böyük maraqla oxudum və əsər haqqında fikirlərimi oxucularla bölüşmək qərarına gəldim. Əvvəlcədən deyim ki, "Mənim həyat romanım" kitabı bir insanın taleyindən bəhs etsə də, burada biz Azərbaycanın ötən əsrin 30-cu illərindən başlayaraq və XXI əsrin əvvəllərinədək olan ictimai-siyasi mənzərəsini, xalqımızın yaşam tərzini, adət-ənənələrini, valideyn-övlad və övlad-valideyn münasibətlərini görürük. Balaca Qədirin doğulduğu Əskipara kəndi ilə birlikdə böyüdüyünün, dəyişdiyinin, Böyük Vətən Müharibəsi illərində keçirdiyi əzab-əziyyətlərin, sıxıntıların şahidi oluruq.
Kitabdakı bütün səhnələr təbii və səmimidir, xalqın öz dili ilə qələmə alınıb.
Elə ilk səhifələrdən kiçik Qədirin yurduna bağlılığının, təbiətə məhəbbətinin şahidi oluruq. Kəndin başqa yerə köçürülməsi xəbəri onu çox məyus etmişdir.
Müəllif yazır: "Əgər deyilənlər düz olsa, kəndi indiki yerindən köçürsələr, bəs bizim bu gözəl bağ-bağçamız necə olacaq? Kimə qalacaq yazda cənnətə dönən, al-əlvan çiçəkləri göz oxşayan meyvə ağaclarımız? Nələr yoxdur ki, burada quş iliyi, can dərmanı". Amma atası oğlunu sakitləşdirərək deyir: "Orda da bağ salarıq. Meyvələrimiz də olar, gülümüz, çiçəklərimiz də".
Yeni məhəllədə evin bünövrəsi qazılarkən ailəyə xeyir-dua verməyə gəlmiş qonşu Sənəm arvadla Hüsü kişinin söhbətini təsvir edən səhnəni oxumaq kifayətdir ki, Qədir müəllimin şeirə, sözə vurğunluğunun səbəbi aydın olsun. Hüsü kişi burada Aşıq Ələsgərin şeirlərini söylədikcə, elə bil oğlunun gözündə daha da ucalır, qeyri-adiləşirdi. Müəllif yazır: Atam alnında muncuqlanan tər damcılarını silə-silə:
- Yaxşılıq yaxşı şeydi, Sənəm, - deydi. Yaxşılıq haqqında bir gör Aşıq Ələsgər nə deyif:
Arif olan, gəlin sizə söyləyim,
İyid sözü mərd-mərdanə yaxşıdı.
Kişi gərək dediyindən dönməsin,
Biilqardan bir zənana yaxşıdı.

Beləliklə də Hüsü kişi ilk növbədə öz nümunəsi, həm də söhbətləri ilə oğluna heç zaman unudulmayan həyat dərsi keçirdi.
Yaddaşımda xüsusilə iz qoyan səhnələrdən biri, yay aylarında kənd camaatının yaylaqlara köç etməsidir. Bu, o vaxtlar idi ki, hələ nə maşınlar vardı, nə də müasir rahat şərait. Qədir müəllim yol boyu rastlaşdıqları gözəllikləri, ferma müdiri işləyən atası Hüsü kişinin çobanlara, onların ailə üzvlərinə münasibətini elə canlı təsvir edir ki, oxucu özü də yolçulara qoşulub sərin yaylaqların ətrafında dincəlir, "Həmzə çəməni"ndə uşaqların "Çataldaş"ın altında məktub gizlətmələrinin şahidi olur, qadınların dağda bitən göylərdən sacda bişirdikləri ləzzətli kətənin ətrini duyur.
Qədir müəllimin oxuduğu illərlə bağlı xatirələri, ilk müəllimindən tutmuş, universitet müəllimlərinədək hər birini təsvir etməsi, həmin illərin təhsili haqqında dolğun təəssürat yaradır. Özü də təkcə təəssürat yaratmır. Bir növ indiki nəslə ibrət dərsi olur. Yəni, yaxşı oxumaq üçün gözəl geyinmək, məktəbə valideyninin bahalı maşınında getmək, müasir sinif otaqlarında dərs keçmək mütləq deyil. Ən başlıcası, işıqlı ürəyi olan müəllim və onun öyrətdiklərini mənimsəməyə həvəsi olan şagird lazımdır. Qədir müəllimə universitetdə dərs deyən müəllimlərin bir çoxu sonralar mənə də dərs deyiblər. Azərbaycan jurnalistikasının korifeyləri Şirmməmməd Hüseynov, Seyfulla Əliyev, həmçinin vaxtilə onun tələbə yoldaşı olanlardan - Famil Mehdidən, Tofiq Rüstəmovdan mən tələbə olarkən universitet auditoriyalarında dərs almışam.
Onun universitet illərindən başlayan və bütün ömrü boyu davam edən dostluq münasibətləri isə bir növ həyatının "yaşıl işığı"na çevrilmişdir. Dostlarının hamısı gələcəyin adlı-sanlı şeir-sənət fədaisi olmuş, dəyərli əsərlərinə görə oxucuların sevimlisinə çevrilmişlər. Bunlar Şamil Xurşud, Famil Mehdi, Şahmar Əkbərzadə, Əlibala Hacızadə, İbrahim Göyçaylı, Sərdar Mehdiyev, Qaçay Köçərli və başqaları olmuşlar.
Bu kitabda mən həmçinin Tərtər rayon qəzetinin tarixi, eyni zamanda bütövlükdə rayonumuzun tarixi, vaxtilə burada çalışmış və Tərtərin həyatında silinməz iz qoymuş qiymətli ziyalılar haqqında zəngin məlumatlara rast gəldim. Bunlar rayon qəzeti mətbəəsini təşkil edən, vaxtilə mənim də çiyin-çiyinə çalışdığım Mirməhəmməd Hüseynov, onun qızları Minayə və Sürəyya, qəzetin o zamankı redaktoru, rayonun birinci katibləri Nadir Rüstəmov, Rüstəm Səfərəliyev, Zülfiqar Abdullayev və başqalarıdır. Müəllif o dövrdə rayon partiya komitəsinin qəzetə olan münasibətini, qəzet-oxucu əlaqələrini çox gözəl və real faktlarla çatdırır.
Sonralar Qədir müəllim uzun illər partiya-sovet işində çalışmış, yenidən jurnalistika sahəsinə qayıtmış, bir sözlə, həyat yolu həmişə hamar olmasa da, son nəticədə daim halal zəhməti sayəsində istəyinə çata bilmişdir.
Qədir müəllimin müasir jurnalistika ilə bağlı fikirləri, "Kirpi" jurnalının bölgə müxbiri işləyərkən rayonlarda media nümayəndələri barədə eşitdiyi xoşagəlməz sözlərə onun reaksiyası tamamilə haqlıdır. Həqiqətən də, bu gün biz demokratik bir ölkədə yaşayırıq, jurnalistlərə dövlət tərəfindən daimi qayğı və diqqət göstərilir. Lakin bu heç kimə ixtiyar vermir ki, qədim və bütün dövrlərdə insanlar üçün gərəkli olan bir peşəni hörmətdən salsınlar, ucuzlaşdırsınlar. Görün, Qədir müəllim bu peşə haqqında necə danışır. "Universiteti qurtarıb jurnalist diplomunu alanda sevincim, fərəhim o sözdən deyildi. Öyünürdüm, qürrələnirdim, hətta bir az yekəxanalıq çıxsa da, onu da deməliyəm ki, lovğalanırdım dag".
Bəli, belə işıqlı, belə şərəfli yollardan keçib jurnalistikaya gələn insan bu peşədən sui-istifadə hallarına dözə bilmir və buna görə də deyir: "Mən, nə vaxtı ilə gördüyüm jurnalistikanı, nə də o dövrün jurnalistlərini görmürəm indi. Bu sözü heç də jurnalistlərin hamısına aid etmək fikrində deyiləm. Söz yox ki, yaxşı, öz peşəsinin vurğunu olan peşəkar jurnalistlər də az deyil indi. Söhbət, vallah, adamın dili də gəlmir deməyə, "qondarma jurnalistlər"dən, jurnalistikaya dolanışıq yeri, qazanc mənbəyi kimi baxıb ondan əyri yollarla, hər cür fırıldaq işlətməklə bəhrələnməyə çalışan, dilənçi kimi əl açıb hamıdan pul istəyən abırsız müxbirlərdən gedir. Jurnalist deyəndə çoxları elə belələrinə baxdıqları gözlə baxır hamıya".
Nəhayət, Qədir müəllimlə yanaşı, bu əsərdə bir baş qəhrəman da var ki, o da daim ailəsi üçün çalışan, övladlarına yetimliyi hiss etməyə qoymayan, cəfakeş, məğrur Azərbaycan qadını - müəllifin anasıdır. Anası ilə bağlı hər söz böyük məhəbbətlə yazılıb. O, bu obrazla yalnız öz anasını deyil, ailəsinə sədaqəti ilə bütün dünyada tanınan Azərbaycan qadınını tərənnüm etmişdir. Kitab həmyerlimiz Rauf Həsənzadə haqqında söhbətlə tamamlanır. Rauf müəllimin xeyirxah əməllərindən, təbii yollarla müalicəyə dair biliyini insanlarla təmənnasız çatdırılmasından bəhs edən müəllif bu sonluqla sanki bir daha demək istəyir ki, dünyamız xeyirxahlıq üzərində qurudub.
Xeyirxah insanlar heç zaman unudulmur.

Svetlana Bağırova,
"Yeni Tərtər" qəzetinin
redaktor müavini