adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7
22 Oktyabr 2016 09:37
4340
GÜNDƏM
A- A+

Sizə yazığım gəlir


(mənsur şeir)

Sizə yazığım gəlir min kərə, milyon kərə haqqın və ədalətin, doğruluq və düzlüyün ağzına daş basanlar. Neçə ayıq başlını, neçə açıqgözlünü, neçə dili sözlünü günün günortaçağı boğazından asanlar.
Sizə yazığım gəlir min kərə, milyon kərə rütubət zindanların qaranlıq zülmətində günəştək məşəlləşən kişilərin, mərdlərin dadına yetməyənlər. Zülmlərə-zalımlara dirənişə qalxanların, azadlığa təşnələrin, ədalətə sadiqlərin qabağında vüqar ilə getməyənlər.
Sizə yazığım gəlir min kərə, milyon kərə məmləkət adamını yoxsulluq girdabında çabaladan-boğduran, ehtiyac caynağında bağır-bağır bağırdan, yaşam savaşlarında kölə bazarlarında gündə yüz yol öldürən və dirildən vəzifəli-rütbəli, imtiyazlı rəsmilər. Kəmsavad balasını, diplomsuz xalasını, evliykən subay gəzən əyri qıç baldızını, beş dəfə nişanlanıb on beş dəfə boşanan nərmə-nazik qızını ən gəlirli-gərəkli, ən sərfəli-mənfəətli vəzifə kürsüsünə pərçimləyən varlı-karlı dayılar, pul-paralı əmilər.
Sizə yazığım gəlir min kərə, milyon kərə neft-qaz yataqlarını cibinə axıdanlar. Qızıl mədənlərini boğazına tıxanlar. Ağbalığı, kürünü vətəgəsiylə birgə mədəyə ötürənlər. Yurdun bol sərvətindən, yatırından-varından özlərinə hamıdan daha çox götürənlər.
Sizə yazığım gəlir min kərə, milyon kərə doğma yurdda-ocaqda saflığa-şəffaflığa yağı-düşmən kəsilən, günəşin və işığın parlaq şüalarını qapqara əlləriylə beyinlərdən büsbütün silib-atmaq istəyən saxtakar "oyunçular". Sünilik-saxtalığa yaşıl işıq yandıran, xalqı şirin vədlərlə, min hiylə və kələklə xalqdan milyon verstlərlə uzaq düşən, gen gəzən, bütün qəlbi-qanıyla yad millətə tapınan, özgə elin-obanın havasına köklənən yaddaşsız manqurtlara, qeyrətsiz nankorlara səs verməyə çağıran əxlaqı və vicdanı axtakar "oyunçular".
Sizə yazığım gəlir min kərə, milyon kərə məmləkətin meşəsini, dağını, dənizini, gölünü, şəfa bulaqlarını, sərin yaylaqlarını yer-yerdən hasarlayıb göydələnlər tikənlər, villa-qəsr yapanlar. Doğma adamlarının, qohum-qəbiləsinin xoş gün-güzəranını, firavan həyatını kasıbın və yoxsulun, qaçqının və köçkünün göz yaşında tapanlar.
Sizə yazığım gəlir min kərə, milyon kərə heç göz belə qırpmadan, kirpik belə çalmadan minlərə, milyonlara qıpqırmızı, boz üzlü yalanlar sırıyanlar və bir də ki, bu ölçüsüz, bu biçisiz, bu yöndəmsiz yalanlara məst olaraq razı-razı susanlar.
Sizə yazığım gəlir min kərə, milyon kərə məğrur başlı kişiləri, mərd tinətli qadınları sata-sata ucalanlar. Ömrü boyu günahlara, çamurlara, rəzalət və xəyanətə bata-bata qocalanlar. Məmləkətə talan salan yalanlara, ömürləri, taleləri qaralayan böhtanlara ayaq üstə yata-yata əl çalanlar.
Sizə yazığım gəlir min kərə, milyon kərə bu zəngin məmləkətin dövlətini-varını acgözlüklə gözlərinə, ciblərinə təpənlər. Yığdıqları milyonlardan nə qaçqına-köçkünə, nə əlilə-zəlilə bircə manat qıymayan, fəqət gəlmə qadınların o lüt-üryan, o çılçılpaq bədəninə milyonları tabaq-tabaq, ətək-ətək səpənlər.
Sizə yazığım gəlir min kərə, milyon kərə şorabanın, pendirin, ətin, yağın, qaymağın, suyun, qazın, işığın qiymətini yeri oldu-olmadı "uf" demədən yüksəldən vecsiz-karsız nazirlər. Cəbhə bölgələrində Vətənin keşiyində ayıq-sayıq dayanan, nifrətiylə-kiniylə düşmənləri susduran, erməni dığalara qırmızı qan qusduran neçə cəsur əsgəri aşağılayan-alçaldan, mobil telefonunu, ucuz siqaretini qapıb əlindən alan, kasıbanə cibini sonuncu qəpiyədək soyub-qarət eləyən yekəpər və yöndəmsiz cavuşlar və gizirlər.
Sizə yazığım gəlir min kərə, milyon kərə ömrü boyu beyinləri, ürəkləri silkələyən cəsur sözdən, yamanlığı yaxşılıqdan seçə bilən iti gözdən, hiylələrə-kələklərə aldanmayan ayıq-sayıq dolu başdan çəkinərək əsim-əsim əsənlər. Sal qayalar, çal qayalar qucağından qətrə-qətrə süzülən büllur sudan, inci sudan, nur sudan qorxa-qorxa, ürkə-ürkə damcı-damcı içənlər.
Sizə yazığım gəlir min kərə, milyon kərə yalana, talana dözümsüzləri, zalıma və zülmə əyilməzləri, fikir-məsləkində sarsılmazları şərləyib birbəbir həbsə atanlar. Millətin başını bərli-bəzəkli yalanlar ilə, çeynənmiş-sürtülmüş babat və boyat nitqlər ilə, hırıltılı-gurultulu şit-bayağı şoularla qatanlar.
Sizə yazığım gəlir min kərə, milyon kərə Bakının göbəyində minillik çinarları tros atıb boynuna kökündən qoparanlar. Neft qoxulu Bakının laləzar köynəyini, yamyaşıl libasını əynindən soyundurub lüt-üryan saxlayanlar. Və onların yerində nəvə-nəticəsinə, oğluna və qızına, qaynına-baldızına, neçənci oynaşına villa-qəsr yapanlar.
Sizə yazığım gəlir min kərə, milyon kərə başında kirli bir tac, cibində çirkli pullar axşamdan-səhərəcən kazinolar küncündə eyş-işrətə uyanlar. Böyük bir məmləkəti "uf" da belə demədən o sirli-möcüzəli göbəyin altındaca xumar-xumar uyuyan cadu-tilsim naminə qumarda uduzanlar.
Sizə yazığım gəlir min kərə, milyon kərə əsarətin və zülmün şiddət-cəbri altında yarpaq kimi zəif əllər, ayaqlar. Zalım qamçılarında haray çəkməli ikən, fəqət neçə min yerdən qıfıllanan ağızlar, kilidlənən dodaqlar.
Sizə yazığım gəlir min kərə, milyon kərə ürəklərdən, beyinlərdən şər tozunu, şər ruhunu, şər pasını silməyənlər. Qızıl xasiyyət kişiləri, büllur buxaq qadınları yüz-yüz qızıl külçəsindən, min-min gizli xəzinədən qat-qat əskik bilənlər.
Sizə yazığım gəlir min kərə, milyon kərə tanqahların üstündə qızıl ilantək yatan var-dövlət hərisləri. Brilyant düşkünləri, altun divanələri, pul-para əsirləri. Rütbə-mənsəb naminə, orden-medal xətrinə anasının, qızının əmcəyini kəsənlər. Möhür-ştampdan ötrü, ala-babat, miyanə bir vəzifə sarıdan yarpaq kimi əsənlər.
Sizə yazığım gəlir min kərə, milyon kərə bu işsiz məmləkətdə çayxanalar küncündə nərd-domino vurmaqla başlarını girləyən, bütün ümidlərini bazarda gün altında şabalıdtək qovrulan, qışın soyuğundasa sızım-sızım sızlayan arvadın qazandığı pul-paraya bağlayan yekə qarın, lay divar, bığıburma kişilər.
Sizə yazığım gəlir min kərə, milyon kərə gah dağdan, gah da bağdan, gah dərədən, gah düzdən, gah ulduzlu gecədən, gah da nurlu gündüzdən, gah uca binalardan, gah da asfalt yollardan, gah parklarda əkilən ağaclardan-kollardan... əli qabar olunca yorulmadan hey yazan, fəqət yurdu büsbütün öz qurd ağzına alan, yurdu taqətdən salan yalandan və talandan, oğruluq-quldurluqdan, rüşvətdən-rüşvətxordan, haramdan-haramxordan, saxtadan-saxtakardan... bircə kəlmə də belə cürətlənib yazmayan, yağlı-yağlı mətbəxlərdə şirələnən-yağlanan, enlənən-yoğunlanan mətbuat "pişikləri".
Sizə yazığım gəlir min kərə, milyon kərə bu millətin, bu xalqın haqqını-hüququnu əllərindən alanlar. Bol sərvətli, min nemətli zəngin məmləkətinə sonubitməz talan-soyğun salanlar. Sonuncu tikəsini xalqın əlindən qapıb öz qohum-qardaşına, dostuna-tanışına, yadelli aşnasına paylayanlar-bölənlər.
Sizə yazığım gəlir min kərə, milyon kərə bu mərd-cəsur milləti gah gizli, gah aşikar basqıların gücünə zaman-zaman susdurub qorxuda saxlayanlar. Və onları həqirliyin-fəqirliyin, məzlumluğun-susqunluğun dirəyinə mıxlayanlar, gözlərini, dillərini bağlayanlar! Unutmayın zaman gələr (yaman gələr) bu məzlumlar susqunluğun dirəyini təməlindən birdəfəlik laxladacaq, xalqı dərdə-müsibətə salanların anasını ağladacaq, öz ömrünü, həyatını millətinin rahatlığı, məmləkətin abadlığı uğurunda çıraq-çıraq yandıracaq!

27.06.2015-ci il