adalet.az header logo
  • Bakı 18°C
22 Oktyabr 2016 09:30
4761
GÜNDƏM
A- A+

Ömürdən səhifələr

Jurnalistikanın belə bir qanunu var: nədən, kimdən istəyirsən yaz, amma obyektivlik, dəqiqlik, real faktlar düzümü sənin şəxsi istəyin dairəsindən "kənar" olmalıdır. Müxtəlif bədii vasitələr isə yalnız köməkçi funksiya daşımalıdır. Oxuculara jurnalistika haqqında bu məlumatı ona görə verirəm ki, bu yazıda oxuduqları daha səmimi və inandırıcı olsun. Mən mübaliğəsiz danışıram. Çünki haqqında danışılan insan özü sadə, təmiz, prinsipial, həqiqəti deyən bir şəxs idi. Sadə və səmimi insanların ömrü adətən yaşanmış illərin sayı ilə deyil, bu illərin dəyəri ilə ölçülür. Belə xeyirxah, əməlisaleh insanlar həyatı boyu öz xeyirxah əməlləri, cəmiyyət üçün gərəkli və faydalı fəaliyyətləri ilə seçilir və sevilirlər.
Böyük hörmət sahibi olan Qardaşxan Xəlilov da yaşadığı illərin dəyəri və bəhrəsi ilə fəxr ediləsi şəxslərdən idi. Sadəlik sanki ona Tanrı tərəfindən verilən pay idi. Yaxından tanıyanlar yaxşı bilirlər ki, O, xeyirxah, sədaqətli, ürəyi, qəlbi doğulub boya-başa çatdığı Laçının Əhmədli kəndinin bulaqlarının suyu kimi təmiz, sözü qılınc kimi kəsərli, ürəyi kövrək və zərif idi. Həyat yolu xeyirxahlıq, kamillik, mənəvi yetkinlik zirvəsinə bənzəyirdi. Öz rahatlığını birinə gərəkli olmasında tapırdı. Bu da bu ali insanın böyüklüyündən irəli gəlirdi. Respublikanın tanınmış ziyalılarından idi. Ziyalılıq elə bir zirvədir ki, bu yüksəkliyə qovuşanlar başqalarından fərqli olaraq dövrü əhatə etmiş qaranlıqları da tez duyub nəticə çıxarmağı bacarırlar. Bütün ziyalılar kimi Qardaşxan Xəlilov da dövlətin qüdrətini, cəmiyyətin azadlığını və firavanlığını, sosial ədalətin bütün sahələrdə təntənəsini məhz insanların yüksək biliklərə yiyələnməsində, maariflənməsində görürdü.
Haqqı nahaqqa verməməsi, düzgünlüyü və mənəvi təmizliyi daim uca tutması bu insanın parlaq şəxsiyyəti barədə adamlarda dolğun təsəvvür yaradırdı. Təmizliyi, bacarığı, qabiliyyəti, işinin məsuliyyətini bilməsi, çətinliklərin enişli-yoxuşlu yollarını pillə-pillə keçərək çalışdığı sahələrə rəhbərlik etmək etimadını qazandırmışdı ona.
Deyirlər həyat yaradılışla ölüm, beşiklə məzar arasında olan bir yoldur. Hər kəs bu yolu bir cür addımlayır. Kimi elin, obanın, xalqın, yaxın qohumların, vətənin yükünü öz çiyinlərində daşıyır, kimi də vətənə, xalqa yük olub yaşıyır. İnsan əbədi ömür sürmək üçün dünyaya gəlməyib. Hər birimiz bu dünyanın müvəqqəti sakinləriyik. Bununla belə insan öz əməlləri, ziyalılığı, ləyaqəti ilə, qoyduğu yaxşı ad-sanla həyatda ölməzlik qazana bilər. İnsanları bir-birindən fərqləndirən şəxsi xüsusiyyətdir. Xasiyyəti, təbiəti parlaq olan adamlar unudulmur. Onlar ilk baxışdanca adama güclü təsir bağışlayır, yaddaşına daxil olur. Qardaşxan Xəlilov məhz belə şəxslərdən idi.
İnsan ömür yollarına nəzər salanda ötən illəri xoş duyğularla, minnətdarlıqla yad edir. Həyat qəribədir, çox sürətlə dəyişir, bizim özümüz kimi. Görkəmimizdən daxili aləmimizədək. Dəyişməyən təkcə düşüncələr, münasibətlər və yaşantılardır. Ömür isə Tanrının insanlara bəxş etdiyi paydır. Bu payın təmənnası xeyirxah əməllər, təbiətə, cəmiyyətə verilən xoş töhfələrdir. Xoş o kəsin halına ki, Tanrının verdiyi əvəzsiz payın müqabilində borclu qalmır. Cəmiyyət qarşısında alnı açıq, üzü ağ olur.
Elə insanlar var ki, olumu ilə ölümü bilinmir. Elə insanlar da var ki, unutmaq istəsən də mümkün olmur, əməlləri ilə yaşıyır. Qardaşxan Xəlilovun həyat fəlsəfəsi təvazökarlıq, xalqa, insanlara təmənnasız xidmət etmək olmuşdur. O, həmişə etdiyi yaxşılığı unutmağa çalışardı. Ölüm insanın həyatında nə varsa hamısını silib atır, qalan isə yaxşı ad-san, xeyirxah əməllər olur. Ömrün dünənində təkcə acılı-şirinli xatirələr uyumur, insanın özü qalır, sözü qalır, gəncliyi qalır. Bəlkə də ona görə hamımız belə kövrəlmişik. Əlbəttə, bu insan ömrünün təbii ahəngdarlığıdır. Qardaşxan Xəlilov kimi insanların isə özündə, sözündə bir ululuq vardı. Bu da onların daxili təmizliyindən, vicdani saflığından, hər zaman həqiqəti deməsindən irəli gəlirdi. Belə insanlar həmişə cürətli, alnı açıq, başı uca olurlar. Təmkin, iradə, qayğıkeşlik, başqasının gözündə ümid işığı yandıran, ağıllı tövsiyələr verən insanlar başqalarının gözündə ideallaşırlar.
İnsanın mövqeyi nə qədər yüksək olsa da o, insan olduğunu heç vaxt unutmamalıdır. Burada Həzrəti Əlinin bir kəlamı yada düşür: özüm də insan olduğum üçün heç kəsi özümdən kiçik görmək istəmirəm. Qardaşxan Xəlilovun naturası məhz belə idi. İnsanlara heç vaxt yuxarıdan aşağı baxmazdı. Bu yalnız bir halda olub, o da insanların qolundan tutub qaldıranda. O, əsl ziyalılıq titulu qazanmışdı. Ziyalı ətrafa işıq saçan, işıqlandıran, nurlandıranlara deyilir. Cəmiyyətin ideoloji sınağından çıxmışdı. Mənəvi təmizlik, alnı açıq, həqiqəti demək ömrünün bünövrə daşı idi. Laçın rayonunda rəhbər vəzifəsində çalışdığı illərdə qanunu bir əlində, xalqı bir əlində tutmuşdu həmişə. Gənclik illərində pedaqoji texnikumda çalışdığı vaxtlar çox ailələrin evini işıqlandırmışdı. Onlarla laçınlı texnikumu bitirib, sonralar hamısı ali təhsil almışdı. İnsanlara çörək verən adam idi, əl tuturdu hamıya. Bu cür humanistliyi, alicənablığı, xeyirxahlığı, insanlara qayğı göstərməyi Qardaşxan Xəlilova məcbur edən nə idi? Bu sualın bir cavabı var: Vətən eşqi, xalqa xidmət amalı, vətəndaşlıq borcu! Böyük şair Məmməd Araz yaxşı deyib:

Onda Vətən sanar məni
Bir balaca vətən daşı.
Vətən daşı olmayandan
Olmaz ölkə vətəndaşı

Axırıncı vəzifəsi rayon qəzetinin redaktoru olub. Mətbuata bağlı adam idi. Mütaliəni çox sevirdi. Redaktor olduğu illərdə qəzet istər tərtibat, istərsə də məzmun və mövzu zənginliyi baxımından mətbuatşünaslığın tələblərinə yaxşı cavab verirdi. İşçilərə ağıllı məsləhətlər verər, onlara daha çox mütaliə etməyi tövsiyə edərdi. Mətbuat kompasdır. Jurnalist qərəzsiz, prinsipial, hamının yanında alnı açıq olmalı, insanların gözünün içinə düz baxmalıdır deyirdi. Mən qəzetdə əbədi işçi, şöbə müdiri, redaktor müavini kimi bir neçə illər yüksək mənəviyyatlı, dünyagörmüş, həyatın sınaqlarından çıxmış bu insanla birgə çalışmışam. Rəhbər vəzifələrdə çalışan bəzi şəxslərdə müavinlərinə qarşı bir qısqanclıq yaranır adətən. Qardaşxan Xəlilov bucür məziyyətlərdən tamamilə uzaq idi. O, tabeliyində olan işçiləri savadlı, işbilən, bacarıqlı görmək istəyirdi həmişə. Hər bir işçiyə vəzifəsi dairəsindən artıq səlahiyyət və sərbəstlik verirdi. Onlarda qəzetin məzmunun və nüfuzunun artmasına çalışır, redaktorun başını uca edirdilər. Onun dövründə mükəmməl bir jurnalist kollektivi formalaşmışdı.
Yüksəlmək hünər deyil, hünər yüksəklikdə mətanətlə dayanmaqdadır. O, sanki mənəvi yüksəkliyi birdəfəlik fəth etmişdi. İlk baxışda sakit görünən Qardaşxan Xəlilov yaşadığı cəmiyyətin problemlərini bəlkə də ən çox düşünən adam idi. İnsanlıq bütün qayğıları ilə onun içindən keçirdi.
İnsan daim xalqına, vətəninə gərəkli olmasını düşünməlidir. Hətta belə bir fikirdə var. Düşünmə ki, Vətən sənə nə verəcək, düşün ki, sən Vətənə nə verəcəksən? Bu sual qarşısında bəlkə də çoxları aciz qalır. Amma Qardaşxan Xəlilov bu suala öz işi, xalqa, vətənə sədaqətlə xidmət etməsi, əsl vətəndaşlığı ilə cavab verib. Bu da onun dərin zəkaya, iti zehinə, güclü məntiqi təfəkkürə sahib olmasından irəli gəlirdi. O, zəhmətinin mükafatını öz vicdanından alırdı. Mükafatı xalqın məhəbbəti, xalqın istəyi idi.
Doğrudur ki, Tanrıdan insana verilən ömür payını hərə bir cür yaşıyır. Faydalı, xeyirxah, cəmiyyətin inkişafına təkan verən həyat mənalı, şərəfli ömür sayılır. İnsan oğlu özü üçün deyil, xalqı, eli-obası, yaşadığı cəmiyyət üçün çalışanda daha çox əlçatmaz olur. Haqqında danışılan şəxs bax belə bir ömrün axarı ilə addımlayırdı.
Ləyaqətli övladları qaranlıq səmanı işıqlandıran aya bənzədirlər. Belə övladlar bütün nəslin, valideynlərinin üzünü ağ, başını uca edirlər. Xoşbəxt o adamdır ki, belə övladları var. Qardaşxan Xəlilovun övladları da belələrindən oldular. Onlar bütün nəslin, ata-ananın üzünü ağ, başlarını uca etdilər. Övlad şərbətini valideynlərinə içirdə bildilər.
Bax belə... ömrümüzdən bir gün də keçdi. Bəzən dünənimizin də həsrətini çəkmişik, ötənləri xatırlayanda kövrəlmişik. Həmişə də qədim bir bayatının həzin zümzüməsi ilə yuxulamış ürəyimizi ovutmağa çalışmışıq.

Ötən günə gün çatmaz,
Calasan günü-günə.

Həyatın elə mürəkkəb, elə gözlənilməz cəhətləri var ki, onları nə mikroskop, nə də teleskopla görmək olur. Bunu yalnız əsrlərin sınağından çıxmış ən mötəbər bir cihaz - insan ürəyinin gözləri seçə bilər.
Artıq son nöqtəni qoymağın vaxtıdır. Ancaq əlim gəlmir. Vaxtın dəyirmanında ömrümüz buğda dənəsi kimi elə əriyir ki, onun sabahından belə xəbər tuta bilmirik, üzümüzü göy üzündəki buludlara tutub Tanrının varlığına şükür edə-edə ömür karvanımızı bu gündən sabaha sürükləyirik. İllərin, ayların, günlərin zaman kəsiyində bizlərə nəyin qalacağının belə fərqinə varmırıq. Bir də gözümüzü açırıq ki, qərinələri adlayıb əsrin yarıdan çoxunu arxada qoymuşuq. Bizə qalan isə zaman olur. Zamansa öz hökmünü zamanında verir.