ƏLİM ÜZÜMDƏ QALDI...

FAİQ QİSMƏTOĞLU
64515 | 2016-10-22 09:13

... Elə bil ki, dünyanın sonu gəlib çatıb. Əgər dünyanın sonu gəlib çatmasaydı, tez-tez adamın tüklərini yerindən oynadan, varlığını əlindən alan hadisələrin şahidi olmazdıq. Sanki hər gün yeni bir bəd xəbər, yeni bir qanqaraldıcı hadisəni eşitməyə məhkumuq. Səhər açılanda adam qorxa-qorxa, diksinə-diksinə yuxudan qalxır ki, görəsən bu gün nə bəd xəbər eşidəcək?!...
... Bir gün eşidirsən ki, 15 yaşında bir qız yeznəsinə qoşulub qaçıb. Yeznə də bir yeznə ola ha! Acından günorta durur, daş karxanasında daş atıb pul qazanır. Və bir də eşidirsən ki, abırsız oğlu abırsız 15 yaşında qızı götürüb aradan çıxıb. İndi respublikada hamı bu iki nəfəri axtarır. Biri deyir filan yerdə görmüşəm, biri deyir ki, bəhmən yerdə üzləşmişik. Balam, bu iynə-zaddı onu tapmaq olmasın. Axı hüquq-mühafizə orqanları istəsələr hər şeyi bir neçə gün içində tapa bilərlər...
Bilmirəm, bu camaata nə olub ki, qaçıb dərdlərini hüquq-mühafizə orqanlarına deyil, televiziya kanallarına söyləyirlər. Televiziya kanalları da öz reytinqlərini artırmaq, yüksəltmək üçün şou proqramları düzəldir, yüz oyundan çıxır, özlərini reklam edir və axırda da bu insanların kədəri, dərdi üstündə görüntü yaradırlar. Camaat da elə düşünür ki, gedib dərdlərini televiziyalara dedilər, hər şey yoluna düşəcək. Amma kimsə gedib dərdini onlara deyirsə, o çox vaxt yaxşı sonluqla bitmir. Çünki qarşı tərəf görür ki, bir ailənin içində həll olan söz-söhbət televiziyaya çıxarılıb, ictimailəşdirilib, bundan onlar daha da qəzəblənir və aləm bir-birinə qarışır. Yəni qaş düzəltdikləri yerdə televiziyalar vurub göz çıxarırlar, yaxud da yanan odun üstünə su tökmək yerinə benzin səpirlər...
Deyən lazımdır ki, ay bala, ay camaat, siz evinizdə bir məsələni həll edə bilmirsinizsə, niyə durub bunu ölkəyə car çəkirsiniz? Gunah nə qızdadı, nə də oğlanda. Günah o qızı başlı-başına qoyan və "ipini əldən verən" ata-anadadır. Qız gecə vaxtı çölə çıxır, saat 1-də "havasını dəyişir", sonra da ilim-ilim itir, onu tapmaq mümkün olmur. Hər şeyi o ailə, o ana, o ata çox yaxşı bilir. Sadəcə olaraq onlar öz günahlarını başa düşməli, uşaqlarına vaxtında düz yol göstərməli və çıxış yolu tapmalıydılar. İndi ağlamaq yetər! Daha bəsdir! Atalar çox yaxşı deyib: "Özü yıxılan ağlamaz".
Başqa bir tükürpərdici xəbər isə belədir: 21 yaşlı qız 70 yaşdan böyük bir kişiyə qoşulub qaçıb. Balam, burda qəribə nə var ki?! İndi dünya dəyişib, bu cavan qız da özünə rahat həyat tərzi axtarıb tapıb. Bəs eşitməmisiniz, belə bir məsəl də var: "Cavana gedən kötək yeyər, qocaya gedən quyruq". Bu qız da görünür ağlı cavanlardan bir şey kəsməyib qocaya gedib və kefi də kökdü. Eşitdiyimizə görə, telefon bağlantısında valideynlərinə deyib ki, məni arayıb-axtarmayın. Özüm sevib, seçib gəlmişəm. Şükür Allaha, bütün problemlərim də öz həllini tapıb: evim, eşiyim, maşınım, varım-dövlətim. Gedin, rahat evinizdə oturun!..
Yəqin ki, bu xəbəri eşidən valideynləri də gedib rahat evlərində oturacaqlar. Tay əl-həşirə düşüb deməyəcəklər ki, qızımı qaçırıblar, onu axtarıb tapın. Allah Məşədi İbada rəhmət eləsin. O vaxtlar böyük bəstəkar və böyük yazar Üzeyir Hacıbəyov Məşədi İbada imkan vermədi ki, cavan Gülnaz xanımı alıb kef eləsin! Kişinin nə qədər mağazası, pulu, varı-dövləti vardı. Ancaq bu var-dövləti olan adam indiki kimi cavan qızı alıb ömür sürə bilmədi...
Məşədi İbada qismət olmayan xoşbəxtlik yeni Məşədi İbadlara nəsib olur. Yəni onların pulu, varı, dövləti olduğu üçün çox qəşəng qızıların belələri üçün ürəyi gedir. Və bu qəşəng qızlara da həmin Məşədi İbadlar ev alır, maşın hədiyyə edir və hətta götürüb özləriylə aparırlar Parisə. Parisdə də kef eləyirlər.
Bir məktəbli qızdan soruşurlar ki, böyüyəndə kimə bənzəmək istəyirsən? O da çox fikirləşmir və deyir:
- Aygün Kazımovaya, Rəqsanəyə, Röyaya...
- Nə üçün onlara bənzəmək istəyirsən? - deyə soruşduqda uşaq yenidən dillənir:
- Çünki onların böyük-böyük villaları, evləri, maşınları və çoxlu pulları var. Mən də istəyirəm ki, böyüyəndə böyük-böyük evlərim olsun, maşınlarım olsun...
Bax, günümüzün reallığı bundan ibarətdir. Kimsə ağzını büzürsə və bizim dediklərimizə inanmırsa öz işləridir. Bu gün kimin pulu varsa, o cavan qız da alacaq, kef də eləyəcək, hələ üstəlik gözü ayağının altını görməyəndə bir başqasını tapdalayıb keçəcək də. Belə anları görəndə bir dəfə "bıy" deyirik. Və əlimiz üzümüzdə qalır...


TƏQVİM / ARXİV