adalet.az header logo
  • Bakı 15°C
  • USD 1.7
21 Oktyabr 2016 14:41
6175
MƏMLƏKƏT
A- A+

Layihə davam etdirilir

"Sosial İnkişafda Yeni Mərhələ” ictimai birliyi oktyabr ayında Balakən, Zaqatala və Qax rayonlarında Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə həyata keçirilən "Gənc nəsildə vətənpərvərlik hissinin inkişaf etdirilməsi” adlı layihə çərçivəsində təlimlər keçirmişdir. 

 Təlimdə layihənin rəhbəri Seymur Əzəmmədov layihənin necə yaranması, məzmunu, əhəmiyyəti, əhatə dairəsi haqqında təlim iştirakçılarına ətraflı məlumat vermişdir. Qeyd etmişdir ki, gənc nəslin Vətənə məhəbbət və sədaqət hissinin inkişafında vətənpərvərlik tərbiyəsi mühüm rol oynayır. Vətənpərvərlik hissi insanın öz vətənini, xalqını, dilini, dinini sevməsi, onu düşməndən qorumağa hər an hazır olması, Vətənə hədsiz sevgi, onun nailiyyətlərinin doğurduğu iftixar hissi, Vətən və xalqın tərəqqisinə mane olan düşmənlərə qarşı nifrət hissidir. Erməni işğalçılarının Azərbaycan torpaqlarının 20% işğal etməsi müasir dövrdə vətənpərvərlik tərbiyəsinə yeni məzmun, yeni çalar əlavə etmişdir. Vətənpərvərlik hissinin gücləndirilməsi itirilmiş torpaqların azad edilməsinin, vətənin ərazi bütövlüyünün bərpa edilməsinin mühüm şərti kimi önə çəkilmişdir. Müstəqil respublikamızın uğurla idarə olunması üçün özünə inamlı, aydın zəkalı, işgüzar insanların yetişdirilməsi tələb olunur. Ölkəmizdə doğma torpağın toxunulmazlığı keşiyində durmaq üçün aparılan mübarizə, bu mübarizədə xalqımızın milli şüurunun oyanması, soykökümüzdəki mütərəqqi irsi, adət-ənənələri dirçəltmək meylinin qüvvətləndirilməsi, tərbiyə problemlərinin həllində ümumbəşəri xarakterli milli amillərin ön plana çəkilməsi gənc nəslin vətənpərvərlik tərbiyəsi üzrə işi əsaslı şəkildə yaxşılaşdırmağı tələb edir. Gənclər fiziki, mənəvi və psixoloji cəhətdən elə hazırlanmalıdırlar ki, heç bir təsadüf onları sarsıda bilməsin; Vətən, onun müdafiəsi, səadəti, çiçəklənməsi, xalqın istiqlaliyyəti, müstəqilliyi naminə şücaət göstərmək onlar üçün adi hal olsun. Gənclərimiz ermənilərin tarixən azərbaycanlıların başına gətirdikləri müsibətləri dərk etsinlər. Onlar bilməlidirlər ki, ermənilər tarixin ayrı-ayrı məqamlarında nə kimi faciələr yaratmışlar. Müasir mərhələdə tərbiyənin aktual vəzifəsi uşaqlarda, yeniyetmə və gənclərdə vətənpərvərlik hissinin tərbiyə edilməsidir. Vətən övladının əsil vətəndaş, vətənpərvər kimi böyüməsi istəyinə lap erkən yaşlardan – ailədən, uşaq bağçasından başlamaq vacibdir. Bunu bizdən düşmənlərimizin təhqir etdikləri ana və bacılarımız, süngüyə taxılmış, dəmir borulara qaynaq edilmiş məsum körpə balalarımızın ruhları tələb edir. Vətənpərvərlik hissinin inkişafına məktəb yaşlarından başlanılması çox zəruridir. Bu dövrdə mənəvi-əxlaqi əsasda uşaq şəxsiyyətində onun hissi, təfəkkürü, cəmiyyətdə sosial uyğunlaşma mexanizmi inkişaf edir. Belə bir şəraitdə təhsil müəssisələrində uşaqların vətənpərvərlik tərbiyəsinə dair toplanmış təcrübəni öyrənmək, ümumiləşdirmək və yaymaq lazımdır. Əsrin ən dəhşətli hadisəsi olan Xocalı faciəsinə, 20 Yanvar hadisələrinə, 31 Mart azərbaycanlıların soyqırımı gününə, Respublika, Dirçəliş, Müstəqillik günlərinə həsr olunan dərslərdə, dərsdənkənar tədbirlərdə qazandığımız müstəqillikdə həmin hadisələrin mühüm rol oynadığını diqqətə çatdırmalı, şagirdləri vətənimizin azadlığı yolunda şəhid olmuş qəhrəman oğul və qızlarımızı unutmamağa, onlar kimi olmağa, həyat və fəaliyyətlərində daim onlardan nümunə götürməyə səsləmək lazımdır. Təlimlərdə Balakən, Zaqatala və Qax rayonundan olan fəal gənclər iştirak etmişlər. Layihənin məqsəd və perspektivləri, vəzifələri haqqında iştirakçılara geniş məlumat verilmişdir. Təlimdə iştirakçılara layihə çərçivəsində nəşr edilmiş bukletlər, təqvimlər, üzərində Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının və "Sosial İnkişafda Yeni Mərhələ” İctimai Birliyinin loqoları əks olunmuş papaq və maykalar paylanılıb, xatirə şəkli çəkilib.