adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
20 Oktyabr 2016 19:34
12337
MƏMLƏKƏT
A- A+

“Azərbaycan yazıçılarının əsərlərində milli vətənpərvərliyin və qəhrəmanlığın təbliği”

Azərbaycanın Bütövlüyü Uğrunda Cəmiyyət "Vətənpərvərlik hissinin yüksəldilməsində QHT-lərin rolu" mövzusunda növbəti tədbirini 283 saylı tam orta məktəbdə keçirib. Məktəbin direktoru Tünzalə Zeynalova bildirib ki, müasir gənclərimizdə vətənpərvərlik keyfiyyətlərini formalaşdırmaq üçün siyasi və ictimai tərbiyə işinin effektliliyini artırmaq, onların dünyagörüşünü inkişaf etdirmək, özünütərbiyəsinə diqqəti artırmaq, sosial əhəmiyyət kəsb edən ideyaların, normaların və prinsiplərin mənimsənilməsinə yönəldilmiş fəallığı stimullaşdırmaq vacib məsələdir. Milli-mənəvi dəyərlərə bağlılıq insanda ilk vaxtlarda vətənpərvərlik hisslərini gücləndirir və sonrakı mərhələlərdə insanın əsl vətəndaş olmasında birbaşa rol oynayır. Bu işdə orta məktəblərin rolu danılmazdır. 283 saylı tam orta məktəb bu istiqamətdə xüsusi fəallıq nümayiş etdirir. Yeri gəlmişkən qeyd edək ki, tədbirdə Binəqədi rayon İcra Hakimiyyətinin başçısı tərəfindən rayonun ictimai-siyasi həyatındakı fəallığına görə 283 saylı orta məktəbə təşəkkürnamə təqdim edilib.

Sonra layihə rəhbəri Məlahət Xəlilova bildirib ki, Azərbaycanın Bütövlüyü Uğrunda Cəmiyyət Azərbaycan Respublikası Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə həyata keçirilən "Vətənpərvərlik hissinin yüksəldilməsində QHT-lərin rolu" layihəsi çərçivəsində icra planına uyğun olaraq növbəti tədbirini keçirir. Tədbir "Azərbaycan yazıçılarının əsərlərində milli vətənpərvərliyin və qəhrəmanlığın təbliği" mövzusuna həsr olunub: "Əvvəlcə onu qeyd edim ki, vətənpərvərlik hissinin yüksəldilməsi dövlətin, eləcə də Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının daim diqqətdə saxladığı məsələlərdən olub. Bu istiqamətdə keçirilən tədbirlərin məntiqi sonluğu kimi onu göstərmək olar ki, bu gün hər bir azərbaycanlı vətəninə, torpağına və millətinə bağlıdır. Bayrağımızı hər zaman ucada görmək istəyi ilə formalaşan vətənpərvərlik hissi son zamanlar cəbhədə yaranan gərginlik zamanı özünü daha qabarıq büruzə verdi. Canını Vətən yolunda fəda edən əsgər və zabitlərimizin valideynləri onların şəhidlik zirvəsinə yüksəlməsilə fəxr etdiklərini dilə gətirdilər. Bütün bunlar ölkəmizdə aparılan maarifləndirmə işi və vətənpərvərliyin təbliği ilə bağlıdır. Bu işdə Azərbaycanın ədəbi nümayəndələrinin də üzərinə çox ciddi bir vəzifə düşür. Bütün dövrlərdə yazıçı və ədiblərimizin yaratdıqları əsərlərdə Azərbaycanın tarixi şəxsiyyətlərinin qəhrəmanlıq nümunələrinin ərsəyə gətirilməsi gənclər arasında vətənpərvərlik hissinin yüksəlməsində mühüm rol oynayır. Düzdür, onlar təzədən tarix yaza bilməzlər, ancaq tarixi hadisələrə və tarixi şəxsiyyətlərin həyat yoluna yenidən nəzər yetirib onları bədii şəkildə canlandıra bilərlər. Bu əksetdirmədə tarixi reallıqlarla bədii təxəyyüldən doğan məqamlar bir-birilə vəhdət təşkil etməlidir ki, insanlar arasında vətənpərvərlik hissini aşılamaq mümkün olsun. Məmməd Səid Ordubadidən başlayan tarixi roman ənənəsi bu gün də uğurla davam etdirilir. Maraqlı məqam ondan ibarətdir ki, istər M. S. Ordubadi, Y.V.Çəmənzəminli, Ə.Cəfərzadə, F.Kərimzadə, istərsə də müasir yazarlarımızdan olan Sabir Rüstəmxanlı, Elçin Hüseynbəyli, Hüseynbala Mirələmov, Yunus Oğuz kimi yazıçılarımız öz əsərlərində bir prinsipə sadiq qalıblar. Bu prinsip vətənpərvərlik hissinin təbliği ilə bağlı olub. Bu gün sevgisi bütöv, əbədiyaşar, amma taleyi yarımçıq qalan şəhidlərin çoxunun taleyinə Milli Qəhrəman adı yazılıb. Çağdaş ədəbiyyatımızın nümayəndələrinin isə birbaşa vəzifəsidir ki, tarixi qəhrəmanlarımızı öz əsərlərində yaşatsınlar və gələcək nəsillərə çatdırsınlar. Bu gün böyük fəxrlə deyə bilərik ki, yazıçılarımız bu missiyanın öhdəsindən gələ biliblər. İndi yazarlarımız da daxil olmaqla hər bir azərbaycanlının müqəddəs borcudur ki, qəhrəman övladlarımızın obrazında vətənpərvərliyi təbliğ etsin. Daha dəqiq, müharibə şəraitində yaşayan ölkəmizdə hər bir vətəndaşın borcudur ki, Milli Qəhrəmanların tanıdılması, onların unudulmamısı üçün əlindən gələni etsin.

Yazıçı-publisist, tarixi romanlar müəllifi Yunus Oğuz deyib ki, vətənpərvərlik elə bir mənəvi hissdir ki, onun varlığı millətin, dövlətin mövcudluğu deməkdir. Vətənpərvərlik fərdin öz içində millətini, dövlətini, Vətənini sevməsi deməkdir. Təbii ki, öz ailəsini qoruya bilməyən Vətəni də qoruya bilməz. Bu hissin gənclər, xüsusən, gənc əsgərlər arasında aşılanmasında yazarların rolu əvəzsizdir: "Hesab edirəm ki, müğənnilərdən çox yazıçı və şairlər cəbhə bölgəsinə getməlidir. Çünki, gənc əsgər kimi görürsə ona bənzəməyə çalışacaq. Bu isə Azərbaycan vətəndaşının formalaşmasımda müstəsna əhəmiyyət daşıyır". Onun sözlərinə görə, vaxtilə Sovet ideologiyasının təsiri altında olduğumuzdan tarixi şəxsiyyətlərimizi ya tanımırdıq, ya da təhrif olunmuş şəkildə təqdim olunurdu. Bu gün isə torpaqlarımız işğal altında olduğundan tarixi şəxsiyyətlərimizin, eləcə də qəhrəmanlarımızın təbliğinə ehtiyac var: "Gənclərin milli mənlik şüurunun inkişaf etdirilməsi, onlara vətənpərvərlik hisslərinin aşılanması, gənc nəslin məhz bu ruhda tərbiyə olunması günümüzdə xüsusi diqqət yetirilməli olan sahələrdəndir: "Təbii ki, dövlət və onun müvafiq qurumları bu istiqamətdə öz üzərilərinə düşən vəzifələri yerinə yetirirlər. Biz yazarlar da gənclərin vətənpərvər ruhda böyüməsi məqsədilə üzərimizə düşən vəzifəni layiqincə yerinə yetirməliyik". Onun sözlərinə görə, Azərbaycan tarixində Vətən uğrunda mücadilə aparan kifayət qədər tarixi şəxsiyyətlərimiz olub: "Həmin tarixi şəxsiyyətlərin bir çoxu yaxşı-pis qələmə alınıb. Ancaq Birinci Qarabağ savaşında da kifayət qədər igidlərimiz olub ki, onların da qəhrəmanlıq obrazının yaradılmasına ehtuyac var. Xüsusən, aprel döyüşlərində Azərbaycan gənclərinin göstərdikləri qəhrəmanlıqlar əsil yaradıcılıq mövzusudur. Biz öz əsərlərimizdə Azərbaycanın igid əsgərlərinin qəhrəmanlıq obrazını yaratmalıyıq. Çünki bu qəhrəmanlıq səlnamələri gənclər üçün bir vətənpərvərlik nümunəsidir. Hesab edirəm ki, yazarlarımız bu qəhrəmanların keçdikləri həyat və döyüş yolunu qələmə almaqla yeni-yeni əsərlər ortaya qoymalıdırlar. Bu əsərlərdə əsgər və zabitlərimizin qəhrəmanlıq nümunələri əksini tapmalıdır".

Millət vəkili, yazıçı Aqil Abbas qeyd edib ki, gənc nəslin vətənpərvər ruhda tərbiyə olunması orta məktəbdən başlanmalıdır. Çünki vətənpərvərliyin qayəsini elm təşkil edir. Orta məktəb isə vətəndaş hazırlayan təşkilatdır. Əgər fərd vətənpərvər deyilsə, yüz dəfə "Babək", "Dolu" filminə baxsa yenə də vətənpərvər olmayacaq. Onun sözlərinə görə, əksər Azərbaycan ədiblərinin əsərlərinin əsas süjet xəttini vətənpərvərlik ideyaları təşkil edir: "Əslində, istər tarixi, istərsə də bədii əsərlərdə canlandırılan Azərbaycanın görkəmli şəxsiyyətlərinin özü bir vətənpərvərlik nümunəsidir. Bu nümunələrin insanlar, xüsusən də gənclər arasında aşılanması yazarların vətəndaşlıq borcu hesab olunmalıdır. Nəzərə almaq lazımdır ki, bizim tarixi şəxsiyyətlərimizin qəhrəmanlıq nümunələrinin bədii obrazlarla oxucuya çatdırılması ən gözəl ideoloji vasitədir. Eyni zamanda, təbliğ olunası, geniş ictimaiyyət kütləsinə çatdırılası kifayət qədər tarixi şəxsiyyətlərimiz, qəhrəman oğullarımız var ki, onların Vətən uğrunda apardıqları mübarizənin qələmə alınaraq gələcək nəslə ötürülməsi yazarların ən ümdə vəzifəsidir". Millət vəkili əlavə edib ki, onun ərsəyə gətirdiyi "Dolu" romanı hələ bitməyən Qarabağ müharibəsinə həsr olunub: "Romanda canlandırılan qəhrəman obrazların hər birində vətənpərvərlik nümunələri əxz olunub. Hesab edirəm ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin davam etdiyi müddət ərzində vətənpərvərliyi əks etdirən daha çox əsərlər ortaya qoyulmalıdır. Nəzərə almaq lazımdır ki, müharibədən sonra yaranan əsərlərin mütləq əksəriyyəti həmin nümunələrə söykənir".

Yazıçı Elçin Hüseynbəyli qeyd edib ki, vətənpərvərlik sevgi kimi bir şeydir, onu qışqırmaqla aşılamaq mümkün deyil: "Qarabağ mənəvi baxımdan bütün azərbaycanlıların Vətənidir. Qarabağın işğalı mənəviyyatın, adət-ənənənin, ruhun işğalıdır. Odur ki, biz özümüz işğal altında olan torpaqlarımızı azad etməyə hazır olmalıyıq. Hər kəs öz sahəsində qəhrəman olsa bizə heç kim qalib gələ bilməz. Bu hisslər insanın içindən gəlməlidir". Onun sözlərinə görə, vətənpərvərliyi təbliğ edən yazarlar yaxın-uzaq tarixə yol salır, keçmişdə gizli, qaranlıq saxlanılan həqiqətləri üzə çıxarır. Yazıçı bununla həm də Vətən sevgisini ortaya qoyur, oxucularına, cəmiyyətə Vətən sevgisini aşılayır, onlara vətənpərvər, millətsevər olmağı tövsiyyə edir: "Azərbaycançılıq məfkurəsinə, ideyasına bağlı olan gənclərimizin Vətən sevgisi böyük örnəkdir. Gənclərimiz torpaqlarımızı sevir, qoruyur və onun uğrunda şəhid olmağı da bacarır. Onu da vurğulayaq ki, gənclərin azərbaycançılıq ruhunda tərbiyəsində vətənpərvərlik mahnılarının da rolu az deyil. Sözsüz, gənclərin vətənpərvərlik tərbiyəsinin formalaşması üçün tələb olunan bir çox məsələlər var ki, onların bu işdə birbaşa iştirakı olur. Gənclərin vətənpərvərliyi, onların milli şüura bağlı olması üçün görülən işlər, təbliğat hər gün davam etdirilməlidir. Gənclərin yetişməsində vətənpərvərlik mahnılarının, bu istiqamətdə yazılan musiqi əsərlərinin, xüsusən tarixi və bədii əsərlərin yeri əvəzsizdir".

Yazar Əbülfət Mədətoğlu tədbir iştirakçılarına döyüş xatirələrindən danışıb: "Mən illərlə döyüş bölgəsində olmuşam. Gəldiyim qənaət ondan ibarətdir ki, əsgərlərə mənəvi dayaq olmaq lazımdır. Əsgər biləndə ki, onun və ailəsinin qayğısına qalan var, döyüş ruhu yüksək olur". Onun sözlərinə görə, Qarabağ savaşında qəhrəmanlıq göstərən insanların təbliğinə ehtiyac var: "Bi həm də gənclər üçün bir vətənpərvərlik nümunəsidir. Məhz bu amili nəzərə alaraq Milli Qəhrəman İbad Hüseynov da daxil olmaqla bir sıra qəhrəmanlar barədə povest yazmışam. Hesab edirəm ki, gənclərimiz öz qəhrəmanlarını, xalqımız, dövlətimiz üçün canından keçmiş Milli Qəhrəmanları və digər şərəfli döyüş yolu keçmiş vətəndaşlarımızı tanımalı, onların həyatını örnək kimi qiymətləndirməlidirlər.
Qarabağ qazisi Nahid Canbaxışlı qeyd edib ki, vətənpərvərliyin təbliği yüksək səviyyədə olanda əsgərlərin döyüş ruhu da yüksək olur: "Biz də yüksək döyüş əzmini qəhrəmanlarımızdan almışdıq. Döyüşə gedəndə yalnız torpaqlarımızı yağı düşməndən azad etmək barədə düşünürdük. Odur ki, döyüşə ölməyə yox, öldürməyə getmişdik. Hazırda da torpaqlarımızı işğaldan azad etməyə hazır olan kifayət qədər qəhrəman əsgərlərimiz var. Çox təəssüf ki, ermənilərin himayədarları buna imkan vermirlər. Lakin bu o demək deyil ki, gənclərimizin vətənpərvər ruhda tərbiyyəsi arxa plana keçirilsin. Mən vətənpərvərəm, mənim ətrafım da vətənpərvərdir. Hazırda oğlum Vətən qarşısında borcunu yerinə yetirir. İnanıram ki, o da kifayət qədər vətənpərvərdir".

Valideyn Alıyev Nuralı bildirib ki, Azərbaycanın ədəbi nümayəndələrinin böyük əksəriyyəti öz əsərlərində vətəndaşların vətənpərvərlik hissinin gücləndirilməsi məsələsini əsas ideya kimi götürüb. Hazırda da yazarlarımız Qarabağ müharibəsi şəhidləri və qəhrəmanlarının həyatı və fəaliyyətinin işıqlandırılmasında mühüm rol oynayırlar.Azərbaycanın milli qəhrəmanlarının və ərazi bütövlüyü uğrunda döyüşlərdə şücaət göstərmiş gənclərin tanıdılması ilə bağlı əsərlərin ərsəyə gətirilməsi daha vacibdir. Bu gün həm məktəblərin, həm də yazarların qarşısında duran mühüm vəzifələrdən biri ölkəmizdə elmə, biliyə önəm verən vətənpərvər gənclər ordusunun yetişməsinə yardımçı olmaqdır.