adalet.az header logo
  • Bakı 13°C
19 Oktyabr 2016 13:49
5544
GÜNDƏM
A- A+

O YANI QAYA, BU YANI QAYA…

Biz uşaq olanda tez-tez böyüklərimiz tapmaca deyərdilər. O tapmacalardan biri də belə idi: «O yanı qaya, bu yanı qaya, içində sarı maya». O dəqiqə hamımız bir ağızdan dillənərdik: «Yumurta». Elə nənəmiz də mükafat kimi təzəcə hində toyuğun yumurtladığı yumurtanı hədiyyə verərdi. Bu yumurtanı ya soyudub yeyərdik, ya da analarımız qayğanaq bişirərdi…

Novruz bayramı gəlməmişdən bir ay əvvəl hinə girib xəlvətcə toyuqların yumurtladığı yumurtanı götürərdik və kəndin ortasına çıxıb tay-tuşlarımızı axtarardıq ki, yumurta döyüşdürək. Bəzi dəcəl uşaqlar toyuq yumurtası əvəzinə y a taxta yumurta, ya da hind quşunun yumurtasını döyüşdürərdilər. Sakit, avam uşaqlar isə bunu başa düşməzdilər. Amma bir müddətdən sonra həmin dələduz uşaqların əməllərinin üstü açılar və heç kəs onlarla yumurta döyüşdürməzdi.

Görün hardan başlayıb hara gedib çıxdım. Düz 53 il keçmişə qayıtdım. Kənd yumurtasının dadı, ləzzəti yəqin çoxlarının yadından çıxmayıb. Çünki bu kənd yumurtaları min bir dərdin dərmanıdır. Hətta deyirlər ki, mədəsi xəstə olan adam ilıq yumurta yesə, o bir neçə həftə ərzində sağala bilər. Yumurtada olan vitaminlər o qədər insana xeyirlidir ki, onu saymaqla qurtarmaq olmaz…

İndi də mağazalarda və bazarlarda hər cür yumurta satırlar. Ancaq camaatın gözü tərəzidir. İnsanlar ən çox kənd yumurtası axtarırlar. Təbii ki, bunu da o yumurtaları tanıyan adamlar tapa bilirlər. Amma vay o günə ki, kənd yumurtasını tanımayasan və o yumurta əvəzinə sənə broyler fabrikinin toyuqlarının yumurtladığı yumurtaları sırıyalar.

Hansı mağazaya, super marketə baş çəkirsənsə orda kənd yumurtası adı altında satılan məhsula rast gəlmək olar. Satıcıdan soruşursansa bunlar həqiqətənmi kənd yumurtasıdır?! O isə ya çiyinlərini çəkib «bilmirəm» deyir, ya da susur. Qiyməti 17 qəpiyə olan bu «girdirmə» kənd yumurtaları Bakının mağazalarını ağzına götürüb. Bilməyənlər bu yumurtanı çox böyük həvəslə alırlar. Bilənlər və tanıyanlar isə yumurtaya baxıb əlini yelləyib çıxıb gedirlər.

Dəfələrlə alıcıların satıcılarla kənd yumurtası adıyla satılan yumurtalarla bağlı mübahisələrinin şahidi olmuşuq. Hətta əsəbləri dözməyən orta yaşlı bir qadın həmin yumurtanı sınıdırıb və az qala satıcının «gözünə soxmaq» istəyirdi. Deyirdi ki, bax gör bu yumurtanını rəngi ağappaqdır. Kənd yumurtası isə sındırılanda sapsarı olur.

Bu cür anlarla mağaza və dükanlarda tez-tez üzləşmək mümkündür. Hətta bu sətirlərin müəllifi bir neçə dəfə kənd yumurtası adı ilə satılan «girdirmə» yumurtalara görə mağaza müdirinə etirazını bildirib. Və mağaza müldiri də söz verib ki, həmin yumurtalar satışdan çıxarılacaq və bir daha belə hallara yol verilməyəcək. Amma bir neçə gündən sonra həmin mağazaya baş çəkəndə yenə həmin mənəzərənin və həmin hadisənin yenidən şahidi olmuşuq.

Onsuz da ayrı-ayrı işbazlar bu millətə zaman-zaman keyfiyyətsiz, vaxtı ötmüş maları sırımaqda çox ustalaşıblar. Hətta o qədər ustalaşıblar ki, yerli kərə yağlarını «Novoye Zellandiya» adı altında camaata sırıyırlar. Əgər bu işbazlar belə keyfiyyətsiz malları xarici mal adı ilə əhaliyə sata bilirsə, onda görün broyler fabrikində toyuqların yumurtladığı yumurtaları kənd yumurtası adı ilə necə asanlıqla satışa çıxara bilirlər.

Bəs onda müxtəlif keyfiyyətsiz məhsullara qarşı mübarizə aparmalı olan və eləcə də süni bahalaşdırma yaradan işbazlara İqtisadi İnkişaf Nazirliyi niyə «dur» demir. Axı bu cür qanun pozuntularına qarşı mübarizə aparmaq məhz İqtisadi İnkişaf Nazirliyinin slahiyyətləri daxilindədir.

İndi yenə kənd yumurtasından danışaq. Çünki kənd yumurtasının bir ədədinin qiyməti 25-30 qəpik arasında satılır. Sadəcə əhali bir qədər maariflənməli və bilməlidir ki, mağazalarda 17 qəpiyə satılan yumurta broyler fabriklərinin toyuqlarının yumurtasıdır. Ən azından həmin yumurtanı alanda 17 qəpikdən keçib sındırmaq lazımdır. Bax, onda görəcəksiniz ki, onun içərisi ağappaqdır. Yəni bir çox mağazalarda satılan yumurta kənd yumurtası deyil.

***

Elan

Bayramov Sücayət Ulduz oğlunun adına Bakı şəhər, Y.Mürsəlov küçəsi ev 60-a verilmiş çıxarış və texniki pasport itdiyi üçün etibarsız sayılır.

Faiq QİSMƏTOĞLU