ANA SƏHİFƏ / YAZARLAR

Atama məktub

62970    |   2017-01-18 16:52
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Ata, sən gedəli beşinci ildir. Çox şey dəyişib, hətta mən də dəyişmişəm. Saçlarım bir az da ağarıb, kökəlmişəm, eynəyimin şüşəsini dəyişdirmişəm. Bizi soruşursansa, qardaşım, bacım hamısı yaxşıdılar, üçümüz də işləyirik. Yazıçı oğlun Ayxan xeyli inkişaf eləyib, narahat olma içib eləmir, bacım Gülbəs isə azca kökəlib, o, da eynəyini dəyişib, rəssamlıq universitetini də gələn il artıq bitirir. Gözünaydın ata, qızın istədiyi yerdədir. Bircə tez-tez əsəbləşməyi olmaya. Böyüdükcə sənə oxşayır. Ata, anam necədir? Onunla görüşdünüz heç?

Mən də sən gedəndən şeirlər yazdım, şeirlərimdə sən vardın, anam vardı. Bu il payız qapımızı tez döydü, ata. Hər həftə yağış yağır şəhərimizə. Ata, bu adamlar lap dəli olub e, bilirsən, yağışdan qaçırlar, qorxurlar islanmaqdan. Mən yağışda çox gəzirəm, sonra da xəstələnirəm, ata. Sən həmişə məni danlayırdın ki, soyuqdan qoru özünü, görürsən sözünə yenə də baxmıram. Ancaq gecələr yorğanla yatıram, üstümü də açıq qoymuram. Universitetimi heç soruşma, oranı hələ də bitirə bilməmişəm. Üzüm qaradı. İşləyirəm, mütaliə edirəm, filmlər izləyirəm. Yəni ata, inkişaf eləmişəm. İnanmırsansa Ayxandan soruş. Hə yadımdan çıxmamış deyim, Ayxan da siqaret çəkir. Biz çox tez böyüdük, ata. İndi insanları tanıyırıq. Tanıdıqca sarsılırıq.

Kəndimizi heç soruşma. Ordakı insanlar "buz adam”a çevriliblər, laqeydləşiblər. Sənin böyüdüyün evi kol-kos basıb. Qara itimiz də ölüb. Yazılarından narahat olma. Hamısını çap edəcəyik. Ata, Türkiyə milli futbol komandası sən gedəndən çox zəyifləyib, tükənib. İnanmayacaqsan amma Azərbaycan millisi xeyli inkişaf edib. Keçən oyunda Norveçi uddu. Ancaq kasıb ölkələr dünya çempionatında çempion ola bilmir, ata.

Ata, sən tanıdığım ən təmiz adam olaraq köçdün yer kürəsindən. Bəlkə də yenidən dünyaya gəlmisən. Bəlkə qonşumuzda doğulan körpə sənsən. Bəlkə də evimizdə saxladığımız tutuquşu sən elə özünsən. Məzarınıza tez-tez gələ bilmirik. Ora gələndə günlərcə özümüzə gələ bilmirik. Elə bilirəm ki, dünən getmisən bizdən. Elə bilirəm ki, bu saat ayılacaqsan və bizi güldürəcəksən.

Əgər maraqlanırsansa sevdiyin qız varsa, var ata.Mənə dadlı yeməklər bişirir, qayğıma qalır. Özü də məni lap çox sevir. Dostlarımı heç soruşma. Onlardan ayırldım. Uzun hekayədir, sonra danışaram. İndi dostlarım Ayxan, Gülbəs, sevdiyim qız, Şəhriyar və Safidir. Çox dost lazım deyilmiş, ata.

Sənə gülməli bir əhvalat danışım. Axşam futbol izləyirdim. Gülbəs də mətbəxdə yemək bişirirdi. Qəfil, təşvişlə üstümə atıldı ki, kuxnada siçan var. Tut, onu öldür. Yaşamasını dedim. Gedib qonşuları çağırdı. Hamı səfərbər olub siçanı axtardılar, ancaq tapa bilmədilər. Sənin "Siçanın ölümü” hekayəni xatırladım.

Ata, şad xəbər də verim, təzə ev almışıq. Həyət evidir, ancaq köçə bilmirik. Təmir işləri yarımçıq qalıb. Mən hiss edirəm ki, sənin bunlardan xəbərin var. Təzə evimizə sevinsək belə, öz evimizdən ayrılmaq da çətin olacaq.

Yuxularımı heç soruşma. Aylardır, hüzurlu yuxuya həsrətəm. Kabuslar, qorxular, anamın intiharı yuxularımdan əl çəkmir. Yaddaş deyilən bu zəhrimar mənə olmazın əzab verir. Səni isə yuxularımda görə bilmirəm. Kaş, gəlsəydin futbol oynayardıq. Ya da teatra gedərdik.

Yaxşı ata, mən getməliyəm. Redaktorumuz məni çağırır. Bir gün mütləq, görüşəcəyik. Hələlik!



İmza:Oğuz Ayvaz

YAZARIN ARXİVİ

2018-07-19 : Aciz yazıçılar
2017-10-16 : Anamın oxşarı
2017-10-03 : Mən heç kiməm
2017-06-19 : Atama məktub
2017-01-18 : Atama məktub
2016-10-03 : Eşq romanı
SON XƏBƏRLƏR
2018-10-20
2018-10-19


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Qiymətlər qalxandan sonra avtobusa minəcəksiniz?

Hə (70%)
Yox (30%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
Vəli Xramçaylını hakim qarşısına çıxarırlar. Hakim:
- Sizi bu iki nəfərə qarşı soyğunçuluqda günahlandırırlar. Bu barədə nə deyə bilərsiniz?
Vəli:
- Vallah, axşam evə gedeyerdim, bu iki qardaş mənə yaxınlaşdı, dedilər ki, saatı və ayaqqabını çıxart. Mən də neyniyim, yazığım gəldi , birinin saatını, o birinin də ayaqqabısını çıxartdem. Polis də məni tutub sizin yanınıza gəteyrdi.




digər lətifələr
ARXİV
FACEBOOK