adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7
17 Oktyabr 2016 12:03
6340
MƏMLƏKƏT
A- A+

Bakı Nəqliyyat Agentliyi gücləndirilmiş iş rejiminə keçib

Oktyabrın 17-si axşam saatlarından başlayaraq Bakı şəhərində davam edən yağışlı hava şəraiti səbəbindən bəzi küçə və prospektlərdə avtomobillərin sıxlığı müşahidə edilməkdədir. Mövcud vəziyyəti nəzərə alaraq Bakı Nəqliyyat Agentliyi (BNA) gücləndirilmiş iş rejiminə keçib.

BNA-nın ictimai əlaqələr və maarifləndirmə şöbəsinin müdiri Nuridə Allahyarovanın Adalet.az-a verdiyi məlumata görə, yollarda hərəkətin təhlükəsizliyinin təmin edilməsi məqsədi ilə "Koroğlu" metro stansiyasından başlayaraq Buzovna qəsəbəsinə qədər, həmçinin Heydər Əliyev Hava Limanından başlayaraq "Nargilə" kafesinədək (Zığ şosesi) yollarda hərəkət sürəti aşağı salınıb. Qeyd edilən avtomagistrallarda zolaqlar üzrə sürət həddi 20 km/saat azaldılıb. Belə ki, 120 km/saat-dan 100 km/saata, 100 km/saatdan 80 km/saata, 80 km/saatdan 60 km/saata endirilib.

Bununla yanaşı faktiki hava şəraiti səbəbindən yollarda yaranan tıxacların minimuma endirilməsi, nəqliyyat vasitələrinin intensiv və təhlükəsiz hərəkətini təmin etmək üçün Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin müşahidə kameraları vasitəsi ilə yollara nəzarət də gücləndirilib.

Gün ərzində sərnişin sıxlığının minimuma endirilməsi və əhalinin iş yerlərinə və istədikləri məkana vaxtında, eyni zamanda rahat çatmasını təmin etmək üçün Bakı şəhərində müntəzəm sərnişindaşıma ilə məşğul olan daşıyıcı şirkətlərə xüsusi göstəriş verilib. İlk növbədə bütün daşıyıcılara tapşırılıb ki, sürücülər faktiki hava şəraitini nəzərə alaraq müəyyən edilən sürət həddinə mütləq qaydada əməl etməlidir. Göstərişə əsasən həmçinin sərnişin avtobuslarının hərəkət intervalı mümkün qədər azaldılmalı, zərurət yarandığı halda günün pik saatlarında nəqliyyat vasitələrinin sayı artırılmalıdır.

Göstərişə əməl etməyən daşıyıcılara qarşı qanunvericilikdə nəzərdə tutulan ən sərt tədbirlər görüləcək. Vətəndaşlardan ictimai nəqliyyatda qarşılaşdıqları hər hansı qayda pozuntusu ilə bağlı "Alo 141” Çağrı Mərkəzinə müraciət etmələri xahiş olunur.