adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7

BU, SALATIN ƏHMƏDLİDİR...

VAQİF YUSİFLİ
39490 | 2012-12-08 02:38

Müasir Azərbaycan ədəbiyyatını xanım yazarlarsız təsəvvür etmək mümkün deyil və onların arasında son illərdə bir müəllif öz fəallığı ilə xüsusilə seçilir. Bu, Salatın Əhmədlidir. Ağstafanın Poylu qəsəbəsində dünyaya göz açan, sinəsi el bayatıları, nəğmələri, Vaqif qoşmaları ilə dolu anasının, Qazaxın, doğulduğu Ağstafanın, kəndi Poylunun poeziya havası ilə o da lap uşaqlığından ədəbiyyatı sevdi. Poydu kəndi Kür qırağında yerləşir, gözəl, səfalı bir kənddir. Böyük şairimiz Nəriman Həsənzadə bu kənddə doğulub. Bu balaca kəndi dünyaya tanıdan Nəriman Həsənzadə ömrünün müdriklik çağlarında "Poylu-beşiyim mənim" poemasını yazdı, çox canlı, isti xatirələr dilə gəldi, Poylu böyük Vətənin müqəddəs bir guşəsi kimi vəsf olundu. Salatın xanım bu poema haqqında bir kitab yazdı. Nəriman müəllimin poeziyada canlandırdığı Poylu obrazını publisistikada təcəssüm etdirdi. Təkcə Nəriman Həsənzadənin poeması deyil, Poylunun keçmişi, bu günü, məişət və etnoqrafik həyatı, ən başlıcası isə unudulmaz insanları, nənələr-babalar dünyası "Beşikdən məktub" kitabında öz əksini tapdı. Beləliklə, Poylunun daha bir söz xiridarı ilə tanış olduq. Günlərin bir günü Nəriman Həsənzadənin anadan olmasının 80 illiyi münasibətilə "Şeirimizin Nərimanı" adlı kitab yazmağı qərara aldım. Mən Nəriman Həsənzadənin - Bəxtiyar Vahabzadənin "Ürək diliylə danışan şair" adlandırdığı bu görkəmli şairin "Poylu-beşiyim mənim" poemasının təhlilinə çatanda fikirləşdim ki, Salatın xanımın həmin monoqrafiyasını eynilə bu kitaba əlavə edim və "Şeirimizin Nərimanı" mənim və Salatın xanımın imzasıyla çap olunsun. Yaxşı ki, razılıq verdi.
"Beşikdən məktub" kitabını mən Salatın xanımın yaradıcılığında təkcə Nəriman Həsənzadəyə, onun yaradıcılığına, Poyluya böyük sevgisinə həsr olunan bir əsər hesab etmirəm, həm də müasir publisistikanın son on ildə meydana çıxan ən dəyərli nümunələrindən biri hesab edirəm. Nəriman Həsənzadə haqqında, onun çoxcəhətli yaradıcılığı barədə monoqrafiyalar, məqalələr, resenziyalar qələmə alınıb, amma Salatın xanımın "Beşikdən məktub"u o yazılardan tamamilə fərqlənir. Nəriman Həsənzadə bu kitabda sənə elmi təhlillər əsasında tanıdılan bir şair və dramaturq kimi deyil, bütün daxili-mənəvi dünyası, bir insan kimi koloritli cizgiləri, böyük Şəxsiyyət kimi təqdim edilir. İki obraz-Nəriman Həsənzadə və Poylu obrazları bir məcrada birləşir və fikirləşirsən ki, nə yaxşı Salatın xanım bu kitabı yazıb. Yoxsa böyük şairin canlı obrazını, Poyludan dünyaya boylanan obrazını bu qədər yaxından görə bilməzdik.
Salatın xanım bir publisist kimi özündə bir çox keyfiyyətləri birləşdirir. Birincisi, onun şəhdli-şirəli dili var, bu dil son dərəcə cilalanmış, tərtəmiz Azərbaycan dilidir. Ana laylaları, bayatı həzinliyi, ağbirçək-ağsaqqal təmkini hopub bu dilə. Baxın, o, Poylunu necə təsvir edir: "Qədimdən-qədim bir yurd yeri var. Bu kənd axarlı-baxarlı bir yerdə yerləşir. Allah-Təala bu kənddən heç nəyi əsirgəməyib. İkinci elə bir kənd yoxdur ki, iki tərəfindən çay axsın; bir tərəfindən göz işlədikcə meşə zolağı uzansın, o biri tərəfindən isə qədim elat yaylaqları, düzənlikləri, otlaqları, göy çəmənləri başlasın. Qoyun-quzu, naxır sürüləri örüşlərə səpələnib, şirələnmiş göy otlardan xırpaxırpla qoparıb çeynəyir, ərköyün-ərköyün ətrafa boylanır, su içmək üçün tənbəl-tənbəl çay qırağına, arxa doğru gedir. Balaca quzular, yeni doğulmuş çəpişlər analarının qabağınca qaçışır, dəcəllik edə-edə hoppanıb-tullanırlar".
Nəriman Həsənzadənin poemasında Poylunun unudulmaz insanları (Dəllək Məhəmməd, Hacı Ələsgər oğlu Alı, Dilən kişi, Mamed müəllim, Ceyran xala, Dəmirçi Mirzə və b.) yad olunur, Salatın xanım isə o adamlar haqqında eşitdiklərini nəql edir. Bu adamları unutmursan, elin-obanın halallıq mücəssiməsi olan ağsaqqal, ağbirçək obrazları ilə qarşılaşırsan. Təkcə onlarmı? Qazaxın, Ağstafanın yetirdiyi və Nəriman müəllimin də çox yaxşı tanıdığı sənətkarlar da yad olunur: Osman Sarıvəlli, İsmayıl Şıxlı, Mirvarid Dilbazi.
Əlbəttə, "Beşikdən məktub" əsəri haqqında çox danışa bilərəm. Və mənim fikrimcə, Salatın Əhmədli bütün yaradıcılığı boyu elə bircə bu əsəri yazsaydı, kifayət idi onu tanımaq. Amma Salatın xanım çoxlu əsərlərin müəllifidir. Müxtəlif ölkələrə səfərlərini əhatə edən "Səfərnamə", "Yol gedir Naxçıvana", "Analar köç edəndə", "Bir elatın dastanı", "Kişilik səncəri" və s. əsərləri müasir publisistikanın maraqlı nümunələridir. Hiss olunur ki, müəllif xalq həyatını, xüsusilə, elat mədəniyyətini, folkloru gözəl bilir. O, filologiya üzrə fəlsəfə doktorudur. "Heydər Əliyevin dil siyasəti" mövzusunda namizədlik dissertasiyası müdafiə edib. Ulu öndərin Azərbaycan dili və onun inkişafı ilə bağlı əsərlərini diqqətlə izləyib, necə deyərlər Heydər Əliyev "Azərbaycan dili dərsləri"ni elmi şəkildə izah və şərh edib. Bir neçə ay bundan öncə mən Salatın xanımın "Heydər Əliyev və Azərbaycan ədəbiyyatı" mövzusunda doktorluq dissertasiyası ilə tanış oldum, bu sanballı elmi işə rəy verdim. Demək olar ki, ulu öndərin Azərbaycan ədəbiyyatı ilə bağlı siyasəti bu əsərdə ilk dəfə geniş şəkildə öz elmi şərhini tapmışdı. Və Heydər Əliyevin ədəbiyyat haqqında fikirlərini ilk dəfə sistemli şəkildə elmi təsərrüfata daxil etmək işini Salatın Əhmədli uğurla yerinə yetirib.
Dissertasiyanın bütün fəsillərində Heydər Əliyevin qoyub getdiyi irsə - ədəbiyyat haqqında, onun müxtəlif problemləri və ayrı-ayrı klassik və müasir sənətkarların yaradıcılığı barədə fikir və mülahizələrinə dərindən bələdlik hiss olunur. Heydər Əliyevin ədəbiyyatla bağlı elə bir məruzə, çıxış və nitqi yoxdu ki, ona müraciət olunmasın. Bu çıxışlar, məruzələr son 40-50 ilin ədəbi prosesinə ölkə başçısının, Liderin necə həssaslıqla yanaşdığını sübut etməkdən başqa, bir də sənətə, mədəniyyətə, xalqının mənəvi dünyasına hədsiz dərəcədə bələd olan bir şəxsiyyətin obrazını gözlərimiz qarşısında canlandırır. Heydər Əliyevin hər bir nitqi, çıxışı emosionallığı və canlılığı ilə diqqəti cəlb edirdi. Dissertasiyanın "Heydər Əliyevin nitqləri ədəbi mətn kimi" və "Heydər Əliyevin nitqlərinin poetikası" yarımfəsillərində ulu öndərin bütün auditoriyanı ələ alan, öz təsirinə alan çıxışlarının mahiyyəti elmi şəkildə şərh olunur. Yəni necə olur ki, bu insan kütləni, auditoriyanı, geniş mənada bütün xalqı ələ ala bilirdi? Salatın Əhmədli bu suala belə cavab verir: "İctimai-siyasi çeviklik, dərin fəlsəfi məzmun, sarsılmaz məntiq və əlbəttə, təsirli səslə müşayiət olunan bədii forma!". Və bunların hər biri həmin yarımfəsillərdə misallarla təsbit olunur.
Salatın xanım dissertasiyada alman ədəbiyyatşünası İ.Bexerin belə bir məlum fikrini xatırladır: "Yeni incəsənət heç vaxt yeni formalardan başlamır, həmişə yeni insanla doğulur". Bu fikri təkcə ədəbiyyata, incəsənətə deyil, həm də Zamana aid edə bilərik. Altmışıncı illəri bu mənada təkcə yeni insanın, həyatı, gerçəkliyi duymağa, dünyanı dərk etməyə can atan ədəbi obrazların doğulması kimi deyil, həm də yeni Liderin doğulması kimi də səciyyələndirmək olar.
Salatın Əhmədli həm də nasirdir, onun hekayələri, povestləri və romanı da var və bu əsərlər göstərir ki, Salatın Əhmədli real həyatla sıx ünsiyyətdədir, müşahidə etdiyi hadisələri ümumiləşdirə bilir, insanları yaxşı tanıyır. Onun müxtəlif mövzularda qələmə aldığı əsərlərin qəhrəmanları əsasən kənddə yaşayan insanlardı. O insanların hər biri özünəməxsus həyat tərzi, düşüncəsi ilə seçilirlər, biri digərini təkrar etmir. Salatın xanım kənd həyatını yaxşı bilir, təbiəti duya bilir. Əsərlərindəki koloritli səhnələr də diqqətdən yayınmır.
Salatın Əhmədlinin "Sədaqət" povesti və ümumiyyətlə, iri həcmli nəsr əsərlərində əsas mövzu məhəbbətdir. O, insan qəlbinin ali hissi olan məhəbbəti həyatın və xoşbəxtliyin mənası, mahiyyəti kimi dərk edir. Daha doğrusu, təsvir etdiyi obrazlara bu meyarla yanaşır. "Sədaqət" povestində Vüqar adlı bir gənc hərbi xidmətdə ikən bir rus qızına-Katyaya vurulur. Amma onun kənddə nişanlısı var. Hərbi xidmətdən sonra Vətənə qayıdan Vüqar burada çox qalmır, Katyaya olan məhəbbəti onu yenə Rusiyaya çəkib aparır. Katya ilə evlənir. Amma rus qızı bu məhəbbətə layiq deyil. Katya Bakıda çox yaşamır, hətta iki uşağını da qoyub Vüqarı tərk edir. Beləliklə, hər kəsin xisləti üzə çıxır. Halbuki, azərbaycanlı qızı Zeynəb illərlə Vüqarın yolunu gözləyir və Katya çıxıb gedəndən sonra da onun uşaqlarını yanına alır. Vüqarın öz hisslərinə sadiq qalması təbii ki, onun xasiyyəti ilə bağlıdır, amma səhvlərini başa düşəndən sonra heç nə dəyişmir. Belə bir əhvalat hamının başına gələ bilər - gərək öz hisslərinə çılğıncasına boyun əyməyəsən. Salatın Əhmədli bu povestdə məhz bu həqiqəti oxucuya çatdırmaq istəyir.
"Keçid" povestində də bir eşq hekayətini izləyirik. Zərifə-Toğrul məhəbbəti sınaqdan keçir, həyatın çətinlikləri, maneələr qarşıya çıxır, amma ortada səmimi, bir-birini anlayacaq münasibətlər durur. Bir mənfi obraz kimi Seyfi oxucuda sadəcə ikrah hissi doğurur. Onun məqsədi gözəl qadınları yoldan çıxarmaq, kefini sürdükdən sonra atmaqdı. Vaxtilə Zərifənin əri olmuş, sonra onu və uşağını tərk edib bir erməni qızıyla yaşayan Seyfi müzür ünsürdür, yenidən Vətənə qayıdırsa da, yenə əməllərindən əl çəkmir. Və sonda bu əməllərinin cəzasını da çəkir.
"O dünyanın adamları" romanının süjetində də məhəbbət xətti durur. Bu əsərdə də yaxşı adamlarla pislər, nadürüstlər üz-üzə gəlir. "Keçid" povestindəki Seyfini xatırladan bir başqa obraz-Nazim saf bir məhəbbətə mane olmaq istəyir. Amma sonda yenə həqiqət qalib gəlir, qurduğu kələklər ona kömək etmir. Romanda Emillə Şəbnəmin sevgi macərası romantik boyalarla təsvir olunur. Xəyali eşqin sonda real məhəbbətə çevrilməsini müəllif təsirli səhnələrlə verə bilib.
Salatın xanımın hekayələri də marağa oxunur və son illərdə o, bu janrda da xeyli nümunələr ortaya qoyub. Onun hekayələri hadisələr, əhvalatlar üzərində qurulur. Həyatın, yaşadığımız mühitin gerçəklikləri əks olunur bu hekayələrdə. "sınağa çəkilmiş sevgi"də insan səadətinin, xoşbəxtliyin heç də asan başa gəlmədiyi fikri təlqin olunur. "Alaçıq" hekayəsində yaylaq mənzərələri, bu mənzərələr fonunda cavanların romantik xəyalları, təbiət gözəllikləri öz əksini tapır. "Müharibənin ağır yarası" və "Ağdərə xatirələri" hekayələri Qarabağ müharibəsindən söz açır, vətənpərvərlik, yurdu sevmək, canından keçmək ideyası təbliğ olunur bu hekayələrdə.
Salatın Əhmədlinin xeyriyyəçi əməlləri də var. Və təbii ki, bunu reklama çevirmək istəmirəm. Amma "Şairlər vətəni bizim tərəflər" adlı bir toplunun nəşrində (bu topluda Qazax-Ağstafa bölgəsinin bütün şairlərinin (ötən əsrlərdən üzü bəri) yaradıcılığından seçmə nümunələr təqdim edilir. Bu, əlbəttə, son dərəcə xeyirxah bir işdir.
Mən müasir Azərbaycan qadınları arasında öz istedadı, çoxcəhətli yaradıcı fəaliyyəti ilə seçilən Salatın Əhmədliyə yeni uğurlar arzulayıram. Həyatda, sənətində, ictimai fəaliyyətində, elmi işlərində... 60 yaşını təbrik edirəm!


Vaqif YUSİFLİ,
filologiya elmləri doktoru

TƏQVİM / ARXİV