adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7
14 Oktyabr 2016 19:11
22131
ƏDƏBİYYAT
A- A+

XALQ ŞAİRİ MƏMMƏD ARAZIN POEZİYA GÜNÜ

Bu gün görkəmli Azərbaycan şairi Məmməd Arazın anadan olmasının il dönümü qeyd olunub. 

1933-cü ildə Azərbaycanın ən gözəl və səfalı bölgələrindən olan Şahbuz rayonunda, dağın zirvəsində yerləşən Nurs kəndində dünyaya gəlmişdir Məmməd Araz. Gözəlliklər məskəni olan bu yerlər Badamlı, Sirab, Vayxır, çoxsaylı mineral su mənbələri və bulaqlarla zəngindir. Deyilənlərə görə, kəndin adı əvvəllər Nursu olmuşdur. İnsanların gözlərinə nur verən şəfalı kənd bulaqları və çeşmələri ilə mənalandırılır bu ad. Doğulub boya-başa çatdığı kəndin adı kimi şairin özü də nurlu, parlaq, zəkalı ziyalı olmuşdur. Taleyin ağır sınaqlarına mərdliklə dözərək, saysız-hesabsız maneələri inadla dəf edərək yarım əsrə yaxın Azərbaycan poeziyasının simasında nur saçan ən parlaq ulduzlardan biri olmuşdur. Azərbaycanda istiqlal təfəkkürünün formalaşmasında və təkamülündə Məmməd Araz yaradıcılığının xüsusi rolu olub. O, xalq, cəmiyyət, milli dövlətçiliyimiz qarşısında öz məsuliyyətini dərk edən əsl xalq şairi, Azərbaycan ziyalısı idi.

Kənddə orta məktəbi bitirdikdən sonra Azərbaycan Pedaqoji İnstitutunda təhsil alıb. Tələbəlik illərində institutda yazıçı İsmayıl Şıxlının rəhbərlik etdiyi ədəbiyyat dərnəyinin məşğələlərində fəal iştirak edib. Burada bəyənilən "Yanın, işıqlarım" şeiri 1952-ci ildə çap edilib. 1954-cü ildə ali təhsilini başa vuran Məmməd Araz əmək fəaliyyətinə doğma kəndindəki orta məktəbdə müəllimliklə başlayıb. Sonra Bakıya köçərək Azərbaycan Nazirlər Soveti yanında Baş Mətbuat İdarəsində müvəkkil kimi çalışıb.

1959-1961-ci illərdə Moskvada Yazıçılar İttifaqı nəzdindəki Ali ədəbiyyat kurslarının müdavimi olub. Sonra "Ulduz" jurnalının məsul katibi, "Ədəbiyyat və incəsənət" qəzetində, Azərbaycan Dövlət Nəşriyyatında baş redaktorun müavini olub.

"Vətən mənə oğul desə, nə dərdim" şeiri ilə əsl vətənpərvərlik göstərən şair Vətən üçün canını verməyə həmişə hazır olduğunu bəyan edib:

Vətən mənə oğul desə, nə dərdim,

Mamır olub qayasında bitərdim.

Bu torpaqsız harda, nə vaxt, nə dərdim -

Xəzanımdır, xəzanımdır, xəzanım.

1974-cü ildən ömrünün sonuna kimi "Azərbaycan Təbiəti" jurnalının baş redaktoru olub. Uzun müddət Yazıçılar İttifaqının poeziya bölməsinə rəhbərlik edib. Məmməd Araz xidmətlərinə görə Xalq şairi fəxri adına layiq görülüb, Azərbaycan Respublikasının "İstiqlal" ordeni ilə təltif edilib, Dövlət mükafatı alıb, Hacı Zeynalabdin Tağıyev adına milli mükafatın laureatıdır. Adına "Məmməd Araz" mükafatı təsis olunub. 2004-ci ilin 1 dekabrında Bakıda vəfat edib və Fəxri Xiyabanda dəfn olunub.

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin Sərəncamı ilə Şahbuz rayonunun Nursu kəndində xalq şairi Məmməd Arazın ev-muzeyinin yaradılması haqqında imzaladığı sərəncam isə Məmməd Araz sevərlərə daha bir töhfədi.

Şairin əsərləri ayrı-ayrı xalqların dillərinə tərcümə edilərək nəşr olunub.

Məmməd Arazın bədii tərcümələri sayəsində isə Azərbaycan oxucusu dünya ədəbiyyatının bir sıra nümunələri ilə tanış olmaq imkanı qazanıb.

Məmməd Arazın gənc yaşlarından başlayaraq yarım əsrdən artıq davam edən ədəbi fəaliyyəti mənsub olduğu xalqa layiqli şair - vətəndaş xidməti nümunəsidir. Doğma Vətənə bağlılıq, istiqlalçılıq, vətəndaşlıq hisslərinin tərənnümü, fikir dərinliyi və sadəlik, poetik təfəkkürün genişliyi kimi yüksək keyfiyyətlər Məmməd Araz yaradıcılığına uzunömürlülük bəxş etmiş, onun qələminə məxsus əsərlər geniş oxucu kütləsinin rəğbətini qazanmışdır. Bu fikirlər "Məmməd Araz poeziya günü"ndə bir daha səsləndi. Tədbir iştirakçıları və qonaqlar şairin Fəxri Xiyabandakı məzarını ziyarət ediblər.


Anım mərasiminin aparıcısı şair Qardaşxan Əzizxanlı Məmməd Arazın şeirlərindən nümunələr söylədi, yaradıcılığı barədə danışdı. Daha sonra professor Cahangir Məmmədli də şairin yaradıcılığından danışdı. Xalq şairinin ömür-gün yoldaşı Gülxanım Fətəliqızı, qızı İradə Tuncay, şairlərdən Musa Yaqub, Tərcümə Mərkəzindən şair Zakir Fəxri və digər təşkilatların nümyəndələri iştirak etdlər.

Anım mərasimi Azərbaycan Yazıçılar Birliyinin "Natəvan" klubunda davam etdi.

Şair İlqar Fəhmi də Məmməd Araz poeziyasından, yaradıcılığından bəhs etdi. Tədbiri şair Qardaşxan Əzizxanlı davam etdirdi. Daha sonra məktəblilər Məmməd Arazın şeirlərini səsləndirdi. Mirzə Ələkbər Sabir fondunun prezidenti mərhum şairin nəvəsi Sevda Tahirli də çıxış etdi. Qələm dostlarından şair Musa Yaqub Məmməd Arazla olan dostluqlarında danışdı. Bundan başqa Əli Şirin Şükürlü,  şair Çingiz Əlioğlu, AYB-nin əməkdaşı, şairə Nuranə Nur və başqaları da çıxış etdilər.



Tədbirin sonunda Məmməd Arazın qızı, "Ədalət” qəzetinin baş redaktoru İradə Tuncay atasının yaradıcılığından danışdı, xatirələrini bölüşdü və görkəmli şairə ehtiramla yad edən hər kəsə təşəkkürünü bildirdi. Ən sonda isə Məmməd Arazın publisistik məqalələr toplusu olan "Qarabağ simfoniyası" adlı kitab iştirakçılara təqdim edildi.


Oğuz Ayvaz