adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7
14 Oktyabr 2016 12:27
65002
MÜSAHİBƏ
A- A+

“Dövlət başçıları ilə sammitdə idim” - YUXU QAPISI

Yuxu həyatın tərs üzüdür. Bizim hər gün rastlaşdığımız insanların, hadisələrin o üzü. Burada zaman yoxdur. Şüurumuzun qaranlıq guşələrinə düşən bir qırıq işıqdır yuxu. O işığın içində tez-tez xatırladığımız, unuda bilmədiyimiz, hər gün düşüncəmizin küçələrində əli cibində veyil-veyil dolaşan adamlar yaşayır. Yuxudakı xatirələr, düşüncələr, əzablar, sevgilər, xəyallar, ümidlər bizim o biri dünyamızın sakinləridir. Yuxu bizi sarsıda da bilər, sevindirə də. Bəzən beynimizin içində eynən çöl boyu yüyürən atlar sayaq insanların xatirələrinin axını olur. Bu kütləvi axını bizə yuxular göstərir, qırıq-qırıq, zəif ssenaridə, montajı olmayan film kimi. Məşhur psixoanaliz Ziqmund Froyd yuxular haqqında "Yuxuların yozumu" kitabını yazmışdır. Froyda görə, yuxular bizim şüurumuzda mövcud olan həyatımızdır.

"Yuxu qapısı” rubrikasının bu dəfə ki, qonağı yazıçı, şair Cəlil Cavanşirdir. Adalet.az müsahibəni təqdim edir:


- Froyda görə, yuxu mənasız bir şey deyil, sıxışdırılmış arzuların təhrif olunmuş, pərdələnmiş şəkildə gerçəkləşməsidir. Sizin fikriniz necədir?

- Yuxu ilə bağlı çox düşünmüşəm. Real həyatla əlaqəsi, ümumiyyətlə yuxu nədir, bizim həyatımızda hansı formada rolu var? Hardasa Froydun sözü ilə razılaşmaq olar. Ancaq mənə elə gəlir yuxu, bu həyatın davamından daha çox paralel dünya kimi gəlir. Yuxuları paralel dünyalar kimi düşünürəm.

Gündəlik həyatıma təsir etmir, amma ovqatıma təsir edir. Hardasa 10 il yuxu görməmişəm. Bəlkə də görmüşəm, unutmuşam. Çox ağır günlər keçirmişəm, ailə ilə bağlı, şəxsi həyatımla bağlı. O dönəmdə yuxu görməmişəm və yuxular mənə əzab verməyib. Son iki-üç il ərzində yuxular həddindən artıq həyatıma, daha çox da ovqatıma təsir edir, buna görə də iş rejimim pozulur və yaxud həmin gün axşama qədər tamam başqa şeylər düşünürəm. Bu gün üçün oturub sabaha olan planlarımı qururam. Sabah neyləyəcəyimi düşünürəm. Qısa qeydlər edirəm: işə gedəcəm, daha sonra hansı işlərlə məşğul olacam və. s. Yuxu görürəm və yuxu məndə tamam qarışıq hisslər yaratmağa başlayır. Bu gün üçün, sabah üçün qurduğum planlar arxa plana keçir. Başlayıram başaq şeylər haqqında fikirləşməyə. Bu baxımdan yuxular düşüncələrimə təsir edir. Yuxu gördükdən sonra ovqatım korlanır yaxud da çox yaxşı olur. Qorxulu yuxular ovqatıma ovqatıma təsir göstərmir. Övladlarımı uzun müddət görmədiyimə görə, onları yuxuda görməyim ovqatıma çox pis təsiri olur. Uzun müddət özümə gələ bilmirəm.


- Yuxularınız həyatınıza necə təsir göstərir, yəni gördüyünüz yuxuya görə planlarınızı qurursunuz?

- Süjetli, film kimi yuxular görürəm. Sanki başqa bir həyatda hansısa filmdə oynayıram və bu paralel dünyada filmin baş qəhrəmanı özümü görürəm. Sonra gördüyüm yuxuları düşünürəm. Bu yuxuya inanmaq deyil, sadəcə düşünürəm, bu yuxular nə vaxta qədər davam edəcək? Heç vaxt yuxudan sonra onun yozumlarını axtarmamışam, yəni açıb kitabda, internetdə oxumamışam. Ancaq bir dəfə olub. Eşitmişəm ki, yuxuda prezident, yüksək vəzifəli şəxs görəndə real həyatında irəliləyiş, sıçrayış gözlənilir. Bir dəfə yuxuda dövlət başçıları ilə sammitdə idim. Marağıma səbəb oldu, yuxu yozumlarına göz atdım, öyrəndim ki, bu yuxudan sonra həyatımda sürprizlər, vəzifədə yüksəliş gözlənilir. Çox şükür, heç bir dəyişkənlik olmadı.(gülür)

- Yuxuların mistik hadisə olduğuna inanırsınızmı?

- Son vaxtlar maraqlandığım sahələrdən biri də mistikadır. Mistikanı dolayı yollarla yox, bir elm kimi araşdırmağa çalışıram. Mistikanın elmlə nə əlaqəsi var, elm mistika haqqında nə düşünür? Yuxuları mistika ilə əlaqələndirmək olar. Mən də mistik yuxular çox görmüşəm. Yuxumda şamanlarla bir məclisdə olduğumu görmüşəm. Bu bəlkə də yazıçı, yaxud da şair fantaziyasından irəli gələn bir şeydir. Rasional düşünsək yuxu ilə həyat arasında bir əlaqə yaratmaq bəlkə də gülünc görünür. Yuxumda zikr məclislərində də olduğumu görmüşəm.
Bizim Oğuz zonası dağlar, dərələr, köhnə qəbritanlıqlar, mağaralarla zəngindir, olub ki bu yerlərə getmişəm və sonradan o yerlər yuxuma girir, o yerlərlə bağlı mistik olaylar baş verir. Üç gün əvvəl getdiyim qəbristanlıq, gecə yuxuma girir. Həmin qəbristanlıqda dəfn olunan təriqət şeyxlərini yuxumda görürəm. Məncə gördüyüm məkanlar, haqqında düşündüyüm adamlar xatirəyə çevrilib şüuraltında preslənir, yuxularda isə dışa vurur, mən belə düşünürəm.


- Gördüyünüz yuxular çin olurmu yoxsa əksinə?

- İndiyə qədər heç bir yuxum çin olmayıb. Yuxular gərçəkləşmədiyinə görə maraqlıdır. Nənəmin yuxuda öldüyünü görmüşəm. Bir ay keçəndən sonra ölüm xəbərini almışam. Düzdür, buna yuxunun çin olması kimi baxmıram, çünki nənəm neçə vaxt idi xəstə yatırdı.
Yuxularda öz ölümümü çox görürəm. Yüksəklik fobiyam var. İkinci mərtəbədə olanda da aşağı baxmağa qorxuram. Bu fobiya başlayandan çox dəhşət yuxular görürəm. Sonra bir az müalicə aldım. Bir müddət doqquz mərtəbəli binada qalırdım. Yuxuda həmin binadan yıxıldığımı görürdüm. Demək olar, hər gün eyni yuxu məni qorxudurdu. Bu da yəqin fobiya ilə bağlı olan bir şeydir. İndi ikinci mərtəbədə yaşayıram. Əvvəlki qorxum daha yoxdur. Müxtəlif formalarda öldüyümü görürəm: maşın vuranda, qatarla toqquşanda və.s. Ən çox yüksəkdən yıxıldığımı görürəm.


- Həyatınızda gördüyünüz ən yadda qalan yuxu və ən gözəl yuxu hansılardır?

- Real həyatda tanıdığım bir insan vardı, onu yuxuda görəcəyimi ağlıma belə gətirməzdim. Həyatda cəmi bir dəfə, uzaqdan görmüşəm. Onunla bağlı silsilə yuxular görməyə başladım. Yuxularımda onunla inanılmaz gözəl münasibətimiz, möhtəşəm ünsiyyətimiz olurdu. Halbuki həyatda o insanla heç vaxt ünsiyyətə cəhd eləməmişəm. Real həyatda rastlaşmışıq, ancaq heç vaxt üz-üzə söhbət etməmişik. Ən gözəl, möhtəşəm yuxu bu insanla bağlı olub. O insanla yuxumda hər şey çox gözəl idi, fantastik bir məkandaydıq, ətrafımızda insanlar xoşbəxtdir və biz də çox xoşbəxt idik.
Məni qorxudan tez-tez yuxularımda ölməyimdir. Ölümümü bir film kimi görürəm. Qəhrəman mən oluram, sonda da ölürəm. Qəribədir ki, övladlarımın yanımda olmasını düşünürəm və yuxularımda da onları ölümdən xilas edirəm, ancaq özüm ölürəm. Belə dəhşət dolu yuxular görürəm. Sonradan düşünürəm ki, bu yuxudu da, həqiqət deyil ki?! Amma yenə də ovqatıma çox pis təsir edir.

- Bəzi adamlar yuxuda ağ-qara filmə baxırlar. Bunun səbəbi hələ bilinmir. Amma alimlər onu bildirir ki, insanların 12 faizi ağ-qara yuxu görür. Siz necə düşünürsünüz?

- Yuxularım həmişə rənglidir. Daha çox qan rəngində. Ağ-qara yuxu nadir hallarda görmüşəm. Əslində real həyat da, yuxu da ağ və qara rəngdən ibarətdir. Digər rənglər ağla qaranın ortasında təzahür edir. Real həyatın bir tərəfi ağdır, bir tərəfi qara. Bu iki rəngin arasında çabalayırıq. Bu yuxularımızda da əksini tapır.

- Hansı doğmanızı daha çox yuxuda görürsünüz?

- Ən çox qızımı. Real həyatda qızımı çox az görmüşəm. Üçüncü yaşdadır, hardasa bir il mənimlə yaşayıb. Elə oğlumu da tez-tez görürəm. Amma onunla tez-tez ünsiyyətdə ola bilirəm, telefonla danışırıq. Belə deyək, mən övladlarımla bağlı gerçəkləşməyən arzularımı yuxuda görürəm. Yuxuda reallıqda oynamağı arzuladığım oyunları oynayırıq qızımla, bir yerdə mahnılara qulaq asırıq, bağçaya, parka gedirik. Gün ərzində ən çox fikirləşdiyim qızımdır. Atamı da arada yuxuda görürəm. Yuxularımda da məni müdafiə edir. Son vaxtlar gün ərzində 18-20 saat işləyirəm, 4-6 saat yatıram. Ona görə çox işləyirəm ki, düşünməyim, başım qarışsın, yoxsa dəli olaram. Bir balaca boş qalsam darıxmağa, ağlamağa başlayıram.


- Yunan filosofu Heraklitin yuxu haqda məşhur bir sözü var: "Oyanıq olan insanlar üçün tək bir dünya vardır. Yuxuda olanların isə hər birinin ayrı bir aləmi vardır, onun içində hey fırlanırlar”. Siz necə fikirləşirsiniz?


- Yuxuda sərhədlər çox genişdir. Həyatda görmədiyim şəhərləri yuxuda görmüşəm. Filmlərə baxdığım, heyran olduğum Los-Angelsi, Vaşinqtonu, Berlini, Praqanı, Parisi yuxularımda gəzmişəm. Qızımla heç vaxt görmədiyim Londonda "Tower Bridge"də, Moskvada "Qızıl meydanda” gəzdiyimi, o cümlədən İstanbulda da olduğumu görürəm. Hər dəfə yuxuda qızımla müxtəlif şəhərlərdə gəzirik. Həyatda heç vaxt görmədiyim yerlərə yuxuda təyyarə ilə uçuram. Təyyarədə də hamı xoşbəxtdir, mən yenə yerə düşüb, parçalanıram. Hansısa bindan gözəl bir mənzərəni seyr edirik, hamı xoşbəxtdir, mən isə yıxılıram.

-Yuxularınıza haram qatmısınız?

-Yuxuma haram qatmasam, əsəblərim tab gətirməz. Yuxuma haram qatıb, işə daha çox vaxt ayırıram. Toparlanmaq üçün az yatıram.

Sizə görə yuxular bizi həqiqətə çatdırırmı?

-Yuxu və həqiqət fərqli cəbhələrdədir. Yuxuların verdiyi mesajı ciddiyə almamağa çalışıram. Bu qədər əcaib yuxuları ciddiyə alsam əsəbim dözməz. Hər halda, həqiqət yuxunun sərhəddindən çox uzaqdır.


Oğuz Ayvaz