adalet.az header logo
  • Bakı 14°C
  • USD 1.7
12 Oktyabr 2016 15:26
35017
ƏDƏBİYYAT
A- A+

Facebook ciddi yerdirmi? – SORĞU

Sosial şəbəkə həyatımızın önəmli parçasına çevrilib. Buradan təkcə media orqanları öz paylaşımlarını həyata keçirmək üçün istifadə etmir, bura həm də medianın gündəmindəki hadisələrə ev sahibliyi edir. Bəs görəsən, Facebook, o cümlədən başqa sosial şəbəkələr ədəbiyyat və yaradıcılıq söhbətləri, müzakirələri üçün ciddi yerdirmi? Bu barədə Adalet.az yazıçı, şairlərə müraciət etdi. Bəziləri facebookun ciddi, bəziləri isə yaradıcı insan üçün lazımsız yer olduğunu bildirdi. Facebook ciddi yerdimi? Şairlər Aqşin Yenisey, Emin Piri, Aqşin Evrən, Sevinc Elsəvər, Cəlil Cavanşir, yazıçılardan Nəriman Əbdülrəhmanlı, Günel Natiq, Murad Köhnəqala, Xuraman Hüseyinzadə maraqlı fikirlərini bizimlə bölüşüblər. Sorğunu sizə təqdim edirik:


Şair Aqşin Yenisey düşünür ki, facebook ciddi yerdir: "Bizdə, sadəcə, elmi-texniki naliyyətlərlə maraqlananlar tarixən avaralar, cəmiyyətin tüfeyli kimi birkalayıb taleyin ümidinə atdığı adamlar olub. Məsələn, sovet vaxtı rayon yerlərində ilk velosiped, ilk maqnitafon, ilk elektrik üzqırxanı həmişə məhlənin avaralarında olurdu. İndi də elədir. Facübookda ilk səhifə açanlar, ilk mobil telefon proqramlarını mənimsəyənlər hamının başdanxarab kimi tanıdığı adamlar olur. Dünya bu gün sosial şəbəkələrlə idarə olunur. Belə bir yer necə qeyri-ciddi ola bilər?”


Yazıçı Murad Köhnəqala isə açıqlamasında bildirir ki, dünyanın bütün qütblərini bir araya gətirmək, hər bir istifadəçiyə ifadə azadlığı tanımaq çox ciddi məsələdi: "Facebooku elektron əsrinin ən böyük tapıntılarından biri hesab edirəm. Burada insanların siması, arxasınca getdiyi ideologiyası daha parlaq görünür. Ona görə kiməsə ciddi görünən adam digərinə qeyri-ciddi görünə bilər. Hər hadisəyə isti-isti münasibət bildirə bilirsən. Hər bir istifadəçi anındaca daxili durumunu dostlara çatdırmaq imkanına malikdi. Küçədə rast gəldiyin insanın üzünə baxıb onun fikirləri ilə tanış olmaq imkansızdı, ancaq burada hər bir "dost"la polemikaya girib rəngli düşüncələrə qərq ola bilərsən. Yaradıcı insanlar, siyasətçilər, komersantlar, lap elə səfillər üçün bu yer əvəz olunmazdı. Facebook məkanında tanış olub dotlaşanların, ailə quranların, reklam edib varlananların, məşhurlaşıb parlayanların, sadəcə baş qatıb stress atanların sayı-hesabı yoxdu. Bura o qədər ciddi yerdi ki, hətta açıq zarafatlar da eləyə bilərsən”.


Şairə Sevinc Elsevər fikrində deyir ki, kimi üçün facebookçox vaxt alır, kimi üçün isə yox: "Facebook çox vaxt alır, enerjini öldürür. Məsələn, facebookda status yazmağa yönələn enerjini ciddi mətn yazmağa yönəldə bilərsən. Facebook bu mənada yaradıcı adama mane olur. Amma müsbət tərəfləri də var. Yazılarını paylaşırsan, oxucun olur, dostlar səni tez tapır. Siz jurnalistlər üçün ciddi iş yeridir. Bax, sorğunu da burda götürürsən məndən. Amma bu o demək deyil ki, hər kəsdən facebooka ciddi yanaşmağı tələb etməliyik. Real həyatda olduğu kimi burda da qruplara bölünüb adamlar. İntellekt adamlarının öz dəstəsi var, alverçilərin öz dəstəsi, əyləncə axtaranların da öz dəstəsi. Kim hansı məqsədlə istəsə istifadə edə bilir burdan. Həyatın özü kimidi facebook da. Bəzən ciddi, bəzən qeyri-ciddi. Mən özüm darıxmağı öldürmək üçün girirəm facebooka. Nevrozdan əziyyət çəkirəm. Daim darıxıram. Hansı gün çoxlu status yazmışamsa deməli o gün lap çox darıxmışam. Darıxmayanda yadıma düşmür facebook”.


Yazar Xuraman Hüseyinzadə qeyd edir ki, facebook həyatımızın özünə çevrilib artıq: "Hisslərimizi, yaşantılarımızı paylaşırıq, ürəyimiz istəyən insanlarla, dostlarla, qohumlarla həmsöhbət oluruq. Xüsusən doğum günlərimizdə özəl olur bizim üçün. Profilimizi xoş sözlər, gül-çiçək şəkilləri bəzəyir. Tanımadığımız, heç görmədiyimiz insanlardan xoş sözləri eşitmək yaxın qohumlardan, bəzən doğmalardan heç nə eşitməməkdən min dəfə yaxşıdır. Şəxsən mənim üçün facebook daha çox yazılarımı paylaşmaq üçün lazımdır. Müasir dövrün reaallığıdır ki, yazılar daha çox paylaşıldıqca oxunma sayı artır və qonorardan məhrum olmamaq şansın artır. Vəssalam”

.

Yazıçı Nəriman Əbdülrəhmanlı isə məsələyə fərqli yanaşır: "Hər halda, hər kəsin öz axtardığını tapdığı yerdi. Ciddi adamlar ciddi dostlar tapır, ciddi statuslar yazır, ciddi materallara münasibət bəsləyirlər. Vaxt geçirmək üçün gələnlərsə öz zövqlərinə və səviyyələrinə uyğun əməllərlə məşğul olurlar. Ona görə də məkanı yox, adamları müzakirə eləmək daha düzgün olardı”.


Şair Aqşin Evrən deyir ki, belə bir fikri var: "Göz görmək istədiyini görər". Əgər maraqlı, maarifləndirici, yumor dolu səhifələri izləyirsənsə, əlbəttə ki, kifayət qədər ciddi yerdir: "Adam var, son illərdə facebookdan çox şey öyrənib, nəinki universitetdən (Ancaq məhz qələm adamı üçün facebook mina basdırılmış sahədir). Belə deyək, sənin əlində dəmir parçası var: onunla bir ağacı qıra da bilərsən, bir ağac əkə də bilərsən. Yəni facebookun təyinatını məhz sənin müəyyənləşdirməyin mümkündür.”


Yazar, şair Cəlil Cavanşir bildirir ki, facebook necə istifadə etməyindən asılıdır: "Ciddi yanaşaraq, ciddi işlərlə məşğul olmaq olar. Amma son vaxtlar facebook siqaret tüstüsündən göz-gözü görməyən, pivə-araq qoxusu verən yeraltı kafeləri xatırladır”.


Günel Natiq isə düşünür ki, facebook nəhəng bir layihədir: "Bəşəriyyətin həyatındakı rolu yəqin ki, çox-çox illər sonra da araşdırılacaq və bunun əsasında biz təsəvvür etdiyimizdən də əhəmiyyətli işlər görüləcək. Bəlkə də bugünkü gündə biz bunun ciddiyyətini dərk etmirik. Əslində hər birimizə bir "tribuna” verilib və hətta evdar qadın da özünü bu "tribunadan” ifadə etmək inkanı əldə edib.

O ki qaldı facebookdan istifadə məqsədinə, bu müxtəlif ola bilər. Əlbəttə ki, hər kəs öz arşınıyla ölçür. Şəxsən mənim üçün facebook ciddi bir yerdir. Yaradıcı adamlar üçün bunun dəyəri daha böyükdür; yazıların, məqalələrin təbliğatı və s.

Facebookun bir üstünlüyü də var. Hətta ən yalqız adam da özünü cəmiyyətin mərkəzində hiss edə bilər.

Eyni zamanda, facebook bütün ciddiyyətiylə həm də əyləncə rolunu oynayır, dostlar arasında zarafat, vaxt keçirmək, ünsiyyət üçün bir körpüdür.”


Şair Emin Piri fikrində bildirir ki, facebooka kim necə yanaşırsa onun üçün odur: "Bəzi məsələlərdə mənə görə çox ciddi yerdir, bəzi məsələlərdə isə ciddiyə alınmayacaq yer. Amma bizim necə yanaşmağımızda asılı olmayaraq bura sosial şəbəkədir, yazı, istehsal və.s-ın həm də birjasıdır. Sosial şəbəkələrdə paylaşıma görə hansısa məmur vəzifədən çıxarılırsa, kimsə həbs olunursa, kimsə mükafatlandırılırsa demək bura düşündüyümüzdən daha ciddi yerdir”.