adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
12 Oktyabr 2016 14:42
34095
HÜQUQ
A- A+

Hüquqşünasların işi artıb

Əhali arasında daxili problemləri hüquqi müstəviyə aparan bir çox hallara günümüzdə rast gəlirik. Bəziləri şəxsi zəmində boşanmalar, bəziləri isə cinayətlərlə müşayiət olunur. Bunlarla bağlı məhkəmələrə daxil olan müraciətlər də az deyil. Azərbaycanda fəaliyyət göstərən hüquq şirkətlərinə ən çox hansı şikayətlər daxil olur?

Qeyd edək ki, əsas baxılan işlər arasında nikah, dələduzluq, şəxsi zəmində cinayətlər və s. proseslər yer tutur. Azərbaycanda statistikaya nəzər salsaq, son 6 ildə nikah və boşanmaların sayı əks mütənasib şəkildə gedir. Yəni, nikahlar azalır, boşanmalar isə artmaqda davam edir. Əsasən xarakter uyğunsuzluğu fonunda baş verən bu hallar 2014-cü ildən etibarən artmağa başlayıb. Ədliyyə Nazirliyindən komitəyə daxil olan məlumatlara əsasən, sonuncu statistikaya görə, 2015-ci ildə 68 985 nikah qeydə alınıb. Ötən il nikahın pozulması üzrə 12 886 fakt qeydə alınıb. E.Səfərov deyib ki, Azərbaycanda boşanma səbəbləri arasında "xasiyyətlərin uyğunsuzluğu" ilk yeri tutur. Ötən il Azərbaycanda bu səbəbdən boşanmaların sayı 7318 olub. Ailə daxili zorakılıq (cinslər üzrə statistika aparılmır) səbəbindən 228, uşaqlarının olmaması səbəbinə görə 609 boşanma faktı qeydə alınıb.

O cümlədən Azərbaycanda törədilən cinayətlər də artıb. Dövlət Statistika Komitəsinin yaydığı məlumata görə, 2015-ci ildə ölkədə 26 916 cinayət baş verib ki, bu da əvvəlki ilə nisbətən 9,4% artıqdır. Xatırladaq ki, 2014-cü ildə ölkədə 2014-cü ildə ölkədə 24 min 607 cinayət hadisəsi baş verib. Bunlar arasında ən çox baş verən cinayətlər oğurluqdur. Ötən il törədilən 26 mindən artıq cinayətin 6 338-i oğurluq, 3 660-ı dələduzluq, 2 949-u narkotika ilə bağlı, 1 733-ü yol hərəkət hadisələri, 1 112-i xuliqanlıq, 361-i qəsdən sağlamlığa ağır zərər vurmadır. Ötən il 203 qəsdən adam öldürmə hadisəsi qeydə alınıb.

Deməli, hüquq müdafiəçilərinin dedikləri məntiqi izah edir. Adalet.az-ın Bakıda fəaliyyət göstərən Hüquq şirkətləri arasında apardığı sorğuya görə ümumilikdə bu il ərzində müraciətlərin sayı artıb. Onlar arasında başlıca olaraq cinayət faktorları, xüsusən də dələduzluqla bağlı müraciətlər daxil olur. Sonrakı mərhələdə şəxsi zəmində baş vermiş davalar və daha ağır fəsadlarla nəticələnən cinayətlər mövqe tutur. Hüquqşünas İntiqam Hacıyevin sözlərinə görə, bu məsələdə ümumi yanaşmaq nisbi xarakter daşıyır: "Onu qeyd edim ki, hüquq şirkətləri istənilən məsələ ilə bağlı müraciətlərə deyil, hər bir hüquq şirkəti müəyyən məsələlərin həll olunması ilə məşğul olur. Məsələn, çalışdığım şirkətlərdən biri ancaq ailədaxili məsələlərlə bağlı hər hansı boşanma, aliment davası olduqda müraciətlərə baxır, digər bir şirkət isə cinayət halları ilə maraqlanır. Yəni bu işdə lazımdır ki, fərqli şirkətlərin iş strukturuna nəzərə salaq. Ancaq ümumilikdə götürsək deyə bilərəm ki, əsasən dələduzluq faktoru ilə bağlı müraciətlər olur və daha sonra isə ailədaxili məsələlərlə bağlı boşanma və yaxud aliment, digər halda isə övladın atada, yaxud anada qalması ilə bağlı məhkəmə prosesləri idarə olunur".

Hüquqşünas onu da əlavə edib ki, bu tip şikayətlərin içində əmlak məsələləri ilə bağlı da müraciətlər artıb.

Sələmçiliyin nə dini əsası var, nə də qanuni. El dili ilə desək, halal sayılmır. Amma sələmçilik günümüzdə populyar bir vasitədir. Üstəlik sələmçi ilə müştəri arasında uzun çəkən mübahisələr, davalar da yetərincədir. Əksəriyyət sələmin riskli olduğunu desə də, bu və ya digər şəkildə oxşar problemlə üzləşib. Səsi məhkəmədən gələn sələmçi - müştəri davaları da az deyil. Hüquqşünas Əkrəm Həsənov deyir ki, sələmlə bağlı məhkəmələrə ünvanlanan müraciətlərin sayı yüzlərlədir. Mübahisə obyektinə çevrilən məbləğlər isə 2 mindən 30 min manata qədərdir.

Maraqlıdır, belə mübahisələr hansı şəkildə həll olunur. Hüquqşünas deyir ki, məhkəmə çox vaxt borc verən və borc alan arasında notarial qaydada müqavilə olmadığını əsas gətirir.

Hüquqşünas deyir ki, sələmçiliyin yüksək faiz həddi də tənzimlənmir. Bu səbəbdən çıxış yolu borc verənin vergiyə cəlb edilməsidir.

Hüquq şirkətlərinə tələbat nədən artıb?

Hüquqşünas Pərviz Məmmədov qəzetimizə açıqlamasında ölkədə hüquqi xidmətlər bazarının vəziyyətindən danışıb. O deyib ki, hüquqi xidmətlər bazarında dünyada tanınan xarici şirkətlərin yerli ofisləri, yerli hüquq şirkətləri və fiziki şəxslər fəaliyyət göstərir: "Xarici hüquq şirkətlərinin əsas müştəriləri iri xarici şirkətlər və bir neçə aparıcı yerli şirkətdir. Bu hüquq şirkətləri öz xidmətlərini yerli bazar üçün nisbətən baha təklif etdiyindən əksər hüquqi və fiziki şəxslər bu xidmətləri almaq imkanına malik deyil.

Yerli hüquq şirkətləri əsasən ölkə daxilində fəaliyyət göstərən şirkətlərə və fiziki şəxslərə xidmət təqdim edir. Fiziki şəxslər də fərdi qaydada hüquqi xidmətlər göstərir. Onların müştəriləri də əsasən fiziki şəxslər olur, bəzən də yerli şirkətlərə də xidmət göstərməyə çalışırlar. Bəzən şirkət rəhbərliyində belə bir fikir olur ki, hüquq şirkəti yalnız məhkəmə və digər dövlət orqanları qarşısında şirkətin mənafeyini müdafiə etməlidir. Lakin bu belə deyil, bizim hüquqşünaslar həm dövlət orqanları, həm bank və sığorta şirkətləri, həm icarədarlar və təchizatçılar, həm də şirkətin müştəriləri ilə münasibətlərdə şirkətin maraq və mənafelərini müdafiə edirlər".

Hər bir peşəkar xidmət sektorunda olduğu kimi hüququn da müxtəlif sahələri var. Eyni hüquqşünas və ya hüquq şirkəti həm cinayət işləri, həm ailə-nikah məsələləri, həm mülki hüquqi məsələlər üzrə yüksək səviyyədə xidmət təqdim edə bilməz. Hüquqşünas bəzi həmkarlarını üniversal prinsiplərə söykənməyə dəvət edib: "Düşünürəm ki, hüquq xidmətləri göstərən şirkətlər və fiziki şəxslər özlərini konkret bir və ya bir neçə sahə üzrə təkmilləşdirsələr, bu onların özləri üçün və xidmət göstərdikləri müştərilər üçün də yaxşı nəticələnər. Biz şirkət daxilində də hüququn müxtəlif praktik sahələri üzrə ixtisaslaşmış qruplar formalaşdırırıq. Bu, müştərilərimizə daha keyfiyyətli hüquq xidmətləri təqdim etməyə imkan verir. Hər bir praktiki qrup üçün fərqli təlimlər və inkişaf planları təsdiqlənir və icra olunur".

Hüquqşünas onu da qeyd edib ki, Azərbaycanda hüquqi xidmətlər bazarı əvvəlki dövrlərlə müqayisədə getdikcə genişlənib və bu sahədə ciddi canlanma var: "Bu da şirkətlərin çoxalması, iqtisadi münasibətlərin iştirakçılarının artması, yeni qanunvericilik aktlarının qəbul olunması ilə bağlıdır. Əvvəllər şirkət rəhbərləri bir çox məsələləri hüquqşünasın rəyi olmadan həll etməyə çalışırdı, amma qanunvericilikdə dəyişikliklər artdıqca, qanunların tətbiqinə nəzarət gücləndikcə əksər şirkətlər hüquq şirkətlərinə üz tutur. Şirkət rəhbərləri hüquqşünasların rəyi olmadan addım atmamağa çalışırlar. Hüquq xidmətləri bazarı da buna görə genişlənir, hüquq şirkətlərinə, vəkilliklə məşğul olan şəxslərə müraciətlər artır.

Son dövrlərdə Azərbaycanda məhkəmələrin sayı artıb, ixtisaslaşmış yeni məhkəmələr yaranıb ki, bunlar da keyfiyyətli hüquqi xidmətlərə tələbatın artmasına səbəb olur.

Rüfət Soltan