adalet.az header logo
  • Bakı 20°C

MƏMMƏD ARAZ: ULU ŞAHIM, QILINCINA SÖYKƏNİM!

MƏMMƏD ARAZ
256039 | 2016-10-10 13:09

































Xətainin ruhu qarşısında

Şah Xətai, qüvvətimiz haçalanır,
Qüdrətimiz, qeyrətimiz haçalanır,
Varlığımız çiliklənir, parçalanır,
Ulu Şahım, qılıncına söykənim!

İçimizdə döyüş gedir, vuruş gedir,
Özümüzdən özümüzə yürüş gedir...
Biz qılıncı tərs tutmuşuq;
Özümüzü kəsir ağzı;
Qəh-qəh çəkir düşmən-azğın.
Biz qılıncı tərs tutmuşuq
Və beləcə özümüzü unutmuşuq...
Ulu Şahım, qılınc çalmaq öyrət bizə!

İçimizdə şeytan səsi,
Yalan səsi, böhtan səsi -
Didir bizi, yeyir bizi,
Ulu Şahım,
Qibləmizə çevir bizi!
Ulu Şahım, qılıncına söykənim!
Zülmətlərə göz dikmədən kor olmuşuq;
Özümüzü görmüşük ta, yorulmuşuq
Özümüzü görməyi sən öyrət bizə,
Uçurulmuş dünyamızı
Hörməyi sən öyrət bizə!
Ulu Şahım,
Qılınc çalmaq öyrət bizə!

İçimizlə vuruşmağı öyrət bizə!
Xırdalayaq:
nəyimiz var,
nəyimiz yox;
Nəyimiz az, nəyimiz çox,
Bəs eləyər - çox ələdik göz yaşı da,
Göz yaşımız əritdi ən sərt daşı da.
Yağıları sevindirdik, bəs eləyər!
Al mumluğu,
al, qəddarlıq öyrət bizə!
Bir azca da canavarlıq öyrət bizə.
Onda bəlkə qoyun-quzu
olanımız təzər, itər;
Onda bəlkə sərhəd boyu
ərlər bitər, nərlər bitər...
Ulu Şahım, qılıncına söykənim!

Biz düşmənlik bacarmadıq,
Düşmənləri tanımağı öyrət bizə,
Biz nifrəti
qanımızla yoğurmağı bacarmadıq.
Qələminlə sən mələklik öyrətmisən,
Qılıncınla Əzrayıllıq öyrət bizə.
Biz özümüz özümüzə məğlub olduq,
İçimizdə, qanımızda məğlub olduq.
Məğlubların şərəfinə süfrə açdıq.
İsti çörək, "isti qorxu" yedizdirdik.
İsti qəzəb, isti yaraq,
İsti nifrət... yox, vermədik!
İçimizdə yer şumladıq;
Yaxşı-yaxşı xəyanətlər,
Yaxşı-yaxşı cinayətlər bitirməyə.
Gör ağlımız yetir nəyə?
Gör əlimiz yetir nəyə?
Tanrı, bizi bizdən qoru!
Öz əlimizdən qoru,
Əməlimizdən qoru!
Bu millətin süfrəsini duzsuz qoyma,
Bu millətin kürsüsünü sözsüz qoyma!
Namərdi sən elə yatırt,
Qoy biryolluq ayılmasın.
Ulu Şahım, ruhun bizdən ayrılmasın,
Ulu Şahım, bizə yar ol!
Ulu Şahım, qılıncına söykənim!..

29 sentyabr, 1994

TƏQVİM / ARXİV