adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
08 Oktyabr 2016 09:55
58683
GÜNDƏM
A- A+

VAQİF ASLAN, NƏ İSTƏRSƏN?

"Bu dünya ağ varaq imişg Yazıldıqca söz yeri var" - bu misralar Vaqif Aslanındır. Müasir poeziyamızda onun da özünəməxsus fərdi üslubu, deyim tərzi var və Şəkidə yaşamasına baxmayaraq şeirləri ilə yaşadığı regionun sərhədlərini aşa bilib. "Bu dünyanın ağ vərəqinə" o da öz şair adını həkk etmək istəyir.
Vaqif Aslanın şeirlərinin özünəməxsus "xəritəsi" var. Bu xəritə müxtəlif rənglərlə işarələnmiş hissləri, duyğuları əhatə edir. Hər şeydən yazır Vaqif Aslan, şair üçün mövzu məhdudluğu olmamalıdır, deyə düşünür. Bir daş üstündəki qədim yazı, bir qılınc qəbzəsi, gecənin qaranlığı, səhərin dan yeri, bir qom bənövşə, solğun payız yarpağı, bir dost itkisi, şirin bir yuxu, çörək ətri, ana laylası, torpaq qoxusug Hələ Vətən tarixinin şanlı və qanlı səhifələri, Babək, Nizami, Nəsimi, Füzuli, Cavad xan, Üzeyir, 20 yanvar şəhidləri, Aydın Məmmədov-vətən aşiqləri. Leyli, Məcnun, Əsli, Kərəm, bulaq başında səhəngi çiynində bir gözəl - sevda aşiqləri. Mərd adamların təbəssüm dolu baxışları, ilqarına sədaqətli insanlar, yaşmaqlı, həyalı gəlinlər, müdrik ağsaqqallarla ağzı dualı nənələr. Və bir də Şəki Xan sarayı kimi qədimlər, ulular, Dədə Qorqud dünyası. Və bir də sırf Şəki əhlinə məxsus yumor. Buna əks olan qütblər-xəyanətlər, ikiüzlülük, riyakarlıq, yaltaqlıq, yalançı dil bazarçıları.
Vaqif Aslan hələ Xarici Dillər İnstitutunda tələbə olanda şair Allahverdi Tağızadə onun şeirlərini başçılıq elədiyi ədəbiyyat dərnəyində dinləmiş, bu şeirlər haqqında "Bilik" qəzetində yazmışdı ki: "Vaqifin şeirləri hərarətlidir. Bu şeirlərdə bəzən hisslər pərişanlığı, bəzən dəlisov bir məhəbbət, bəzən də ürək dolusu bir bədii siqlət duyulmaqdadır".
Ancaq ilk kitabı çapdan çıxanda qırx üç yaşı vardı. Nədən gec gəldi ədəbiyyata? Hərçənd ədəbiyyata gəlişi ilk kitabla təyin edirlər, halbuki, Vaqif Aslanın 2009-cu ildə çap olunan "Seçilmiş əsərləri"nin birinci cildində onun 70-ci illərdə yazdığı şeirləri də öz əksini tapır.
Vaqif Aslanın 1993-cü ildə çap olunan ilk kitabının adı "Aydın" idi. Sənədli, sırf publisistik səciyyəli bu əsər - poema (əslində, mənzum xronika) unudulmaz dilçi-tənqidçi, böyük Azərbaycan ziyalısı, həyatının sonu faciəli qəza ilə bitən millət vəkili Aydın Məmmədova həsr olunmuşdu. Aydın Məmmədovu mən də yaxşı tanıyırdım, tənqidçilik fəaliyyətimiz eyni illərdə başlamışdı və açığını deyim ki, onun dərin zəkası, heyrətamiz istedadının pərəstişkarlarından biri də mən idim. Onun Milli Məclisdəki çıxışları, iqtidar və müxalifət arasında barışdırıcılıq missiyası yaratmaq səyi ghamısını xatırlaya bilərik. Aydın Məmmədov Şəkinin Kiş kəndindən idi, məzarı da ordadır. Hərdən Kiş çayının aşıb-daşmasından, bağları, tarlaları, yolları sellərə qərq etməsindən xəbər gəlir və onda Aydını xatırlayıram. O, müəyyən səbəblərə görə elm aləmindən, ədəbi prosesdən ayrı düşmüşdü. Sonra birdən gəldi, sanki Kiş çayı kimi yerinə-yatağına sığmadı. Amma qəzavü-qədərdənmi, taleyin amansız oyunundanmı yox oldu, getdi. Kiş çayının qarşısı alındığı kimi Aydın da susdu.
Vaqif Aslanın Aydına həsr etdiyi bu poema haqqında böyük tənqidçimiz Yaşar Qarayev, şair İsa İsmayılzadə mətbuatda xoş sözlər söylədilər. Amma açığını etiraf etmək lazımdır ki, Vaqif Aslan bir şair kimi sırf şeir kitabları ilə tanındı. Çünki "Aydın" poeması Yaşar Qarayevin təbirincə desək, nə qədər "təsirli bədii lövhələrlə" qələmə alınsa da, sənədli-publisistik bir əsər idi. Publisistikanın lirikanı üstələdiyi məqamlar üstünlük təşkil edəndə bədiilik meyarına da xələl gətirir.
Qarşıdakı illərdə isə Vaqif Aslanın bir-birini yarışa çağıran və onun əsl şairlik potensialını üzə çıxaran şeirləri ilə qarşılaşdıq. Uşaqlıq və gənclik illərinin sevgi dolu anları, təbiətin koloritli, bədii təsvir vasitələri ilə cilalanmış gözəl mənzərələri, həyatın sevincli-kədərli səhnələri, tarixi keçmişimizə müraciət bircə-bircə şeirlərinin mövzusuna çevrildi. Zahirən poetik ləfzində, yəni danışıq, nitq ədasında heç bir qeyri-adilik nəzərə çarpmırdı, ona doğma olan hecanın "sahillərində" aram-aram gəzişirdi, sərbəstdə də gücünü sınayırdı. Amma şeirlərinin əksəriyyətində aydın bir xətt nəzərə çarpırdı, bu da fikrin şeirdə misra-misra, bənd-bənd, pillə-pillə irəliləyişi idi. Bütün şeir həmin fikrin bədii təcəssümünə xidmət edirdi. Sonda müəyyən bir obraz yaranırdı. Məsələn, "Qılınc" şeiri.

Sən ulu babamın yadigarısan,
Səbrin illər yorub, əsrlər yorub.
Nənəmin sehirli nağıllarısan,
Adın cinlər qovub, tilsimlər qırıb.
Bir namərd əlini qoydu döşünə,
Min namərd düşmənə əydi başını.
Sıxıldı babamın dişi dişinə,
Saxlaya bilmədi o, göz yaşını.

Sənə iki damla göz yaşı düşdü,
Düz iki yerindən oyuldun, qılınc.
İki qatlananlar qabağa keçdi,
Sən də öz qınına qovuldun, qılınc.

Şeirdə qüvvət və igidlik rəmzi olan qılıncın taleyindən (zəfəri və süqutu) söz açılır. Qabilin məşhur "Səhv düşəndə yerimiz" şeirindəki misra yada düşür: "Qılınc qında pas atıb, qında korşalıb". Odur ki, şeirin son bəndində qında pas atan qılıncın bir gün şimşək kimi parlamasına ümid doğur:

Matəm paltarındır bu gün, soyun, çıx!
Sinəmin qanıyla silim pasını.
Göynəyən əlimlə bir zərbə çalım,
Doğra, tök Vətənin qəm libasını!

Ümumiyyətlə, Vaqif Aslanın şeir və poemalarında tarixi olaylara tez-tez müraciət olunur. Amma tarix-tarixi hadisələr-tarixi şəxsiyyətlər onun şeir və poemalarında bir məqsədə xidmət edir, o da tarix və müasirlik bağlılığını, keçmiş və bu gün arasında milli-mənəvi körpünü nəzərə çarpdırmaqdır. Onun "Ruhlarla söhbət" adlı böyük həcmli bir poeması var. Poemada türkün qədim və müasir tarixi vərəqlənir, tariximizin həm acı, həm də şanlı səhifələri üzərində düşüncələr təqdim edilir. Poemada bu gün bizim üçün maraqlı olan nədir? sualını versək, bu sualın yalnız bir cavabı olar: müasirliyin, çağdaşlığın problemləri tarixi təcrübənin işığında dərk olunur, tarixi yaddaş itməməlidir, tarix təkcə olmuş, bitmiş hadisələrin qaynağı deyil, həm də bu gün və gələcək üçün ibrət dərsləridir.
Gecə-gündüz qaçırıq.
Yurd qaçır, biz qaçırıq.
Yenə də çatammırıq.
Getdi gedən yerimiz.
Ölüb-itən yerimiz.
İtib-bitən yerimiz.
Göydən asılı qaldıq.
Qəbri qazılı qaldıq
Haray, Vətən yerimiz.

Bu şeir 90-cı illərin şeiridir. Böyük itkilərdən, Vətən yaralarından danışır. Dövrün dəyişən ab-havası, cəmiyyətdə baş verən xaos və hərc-mərclik, insanların içində baş verən mənəvi dəyişmələr onun bir çox şeirlərində öz əksini tapır. Mühitdə baş verən anti-milli proseslər onun "Kişilər" şeirində bariz nəzərə çarpır. Keçmişin kişiləri ilə bugunun kişiləri arasında az qala zəmin-asiman bir fərqin yaranması gözdən qaçmır. "Köhnə kişilər" düzlük, haqq, ədalət meyarı idilər. Bəs indi?

Getdi özünüzlə zorunuz sizin,
Dolar gözümüzə qorunuz sizin.
Çatdam-çatdam olsun gorunuz sizin,
Daşımız qalmadı daşımız üstə,
Ay yurdu-yuvası talan kişilər!
Olunca dünyada olmasa, yeymiş,
Qalınca dünyada qalmasa yeymiş.
Sizin yerinizdə qalan kişilər!
İndiki kişilər-yalan kişilər!

Vaqif Aslanın ən yaxşı şeirlərindən biri "Şəhid köynəyi"dir. Doxsanıncı illərdə cəmiyyətdəki mənəvi aşınmalar, məmləkətdə hər şeyin az qala möhtəkir psixologiyasına tabe olması, bazar hakimiyyəti hamımızda hiddət doğururdu. Budur, müəllifin qəhrəmanı bir bazar mənzərəsini seyr edir. Burda hər şey satılmaqdadır. Bircə şəhid köynəyi qalıb.

Kəfən deyil-
Qandan baha, candan baha
köynəkdi bu!
Şivən deyil-
göz dağıdı, lal fəryadlı
göynəkdi bu.

Vaqif Aslan şeirlərində hərdən özünün də portretini yaratmağa can atır və ironik tərzdə olsa da, özünün timsalında çox həmkarlarının taleyini, ömür yolunu ümumiləşdirir.

Üstünə xətt düşüb qaralanıbsa,
Soyuq baxışlardan yaralanıbsa,
Sınıb, oşalanıb, paralanıbsa,
Nəyinə gərəkdir bu Vaqif Aslan?

Qanadı qırılan quş kimidirsə,
Bahar da gözündə qış kimidirsə,
Yanaqda quruyan yaş kimidirsə,
Bir ayrı ünvana tuş kimidirsə,
Nəyinə gərəkdir bu Vaqif Aslan?

Vaqif Aslanın çoxlu sevgi şeirləri var və deyim ki, bu şeirlərdəki hisslər, duyğular yaşanılan hisslər, duyğulardır. Yalan ha deyil. Amma təbii ki, bu günün sevgi şeirini yazmaq bəlkə də azadlıq haqqında, təbiətin gözəllikləri haqqında, hətta ana haqqında yazmaqdan çox çətindir. Ölçü, meyar o deyil ki, gərək Füzuli kimi yazasan, Ələsgər kimi yazasan, bizim XX əsr şairlərindən Əli Kərim kimi, Bəxtiyar Vahabzadə kimi, Nüsrət Kəsəmənli kimi yazasan. Yox, hər şairin öz sevgi dünyası var. Bu baxımdan Vaqif Aslanın o çoxlu sevgi şeirləri içərisində yaxşı nümunələr az deyil. Onlardan yalnız birini misal gətirəcəyəm və mənim fikrimcə, bu şeir Vaqif Aslanın ən gözəl sevgi şeiridir. Şeirdə parlaq, necə deyərlər, "göz qamaşdıran" obrazlı ifadələr, orijinal metaforalar, təşbehlər yoxdur, amma bu şeir o qədər səmimidir kig

Günəşim, dözmədim istinə bəzən,
Amma səni gəzdim üşüyən kimi.
Gördüm duman gəlir üstünə bəzən,
Qalxana çevirdim məhəbbətimi.

Ayım, mənim Ayım, doğan kimi sən
Salavat çevirdim səni görüncə.
Ay mənim ulduzum, xoşbəxtəm ki, mən
Göy ulduz görməyib sənintək incə.

Bu yaz səninkidir, çiçəyim, gülüm,
Keçir mən dəlini yaz köynəyindən.
Ölüm, ayağının altında ölüm,
Qurtarım biryolluq can göynəyindən.

Ay mənim alnımın yazısı, dinlə,
Tanrı qələmiylə nəqş edib səni.
Hansı dünya olsa, xoşdur səninlə,
Hara istəyirsən, al, apar məni.

Vaqif Aslan haqqında bu yazıda mən onu tənqid də edə bilərdim. Yazardım ki, ithaf şeirlərinin içərisində yararsızları var. Yazardım ki, bəzi şeirlərində adi danışıq tonuna enməsin. Yazmadım, sadəcə dedim. Amma demədim ki, Vaqif Aslanın şeir dili safdı, təmizdi. Hətta mənə zəif görünən şeirlərində ədəbi dilin qanunları pozulmur, folklordan, xalq dilindən gələn ifadələr də şeirlərinə bir şirinlik gətirir. Yazmadım, sadəcə dedim. Vəssalam, şüttamam!