adalet.az header logo
  • Bakı 13°C
  • USD 1.7
05 Oktyabr 2016 15:31
32771
HÜQUQ
A- A+

Cahangir Hacıyev məhkəmədən 1 həftə vaxt istədi

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində "Azərbaycan Beynəlxalq Bankı” ASC-nin İdarə Heyətinin həbsdə olan sabiq sədri Cahangir Hacıyev və digər 7 nəfərin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

Prosesdə təqsirləndirilən şəxs İbrahim Hüseynovun vəkili Azər Tağıyev müdafiə çıxışı edib. Vəkil İ.Hüseynova bəraət istəyib.

Vəkilin çıxışına münasibət bildirən dövlət ittihamçısı Fərid Nağıyev qeyd edib ki, mənimsəmə ilə bağlı sübutların olmadığı deyilsə də, ancaq cinayət işinin materiallarında Cahangir Hacıyevin ailə üzvlərinin adına olan kartlardan, xarici ölkələrdə otellərdə, bahalı mağazalarda, sağlamlıq mərkəzlərində limitsiz kartlar barəsində faktlar var: "Cahangir Hacıyevin həyat yoldaşı Zamirə Hacıyeva heç bir biznes plan təqdim etmədiyi halda, ona külli miqdarda kreditlər ayrılıb. Ancaq başqalarına bu şəkildə kreditlərin ayrılması mümkün deyil. Digər tərəfdən, əgər bankın layihələri gəlir gətirirdisə, 2008-ci ildən götürülən kreditlər nəyə görə gəlir gətirməyib?"

Sonra təqsirləndirilən şəxslər - Kənan Orucov, Anar Sultanov, Məmməd Cahangirov, Yusif Ələkbərov və İlqar Abdullayev məhkəmədə son söz deyiblər. Onlar özlərini təqsirli bilməyiblər və yalnız kredit komitəsinin qərarlarını və rəhbərliyin göstərişlərini icra etdiklərini deyiblər. Təqsirləndirilən şəxslər Cahangir Hacıyev və İbrahim Hüseynov son söz üçün məhkəmədən 1 həftə vaxt istəyiblər.

Hakim 1 həftə vaxt verilməsinin çox olduğunu deyib. İş üzrə növbəti məhkəmə prosesi oktyabrın 10-na təyin olunub.

Qeyd edək ki, C.Hacıyev və digər 7 nəfər Cinayət Məcəlləsinin 179.3.1, 179.3.2 (mütəşəkkil dəstə tərəfindən külli miqdarda mənimsəmə), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda), 309.2 (vəzifə səlahiyyətlərini aşma ağır nəticələrə səbəb olduqda), 313-cü (vəzifə saxtakarlığı), 228.1 və 228.4-cü (qanunsuz olaraq silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə) maddələri ilə ittiham olunur. (trend)