ANA SƏHİFƏ / RUBRİKA

“Arabaçı TV” uğuru – HƏR ŞEYƏ RƏĞMƏN

26306    |   2016-10-04 16:32
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Fiziki məhdudiyyət əngəl tanımır. Rubrikamızda bunun dəfələrlə şahidi olmuşuq. Həyatın çətin üzünü görsələr də hər zaman pozitiv enerji ilə irəli atılmağa çalışan müsahiblərimizdən biri də "Arabaçı Tv”nin təsisçisi kimi tanıdığımız İlham Məhərrəmovdur. 

O həm də Qarabağ müharibəsi dövründə könüllü olaraq ordu sıralarına yazılıb. Elə o vaxtdan əlil arabasında öz fəaliyyəti ilə məşğuldur. I qrup müharibə əlilidir. Müsahibimiz deyir ki, Qarabağ savaşından çox bu günə kimi yaşadıqlarım daha çox əziyyətlə başa gəlib: "Müharibə elə bir şeydir ki, orada silahlarla döyüşürsən, ya qalırsan, ya da şəhid olursan. Lakin müharibədən sonrakı həyatımda apardığım mübarizə daha ağır olub, çünki bu günə kimi soyuq insanlarla mübarizə aparmışam”.

Cəmiyyətdə fiziki və əqli məhdudiyyətli insalar çoxdur. Azərbaycanda yarım milyona yaxın əlilliyi olan şəxs var. Lakin gündəlik ictimai nəqliyyatda, istirahət zonalarında təsadüfi hallarda belə insanlarla rastlaşa bilərik. Lakin yoxdur, cəmiyyətdə onlara maraqlı film kimi baxılır deyən İlham Məhərrəmov əlilliyi olan insanların ictimai diqqətdən uzaq olmağa çalışdıqlarını deyir: "Mətbuat orqanlarında fərqli istedadlara malik olan və fəaliyyətlə məşğul olan əlil insanların müsahibələrini oxuyuruq, izləyirik. Məhdudiyyəti əngəl saymayan bir çox gənclərimiz və yaradıcı insanlarımız var. "Arabaçı Tv” olaraq bu yöndə bir sıra layihələrlə "Evdən çölə çıxmaq istəməyən” şəxsləri idmana, yaradıcılığa, incəsənətə cəlb etmişik. Komandamız mən, Aynur, İslam, Amid, Toğruldan ibarətdir. Həmçinin Amid, Səbuhi, və Xanlar könüllülərdən ibarətdir. Mən və Amid əlil arabasındayıq. Loqoped Leyla xanım da sağ olsun, bizə yardımını əsirgəməyib. Hal-hazırda bir çoxları özfəaliyyət dərnəyini qurublar. Bu bizim üçün uğurdur. Lakin dediyim kimi bəzən bu prosesdə qarşımıza manelər çıxıb. Siz düşündüyünü kimi heç də əlillyi olan insanlara hər yerdə rəğbət bəslənilimir. Əslində o insanları da qınaya bilmərəm, cəmiyyətimizdə narkotik satan, avaraçılıq edən fiziki məhdudiyyətli insanlarımız da var. Bir məmurun qapısını döyəndə əgər o məmur bizim istəyimizi yerə salırsa, buna görə qınaq etmirəm. Lakin həmin təşkilatçılarla söhbət edəndə deyirəm ki, niyə məsələyə neqativ yöndən yanaşırsınız. Əgər hər on nəfər fiziki məhdudiyyətli şəxsdən 2-si avaraçılıq edirsə, yerdə qalan 8-i sağlam və pozitiv fəaliyyətlə məşğuldur. Dəfələrə paralimpiyada uğurlar gətirmiş idmançılarımız var, digər sahələrdə gözəl sənət əsərləri yaradan əngəllilərimiz var. Lakin sizin dediyiniz kimi onlar hər şeyə rəğmən həyatın gözəlliyini duymağı bacarırlar, həyatı yaşamağa cana atırlar. 

 "Əmək bacarığını tamamilə itirmiş əlil də Boccia ilə məşğul ola bilər” 

BOCCİA idman növü dünya paralimpiya tarixində 20 ildən çoxdur ki, mövcuddur. Lakin Azərbaycanda bu idman növü 3 ilə yaxındır gətirilib. 1984-cü ildən paralimpiya oyunlarına daxil edilib və 20 il ərzində, populyarlıq qazanan BOCCİA idman növü, 50 ölkədə tətbiq olunur və sürətlə inkişaf edir. Azərbaycan idmanı üçün yenilik olan BOCCİA idman növündə bütün ağır kateqoriyalı (uşaq serebral paraliçi, əzələ distrofiyası, beyin travması, dayaq-hərəkət aparatının pozulması) əlillik dərəcəsi olan uşaqlar, gənclər və yaşlılar öz güclərini sınaya biləcəklər. Professional idmançı olmaqla yanaşı, BOCCİA idman növü, fiziki güclə bərabər zehin əməyi də tələb etdiyinə görə, həm də reabilitasiya xarakteri daşıyır. İlham Məhərrəmov məhz fiziki məhdudiyyətli şəxsləri bu idmana cəlb edib. Hal-hazırda 60 nəfərlik heyəti var. Müsahibimiz deyir ki, BOCCİA idman növü elə bir sahədir ki, onunla nəinki ayağını, hətta əllərini də hərəkət etdirə bilməyənlər məşğul ola bilər: "Bu idman növü Azərbaycana gələndən bu vaxta kimi dəfələrlə şahidi olmuşam ki, bu gün cəlb etdiyim gənc sabah çempion olmaq arzusu ilə yaşayır. Məhz məramımız da bundan ibarətdir ki, həmin gəncləri passiv və özünəqapalı həyatdan xilas edək. Doğrudur, Rio paralimpiya oyunlarında bu idman növü ilə təmsil oluna bilmədik, çünki hələ Azərbaycan üçün yeni sayılır. Lakin növbəti 2020 Tokio Paralimpiya oyunlarında iştirak etmək üçün Azərbaycan Paralimpiya Komitəsinin prezidenti İlqar Rəhimova müraciət etmişik. İlqar Rəhimov bununla bağlı Beynəxalq Olimpiya Komitəsinə müraciət edəcək”. 

 "Ağır gələni odur ki, tv-lər əlil insanları ekrana çıxarıb onları köməksiz, yazıq kimi göstərib ağlamalı verilişlər hazırlayırlar”

Qəhrəmanımız "Arabaçı”nın yaranma zərurətini belə açıqlayır: "Hələ 16 il əvvəl AzTv kanalına müraciət etdik ki, əlillərin problemlərindən bəhs edən veriliş yaradılsın. Bunun üçün biz də əlimizdən gələni etməyə hazır idik. Amma hər hansı cavab gəlmədi. Daha sonra çoxalmaqda olan özəl telekanallara növbə ilə müraciət etdik, onların rəyi ilə maraqlandıq. Məlum oldu ki, telekanallara belə verilişlər lazım deyil. Artıq efir məkanında əlillərin problemlərindən söz salacaq, onlara mənəvi dəstək olacaq telekanalın yaranması vaxtı çoxdan yetişmişdi. Bu təşəbbüsü irəli sürəndə sosial şəbəkədən səsimə səs verən çox dostlarım oldu. Əlbir olub kiçik komanda olsa da, "Arabaçı Tv”-ni yarada bildik. Ötən ilin dekabrından etibarən, artıq çəkilişlərə başlamışıq. İlk efir məhsulumuz paralimpiyaçılarla bağlı olub. Hazırda yaradıcı heyətimiz könüllü şəkildə fəaliyyət göstərir. Komandamız mən, Aynur, İslam, Amid, Toğruldan ibarətdir. Mən və Amid əlil arabasındayıq. Loqoped Leyla xanım da sağ olsun, bizə yardımını əsirgəməyib. Çəkilişi və montajı özümüz edirik. Kanalın adı və leyblının ideya müəllifi özüməm. Əlil arabasında olan insan işarəsi beynəlxalq aləmdə istifadə olunduğundan bunu seçmişik. Kanalın adı "Arabaçı” olsa da, bu o demək deyil ki, burada yalnız əlil arabasında olan fiziki qüsurlu insanlarımızın problemləri işıqlandırılacaq. Bu işarə sadəcə simvolik məna daşıyır. Burada digər kateqoriyalarda, qruplarda olan insanlarımızın problemləri də işıq üzü görəcək, xüsusən paralimpiya iştirakçıları olan gənclərimiz önə çəkiləcək, onlar haqqında tez-tez süjetlərin hazırlanması başqaları üçün nümunə olacaq. İnsanlar psixoloji cəhətdən yardım ala biləcək, öz dünyalarına qapanmağa son qoyacaqlar”

 "Arabaçı”nın çox işi var, "Arabaçı”nın maddi köməyə ehtiyacı var” 

 "Arabaçı Tv”-nın imkanlarına gəlincə, hər tv-də olduğu kimi burada da əsas məsələ madiyyata dayanır. İlham müəllim yolun başında olduqlarını yaxşı bilir və sözünə davam edir: "Hər tv-nin əsas iki problemi olur, ən əsas texniki və sonra da yaradıcı məsələ. Hazırda texniki imkanlarımızın mükəmməl olduğunu deyə bilmərik. Həmkarım İslam üzərində kanalın leyblı olan mikrofon hədiyyə edib. Digər texniki avadanlığı da öz imkanlarımız hesabına əldə etmişik. Ayda iki dəfə yalnız youtube ilə yayımlanmaq imkanımız var. Amma daha geniş format və yayım dairəmiz olmalıdır. Problemlərimiz ilə bağlı Əhalinin Sosial Müdafiə Nazirliyinə, eləcə də səfirliklərə müraciət etmişik. Səfirliklərin bizim işimizi qiymətləndirəcəyinə əminik. Bundan başqa qrant layihələrinin qəbulu proqramlarına qoşulmaq istəyirik. İnanırıq ki, bizə bu işimizdə yardım olunar. İş adamlarının yardımını demirəm, çünki onların müğənni və rəqqasələr kimi başını qatan mövzuları var. Ayrı-ayrı insanların da bizim bu xeyirxah işimizə dəstək olmasına inanırıq. Hər halda biz bu yolumuzda irəli getməyə qərarlıyıq”. 

 Sağlamlıq İmkanları Məhdud Gənclərin Peşə Reabilitasiya Mərkəzi necə təmir olundu? 

Məlumat üçün qeyd edək ki, Azərbaycanda yegənə Sağlamlıq İmkanları Məhdud Gənclərin Peşə Reabilitasiya Mərkəzi Bakıda Ramana qəsəbəsində yerləşir. 20 ildən artıqdır ki, fəaliyyət göstərən Mərkəzin təmir prosesi dövründə maraqlı məqamlar yaşanıb. Təmir işlərində yaxından iştirak edən İlham Məhərrəmov deyir ki, təmir işləri ərəfəsində maddi təminat güclü olsa da, burada işləyən ustalarla bir sıra problemlərimiz yarandı. Səbəb isə həmin ustaların biganə yanaşması olub. Əlillər üçün hazırlanan məkanın məişət təchizatı bərpa edilərkən burada yaşayacaq fiziki məhdudiyyətli insanların nəzərə alınması çox vacibdir: "Məsələn, usta hamamdakı güzgünü öz sağlam ayaqlarına görə düzədirsə və yaxud ayaqyolunda əlillər üçün nəzərdə tutulmuş dəmir tutacaqlar yerləşdirilmirsə, deməli, burada fiziki məhdudiyyətli nəzarətçinin olması vacibdir. Ona görə də bu işi öz öhdəmə götürmüşdüm. Əlilləri ancaq onlarla eyni taleyi yaşayan biri başa düşə bilər. Hətta bir dəfə mərkəzin təmirdən sonrakı açılışını edərkən nazirə dedim ki, yaxşı təmir işləri gedib, ancaq çalışmaq lazımdır ki, bu cür layihələrə birbaşa əlilliyi olan şəxslər işləmək üçün cəlb edilsin”. Sonda qeyd edək ki, İlham Məhərrəmov bir vaxtlar kamandan ox atma üzrə Azərbaycan çempionu olmuşdur. 



"Prezident fotoqrafa dedi ki, bizim şəklimizi çəksin”

 Qəhrəmanımızın Bakıda keçirilən Avropa oyunlarında göstərdiyi şücaətlərdən danışmamaq günah olardı. Əsl canfəşanlıq və sənətini layiqincə yerinə yetirmək istəyi ölkə başçısının da diqqətini çəkmişdi. İlham Məhərrəmov həmin xatirələri belə yada salır: "Avropa oyunları ərəfəsində ölkə başçımızın şəklini çəkmək istəyirdim, bu zaman o mənə yaxınlaşdı və biz görüşüb bir az söhbət etdik, daha sonra cənab İlham Əliyev fotoqrafa dedi ki, mənimlə birgə şəklini çəksin. Bu iş fəaliyyətimdə qürurverici hadisə olaraq yadda qaldı. Həmin an özümü xoşbəxt hiss edirdim. Ölkə başçımızla söhbətimiz zamanı mənim "Arabaçı Tv "ni təmsil edərkən fəaliyyətimi yüksək dəyərləndirdiyini dedi. Daha sonra görüşümüzün baş tutacağını söylədi. Cənab prezidentimizin bu qayğısının əyani olaraq şahidi olmağı peşə fəaliyyətimin ən uğurlu hadisəsi sayıram”.

Rüfət Soltan


İmza:
SON XƏBƏRLƏR
2017-02-26
2017-02-25


VİDEO
ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
SORĞU
Manatı görən olubmu?

Hə (76.92%)
Yox (23.08%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
Məktəbdə valideyn iclasıdır, 

Sinif rəhbəri: - Ötən iclasda qərara aldıq ki, sinifi təmir eləyək. Təmiri maliyyələşdirmək üçün namizədlər Toğrulun, Talehin, Günelin və Nəzrinin ataları idi. Qalib ən varlı ata - Talehin atası oldu. 

 Talehin atası təəccüblə: - Niyə mən? Nəzrinin atası millət vəkilidi, Toğrulun atası icra başçısıdı, Günelin atası isə üç zavodun yiyəsidi. Mən yazıq bazarda alver edirəm. 

 Sinif rəhbəri: - Orası elədi. Amma vergi bəyənnaməsinə görə, ən varlı adam siz çıxdınız.



digər lətifələr
ARXİV
FACEBOOK