adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7
01 Oktyabr 2016 02:19
6896
MƏMLƏKƏT
A- A+

“Əlilləri işlə təmin etməkdən imtina edənlər sərt cəzalanmalıdır”

"Əlillərin işlə təminatı və məşğulluğu sahəsində həllini gözləyən ciddi problemlər var”. 

Adalet.az-ın məlumatına görə, bunu millət vəkili Qənirə Paşayeva Milli Məclisin bugünki iclasında deyib. Q. Paşayeva iclasda qanunvericiliyi yerinə yetirməyərək əlilləri işə götürməyən müəssisə, qurum və şirkətlərə qarşı cəza tədbirlərinin sərtləşdirilməsi məsələsini qaldırıb. O bildirib ki, "Məşğulluq haqqında" qanuna görə əlillərin işlə təminatı üçün kvota qoyulub: " Çox təəssüf ki, bir sıra müəssisə, təşkilat və şirkətlər var ki, qanunun bu müddəasını lazımı şəkildə yerinə yetirmir və əlilləri işə götürməkdən imtina edirlər. Ona görə də bu qanununu yerinə yetirməyən müəssisə, təşkilat və şirkətlərə qarşı sərt addımlar atılmalıdır. Sağlamlıq imkanı məhdud olan şəxsləri, əlilləri daha çox işlə təminatı üçün addımlar atılmalıdır. Bir sözlə, əlillərin işlə təminatı, məşğulluğu sahəsində öz həllini gözləyən bir sıra çox ciddi məsələlər var və biz qanunvericilik orqanı olaraq bu istiqamətdəki bəzi qanunlarımızda onların hüquqlarının daha möhkəm müdafiəsi istiqamətində əlavə və dəyişikliklər etməliyik”. Əlillərin işlə təminatı ilə bağlı tələblərin yerinə yetirilməsi istiqamətində nəzarət mexanizmlərinin ciddi şəkildə gücləndirməsinə ehtiyac olduğunu vurğulayan Q.Paşayeva bu sahəyə cavabdeh qurumları bu məsələyə daha böyük diqqət ayırmağa çağırıb. O qeyd edib ki, Milli Məclisdə hökumətin hesabatı zamanı məşğulluq haqqında qanunun necə yerinə yetirilməsi, bunu yerinə yetirməyənlərə qarşı görülən tədbirlər, daha çox hansı qurumların bu istiqamətdə pozması, onlara qarşı görülən tədbirlərlə bağlı məsələlər də öz əksini tapsa yaxşı olardı. Ali təhsilli görmə imkanları məhdud gənclərin işlə təminatındakı problemlərdən də danışan millət vəkili bildirib ki, bu cür gənclərə, onların işlə təminatı məsələsinə xüsusi diqqət olmalıdır. Bundan başqa, Milli Məclisdə çıxışında "Əlillər və əlillərin reabilitasiyası” ilə bağlı qanunun qəbulunun vacibliyindən söz açan Q.Paşayeva həmin layihənin payız sessiyasında müzakirəyə çıxarılmasını təklif edib.