adalet.az header logo
  • Bakı 14°C
  • USD 1.7

Mavi çalma Novella

5559 | 2016-10-01 01:10
Ueda AKİNARİ
(1734-1809) - Yaponiya

ŞÜKÜR ŞƏNOL-un
tərcüməsində

(əvvəli ötən şənbə sayımızda)

Məbədin sahibi rahib dedi: "Adətən bu cür tərk olunmuş yerlərdə insanların başına pis və yaman işlər gəlir. Burda qalın deyib, sizi dilə də tutmuram, qovan da deyiləm...". O susdu və artıq bir söz belə demədi. Başqa heç nə soruşmayan Kayan da sakitcə bir tərəfdə oturdu. Günəş batmışdı, hər yerə qaranlıq çökürdü. Çıraq da yox idi, qaranlıqda və dərin sakitlik içində yalnız iti axan dağ çayının səsi eşidilirdi. Məbəd sahibi rahib öz yataq otağına getdi, daha ordan heç bir səs-səmir çıxmadı.
Gecənin qaranlığında mirvari kimi bəyaz ay işığının şüası üstünə düşən məbədin hər tərəfi nur içindəydi. Gecədən bir az da ötmüşdükü məbəd sahibi rahib yenidən yatağından qalxıb tələsmədən nəsə axtarmağa başladı. Bir neçə dəfə də düz Kayanın yanından o tərəf, bu tərəfə ötdü və sonra xırıltılı səslə qışqırdı: "Bu dazbaş bədheybət hardadı, axı? Elə indi onu burda gördüm!" - və yenidən sağa-sola qaçıb axtarmağa başladı. O, məbəddən çıxıb həyətə cumdu, yıxılana qədər baş soxmadığı bir künc, bir bucaq qalmadı.
Səhərin gözü açıldı, üfüqdən qalxan günəş hər tərəfi işıqlandırdı. Rahib sərxoşluqdan məst olmuş adamlar kimi oyanıb ətrafına göz gəzdirdi. Kayanın əvvəl oturduğu yerdə olduğunu görüb özünü itirən kimi oldu. Sonra ağac kötüyünün üstə çöküb ağır-ağır nəfəs dərdi və dinməzcə dayandı. Kayan ona yaxınlaşıb dedi: "Cənab baş rahib nəyə görə siz bu qədər kədərlənirsiniz? Əgər siz acdınızsa, xahiş edirəm, mənim ətimlə özünüzü doyuzdurun". Məbəd sahibi rahib soruşdu: "Siz bütün gecəni burda oldunuz?" - "Bütün gecəni, - Kayan cavab verdi. - Və bir anlığa belə gözümü yummadım". Bunu eşidən məbəd sahibi rahib dedi: "Mən insan əti yeyən murdaram, amma Buddaya xidmət edənlərin ətinin dadını bilmirəm. Lakin siz, əlbəttə, Buddanın özüsünüz. Bilmirəm, nəyə görə adamyeyən heyvana canlı Buddaya tamaşa etmək qismət olur? Niyə onun mənə bu qədər rəhmi gəlir?" O, susub başını aşağı saldı.
Ona cabab verən Kayan dedi: "Sənin əvvəlcə necə çirkin həvəsə düşməyin, sonra da cəsəd yeyən iyrənc məxluqa çevrilməyin haqqında mənə kənddə danışıblar. Sənin qəddarlığının misli yoxdur və sənə baxanda adam dəhşətə gəlir, o üzdən rəhm etməyə də tərəddüd edir. Sən bütün vilayətin dincliyini pozmusan, gecələr kəndə düşüb insanları qorxu, vahimə içində saxlayırsan. Artıq bu belə davam edə bilməz. Sənin müqəddəs elmlərə yenidən müraciətin üçün əvvəlki ürəyini özünə qaytarmaq istəyirəm. Sən məni diqqətlə dinləyib söylədiklərimə əməl edəcəksənmi?" - "Həqiqətən sən özün Buddasan, - məbəd sahibi dedi. - Əlbəttə, mən hər şeyə hazıram". - "Əgər bu belədisə, - Kayan dedi, - arxamca gəl". O, rahibə məbəd mehrabının önündəki yastı daşın üstə oturmasını buyurdu, öz mavi çalmasını onun başına bağladı və müdriklərdən bir neçə beyt söylədi:

Şam ağacı küləklərin önündə,
Körfəz üstə ay işığı nə gözəl.
Bir özgədi aydınlıqda gecələr,
Büllur kimi şəffaf olur sakitlik...

"Burda oturub yerindən tərpənmə bu şeirlərdəki fəlsəfəni fikir et, düşün, - Kayan dedi. - Sənə hər şeyin aydın olduğu anda əvvəlki ürəyinə qovuşacaqsan". Bundan sonra Kayan dağları tərk etdi. O zamandan bu yerlərin sakinləri dücar olduqlaı bəladan qurtuldular. Lakin heç kim öyrənə bilmədi ki, yolunu azan baş rahib sağ-salamatdımı, dağa qalxıb onu gözləriylə görməyə də cürət etmədilər.
İl tez ötdü, yenidən qış gəldi və Kayan oktyabrın əvvəlində Oy vilayətindən qayıdan baş yenidən Tomita kəndindən keçməli oldu. Yolüstü bir vaxt gecələdiyi evin sahibini görmək istədi. Ev sahibi onu çox xoş qarşıladı. "Sizə çox-çox minnətdarıq, - ev sahibi dedi, - o vaxtdan iblis dağlardan kəndə düşmür, bu dairədə hamı arzu olunan əmin-amanlıq içində yaşayır. Lakin o dağlara çıxmaqdan hələ də çəkinirik. Heç kim orda olmayıb və orda nə baş verdiyindən də xəbərimiz yoxdu. Amma mənə elə gəlir ki, o, hələ də sağdı. Sizdən xahiş edirəm, bu gecə ibadətiniz zamanı onun sakilik tapması üçün də dua edin. Axı sizin duanızla günah yiyəsi olanlar Buddadan mərhəmət görür". Ev sahbini təmkinlə dinləyən Kayan dedi: "Əgər o, əvvəlki xeyirxahlıqlarına görə əbədi rahatlığa qovuşubsa müqəddəs yolda mən onun şagirdi yerindəyəm. Yox, əgər o, sağ-salamatdısa mən onun mürəbbiyəsi sayılıram. Hər halda, mənim onu görməyim məsləhətdi". Kayan bunu deyib dağa çıxdı. Artıq çox keçilməz olan dağ cığırını o, ötən il necə qalxmasına da inana bilmirdi.
Qayət Kayan məbədin önünə çatdı. Ona boy verməyən yabanı cəngəllik otlarının şehi üz-gözünə, üst-başına tökülürdü. Ibadətgahın qapıları sökülüb dağılmışdı, baş rahibin aramgahı, məbəd xidmətçilərinin hücrələri yağan yağışlardan nəm çəkib mamır bağlamışdı. Kayan bir vaxt baş rahibi oturtduğu yeri axtardı. Həmin yerdə kölgə kimi görünən uzun pırtdaşıq saçları olan adam heç rahibə oxşamırdı. Yabanı otların dörd tərəfdən bürüdüyü bu adam şəvgəsindən ağcaqanad vızıltısına oxşar səs gəlirdi. Buna qulaq verən Kayan çox çətinliklə də olsa yalnız bunu eşidirdi:

Şam ağacı küləklərin önündə,
Körfəz üstə ayşığı nə gözəl.
Bir özgədi aydınlıqda gecələr,
Büllur kimi şəffaf olur sakitlik...
Bunu xeyli dinləyən Kayan əl ağacın qaldırıb qışqırdı: "Nəhayət ki anladın və dərk etdin!" Və əl ağacın baş rahibin şəvgəsinə çırpdı. Günəş şüası altında qar heykəl əriyən kimi şəvgə də bir gözqırpımında yox oldu. Mavi çalmanın altında otların içində quruca sümüklər vardı. Görünür o, yalnız indi dünyaya hərisliyin mənasız olduğunu anlamışdı. Bax, işıqlı dünyada belə ibrətamiz vaqiələr də olur.
Kayanın böyük xeyirxahlıqları haqqındakı söz-söhbət ölkənin hər yerinə yayıldı, dənizlərdən o tərəfə çox uzaq məmləkətlərdə də ondan xəbər tutdular. Ona təriflər yağdırır və müqəddəs insan kimi böyük hörmət bəsləyirdilər. Bütün ətraf kəndlərin sahibləri bir yerə yığılıb məbədi təmizlədilər və məbədə baş rahib olmaq xahişiylə Kayana müraciət etdilər. Və Kayan da buna məmnuniyyətlə razılıq verdi. Deyilənə görə bu məbədin şöhrəti indi hər yana çatıb.

Sözlük

Səh. Knyaz Çu - qədim Çin knyazı Çu - Çjan-van (bizim eradan əvvəl 613-591-ci illər).
Səh. Van Xanya ana - "Böyük əmin-amanlıq illərinin geniş əlyazması (X əsr)" qədim Çin salnaməsindəki hekayələrdən birində qeyd edilir ki, orduya başçılıq etməyin anası sayılan Van Xanyanın gözəl at çapmağı, ustalıqla yaydan ox atmağı və bacarıqla ov etməyi vardı. Salnamədə qocalanda xəstə yatan Van Xanyanın dişi canavara döndüyü yazılır.
Səh. Öküz - budda mifologiyasında - baxışı kinli və acıqlı demon (iblis, şeytan)
Səh. Suylu imperator Yan - Yan-di, Suy sülaləsindən olan dövlət başçısı (605 - 617-ci illər) qəddarlığı, ədalətsizliyiylə məşhur olub.

TƏQVİM / ARXİV