adalet.az header logo
  • Bakı 23°C
  • USD 1.7

Dövlətə və xalqa sədaqətlə

5234 | 2016-10-01 01:01
"Azərbaycan Prezidenti kimi mən Azərbaycan prokurorluğuna inanıram, güvənirəm, arxalanıram".

Heydər Əliyev

1918-ci il may ayının 28-də ölkəmizdə milli hökumətin qurulmasından sonra öz idarəçilik sistemini yaradan Azərbaycan Xalq Cümhuriyyəti həmin ilin oktyabr ayında prokurorluq orqanlarını yaratdı. Müstəqil dövlətimizin memarı və qurucusu, ən yeni tariximizin yaradıcısı ulu öndər Heydər Əliyevin 1998-ci il 17 iyul tarixli sərəncamı ilə hər il oktyabrın 1-i Prokurorluq işçilərinin peşə bayramı günü kimi qeyd edilir. Ölkəmizin müstəqilliyinin qazanılmasında, qorunmasında və möhkəmlənməsində onların da əməyi çox böyük olub.
Azərbaycan Respublikasının prokurorluq orqanları hər il oktyabrın 1-də peşə bayramlarını həmişə alnıaçıq, başıuca qarşılayır, bu xoş günü həmişə təntənə ilə qeyd edirlər. Həmin gün Baş Prokurorluğun, həmçinin Pespublika Hərbi Prokurorluğunun nümayəndələri ulu öndərimizin uyuduğu Fəxri Xiyabana gələrək xalqımızın ümummilli lideri Heydər Əliyevin məzarı önünə əklil və gül dəstələri qoyaraq xatirəsini hörmətlə anırlar. Görkəmli oftolmoloq alim, akademik Zərifə xanım Əliyevanın da məzarı üzərinə gül dəstələri düzürlər.
Daha sonra Şəhidlər Xiyabanına gedərək torpaqlarımızın azadlığı və müstəqilliyi uğrunda şəhid olmuş oğul və qızlarımızın məzarlarını ziyarət edir, xatirələrini hörmətlə anır, "Əbədi məşəl"in önünə əklil qoyurlar.
1992-1993-cü ilin ortalarına qədər hakimiyyətdə olanların, respublikaya rəhbərlik edənlərin səriştəsizliyi ucbatından ölkəmizdə gərgin vəziyyət yaranmışdı. Dövlətçiliyimiz təhlükə altına düşmüşdü. Bu ağır günlərdə xalq özünə xilas yolları axtarırdı. O vaxtlar hakimiyyətə elə bir şəxs gətirmək lazım idi ki, xalqı düşdüyü bu ağır vəziyyətdən xilas etmək bacarığı və qabiliyyəti olsun. Bu çətin günlərdə xalq bütün ümidlərini böyük dövlətçilik təcrübəsi olan, nadir şəxsiyyət Heydər Əliyevə dikmişdi. Ölkənin belə çətin günlərində xalq ölkəyə rəhbərlik etmək üçün Heydər Əliyevə üz tutub onu rəhbərliyə dəvət etdi. Ümummilli liderimiz Heydər Əliyev xalqın təkidli tələbi ilə ikinci dəfə hakimiyyətə qayıtdıqdan sonra qısa zaman ərzində ölkəmizin başının üstünü almış təhlükə sovuşdu, müstəqilliyimiz daha da möhkəmləndi. Bütün sahələrdə uğurlu islahatlar həyata keçirildi.
1993-cü ildən başlayaraq prokurorluq orqanlarının təkmilləşdirilməsi istiqamətində də uğurlu islahatlar həyata keçirilməyə başlandı. Az müddətdən sonra inamla aparılan islahatlar müsbət nəticə verdi. Prokurorluq işçiləri də yaxşı işi, əməli və səmərəli fəaliyyəti ilə cəmiyyətdə öz layiqli yerlərini tutmağa nail oldular, dövlətçiliyimizin əsas sütunlarından hesab edilən mühüm dövlət təsisatlarından birinə çevrildilər. Müstəqillik dövrünün ilk günlərindən başlayaraq prokurorluq orqanları ulu öndər Heydər Əliyevin dövlətçiliyimizi daha da möhkəmləndirmək istiqamətində apardığı siyasəti uğurla reallaşdırdı. Hüquqi dövlət quruculuğu prosesində yaxından iştirak etdi.
Ümummilli liderimiz Heydər Əliyev həmişə prokurorluq işçilərinin əməyinə yüksək qiymət verirdi. Prokurorluq orqanlarının yaradılmasının 80 illik yubileyinə həsr olunmuş 28 noyabr 1998-ci ildə keçirilən tədbirdə ulu öndər dərin məzmunlu, proqram xarakterli çıxışında prokurorluq işçilərinə dəyərli tövsiyələr verərək demişdir: "Prokurorluq peşəsi ağır, çətin peşədir. Amma eyni zamanda çox şərəfli, hörmətli peşədir. Mən arzu edirəm ki, siz bu peşəni şərəflə daşıyasınız".
Ulu öndər Heydər Əliyevin ideyalarını dövlətçilik siyasətinin təməl daşı kimi qəbul edən və möhtəşəm əməli fəaliyyətini həmin ideyaların reallaşmasına istiqamətləndirən möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən 2003-cü ildən başlayaraq cinayətkarlığa və kriminal xarakterli bütün mənfi təzahürlərə, korrupsiyaya qarşı mübarizənin yeni müstəviyə qaldırılması bu sahədə işin təşkilinə məsul olan hüquq-mühafizə, xüsusi xidmət, ədliyyə və məhkəmə orqanları, o cümlədən prokurorluğun fəaliyyətini sivil məzmunda formalaşdırılması üçün məqsədyönlü addımlar atıldı. Həyata keçirilən islahatlar bu gün də uğurla davam etdirilir.
Möhtərəm prezidentimiz İlham Əliyev də hüquqi dövlət quruculuğu prosesində prokurorluq orqanlarının fəaliyyətini yüksək qiymətləndirərək demişdir: "Prokurorlar demokratik cəmiyyətdə prokurorluğa xas olan xüsusiyyətləri yerinə yetirərkən cəmiyyətimizin və dövlətimizin qorunmasında prinsipiallıq və peşəkarlıq nümayiş etdirir, cinayətkarlıqla mübarizədə, qanunçuluğun təmin olunmasında, bütövlükdə hüquq sisteminin inkişafında əhəmiyyətli rol oynayırlar".
Azərbaycan Respublikası hərbi prokurorluğunun əməkdaşları da ölkəmizdə hüquqi dövlətin daha da möhkəmləndirilməsi üçün yorulmaq bilmədən daim iş aparırlar. Tez-tez hərbi hissələrdə olur, hərbçilərlə görüşlər keçirir, onlara lazımi hüquqi məsləhətlər verirlər. Əsas diqqət qanunçuluğun daha da möhkəmlənməsinə yönəldilir. Aparılan səmərəli təbliğat və təşfiqat işlərinin nəticəsidir ki, bu gün hərbi hissə və birləşmələrdə nizam-intizam ürəkaçandır. Son illər cinayətkarlığın, qanundankənar əməllərin sayı xeyli azalıb. Günü-gündən ordumuzun gücü-qüdrəti artır. Bu gün tam inamla demək olar ki, zabit və əsgərlərimizin döyüş hazırlığı yüksək səviyyədədir. Bunu aprel döyüşlərində düşmən üzərində qazandığımız uğurlar bir daha təsdiq etdi.
Azərbaycan Respublikası Prokurorluğunun kollektivi həmişə olduğu kimi bundan sonra da dövlət başçısı, möhtərəm Prezidentimiz İlham Əliyevin rəhbər göstərişlərindən irəli gələn vəzifələrin yerinə yetirilməsi istiqamətində fəal iş aparacaq. Ölkəmizdə huquqi dövlətin qorunub saxlanılmasına və daha da möhkəmlənməsinə öz dəyərli töhfələrini verəcəklər. Həmişəki kimi prokurorluq orqanları oktyabr ayının 1-də peşə bayramlarının 98-ci ildönümünü təntənə ilə qeyd edəcəklər.
Əminliklə söyləmək olar ki, Azərbaycan Prokurorluğu bundan sonra da ölkəmizdə qanunçuluğun təmin edilməsi, cinayətkarlığa qarşı mübarizə, qanunçuluq və hüquq qaydalarının möhkəmləndirilməsi, vətəndaşların hüquq və azadlıqlarının etibarlı surətdə müdafiə olunması işinə hüquqi töhfəsini verəcəklər.

Əli İmanov,
Ədliyyə leytenantı,
Füzuli hərbi prokurorluğunun müstəntiqi

TƏQVİM / ARXİV