adalet.az header logo
  • Bakı 12°C
  • USD 1.7

Gələcəyə inamlı addımlarla

6482 | 2016-10-01 00:46

Bu gün Vətən biz gənclərdən çox şey gözləyir. Ana kimi qucaq açıb bizə qol-qanad verən, qayğısız böyüdüb boya-başa çatdıran doğma Azərbaycanı sevməyi, onun adını daim uca tutmağı bacarmalıyıq. Bunun üçün ən vacib şərtlərdən biri yaxşı oxumağımız, biliklərə dərindən yiyələnməyimiz, müəllim və valideyn etimadını qazanmağımızdır.
Təhsil aldığım Azərbaycan Dövlət İqtisad Universitetində tələbələrin bilik səviyyəsinin və elmi axtarışlarının yaxşı nəticələr verməsi üçün hər cür şərait yaradılmışdır. 2015-ci ilin sentyabrında universitet elmi şurasının qərarı ilə yaradılmış "İqtisadçı tələbələrin elmi fəaliyyətinə yardım" ictimai birliyi az vaxt ərzində tələbələrin iqtisadi biliklərinin artırılmasna və onların elmi araşdırmalar aparmalarına lazımi şərait yaratmışdır. Birliyin təşəbbüsü və təşkilatçılığı ilə yüzlərlə təlim və seminar keçirilmiş, irəli sürülən layihələrin reallaşması və həyata vəsiqə alması üçün lazımi tədbirlər görülmüşdür.
Gənc iqtisadçıların maarifləndirilməsi daim diqqət mərkəzindədir. Bununla da tələbələr ictimai işlərdə təcrübə qazanır, əməkdaşlığa, təcrübə mübadiləsinə yiyələnirlər. Birlik daxilindəki 8 departament, 5 mərkəz və 4 klubun fəaliyyətini günün tələbləri səviyyəsində qurmaq üçün təşkilatın elan etdiyi vakansiyalara əsasən tələbələr seçilir və müvafiq vəzifələri icra edirlər. Bununla da onlar gələcək karyeralarını qurmaq yolunda ilk addımlarını atmış olurlar.
Birliyin qazandığı uğurlar çoxdur. Artıq bir neçə layihə müvəffəqiyyətlə başa çatdırılmışdır. Onlardan biri "Gənc bankir məktəbi"dir.
Bu layihənin reallaşmasında 80 nəfər tələbə iştirak etmişdir. İştirakçılar inkişaf etmiş ölkələrin bank sistemini araşdırmış və qalib komanda "Əmrahbank"da təcrübə proqramı əldə etmişdir. Eyni zamanda altı universitetin iştirak etdiyi "Dostluq kuboku", UNEC liqa intellektual çempionatlarını, Xəmsə turnirini yüksək səviyyədə təşkil etmişdir. Bütün bunlarla bərabər birliyin sədri Hidayət Kərimovun rəhbərliyi və təşkilatçılığı ilə "İqtisadçı ekspert", "Linqio ğladius", "HR sehool" layihələri də uğurla başa çatdırılmışdır.
Görüləsi işlərimiz isə çoxdur. Birlik üzvləri bundan sonra da elmin və təhsilin inkişafına öz töhfələrini verəcək, gənclər siyasəti sahəsində dövlət tərəfindən həyata keçirilən tədbirlərdə fəal iştirak edəcək, ölkəmizdə və xaricdə fəaliyyət göstərən qeyri-hökumət təşkilatları ilə, regional və beynəlxalq qurumlarla sıx əlaqələr yaradacaq, onlarla birlikdə müxtlif layihələri həyata keçirəcəklər. İqtisadçı tələbələrin yaradıcılığının inkişafı, əməkdaşlığı və təcrübə mübadiləsi daim diqqət mərkəzində saxlanacaq, bu yolda daha inamlı addımlar atılacaqdır.


Samir Polad,
Birliyin əsas korpus və
beynəlxalq iqtisadiyyat
məktəbinin rəhbəri

TƏQVİM / ARXİV