adalet.az header logo
  • Bakı 8°C
  • USD 1.7

Tarixə yolçuluq...

4720 | 2016-10-01 00:44
(əvvəli ötən şənbə
saylarımızda)

Səhrada seminar... bayram tonqalları

Geniş tərkibli ilk ekspedisiyamız başa çatandan sonra Bayan-Aqt qəsəbəsinin bələdiyyəsi və ətrafda yaşayan yerli əhalinin iştirakı ilə "Böyük Çölün köçəriləri: tarixi və mədəni oxşarlıqlar" adlı səhra seminarı keçirildi. Səhra seminarında Beynəlxalq Türk Akademiyasının prezidenti Darhan Kıdıralı köçəri xalqlarının oxşar həyatından danışaraq, bu yerlərdə xaqanlıq, xanlıq etmiş Çingiz xanın irsi haqqında geniş və yeni açıqlamalar verərək, Çingiz xanın oğuz nəslindən olduğunu, onun şəcərəsindəki ardıcıllıqlarda türk və qazax adlarının olmasını isbat etdi. Və çıxışın sonunda, Bayan Aqt Bulqan aymakının akimi Erdene Bildeqtə Sviit Ulan-Kutluq xaqan məbədini ona etibar etdiklərini dedi. Ərazidə aparılan arxeoloji qazıntıların baş tutmasında yaxından köməyinə görə, Beynəlxalq Türk Akademiyasının 15-ci Qızıl medalını, Erdene Biqdeqtə təqdim etdi. Öz növbəsində Bayan Aqt Bulqan aymakının akimi Erdene Bildeqt video çarxla gələcəkdə məbədin hansı özəlliklərə məxsus olacağını açıqladı. Və dedi ki, gələn il burada məbəddən və ətraf ərazilərdən tapılan arxeoloji eksponatların muzeyini quracaqlar. Türk Akademiyası ilə birlikdə qurduqları yeni əməkdaşlıq nəticəsində, doğma torpaqlarında gələcəkdə saysız-hesabsız turistləri qarşılayacaqlarından məmnun olduqlarını söylədi.
Seminar bitdikdən sonra, qonaqalar məbədin aşağısında qurban kəsib, Tanrıya dualar etdilər. Bayan Aqt mahalının sakinləri isə bizi öz bəzəkli çadırlarında açdıqları süfrəyə dəvət etdilər. Toy-bayram libaslarında qonaq qarşılayan ev sahibləri bildirdilər ki, bişirilən qoyunu müsəlman qaydalarına uyğun olaraq qazax əsilli kişiyə kəsdiriblər. Bu geniş qəlbli insanların geniş süfrələrindən pay aldıq, bizim üçün piyalələrə süzülən kumısdan da, araq dadı verən ağ sudan da doyunca içdik. Qeyd edim ki, bayram mərasiminə gələn ev sahibləri evdəki 2 aylıq uşaqlarından tutmuş, bütün ailə üzvləri ilə başımıza toplaşmışdılar. Sonra isə qonaqlar üçün bayram konserti çalındı. Onların ifa etdikləri monqol rəqsləri və mahnıları da qonaqların marağına səbəb oldu. Və bu gecənin sonunda yol üstündə qalanan tonqalın ətrafında hamı rəqs etdi. Yerli camaat çox sevinirdi. Bizdən ayrılanda uşaqdan böyüyə hamısı bir-bir gəlib, bütün qonaqlara ehtiram göstərərək "Yaxşı yol" arzuladılar. Biz də onu bildik ki, bu yerlərə çox az hallarda qonaq gəlir. Gələn qonağa isə insanlar çox sevinirlər. Qonaq qarşılamaq onlar üçün əsil bayram əhval-ruhiyyəsidir. Yuxarıda qeyd etdiyim ki, bir-birindən ən azı 500 metr məsafədə aralı yaşayan bu insanlar, hamısı bir yerə toplaşmağa məqam axtarırlar. Bələdçimiz dedi ki, burada xəbərlər sanki simsiz teleqraf vasitəsiylə yayılır. Bir saat ərzində, atlar və çaparlar vasitəsiylə bu ucu-bucağı görünməyən çöllükdə baş verən bütün hadisələrdən xəbər tuturlar. Belə bir əlaqə isə hər zaman köçərilərin həyat tərzi olub.
30-dan artıq ekspedisiya üzvü ilə birlikdə xoş əhval-ruhiyyəylə yenə hər kəs öz çadırına qayıdır. Mən də Xədicə xanım ilə qədim türk tariximizin sirli məqamlarına ekskurs edir, monqolların bir köçəri xalq kimi bu günə qədər öz adət-ənənlərini necə qayğı ilə saxlamalarına heyranlığımızdan danışırıq. Gecənin ulduzlarla dolu işıq selində, Ay parlaqlığında çölə çıxıb bir az da ətrafdakı düzənləri, dağları seyr edirik. Hardansa axan çayın səsi elə bil ki, gecəyə layla çalır... Gecənin belə səssiz gözəlliyin seyr edəndən sonra, çadıra girib, odunu yanıb qurtaran sobaya yenə də odun atırıq. Və çırtaçırtla yanan ocaq qəlbimizi və içərisində tərtəmiz hava olan çadırımızı daha da isidir.

Öge Noour-Ana Göl

... Gultəkin və Bilgə xaqandan qalan daş məktubları oxumaq üçün yola çıxırıq. Gəldiyimiz yolları geri qayıtmırıq. İrəliyə gedirik. Yol insanı yolda qoymazmış. Təki amalın, məqsədin, arzun saf olsun. Bir xeyli gedəndən sonra böyük bir gölün yanında dayanırıq. Deyirlər ki, bu gölün adı Öge Noourdur. Türkcəyə tərcümə ediləndə "Ana göl" kimi səslənir. Ana gölün ətrafında yenə də su içən atlar, çimən, dincələn insanlar var. Tək-tək yerlərdə kafe tipli köşklərin də olduğu gözə çarpır. Dövrümüzün Kultəkini adlandırdığımız Darhan Kıdıralı bizə yaxınlaşır. Üzündə elə bil ki, günəş yanır. Qəlbinin işığı bizi də işıqlandırır. Gözləri gülə-gülə deyir: "Bu göldə Kulteginin 10 min atı suvarılırdı. Bu yerlərin hakimi o xaqan idi. "... Zaman -zaman etdiyimiz söhbətlərimizdən də bilirəm ki, Darhan bəy böyük türk birliyinin yaranması, qədim türk tarixini dünyaya tanınması üçün oxumadığı əsər, baş vurmadığı dərinlik qalmayıb. O bu abidələr, bu qazıntılar barədə danışanda hiss edirsən ki, danışan cismi deyil ruhudur. Mən dəfələrlə hiss etmişəm ki, Darhan Kıdıralı Göy Tanrıya ən yaxın bəndədir. Kulteginin Ana nohuruna salam verib, yenə yolumuza düzəlirik.

Kultegin nə yazdı? Tanrı nə yazdı?

Kultegin kompleksində bizi yenə monqol nümayəndələri böyük səxavət və qonaqpərvərliklə qarşılayırlar. Hətta açdıqları monqol süfrəsinə böyük tabaqlarda gətirdikləri qoyun ətindən hazırlanan yemək haqqında da məlumat verirlər. Məlum olur ki, bu qoyunu da qazax kəsib, daha sonra böyük qazanın içərisinə çay daşlarını düzərək, doğranmış ətləri onun üzərinə yığılıb, soğan, ədviyyat vurandan sonra, 4-5 saat ərzində ocaqda bişirib. Tərifini eşitdiyimiz yeməyi yedik, elə deyilincə var imiş. Dadlı yeməkdən sonra dəvə südündən hazırlanmış kumısa qonaq etdilər.
...Muzeyi seyr edirik. Muzeydə iki böyük daş kitabədən əlavə həm də eyni dövrün yəni 624-735-ci illəri əks edən zamanlardan və sonrakı əsrlərdə tapılan muzey eksponatları, başsız bədənlər, bədənsiz başlar, heyvan heykəlləri, daş ovdanlar, zinət və bəzək əşyaları və bir də ki, Bilgə xaqanın qızıldan baş tacı var. Bu baş tacı 2001-ci ildə aparılan arxeoloji qazıntılar zamanı tapılıb. Muzeyin bələdçisi xanım əfəndi, bizə məlumat verərək deyir ki, Kultegin və Bilgə xaqan və Kapağan Kutluq xaqanın oğulları olublar. Bu daş kitabələr isə Tonyukuk kitabəsindən 360 mm uzaq məsafədə tapılsa da eynı əsrə təsadüf edir. Fərq ondadır ki, Bilgə xaqan və Kulteginin yazıları Orhon çayı sahillərində tapılıb. Yazılarda türk dili, tarixi, ədəbiyyatı, sənəti, nəsli, şəcərəsi haqqında mühüm bilgilər var. Tonyukuk yazıları 716-cı ildə, Kultegin yazıları 732-ci, Bilgə xaqanın yazıları isə 735-ci ildə bu daşlara həkk olunub. Kulteginin daş kitabəsi tapılan yerdən düzülən 272 ədəd bal-bal daşlarının ərazisi 3 kilometr uzanır. Yazılardan da məlumdur ki, xaqan Kultegin 47 yaşında ölüb. Onun dünyadan köçməsini daşa belə yazıblar: "Tanrıya uçdu". Bu da onu deməyə əsas verir ki, o gözəl əməllər sahibi olduğundan , ruhu indi də Tanrı dərgahındadır. Muzey kompleksdə onu da öyrənirik ki, ilk dəfə bu abidələri 1889-cu ildə rus tarixçisi Nikolay Mixayloviç Yadrintsev Monqolustanın Şimalında Orhon çayı sahillərində aşkar edib. Runi yazıların oxunmasında isə fin və rus alimləri böyük səy göstəriblər. Aksel Olay Geykel və Vasili Vasileviç Radlov bu yazıları ilk dəfə oxumağa başlayan alimlərdir. Danimarkalı alim Vilhelm Tomsen isə bu yazıların içərisində ilk dəfə 1893-cü ilin dekabr ayının əvvəllərində "türk" sözünü oxuyandan sonra, kitab öz sirlərini açıb. Və bu haqda Kral akademiyasına xəbər göndərib. Sonradan tədqiqatçılar bu daşlar üzərində olan hər bir nöqtənin mənasını da öyrənməyə başladılar. Kultegin yazısı yazılan daş lövhənin hündürlüyü 3,35 metrdir. Daşın arxa tərəfində yazılar çin əlifbası ilə həkk olunub. Daşın aşağı hissəsinin eni 132, yuxarıya doğru isə daralaraq 122 santimetrə bərabər olur. Yan tərəflərindəki bu ölçü 44-46 sm arasındadır. O da məlumdur ki, Kultegin 732-ci ildə vəfat edəndən sonra, qardaşı Bilgə xaqan onun haqqında yazıları daşa həkk etdirib:
"Öyle kazanılmış, düzene sokulmuş ilimiz, töremiz vardı. Türk, Oğuz beyleri, milleti, işitin: Üstte gök basmasa, altta yer delinmese, Türk milleti, ilini töreni kim boza bilecekti? Türk milleti, vazgeç, pişman ol!... Babamızın, amcamızın kazanmış olduğu milletin adı sanı yok olmasın diye, Türk milleti için gece uyumadım, gündüz oturmadım. Küçük kardeşim Kül Tigin ile, iki şad ile öle yite kazandım. Öyle kazanıp bütün milleti ateş, su kılmadım. Ben kendim kağan oturduğumda, her yere gitmiş olan millet öle yite, yaya olarak çıplak olarak dönüp geldi. Milleti besleyeyim diye, kuzeyde Oğuz kavmine doğru, doğuda Kıtay, Tatabı kavmine doğru, güneyde Çine doğru on iki defa büyük ordu sevk ettim, g savaştım. Ondan sonra, Tanrı bağışlasın, devletim var olduğu için, kısmetim var olduğu için, ölecek milleti diriltip besledim..."
Bu məktubların hər biri türk xalqının konstitusiyasıdır, desək, yanılmarıq. Bilgə xaqanın məktubu isə 735-ci ildə oğlu Tenri xaqan tərəfindən yazılıb. Yazılarda dövlətin necə qurulub başa gəlməsi haqqında bilgilər yer alıb. Bu daş məktub 375 sm-lik lövhədə həkk olunub. Burada türk oğluna ibrətamiz məsləhətlər də yer alıb: "...Dokuz Oğuz beyleri, milleti! Bu sözümü iyice işit, adamakıllı dinle: Doğuda gün doğusuna, güneyde gün ortasına, batıda gün batısına, kuzeyde gece ortasına kadar, onun içindeki millet hep bana t?bidir. Bunca milleti hep düzene soktum. O şimdi kötü değildir. Türk kağanı Ötüken ormanında otursa ilde sıkıntı yoktur...". 6-cı əsrdə yazılan, və o böyük xaqanların Tanrıdan istəkləri nəticəsində gəlib bu günümüzə qədər çatan məktubların qorunmasında da bir sirr var. Tanrıya qovuşan həmin böyük ruhlar, bilirdilər gələcəkdə türk dünyası viran olub, talan olub, dağıla bilər. Və bir gün kimsə bu məktubları oxuyub, bu yazılara əməl edib, eli yenə də bir yerə yığa, toplaya bilər. Gün o gün olsun ki, Göy Tanrını da, o uca ruhları da sevindirək!

TƏQVİM / ARXİV