HARDASAN, ŞAMXAL RÜSTƏM?

FAİQ QİSMƏTOĞLU
87529 | 2016-10-01 00:33
...Tələbəlik illərində çox istedadlı, savadlı və dünyagörüşlü dostlarımız olub. Daha doğrusu, biz onlara əlçatmaz zirvə kimi baxardıq. Çünki onların əksəriyyəti o dövrdə məşhur yazarlar idi: Nüsrət Kəsəmənli, Siyavuş Sərxanlı, Telli Pənahqızı, Gülşən Əkbərova, Şamxal Rüstəm, Adil Cəmil, Hidayət Elvüsal, Vaqif Bəhmənli...
Çox gözəl, çox da qeyri-adi yazılar qələmə alırdı onlar. Hətta tələbəlik illərində adlarını çəkdiyim şairlərin və yazıçıların çox şeirləri dillər əzbəri idi. Bunu tək Azərbaycan Dövlət Universitetinin jurnalistika fakültəsinin tələbələri deyil, eləcə də filologiya fakültəsində oxuyan gənclər də o şeirləri əzbər bilirdilər. Şeirin qeyri-adi duyğusu, poetik duyumu bizim sanki ürəyimizin, qəlbimizin sahillərinə öz ünvanını yazırdı. Bir çox tələbə dostlarımız qızları "bişirmək" üçün ya Nüsrətin, ya Şamxalın, ya Adilin, ya da Vaqifin şeirlərindən istifadə eləyirdilər...
Şamxal Rüstəmsə tamamilə başqa dünyanın, başqa bir aləmin adamı idi. Nə qədər istedadlı idisə, bir o qədər də sadə, səmimi və ürəyi açıq yazar olub. Şamxal əslən Şəmkirdən olduğuna görə, dostlarının çoxu onun başına yığışardı. Çünki Şəmkirdən gətirdiyi konyakı, çaxırı heç vaxt tək içməzdi. Onun ətrafında ən çox Baba Vəziroğlu, Loğman Rəşidzadə və Rəhman Salmanlı olardı. Təbii ki, onları da bir-birinə yaxınlaşdıran, doğmalaşdıran şeirə, poeziyaya olan əbədi bir sevgi idi. Bu sevgi o qədər müqəddəs, o qədər təmiz idi ki, çoxları Şamxal Rüstəmdən pay almaq istəyirdi.
Onun çox gözəl şeirləri olub. Bir-birindən fərqli, bir-birindən qeyri-adi qələmə alınan bu şeirlər gəncliyin iç dünyasını, məhəbbətini, bütün çılğınlığını əks elətdirib. Tələbəlik illərində Azərbaycan televiziyasında ayda iki dəfə bir veriliş efirə çıxırdı. Səhv eləmirəmsə o verilişi də "Gənclik" redaksiyası hazırlayırdı. Verilişin redaktoru Rəşid Şərafəddinov idi. Amma ssenarini Şamxal Rüstəm qələmə alırdı. Verilişin biri də onun "Tələbəyəm" şeirinə həsr edilmişdi. "Birimiz və hamımız" verilişini əməkdar artist, rəhmətlik Azər Mirzəyev aparardı. Həmin veriliş bizim gənclik dövrünün ən yadda qalan, ən unikal verilişlərindən olub. Ən azından ona görə ki, həmin televiziya verilişində biz öz düşüncəmizi, həyat tərzimizi və mübarizəmizi tapırdıq. Və ən nəhayət, bu cür verilişlər biz gəncləri vətənpərvərlik ruhunda tərbiyə eləyirdi.
Bir müddətdən sonra Şamxal Rüstəm radionun "Gənclik" redaksiyasında redaktor vəzifəsinə keçdi. Həmin redaksiyanın böyük redaktoru, istedadlı şair-publisist Dəmir Gədəbəyliydi. Ümumiyyətlə, Dəmir müəllim nə qədər istedadlıydısa, bir o qədər də jurnalistika fakültəsinin tələbələrinə sevgi və qayğıyla yanaşardı. Bunu Şamxal Rüstəm də yaxşı bilirdi. Biz də tez-tez həmin redaksiyaya gedər və maraqlı süjetlər hazırlayardıq. Dostum Rəhman Salmanlıyla bu redaksiyayla tez-tez əlaqə yaradardıq. Bir neçə süjetim efirdə səslənəndən sonra mənə 60 manat məbləğində qonorar gəlmişdi. Həmin verilişin də redaktoru Şamxal Rüstəm idi. Görünür, tələbə olmağımızı nəzərə alıb bizə daha çox qonorar yazmışdı.
Mən də Şamxal Rüstəmin xəcalətindən çıxmaq üçün ona bir qonaqlıq vermək istəyirdim. Elə oldu ki, onunla Kommunist küçəsində, universitetin köhnə binasının yanında təsadüfən rastlaşdıq. Dedim düşək aşağıdakı "podvala" bir tikə çörək kəsək. O da mənimlə "podvala" düşdü. "Podvalda" şəkililər - Aydın və dostu Əli yaxşı sosiska, solderka bişirərdilər. Aydın yeməyi qoymamışdan qabaq boşqabı və yumurtanı əlində atıb-tutur, sonra da səliqəylə yumurtanı, sosiskanı qaba qoyardı. Onların bişirdiyi sosiskanın dadı indi də damağımızdan getməyib. Adam məəttəl qalır ki, bəs indi niyə bu cür sosiskalar yoxdur? Əlqərəz, çörək yedik, Şamxal yüz qram da araq vurdu. Amma bir göz qırpımında gördüm ki, məndən qabaq yeməyin hesabını ödəyib. Dedim ay qardaş, axı mən sənin yanında xəcalətliyəm, bu qədər də qonorar almışam. Qoyaydın "şotu" mən verəydim. Şamxalsa güldü və dedi:
- Sən tələbə adamsan. Vaxt gələr, işləyərsən, pul qazanarsan, onda da sən yeməyin pulunu verərsən. Hələ ki, biz işləyirik, imkanımız da pis deyil. Nə vaxta qədər ki, mən ordayam, Rəhmanla sən kef elə. Pulunuz da olmayanda mənə deməsəniz kişi deyilsiniz.
Bax, Şamxal Rüstəm belə sadə, səmimi və təvazökar şairdi. Şamxalın çox gözəl şeirləri var. Onlardan da biri belə adlanır: "Belə qəmli dayanma". Bilmirəm, Şamxal bu şeiri nə vaxt və necə yazıb. Ancaq bir onu bilirəm ki, ötən əsrin 70-ci illərində yazılan bu şeir o vaxt mahnıya da çevrildi və bu gün də tez-tez efirlərdə səslənir. Rəhmətlik Məhəbbət Kazımovun ifasında bu mahnı elə səslənib ki, unikal bir hadisəyə çevrilib.
Şamxal istedadlı şairdi, istedadlı publisistdi və istedadlı jurnalistdi. Həm də mən deyərdim ki, çox sədaqətli bir dostdur. O kiminləsə bir tikə çörək kəsibsə, onu ömrünün sonuna qədər yaddan çıxarmır. Amma məni yandıran odur ki, Şamxal kimi istedadlı, səmimi adamları onun imkanlı dostları bu gün yaddan çıxarıblar. Vaxtilə hər gün Şamxalla görüşən, onun çörəyini yeyən, suyunu içən və hətta gecələr onun evində qalan bəzi dostlar niyə belə edir hələ də anlaya bilmirəm. Qılıncının dalı, qabağı kəsən bu adam indi Şamxalı bir dəfə axtarmır və ona heç telefon da açmır. Bunu mənə nə Şamxal deyib, nə də başqası. Heç mən Şamxal Rüstəmi hardasa 3-4 ildir görmürəm. Ötən əsrin 70-ci illərində onun şanına-şöhrətinə görə yaxınlaşan və bu gün şöhrət tapan bir şairin dostunu axtarmamasına ancaq təəssüf edirəm. Heç bəlkə buna Şamxal Rüstəmin o qədər ehtiyacı da yoxdur. Amma söhbət diqqətdən və qayğıdan gedir. Yadıma bir Azərbaycan filmi düşür və orda bir obrazı xatırlayıram. Həmin obrazı ifa edən aktyor deyir ki, "mənim özümün də pulum var, istədiyim qədər sosiska ala bilərəm. Mən də istəyirəm ki, sən mənə vinimatelni olasan. Söhbət sosiskadan yox, vinimatelni olmaqdan gedir". Hər bir insan qarşısındakına diqqətli olanda o birisi də bundan ləzzət alır və heç vaxt bu yaxşılığı yaddan çıxarmır.
Bu gün ədəbi tənqid də Şamxal kimi istedadlı bir şairi yaddan çıxarıb. Ədəbi tənqid dönüb olub ədəbi tərif. Kim kiminlə dostluq eləyirsə, onun tərifini qaldırır göyün yeddinci qatına. Guya bundan gözəl yazar yoxdur. Təriflənən yazarın isə bir şeirinə baxırsan, bir yazısına göz gəzdirirsən, görürsən ki, söz yığınıdı. Heç bir məna, fikir və poetik duyum yoxdur.
Günlərin bir günündə axşam üstü dostum Rəhman Salmanlıyla Şamxal Rüstəmgilə getmişdik. Şamxalla Binanın qarşısında görüşdük. Həmin evdə kirayənişin qalırdı. Dedi ki, gəlin oturun taksiyə, gedək "Qarabağ" mehmanxanasına, orda sizə bir qonaqlıq verim.
Biz taksiyə əyləşdik və "Qarabağ" mehmanxanasının 1-ci mərtəbəsinə keçib restorandakı boş yerlərdə əyləşdik. Şamxal xidmətçini çağırdı və dedi ki, nəyiniz var gətirin tökün stolun üstünə. Bir göz qırpımında xidmətçilər soyuq qəlyanaltıdan tutmuş digər ləziz yeməklərə qədər stolun üstünə düzdülər. O ki, var yeyib-içdik və axırda da Şamxal Rüstəm hesabı ödəyib bizi də taksiyə mindirərək evə yola saldı. Maşının pəncərəsini açıb dedi ki, sizin kimi dostları belə görəndə mənə ləzzət eləyir. Bilin ki, sizin mənim kimi qardaşınız var.
... Özüm də bilmirəm bu yazı hardan ağlıma gəldi. Amma bir onu bilirəm ki, Şamxal Rüstəm kimi istedadlı bir şairdən bu cızma-qaranı yazmaqla elə bil çiynimdən ağır bir yük götürüldü. Və düşünürəm ki, bu gün çoxlarının və o cümlədən bizim Şamxal Rüstəmi unutmağa haqqımız yoxdur. Çünki onun bizim kimi dostların boynunda çox zəhməti və əməyi var. Ən azından o məşhur olanda indi nəğməkar şair adı qazanan bir çox şairləri heç kim tanımırdı. Onlar isə Şamxalın kölgəsində fırlanırdılar. Təki Şamxalın kölgəsi qalın olsun və onun da ətrafında kimlərsə fırlansın...

TƏQVİM / ARXİV