adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7

BÜTÜN ZAMANLARIN MÜASİRİ

6021 | 2016-10-01 00:20
Azərbaycan xalqının XX əsrdə yetişdirdiyi qüdrətli sənətkarlardan biri görkəmli nasir, ünlü dramaturq, publisist, sənət nəzəriyyəçisi və teatr xadimi xalq yazıçısı İlyas Əfəndiyevdir.
O, minillik Azərbaycan bədii mədəniyyətinin, türk-müsəlman təfəkkürünün ən yaxşı ənənələrini yeni epoxada davam etdirərək mənəviyyatımızın zirvəsinə yüksəldi. İlyas Əfəndiyev ədəbiyyatımızda - nəsrdə və dramaturgiyada lirik-psixoloji üslubun banisi, öz rejissor və aktyor məktəbi olan "İlyas Əfəndiyev teatrı"nın yaradıcısı kimi əbədi şöhrət qazandı. Yazıçı ədəbiyyata gəldiyi ilk illərdən dramaturgiyaya meyil etmiş, ömrünün sonuna qədər teatr və səhnədən ayrıla bilməmişdir. Bütövlükdə sənətkarın bədii yaradıcılığı xalq təfəkkürünün zəngin xəzinəsi üstündə yaranmışdır. Dramaturqun bədii nəsri-hekayə, povest və romanları, tarixi və müasir mövzulu dramları bədii dili, yüksək şeiriyyəti, poetikası, dərin psixologiyası, ideya-məzmununun milliliyi-bəşəriliyi ilə diqqəti cəlb edir. Ədibin müxtəlif janrlı əsərlərində qaldırdığı sosial-psixoloji, mənəvi-əxlaqi mövzular və problemlər indiki dövrdə də müasirdir, düşündürücüdür. İlyas Əfəndiyev elə bir şəxsiyyət və elə bir yaradıcı sənətkardır ki, o, istedadının gücü ilə mədəniyyətimizin müxtəlif sahələrinə nüfuz edə bilmişdir. Onun yaradıcılığında müasirlik geniş fəlsəfi məna daşıyır. Müasirlik öncə onun əsərlərinin ideya-məzmununda, yaratdığı obrazların dünyagörüşündə, mənəvi-əxlaqi aləmində özünü göstərir. "Dağlar arxasında üç dost", "Söyüdlü arx", "Körpüsalanlar", "Üçatılan", "Geriyə baxma, qoca", "Sarıköynəklə Valehin nağılı" kimi romanlardakı Sarıköynək, Sərvinaz, Səkinə, Səriyyə, Yaqut, Qızyetər və s. qadın obrazları İlyas Əfəndiyevin çoxsaylı obrazlar qalereyasında xüsusi yer tutur. Saf, ülvi məhəbbətlə sevən, sevgisi yolunda həyatın çətinliklərinə, iztirab və psixoloji sarsıntılara sinə gərən bu qadın obrazlarının xarakter bütövlüyü, mənəvi saflığı, əxlaqi kamilliyi milli-mənəvi dəyərlərlə bağlıdır. İnsan mənəviyyatını hər şeydən üstün tutan, insan qəlbinin iztirablarını səmimiyyətlə qələmə alan yazıçının bədii əsərlərində qəhrəmanların ən çox daxili aləmləri, dəruni hiss və duyğuları, kədər və sevincləri yüksək bədiiliklə təsvir edilir. Dünya ədəbiyyatının ən gözəl ənənələrinə dayaqlanan, milli ənənələrə, folklora, klassik irsə möhkəm bağlı olan, müasirlik, novatorluq, dərin psixoloji təhlil, ümumbəşəri məzmun daşıyan millilik İlyas Əfəndiyev yaradıcılığının əsas xüsusiyyətləridir. Bilgə sənətkarın həyat fəlsəfəsi azadlıq, müstəqillik, sülh, əmin-amanlıq, ədalət, insanpərvərlik və mənəvi ucalıq fəlsəfəsidir. Mərhum akademik Bəkir Nəbiyev haqlı qeyd edirdi ki, "Leninə, Stalinə, sosializmə, partiyaya dair şüar və şit təriflərlə dolu olan bu cür yazılardan tamamilə fərqli olaraq İlyas Əfəndiyevin əsərləri azərbaycançılığın, ilk növbədə məhz ədəbi, milli-mənəvi dəyərlər, yüksək bəşəri ideallar işığında təqdimindən və tərənnümündən ibarətdir".
İlyas Əfəndiyev bədii əsərlərinin dili aydın və obrazlıdır, yüksək estetik dəyəri və bədii siqləti ilə seçilən bir dildir. Onun yazıçı dili və bədii üslubu ədəbiyyatımızda yeni bir ədəbi məktəb səviyyəsinə yüksəlmişdir. Bədii əsərlərinin dili əfsanə, rəvayət, nağıl və dastanların leksikasından gələn dərin hikmət, hər bir sözü yerində işlətmək, yüksək ideya-məzmun, fəlsəfi-dərinlik, sistemli sintaktik düzüm, bədiilik, obrazlılıq, ləngərli deyim ekspressivliyi, axıcılıq və yüksək şeiriyyət bu əsərlərin təsirliliyini, estetik təravətini, bədii hüsnünü və məna dərinliyini daha da artırır.
XX əsr dramaturgiyası milli dramaturgiyamızın tarixində yeni bir mərhələ təşkil edir. Xalq yazıçısı İlyas Əfəndiyev də öz dram əsərləri ilə bu böyük, zəngin mərhələnin yaranmasında və inkişafında özünəməxsus rol oynamış ustad dramaturqlarımızdandır. O, dərin psixoloji tapıntılarla zəngin olan dramları ilə teatr sənətimizdə yeni bir mərhələ açdı və "İlyas Əfəndiyev teatrı" yaratdı. "İlyas Əfəndiyev teatrı" ilə yeni rejissor və aktyor nəsli formalaşdı. Dramaturq kimi o, "İntizar", "İşıqlı yollar" , "Bahar suları", "Atayevlər ailəsi", "Sən həmişə mənimləsən", "Mənim günahım", "Unuda bilmirəm", "Məhv olmuş gündəliklər", "Mahnı dağlarda qaldı", "Qəribə oğlan", "Bağlardan gələn səs", "Xurşidbanu Natəvan", "Büllur sarayda", "Şeyx Məhəmməd Xiyabani", "Bizim qəribə taleyimiz", "Sevgililərin cəhənnəmdə vüsalı", "Tənha iydə ağacı", "Ağıllılar və dəlilər", "Odlu səhradan gəlmiş şeytan", "Bizə inan", "On manatlıq lüstr", "Hökmdar və qızı" pyeslərini yazdı. İlyas Əfəndiyevin yazdığı 22 pyesdən 19-u Akademik Milli Dram Teatrının səhnəsində tamaşaya qoyulub və bu pyeslər çağdaş teatrımızın inkişafına güclü təsir göstərib. Yarım əsrdən artıq bir dövrdə milli teatrı öz çiyinlərində saxlamış qüdrətli qələm sahibinin dram əsərləri bu gün də səhnədə öz estetik təravətini, aktuallığını və müasirliyini qoruyub saxlayır. Səciyyəvidir ki, rejissorlarımız daima dramaturqun əsərlərinə müraciət edir və maraqlı tamaşalar hazırlayırlar. Dram əsərlərinin bir çoxu isə xarici ölkələrin teatrlarında tamaşaya qoyulmuş və böyük müvəffəqiyyət qazanmışdır. İlyas Əfəndiyevin tarixi dramlarında əsas aparıcı xətt qəhrəmanlıq motivləridir. Onun keçən əsrin 70-90-cı illərində qələmə aldığı "Mahnı dağlarda qaldı", "Xurşidbanu Natəvan", "Şeyx Xiyabani", "Sevgililərin cəhənnəmdə vüsalı", "Tənha iydə ağacı", "Ağıllılar və dəlilər", "Hökmdar və qızı" tarixi dramları keçmişə yeni təfəkkürlə yanaşması, xalqımızın azadlığı və müstəqilliyi uğrunda apardığı mübarizə ilə bağlıdır. Dramaturqun tarixi dramları hər şeydən əvvəl tarixə bədii baxışın yeniliyi ilə diqqəti cəlb edir. Dramaturq müsahibələrində qeyd edirdi ki, tarixi hadisələrə yanaşanda tarixilik prinsipi əsas götürülür. Xalq qəhrəmanı haqqında yazarkən, onun şəxsi həyatındakı faktları dəyişmək olar, lakin onun xalqla bağlı mübarizə yolu olduğu kimi göstərilməlidir. 90-cı illərdə dramaturqun pyesləri Türkiyənin Ankara, Ərzurum, Sivas, Kayseri şəhərlərində nümayiş etdirildi və qardaş ölkədə hərarətlə qarşılandı. Müasir türk mətbuatı dramaturqu Azərbaycan ədəbiyyatının canlı klassiki adlandırmışdı. Türkiyənin məşhur rejissoru Kənan İşıq müsahibələrinin birində demişdir: "Siz bu iki tamaşa ilə (söhbət dramaturqun "Sevgililərin cəhənnəmdə vüsalı" və "Bizim qəribə taleyimiz" tamaşalarından gedir) bütün Avropa ölkələrini gəzə bilərsiz. Çünki, bu əsərlərdə qaldırılan problemlər millətindən asılı olmayaraq bütün insanlara aiddir". Bu gün də "İlyas Əfəndiyev teatrı"nın uğurları Azərbaycanla Türkiyə arasında mədəni əlaqələrin və ikitərəfli əməkdaşlığın daha da genişlənməsində mühüm rol oynayır.
İlyas Əfəndiyev yaradıcılığı boyu milli mədəniyyətimizin təəssübkeşi olub. Onun mədəniyyətimizə həsr etdiyi nəzəri-estetik məqalələri öz aktuallığı, məna tutumu ilə seçilir. Dramaturgiyaya, teatra, kinoya, musiqimizə, təsviri sənətimizə, mənəviyyatımıza həsr etdiyi məqalələri bu gün də müasirdir. Dramaturq teatr və səhnə sənəti haqqındakı fikirlərini "Yüksək səhnə əsərləri uğrunda", "Dramaturgiyamızın bəzi məsələləri haqqında", "Həyat" yeni quruluşda ", "Gözəl tamaşalar yaradın", "İstedad və mövzu", "Mərdlik ocağı", "Teatr qayğıları", "Teatr və dramaturgiya məsələləri", "Əsəri də, tamaşanı da istedad yaradır" və s. əsərlərində irəli sürdüyü mülahizələrilə peşəkar teatrşünas səviyyəsinə yüksəlmiş bir sənətkar olduğunu sübut etmişdir. Yazıçı həmin məqalələrində teatr və səhnə sənəti ilə bağlı bir sıra aktual problemlərə, o cümlədən dramaturq və teatr, rejissor sənəti, teatr tənqidi, aktyor ifası, tamaşanın məşqi, səhnə texnikası, rol bölgüsü, tamaşanın musiqisi və bədii tərtibatı kimi məsələlərə münasibət göstərmiş, fikir və arzularını bildirmişdir. İlyas Əfəndiyevin teatr və səhnə haqqındakı nəzəri-estetik görüşləri bugünkü teatrşünaslıq elmi üçün də böyük əhəmiyyət kəsb edir. Peşəkar teatrşünaslar və yüksək ixtisaslı mütəxəssislər tərəfindən yazıçıya verilmiş "görkəmli teatrşünas", "ikinci rejissor", "səhnə bilicisi" , "tanınmış teatr xadimi" kimi adlar heç də təsadüfi deyildi. "Teatr xalqın ən incə duyğularını, romantik xəyallarını, sevincini, dərdini, arzularını ifadə edir, xalqın teatrı onun milli mədəniyyətinin təntənəsidir"- deyən mütəfəkkir sənətkarın bu səpkili məqalələri özünün yeni, novator keyfiyyətləri ilə diqqətə layiqdir. Dramaturqun fikrincə "teatr həmişə mənəvi yüksəliş aynası olmuşdur. Teatr yalnız ədəbiyyat və incəsənət deyil, eyni zamanda, tamaşaçı mədəniyyətinin də meyarlarındandır". Xalqın mədəni-intellektual inkişafında və mədəniyyətimizdəki xüsusi rolundan bəhs edən ünlü sənətkar sözügedən mövzuya həsr etdiyi məqaləsində fikrini davam etdirərək yazırdı: "Mənim üçün teatr, Allahın insanlara bəxş elədiyi ruhun, gözəl hisslərin, arzuların, müxtəlif həyat ideyalarının yaşadığı, çarpışdığı bir məkandır. İnsanın daxili dünyasının aynasıdır. Teatr həm də xalqımızın tərcümanıdır. Bu məkan gözəl olduğu qədər, həm də ilahiləşmiş bir aləmdir". Teatr sənətində dramaturqu maraqlandıran ciddi məsələlərdən biri də teatr tənqidi idi. Yazıçı zəif, bədiilikdən uzaq olan pyeslərin səhnəyə yol açmasını teatr tənqidinin zəifliyində görürdü.
İlyas Əfəndiyev milli-mənəvi dəyərlərimizi, adət və ənənələrimizi, xalqımızın şifahi xalq ədəbiyyatını dərindən öyrənməyi təbliğ edirdi. Sənətkara görə, mənəvi mədəniyyətin yüksəkliyi hər bir insan üçün vacib şərtdir. Bu baxımdan qüdrətli qələm sahibinin zaman məhdudluğu tanımayan zəngin bədii irsi milli ruhumuzun mənəvi tərcümanına çevrilib. Yazıçı milli-mənəvi dəyərlərimiz haqqında düşünərkən babalarımızın vaxtilə müqəddəs saydıqları namus ənənələrinin yanından sükutla keçə bilmir: "Bizim milli namusumuz hər dövrdə, hər bir çətinlikdə xalqımızın mənəvi dayağı olub. Milli namus yalnız ər-arvad məsələlərinə aid olmayıb. Atalarımız milli namus dedikdə, vətən, millət namusu, qonum-qonşu təəssübü, böyük-kiçiyə hörmət və izzət haqqında düşünüblər". Ümumiyyətlə, yazıçının mədəniyyət tariximizə, sənət məsələlərinə həsr etdiyi nəzəri-estetik məqalələri, esseləri və müsahibələri axtarış ruhunun təzəliyi ilə diqqəti cəlb edir.
Azərbaycan ədəbiyyatını və mədəniyyətini həmişəyaşar əsərləri ilə zənginləşdirən unudulmaz xalq yazıçımız İlyas Əfəndiyevin vəfatından iyirmi il keçir. Çoxşaxəli yaradıcılığında milliliklə ümumbəşəri dəyərlər arasında bir körpü yaradan dünya şöhrətli dramaturqun bütün zamanlarda oxunan bədii irsi bu gün də çoxmilyonlu oxucular tərəfindən sevilə-sevilə oxunur. O, şərəfli ömrünün altmış ilini bədii yaradıcılığa, bütünlükdə mədəniyyətimizin inkişafına həsr etdi və əbədi ömür qazandı. Sənətkarın zəngin bədii irsi həm də mədəniyyət müstəvisində zamanları birləşdirən bir körpüdür. Ustad sənətkarın xalqımızın milli həyatında, tarixi taleyindəki rolu, misilsiz xidmətləri tarix onu bizdən uzaqlaşdırdıqca daha da artmaqdadır. Zaman keçdikcə tarix İlyas Əfəndiyevi müasirləşdirir. O, bütün zamanların müasiridir.

Vəfa Xanoğlan,
Bakı Xoreoqrafiya Akademiyasının dosenti, Əməkdar müəllim, filologiya üzrə fəlsəfə doktoru

TƏQVİM / ARXİV