adalet.az header logo
  • Bakı 12°C
  • USD 1.7
30 Sentyabr 2016 13:41
5110
GÜNDƏM
A- A+

Prezident yəhudi icmasını təbrik etdi

Prezident İlham Əliyev Azərbaycanın yəhudi icmasını təbrik edib.

Adalet.az-ın məlumatına görə, dövlət başçısının təbrik məktubunda deyilir:

"Hörmətli həmvətənlər! Sizi yəhudi xalqının qədim milli bayramlarından olan Roş-Ha-Şana – Yeni il münasibətilə ürəkdən təbrik edir, ən səmimi arzu və diləklərimi yetirirəm. Yüz illərdir ölkəmizdə məskunlaşan və buranı özünə doğma vətən bilən yəhudilər Azərbaycanda heç vaxt antisemitizmə və ayrı-seçkiliyə məruz qalmamış, tarixən xalqlar arasında dostluq və qardaşlıq münasibətlərinin, etnik-dini tolerantlığın, multikultural mühitin hökm sürdüyü çoxmillətli cəmiyyətimizdə əmin-amanlıq şəraitində yaşayaraq dil və mədəniyyətlərini, milli-mənəvi adət-ənənələrini günümüzə qədər qoruyub saxlayıblar.

Dilindən, dinindən, etnik mənsubiyyətindən asılı olmayaraq insan hüquq və azadlıqlarının təminatı, o cümlədən, ölkədə sabitlik, əmin-amanlıq və vətəndaş həmrəyliyi Azərbaycanda həyata keçirilən dövlət siyasətinin prioritet istiqamətlərindəndir. Bunun üçün ölkəmizdə həqiqi demokratik və siyasi-hüquqi şərait yaradılıb.

Məmnuniyyət hissi ilə onu da qeyd etmək istərdim ki, yəhudi əsilli vətəndaşlarımız bu gün müstəqil Azərbaycan Respublikasının ictimai-siyasi, elmi-mədəni həyatında, demokratik dövlət quruculuğu prosesində yaxından iştirak edir, dövlət müstəqilliyimizin daha da möhkəmlənməsində, Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında vətəndaşlıq borcunu ləyaqətlə yerinə yetirir. Hər il təntənə ilə keçirilən Roş-Ha-Şana yeniləşmə, xoş müjdələr, mənəvi saflıq bayramıdır. Bu əziz gün münasibətilə bir daha hamınızı səmimi qəlbdən təbrik edir, ailələrinizə xoşbəxtlik, süfrələrinizə bərəkət arzulayıram. Bayramınız mübarək olsun!”.