adalet.az header logo
  • Bakı 9°C
  • USD 1.7
30 Sentyabr 2016 12:46
5671
MƏMLƏKƏT
A- A+

Humanitar Forum çərçivəsində dəyirmi masa keçirildi

V Bakı Humanitar Forum çərçivəsində "İnsanların kütləvi yerdəyişməsi şəraitində insan kapitalının qorunmasının önəmi davamlı inkişafın əsası kimi" mövzusunda dəyirmi masa keçirilib.

Dəyirmi masaya Beynəlxalq İnkişafa Yardım Agentliyinin rəisi Əşrəf Şıxəliyev və BMT baş katibinin köməkçisi Rəşat Xalikov sədrlik ediblər.

Əşrəf Şıxəliyev dünyada son illər baş verən münaqişələrlə əlaqədar miqrantların sayının artdığını, milyonlarla insanın qaçqın və məcburi köçkün vəziyyətinə düşdüyünü bildirib. O, bu məsələlərin dəyirmi masa çərçivəsində keçirilən 3 sessiyada müzakirə ediləcəyini bildirib.

Daha sonra Qaçqın və Məcburi Köçkünlərlə İş üzrə Dövlət Komitəsi tərəfindən hazırlanmış "Qaçqın və məcburi köçkünlərə dövlət qayğısı" filminin təqdimatı olub.

Tədbirdə çıxış edən Bolqarıstanın vitse-prezidenti Marqarita Popova deyib ki, insanlara fərqli yanaşma onları bir-birindən ayırır: "Dünyada zorakılıq, radikalizm baş alıb gedir. Bunun həll yolu əməkdaşlıq edib, müharibəyə "yox” deməkdir".

BMT Baş katibinin müavini, Avropa və MDB üzrə regional bürosunun direktoru Cihan Sultanoğlu bildirib ki, dünyada miqrantların sayının kəskin artması müşahidə olunur:"Son illər beş milyon suriyalı yerdəyişməyə məruz qalıb. Türkiyə dünyada ən çox qaçqın qəbul edən ölkədir. Bu ölkədə iki milyon yarım qaçqın var, onların bir hissəsinin türkcə danışa bilməməsi çox pis haldır, xüsusilə təhsil alanlar üçün bu, çətinlik yaradır".

Rəşat Xalikov bildirib ki, miqrantlar bəzi ölkələrdə diskriminasiyaya, ksenofobiyaya məruz qalır, təhsil və səhiyyə xidmətlərindən istifadə edə bilmirlər.

Daha sonra dəyirmi masa çıxışlarla davam etdirilib.