SÖZ ÖMRÜ DİLƏYİ İLƏ

ƏBÜLFƏT MƏDƏTOĞLU
62957 | 2016-09-30 09:27
Yubilyara söz hədiyyəsi
Yaxın günlərin söhbətidi. Daha doğrusu, Naxçıvan səfərindən sonra dostlarla əyləşib qələmə aldığım yazıları müzakirə edirdik. Təbii ki, hərə öz münasibətini bildirirdi. Müzakirənin də əsas qəhrəmanı SÖZ idi. O SÖZ ki, diqqəti çəksin, oxucuda maraq oyatsın və ən azı heç olmasa üç-dörd adamın yadında qalsın, yaddaşına hopsun, dilində səslənsin...g
Həmin söhbət zamanı şairə bacım Nəzakət xanım bildirdi ki, yaxın vaxtlarda mənim də, onun da sözünə, özünə böyük hörmət bəslədiyimiz qələm dostum Salatın xanım Əhmədlinin yubileyi keçiriləcək. Düzünü deyim ki, bu mənim üçün böyük bir sürpriz oldu. Çünki həyatda öncə sözünü tanıdığım bu xanımın yaradıcılığı mənə məlumdu. İstər dövrü mətbuatda çap olunmuş yazılarını, istərsə də işıq üzü görmüş kitablarını oxumuşam. Elə buradaca vurğulayım ki, Salatın xanımın yaradıcılığında mənim üçün xüsusi yeri olan iki xətt var. Biri Qarabağdı - şəhidlərimizdi, qaçqınlarımızdı, didərgin ruhlarımızdı... İkincisi, torpaqdı, elatdı, adət-ənənələrimizdi, milli dəyərlərimizdi...g
Bu yerdə onu da diqqətə təqdim etmək istəyirəm ki, Salatın xanımın bir yazıçı-publisist, bir filologiya üzrə fəlsəfə doktoru, dosent kimi elmi araşdırmaları da diqqətçəkəndi. Bütün bunlar onu göstərir ki, o həm bir pedaqoq, həm də yazıçı-publisist kimi özünü SÖZə həsr edib. Gününün ən böyük hissəsini SÖZün içərisində keçirir. Ona görə onun SÖZü diqqəti çəkir, çəkisi, urvatı oxucuya doğma gəlir.
Şəxsən mən Salatın xanımın ötən il işıq üzü görmüş "Zirzəmidə qazılan məzar" kitabına ön söz yazmışam. Və orada da vurğulamışam ki, istedadı, yaradıcılıq əzmkarlığı, xüsusilə mövzunu oxucuya çatdırmaq bacarığı bir yazar xanım kimi Salatın Əhmədlidə təqdirəlayiq bir səviyyədədi. Onu oxuyanda, daha doğrusu, onun əsərlərinin iç dünyasına daxil olanda özümü məhz arzuladığım, düşündüyüm məqamda görürəm, hiss edirəm. Və bu da mənə, yəni qaçqın həyatının bütün çətinliklərini yaşayan, müharibənin barıt qoxusundan tutmuş şəhid qanına qədər hər bir çalarını varlığına hopduran bir qələm adamına durduğu yeri göstərir. Bax, mənim bu məntiqimə görə, müəllif də oxucusunu elə həmin o yerə apardığı üçün araya-ərsəyə gətirdiyi əsərin uğurlu olduğuna əmin ola bilir.
Təbii ki, mən Salatın xanımın "Bir elatın dastanı" kitabını xüsusi qeyd etməliyəm. Çünki bu kitabda onun artıq aid olduğu məkana bir övlad sevgisi də bütün yazılardan, bütün təqdimatlardan boy göstərir. Oxuyanda hiss edirsən ki, tədqiqatçı bu fikirləri oxucuya çatdıranda sadəcə vəzifəsini icra etməyib. O həm də təqdim etdiyi fikri, mövzunu öz içindən keçiribdi. Bax, bu da mövzunu şirinləşdirib, onu xronologiyadan bədii əsərə çeviribdi.
Bəli, bu gün ədəbi ictimaiyyətə yaradıcılığı tanış olan və dəyərləndirilən Salatın Əhmədlinin bütün yaradıcılığı haqqında mənim geniş fikir söyləmək niyyətim yoxdu. Ən azından ona görə ki, mən müəyyən məqamlarda yubilyarın ayrı-ayrı əsərləri barəsində fikirlərimi kağıza köçürmüşəm. İndiki məqamda isə sadəcə olaraq Salatın xanımın bir oxucusu kimi onu təbrik etmək və onun böyük SÖZün meydanında öz yerini tapmasını, təsdiq etməsini görüb sevindiyimi dilə gətirmək istəyirəm. Düşünürəm ki, bu yubiley günlərində barəsində kifayət qədər sözlər yazılıb deyiləcək Salatın Əhmədliyə mənim kiçicik bir hədiyyəm var. O da onun özünü həsr etdiyi SÖZdü! Həmişə sözünüz kəsərli, yadda qalan, oxunan və yaşayan olsun! Ömrünüz də SÖZ ömrü!

TƏQVİM / ARXİV