adalet.az header logo
  • Bakı 21°C
29 Sentyabr 2016 14:23
6912
GÜNDƏM
A- A+

Saman altından neft yeridənlər

Dünya bazarında son günlər neftin qiymətində azalma müşahidə olunur. Mütəxəssislər bunu OPEC və qeyri-OPEC ölkələrinin dünya bazarında neft hasilatının artırması ilə dəyərləndirirlər.

Şimal qonşumuz olan Rusiya sentyabrda hasilatı əvvəlki aya nisbətən gündəlik 400 min barel artıraraq 11.1 milyon barelə çatdırıb. Xəzər qonşumuz Qazaxıstanda isə 50 milyard dollarlıq sərmayə yönəldilən Kaşaqan yatağı artıq istifadəyə verilməkdədir. Neftin 1 barelinin qiyməti 55 dollara çatacağı halda isə ABŞ və Kanadada şist neft hasilatçıları yenidən bazarda aktivləşəcəklər. ABŞ isə hətta yataqlardakı neftini də ixrac etmək niyyətindədir. Bu isə o deməkdir ki, OPEC-in anlaşması ilə yanaşı təşkilata üzv olmayan ölkələrin də davranışı çox önəmli olacaq. Başqa tərəfdən, bu gün qlobal neft bazarında qeyri-OPEC ölkələrinin payı təşkilat üzvlərinə nisbətən daha çoxdur. Bazara çıxarılan neftin 60 faizi OPEC-ə üzv olmayan dövlətlərin payına düşür. Bu baxımdan, hələlik heç də kəskin qiymət artımlarına deyil, qiymətin stabilləşməsinə ümid etmək lazımdır.

İqtisadçı ekspert İlham Şaban bildirib ki, əslində qiymət azalması çaşdırıcı amildir və neft bazarı qızışma dövrü ərəfəsindədir: "Ancaq bu qızışmanın məqsədi - hələ ki, 50 dollar baryerini aşmaq və mövqeləri bu diapazonda bərkitməkdir. 55 həddi bu günün prizmasından baxanda horizontda tutqun havadakı yanıb-sönən mayaka bənzəyir, çünki 2017-ci il üçün dünya iqtisadiyyatının real vəziyyəti ilə bağlı mənzərə heç də ürəkaçan proqnozlarla gəlmir. OPEC hasilatın azaldılması ilə bağlı yekun qərarını və ölkələr üzrə yeni kvotaların bölüşdürülməsi cədvəlini cari il noyabrın 30-da Vyanada keçiriləcək rəsmi sessiyasında təsdiqləməlidir. Qərar isə gələn ilin əvvəlindən qüvvəyə minməlidir. Əlcəzairdə əldə edilən razılaşma əslində bazarın bu müddətdə "qızdırılması" üçün atılan yaxşı bir addımdır. Qarşıdakı iki ayda birjalara təsiredici amil kimi OPEC ölkələrinin aparıcı neft hasilatçılarının kvotalarını nə qədər aşağı salmasıilə bağlı müzakirələrə sərf olunacaq və hər bir yeni açıqlanan rəqəm neft qiymətlərinin artıb-azalması və sonra korreksiyası ilə müşahidə olunacaq. Əslində bundan ən çox qazanc götürən treyderlər olacaq - çünki bazarda dəyişkənlik amplitudası nə qədər yüksək olarsa, bir o qədər çox qazanca da ümid etmək olar”.

Vüqar Bayramlının sözlərinə görə isə dünya bazarında neftin qiyməti ətrafında iri neft hasil edən dövlətlər arasında fikir ayrılığı var: "Qlobal neft hasilatının təxminən 40 faizini ödəyən OPEC uzun sürən müzakirələrdən sonra hasilatın gündəlik 32.5-33.0 milyon barel intervalında dondurulması barədə anlaşa bildi. OPEC-in anlaşması elə həmin gün neft bazarına təsir göstərdi: fevral ayından bəri ilk dəfə olaraq neftin qiymətində gündəlik 6.5 faiz artım qeydə alındı. Ciddi fikir ayrılıqları olan Səudiyyə Ərəbistanı ilə İran neft qiymətinin yüksələcəyinə ümid edərək vahid mövqe nümayiş etdirə bildilər.

Son anlaşmaneft bazarına necə təsir göstərəcək? Əslində, bu anlaşma qlobal neft hasilatının azaldılması deyil, istehsalın tənzimlənməsi kimi xarakterizə edilir. Belə ki, OPEC mövcud hasilatı səviyyəsində məhdudlaşdırma tətbiq edəcək. Təbii ki, bu gələcəkdə hasilatın artırılmasının qarşısının alınması baxımdan OPEC üçün vacibdir. Eyni zamanda bazar iştirakçılarına mesajdır. Bu baxımdan anlaşma artıq bazara təsir göstərib və qiymət artımları müşahidə edilir. Amma sözsüz OPEC-in bazara çıxartdığı neftin həcmində azalma yoxdur və bu da gözlənilmir. Çünki dondurulan hasilat mövcud istehsal səviyyəsinə uyğunlaşdırılb. Aydındır ki, OPEC bu anlaşması ilə daha və ya nisbətən yüksək qiymətlərə ümid edir. Amma ən azı, potensial qiymət azalmalarından sığortalamağa çalışır. Amma nə OPEC-də, nə də OPEC-dən kənarda yaxın zamanlarda qiymətin kəskin yüksəcələyinə inananların sayı heç də çox deyil". Sadəcə, indiki məqamda qiymətin arzuolunan səviyyədə stabilləşdirilməsi OPEC üçün əsas hədəfdir.

Azərbaycan üçün stabil neftin qiyməti dövlət gəlirlərinin və eləcə də ölkəyə daxil olan valyutanın həcminin stabilləşməsi baxımdan vacibdir. Gələcəkdə qiymət artımları baş verərsə, bu, ölkəmizə daha çox neft dollarlarının daxil olmasına imkan verəcək. Amma son 2 ilin təcrübəsi göstərir ki, stabil və ya artan qiymətlər istənilən zaman enişlə müşahidə edilə bilər. Çünki qlobal təklifə və hətta tələbə sadəcə iqtisadi deyil, eyni zamanda siyasi faktorlar da təsir göstərir.

20 dollara neft

Venesualanın neft və dağ-mədən sənayesi naziri Euloxio del Pino "Russia Today” televiziyasına müsahibəsində bildirib ki, neft hasil edən ölkələrin sabah Əlcəzairdə keçiriləcək sammitində hasilatın azaldılması və yaxud dondurulması ilə bağlı hər hansı qərar qəbul olunmasa dünya bazarında neftin hər barelinin qiyməti 20 dollardan da aşağı düşə bilər.

Məsələ ilə bağlı şərh verən iqtisadçı ekspert Natiq Cəfərli qeyd edib ki, Venesuelanın vəziyyəti çox ağırdır: "Buna görə də o fəlakət ssenariləri verməklə OPEC üzvlərini hansısa müsbət addım atmağa çağırır. Əslində bu çıxışın şifrələri bundan ibarətdir".

Ekspert toplantıda çox ciddi bir qərarın olmayacağını deyib: "Bu mümkün də deyil. Çünki OPEC daxilində və buna daxil olmayan iri neft hasilatı olan ölkələr arsında ciddi fikir ayrılığı var. Bazarda qiymətə təsir edən ən böyük oyunçu Amerika Birləşmiş Ştatlarıdır. Amerika isə bu prosseslərdən kənardadır. Ciddi bir qərar olmasa da bazara sözlü müdaxilələrin olması ehtimalı var. Təbii ki, anlaşma olmasa bu neftin qiymətini aşağı düşməsinə səbəb olacaq. Amma sözlü müdaxilə olaraq OPEC-in növbəti Vyana toplantısında belə bir danışıqların davam edəcəyini və sonuc etibarilə hansısa bir razılaşmanın olacağını bəyan edəcəklər. Sözlü müdaxilələrlə qiymətin kəskin enişinin qarşısını almağa çalışacaqlar. Düşünürəm ki, sabah razılaşma əldə edilməsə, sözlü müdaxilə ilə neftin qiymətini indiki səvviyədə saxlamaq mümkün olmayacaq. Kəskin enişi gözləmirəm. Amma 40 dollara qədər geri çəkilməsi olacaq. Noyabr ayında növbəti Vyana toplantısına qədər sızdırılan xəbərlərlə, bəyənatlarla neftin qiymətində kəskin eniş olmasının qarşısını almağa çalışacaqlar".

Venesuela hökumətinin yaydığı proqnoza analitiklərin verdiyi cavab "ilin sonunda neftin qiyməti artacaq”dır. Aprel ayında neft hasilatının dondurulması haqqında müqavilənin imzalanmasına əsas maneə İran idi. İranın bu ilin payızında beynəlxalq sanksiyaların tətbiqinə qədərki neft hasilatı səviyyəsinə çata bilməsi OPEC üzvlərini qorxutmuşdu. Onlar dondurulma təklifindən ikiəlli yapışmışdı. Hazırda İran gündəlik olaraq təqribən 3,8 milyon barel neft hasil edir ki, onun da 2 milyon bareli xaricə satılır. Yəni İran sanksiyaya qədərki səviyyənin 80% -inə artıq çatıb.

Maraqlı olan budur ki, hasilatın azaldılması tərəfdarı olan Venesuela və Ekvadora indi Küveyt də qoşulub. OPEC üzvü olmayan Rusiya, Azərbaycan və Qazaxıstan da hasilatın dondurulması məsələsində aydın mövqeyə malikdir. Hazırda "qara qızıl"ın qiyməti neft istehsalçılarının güman etdiyindən də aşağıdır. Bu büdcələrin sabitləşdirilməsinə böyük maneə törədir.

Neftin ucuzlaşması ölkəmizə necə təsir edir?

Dünya bazarına "Azeri light” markalı neft çıxaran Azərbaycan üçün neftin ucuzlaşması dönəmi hər hansı kommunal və ya sosial fəsadlar törədə bilərmi? Bununla bağlı nikbin və bədbin şərhlər verilir, lakin illik gəliri milyard dolları keçən yeganə struktur sahənin neft sənayesi olmasına baxmayaraq iqtisadçı ekspertlərin hamısı neftin satışından əldə olunan gəlirlərin birmənalı şəkildə azalacağını qeyd etsələr də, yarana biləcək mümkün büdcə kəsirinin fərqli yollarla kompensasiya olunacağını deyirlər.

İqtisadçı ekspert Oqtay Haqverdiyev neftin qiymətinin düşməsindən büdcənin zərər çəkmədiyini desə də, bu, tendensiyanın davam edəcəyini proqnozlaşdırır: "Büdcə haqqında qanunda var ki, hökumət əməkhaqqı, pensiya, dərman alınması kimi öhdəlikləri yerinə yetirməlidir. İnfrastruktur layihələrinin bəzilərinin iki-üç il ertələnməsi büdcə kəsirinin qarşılanmasına əlavə imkan yaradacaq”. Haqverdiyev çıxılmaz vəziyyət anı yaşanarsa hökumətin qızıl valyuta ehtiyatlarından bank sistemini sabitləşdirmək üçün istifadə edəcəyini də proqnozlaşdırır: "Fors-major vəziyyət yaransa, bizim qızıl valyuta ehtiyatlarımız 53-54 milyard dollardır və bundan istifadə edərək maliyyə-bank sistemini sabitləşdirə bilərik. Amma inflyasiyanın Azərbaycana təsiri olmayacaq. Çünki bizim sərt bank sistemimiz var", - deyə ekspert qeyd edib. Hökumətin sosial yönümlü siyasət yürütdüyünü bildirən ekspertin sözlərinə görə, bu, Azərbaycan manatının dəyərinin sabitliyi və əhalinin də yaşayış səviyyəsinin aşağı olması ilə müşayiət olunur.

Rüfət Soltan