adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7
29 Sentyabr 2016 13:07
6315
ƏDƏBİYYAT
A- A+

Rəsul Rzadan müharibə şeiri

Adalet.az görkəmli Azərbaycan şairi Rəsul Rzanın "Bəxtiyar” şeirini təqdim edir. Xatırladaq ki, öz ahəngi ilə seçilən bu maraqlı şeir 1942-ci ildə, Böyük vətən müharibəsinin ən ağır vaxtlarında qələmə alınıb.

 

Külək qarı səpələr, Bəxtiyar!

Ağ geyinib təpələr, Bəxtiyar!

Gecə qara, yol uzaq, qardaşım;

Göylər bulud, çöl-düz ağ, qardaşım.

Kaman çalan kimdir o, Bəxtiyar?

Küləkdi, ya simdir o, Bəxtiyar?

Hənirtini duydumu kəhərin?

Tüfənginə yapışdı əllərin.

Düşmən əli bir, təkcə sən, nə zərər?

Tənlik işarəsidir güllələr!

Gənclik, həyat şirindir, qardaşım;

Vətən qat-qat şirindir, qardaşım.

Ellərimin balası, Bəxtiyar!

Qəlbi vətən qalası, Bəxtiyar!

Qurtarırsa əsgərin gülləsi,

silahıdır qəlbinin kin səsi.

Məhv etdin on yağını, qəhrəman!

Qan sızırdı sənin də yarandan.

Boğazını zabitin gəmirdin.

İradə qüvvətinlə dəmirdin!

Qalib nəğmə səslənir, qardaşım!

Qalibiyyət nəğmədir, qardaşım!

Kaman çalsn kimdir o, Bəxtiyar?

Küləkdi ya simdir o, Bəxtiyar?

Adın bu nəğmələrdə - nəqarət!

Dostlar gedir cəbhəyə, rahat yat!

Bax, qızarır üfüqlər, qardaşım!

Bizimdir günəş, zəfər, qardaşım!

Sən qorudun vətəni, Bəxtiyar!

Vətən unutmaz səni, Bəxtiyar!

Bundan sonra fəxr ilə analar

Körpəsinə ad qoyar Bəxtiyar!