adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
29 Sentyabr 2016 09:09
12335
LAYİHƏ
A- A+

AĞCABƏDİNİN AĞ GÜNLƏRİ

(əvvəli ötən sayımızda)

Ağcabədi rayonunun sosial-iqtisadi inkişafı təkcə onun kəndlərində yox, həm də şəhərində də kompleks şəklində həyata keçirilir. Ona görə də bu gün şəhərdə cərəyan edən hadisələrin fonunda yenidənqurmanı, tikinti-abadlığı görməmək, ondan yan keçmək mümkün deyil. Əgər təkcə bu ilin ilk ayında ölkə prezidenti İlham Əliyev cənablarının dünyanın iqtisadi durumunda baş verənlərlə bağlı Azərbaycan gerçəkliyinə münasibətini xatırlasaq, xüsusilə cənab prezidentin son çıxışlarını nəzərdən keçirsək, onda görərik ki, bütün ölkəmiz kimi Ağcabədi şəhərində də inkişafın özünəməxsus təməli qoyulub və bu təməl üzərində də şəhərin inkişaf layihəsi həyatda təsdiqini tapır.
Bəli, Ağcabədi şəhərinin görünüşünün dəyişməsi danılmaz bir həqiqətdir. Bu mənada şəhərin küçə və prospektlərində aparılan təmir-abadlıq işlərinə nəzər salsaq, onda görərik ki, ötən il şəhər ərazisində 40700 kv.metr asfalt örtük salınmış və bu asfalt-beton örtüyünün davamlılığını artırmaq üçün yol kənarlarındakı sel sularının axını kanalları da tam bərpa olunmuşdu. Bu da yolun dağılıb tez sıradan çıxmasının qarşısını alan əsas şərtlərdən biridi. Eyni zamanda şəhərin Heydər Əliyev prospektində, Nəsimi və Hüsü Hacıyev küçələrində 2210 kv.metr yeni səki salınmış, 2210 kv.metr isə tamet döşənmişdi.
Məlum olduğu kimi, yol kənarı səkilərin səliqəli, həm də yolun səviyyəsindən nisbətən hündür olması həm təhlükəsizlik baxımından, həm də piyadaların hərəkəti üçün çox önəmlidir. Elə buna görə də rayon icra hakimiyyətinin başçısı Şahin Məmmədov görülən işlərə xüsusi tələbkarlıqla yanaşır və hər bir məsələnin vaxtında, köklü şəkildə həll olunmasını aidiyyəti qurumların rəhbərlərindən tələb edir.
Bu gün Ağcabədidə şəhərin ümumi gözəlliyini bir az da artıran işlərin sırasında parkların və meydanların yaşıllaşdırılması, burada köklü işlərin görülməsi, xüsusilə rayonun hər bir sakini üçün müqəddəs ünvan olan Şəhidlər Xiyabanının, Böyük Vətən müharibəsi iştirakçıları, Xocalı faciəsi, 31 mart Azərbaycanlıların soyqırımı və torpaqlarımızın müdafiəsi uğrunda döyüşlərdə şəhid olanların abidə kompleksinin müasir tipli bir formada qurulub yaşıllıqlarla əhatə edilməsi həqiqətən də ürəkaçandı. Bu abidə kompleksinin ərazisində olanda insan daxilən bir rahatlıqla yanaşı, həm də qürur hissi yaşayır. Bu da onu göstərir ki, Ağcabədidə təkcə torpağı əkib-becərmək yox, həm də onu qoruyanları, onun uğrunda şəhid olanları uca tutmağı çox gözəl bacarırlar.
Aparılan abadlıq işləri içərisində şəhər mərkəzində kənd təsərrüfatı idarəsinin inzibati binası, Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə hissəsinin inzibati binasının tikilib istifadəyə verilməsi şəhərin mənzərəsini bir az da gözəlləşdirmişdi. Ümumiyyətlə isə şəhərin bütün küçə və prospektlərində, yollarında işıq xətlərinin yenilənməsi, dəmir dirəklərin daha dayanıqlı olması üçün lazım olan yerlərdə dəyişdirilməsi, kabel xətlərinin çəkilməsi, rabitə əlaqəsinin daha da müasirləşdirilməsi görülən işlərin təkcə statistikası deyil. Bu həm də şəhər sakinlərinə xidmətin daha bir göstəricisidir.
Regionun inkişaf etmiş və artıq öz simasını köklü şəkildə dəyişmiş mərkəzlərindən birinə çevrilən Ağcabədi şəhəri təhsildə, səhiyyədə, mədəni-kütləvi tədbirlərin keçirilməsində qazandığı uğurlara görə də bu gün haqlı olaraq seçilir və diqqət mərkəzində öz yerini qoruyub saxlayır. Bu mənada elə yeri gəlmişkən, onu da xatırlatmaq lazımdır ki, Ağcabədidə səhiyyəyə də xüsusi diqqət göstərilir. Təbii ki, bu da insan faktoruna olan diqqətin göstəricisidir. Həmin diqqətin çalarlarını gözdən keçirəndə məlum olur ki, bu gün Ağcabədidə mərkəzi xəstəxana və poliklinika fəaliyyət göstərir ki, buraya da təkcə şəhər əhalisi deyil, həmçinin rayonun kəndlərinin, həmçinin yaxın ətrafın insanları da böyük ümidlə üz tuturlar. Bu xəstəxana və poliklinikada təcrübəli həkimlər insanlara şəfa bağışlayır, onların müalicəsi ilə ən müasir tibbi avadanlıqlardan istifadə etməklə məşğul olurlar.
Faktiki olaraq bu gün Ağcabədidə çalışan həkimlər peşəkarlığı, onların öz biliklərini artırmaq istəkləri göstərilən xidmətin nəticəsində özünü büruzə verir. Bax, bu mənada rayon ərazisində məskunlaşmış - rayon əhalisi onlarla birlikdə artıq Ağcabədi sakininə çevrilmiş - məcburi köçkün soydaşlarımıza öz isti qucaqlarını açmaqla bahəm, həm də onların təhsil, səhiyyə, mədəniyyət sahəsində olan tələbatlarının da aradan qaldırılmasında qayğılarını əsirgəmirlər.

(ardı var)
Əbülfət MƏDƏTOĞLU
AzƏrbaycan Respublikasının Prezidenti yanında kütlƏvi informasiya vasitƏlƏrinin inkişafına dövlƏt dƏstƏyi fondunun maliyyƏ yardımı ilƏ