adalet.az header logo
  • Bakı 20°C
  • USD 1.7
27 Sentyabr 2016 13:34
28769
ƏDƏBİYYAT
A- A+

Şair və yazarların fikirləri haçalandı - SORĞU

Eko deyirdi ki, ədəbiyyat əyləncədir. Müasir Azərbaycan ədəbi mühitində isə ədəbiyyat haqqında müxtəlif, təzadlı fikirlər mövcuddur. Bəzi yazarlar ədəbiyyatın bir xəttli olduğunu, bəziləri isə ədəbiyyatın əyləncəli, rəngli olduğunu düşünür. Ədəbiyyatın əyləncəli olması haqda gənc yazarlar arasında sorğu keçirdik. Bizim yazarlar necə düşünür: "Ədəbiyyat əyləndirməlidirmi?” Şairlər Aqşin Evrən, Rüfət Əhmədzadə, Könül Arif, Elnaz Eyvaz, yazarlardan isə Ayxan Ayvaz, Günel Natiq və Nicat Həşimzadə maraqlı düşüncələrini bizimlə bölüşüblər. Sorğunu sizə təqdim edirik:


Şairə Elnaz Eyvaz düşünür ki, ədəbiyyat tərbiyə etməməlidir: "Mən düşünürəm ki, ədəbiyyat nə tərbiyə etməli, nə əyləndirməli, nə də vacib şəklində olan heç bir feili həyata keçirməməlidir. Ədəbiyyat kimisini əyləndirər, kimisini düşündürər, ya da həyatını dəyşər. Məsələn, ədəbiyyat mənə zövq verir, yaşadır, yazmaq bir cür, oxumaq bir başqa cür. Kitabın yaratdığı toxluq hissi yeganə toxluqdur ki, səni narahat etmir, problem yaratmır.”



Şair Aqşin Evrən açıqlamasında bildirir ki ədəbiyyat azad olmalıdır: "Ümumiyyətlə, ədəbiyyatın qarşısına hansısa məhdudiyyət qoymağın tərəfdarı deyiləm. Biz yaradıcı adam üçün azad söz və auranın olmasını tələb edib, ədəbiyyatı məhdudlaşdıra bilmərik. Eləcə də, ədəbiyyatın qarşısına "Mütləq əyləndirməlisən" deyə bir maddə də qoymaq olmaz. Əslində, əylənmək sözü də çoxçalarlıdır: nəinki gülərək, hətta ağrıyaraq, düşünərək əylənmək də olar”.


Yazar Ayxan Ayvaz isə qeyd edir ki, ədəbiyyat bir tərəfdən həm də əyləndirməlidir: "Məsələn, "Cinayət və Cəza"nın əyləcəvi tərəfi detektiv xəttidir. Bu cür əsərlər çoxdur. Ekonun "Gülün adı" da, Pamukun romanları da... Postmodernist estetikanın əsaslarından biridir mətnin əyləncəvi olmağı. Çünki bu mətn həm də kütləyə hesablanır. Pop-kültür deyilir buna. Ədəbiyyat həyatdan daha maraqlıdır. Çünki həyat olduğu kimi yarımçıqdır. Ədəbiyyat isə həyatın yarımçılıqlığını doldurur. Əyləncə deyəndə də mənasız, düşük əyləncə nəzərdə tutulmur. Bu əyləncə də hansısa böyük ideyanın tərkibində olmalıdır.”


Şairə Könül Arif isə mövzuya qısa şərh verir: "Peşəkarca yazılmış hətta kədərli əsər də ədəbiyyatsevər oxucuya zövq verir. Bunu əyləncə adlandırmaq olmazsa, deməli əyləncə nisbi anlayışdır”.



Şair Rüfət Əhmədzadə isə deyir ki, ədəbiyyat əyləndirməlidir: "Hərdən kövrəldə də bilər, düşündürə də bilər, düşünməkdən yorulan insanın streslərini boşalda bilər... Ədəbiyyat ehtiraslandırmalıdır da. İnsanın həyatında nə çatışmırsa, ya da nəyi görmək və oxumaq istəyirsə, onu verməlidir. Mən plüralizm tərəfdarıyam. Yaxşı və ya pis əsər yoxdur. Məharətlə, "duzlu" yazılan əsər var, "şitovka" yazılan əsər var. Mən əyləndirmə deyəndə Müşviq Tumurcuq, Elməddin və Fərdanın ucuz zarafatlarını xatırladan ədəbiyyat nəzərdə tutmuram. Yaxşı bir macəra romanı da insanı əyləndirə bilər. Dialoqlar, təsvir, hadisələrin gedişatı, süjet xətti... Əyləndirmək özü də istedaddır.”



Yazar Günel Natiq isə fərqli yanaşır: "Ədəbiyyatın əyləncə özəllikləri də olmalıdır, amma bu o demək deyil ki, tələblərdən biri budur... "Kədərli anlarınızda şeir kitablarına müraciət edin”,- deyib bir yazar. Bu aforizmdə həqiqətin böyük payı var. Mən darıxanda şeir oxuyuram. Belə vaxtlarda Brodskinin, Nazim Hikmətin, Ramiz Rövşənin şeirləri məni bədbin fikirlərdən uzaqlaşdırır, təzə nəfəs verir. Əziz Nesinin hekayələri uzun illər bizləri güldürüb, düşündürüb, əyləndirib. Eyni zamanda Əziz Nesin qədər ciddi ədəbiyyat yaradan bir yazıçı yoxdur bəlkə... Ədəbiyyat çoxqatlı bir məfhumdur. Ədəbiyyatın içində hər şey var. Bir də baxır oxucu onu hansı prizmadan görür. Məsələn, inanmıram, Kafka hamıda eyni təəssüratı doğursun. Tutalım "Məhkəmə” əsərində əyləncə qatını da "kəşf etmək” olar. Mən belə düşünürəm, ədəbiyyat oxucu üçün məhrəm qalmalıdır. Hər oxucunun öz ədəbiyyatı ola bilər. Hər oxucu özü üçün onu yenidən kəşf edə bilər. Bu zaman təəssüratlar, ondan alınan zövq də müxtəlif olur”.


Yazar Nicat Həşimzadə isə düşünür ki, ”Ədəbiyyat qətiyyən əyləncəli olmamalıdır. ciddi sənətlər gülüşə çevriləndə öz dəyərlərini itirirlər. Ciddi kinolar mozalana, ciddi ədəbiyyat satiraya məğlub olduğu kimi bütün ciddi sənətlər əyləndirəndə məğlub olurlar”.

Oğuz Ayvaz