adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
24 Sentyabr 2016 09:48
4092
GÜNDƏM
A- A+

Mavi çalma

Ueda AKİNARİ
(1734-1809) - Yaponiya

ŞÜKÜR ŞƏNOL-un
tərcüməsində

Uzaq keçmişdə Kayan adında çox səxavətli bir rahib yaşayırdı. O, tifil çağlarından möcüzəli şəkildə müqəddəs kitabları oxuyub elmləri mənimsəmişdi və həyatı boyu dünyaya səyahətə çıxmaqdan qalmırdı. Bir dəfə yayı Mino əyalətindəki Ryutay məbədində keçirən Kayan, payızda Oy vilayətinə yollandı. Yay, qış hər dəfə ayrı-ayrı səmtə səfərə çıxan, gəzə-gəzə dünyanı dolaşan Kayan bir gün də Simotsuke vilayətinə yetişdi. Və Tomita kəndinə çatanda gecəyə düşdü, artıq alaqaranlıq idi. O, gecələməyə bir sığınacaq axtarırdı, görünüşcə zəngin və böyük bir evə yaxınlaşdı. Bu heynidə əkin-biçindən gələn kəndlilər onu görüb qorxu içində qışqırdılar: "Köməyə gəlin, köməyə! Dağdakı iblis kəndə gəlib!" Bütün kənddəkilər kimi bu evdə yaşayanlar da həyəcanlandılar, qadınlar və uşaqlar hönkür-hönkür ağladılar və gizlənmək üçün kim hara gəldi, qaçdı.
Bu evin yiyəsi əlində yaba sıçrayıb çölə çıxdı, qarşısında ahıl yaşda, əynində sürtülüb bozarmış qara əba, başında mavi çalma, çiynində dağarcıq bir rahib gördü. Rahib ev yiyəsin əl ağacının işarəsiylə saxlayıb dedi: "Burda nə baş verdiyini mən anlamıram. Mən yalnız və yalnız gəzərgi həyatı yaşayan rahibəm və gecələmək üçün sizdən sığınacaq xahiş etmək fikrindəydim. Yəqin, siz hansısa bir canini, yaramazı nəzərdə tutmusunuz, amma məni yox! Axı, əlbəttə yorğun düşmüş rahibdən nə quldur, nə soyğunçu! Məndən heç qorxmayın!" Ev yiyəsi yabanı yerə tullayıb, əlini-əlinə vurub güldü: "Bizim camaat niyə bu qədər avamdı! Kəndə qonaq gələn rahibdən də şübhələnirlər! Lakin mən onların günahından keçəsiniz deyə sizi gecələmək üçün evə dəvət edirəm". O, rahibi evinə apardı, hörmətlə qarşıladılar və bol şam süfrəsi açdılar.
Görün ev sahibi rahibə nə dedi: "Kənd camaatının sizdən şübhələnməsi səbəbsiz deyil. Bu yerlərdə qeyri-adi vaqiə baş verib, kabuslar haqqında əfsanələrdə olduğu kimi. Amma bu uydurma deyil. Bu hal-qəziyyəni səyahətdə olduğunuz ellərin, obaların sakinlərinə də nağıl etməyiniz yaxşı olar. Bu kəndin arxasındakı dağın başında bir məbəd var. Ta qədimlərdən bu məbəd Koyamanın soyundan olanlara məxsusdu və baş rahibləri də ən səxavətli müqəddəslər olub. Bax, indiki baş rahib də əyan zatından olan biridi, müqəddəs kitablara, elmlərə çox yaxşı bələd olan adamdı. Onun zamanında xətrini əziz tutan bu əyalətin sakinləri inanclarında böyük əminlik əldə etdilər, bu məbədə davamlı ziyarətə gəldilər, ibadətlərində ətirli şamlar yandırdılar. Və o baş rahib dəfələrlə mənim evimdə də qonaq oldu. Həqiqətən o, qüsursuz, eyibsiz, təmiz bir insan idi. Amma ötən yazdan hər şey dəyişdi. Bir gün onu dənizin o sahilinə rahiblərin məzhəb və etiqadında ən məxfi sirlərə həsr edilən mərasimə dəvət etdilər. O, bu səfərdən yüz gün sonra qayıtdı və döndüyündə özüylə məbəd xidmətçisi olacaq on iki yaşında oğlan uşağı gətirdi və onu məbəddə yataq ağası təyin etdi.
Bu oğlanın gözəlliyinə hamı heyran qalırdı. Baş rahib onu çox sevirdi və uzun illər boyu yaşadığı mücahid həyatını da sanki unutdu, hətta ibadətindən də qaldı. Ötən ilin aprelində həmin oğlan azarladı və yatağa düşdü. Gündən-günə səhhəti zəiflədi və ümidsiz vəziyyətə düşdü. Hər yerdən əli üzülən baş rahib əyalət hökmdarının təbiblərini çağırdı, amma onun dərdinə əlac tapan olmadı, - oğlan öldü. Ondan sonra baş rahib göz bəbəyini itirən kimi oldu, sanki sinəsindən ürəyini qopardılar. Göz yaşları da axmadı ki, ağladığını görən olsun, səsi də çıxmadı ki, qışqırığını eşitsinlər. Onun acısı dünyaya sığmayacaq bir şəkildəydi, bu üzündən də oxunurdu. Baş rahib nə onun cəsədinin yandırılmasına, nə də torpağa verilməsinə razı oldu, oğlanın cəsədinin yanında oturub əllərini əlinə aldı, yanağını yanağına sıxıb qaldı. Belə-belə günlər ötdü, baş rahib ağlını da itirdi: o, meyidə sağlığında olduğu kimi sığal çəkdi, meyid ağırlaşdıqca haldan çıxan rahib hiddət və qəzəbdən cəsədi yeməyə başladı, yerində quruca sümüklər qaldı.
Rahiblər əmin oldular ki, dövranı dönən baş rahib artıq iblisin ixtiyarında çaşqın qalan vücuddur və dəhşət içində məbədi tərk etdilər. O zamandan baş rahib gecələr dağdan kəndə düşür, qorxu içində saxladığı insanları yarıcan eyləyir, ya da təzə qəbirləri qazıb hələ çürüməmiş cəsədləri yeyir. Doğrudu, əvvəllər iblislər haqqında nağıllarda çox şey eşitmişik, amma indi iblisi öz gözlərimizlə görürük. Biz onnan bacarmırıq. Artıq gecələr günəş batandan sonra hərə öz evinə çəkilir, daha çölə çıxmır. Bunu bütün əyalət bilir, kəndinən maraqlanan da yoxdu. əslində hal-qəziyyə belədi. O üzdən sizin gəlişiniz də qarışıqlıq yaratdı".
Ev sahibini səbrlə dinləyən Kayan dedi: "Həqiqətən də işıqlı dünyada qeyri-adi vaqiələr çox olur. Bir gün doğulan, bir gün də ibadətin səfasın görmədən dünyadan köçür, nadanlığının qurbanı olur. O, bu dünyada nəfsi, tamahı, şəhvət və ehtiraslarıyla günahlarını ağırlaşdırır. Sonra da ya kabus kimi əvvəlki cildində azğın-azğın dolaşır, ya da iblisanə şəkilə düşüb insanları rahat buraxmır. Çox qədim zamanlardan onlar haqqında saysız-hesabsız rəvayətlər var. Lakin insanın sağlığında da iblisə dönməsi heç də az olmayıb. Knyaz Çunun eşikağasının ilana, Van Xanyanın anasının öküzə, U Şenin arvadının ikibaşlı əjdahaya dönməsini bilirik.
Qədimdə cürbəcür şayiələrin gəzdiyi evdə bir monax gecələyir. Gecə külək qalxır, güclü yağış yağır. Rahibin yatdığı otaqda çıraq olmur, qaranlıqda uzanıb yuxuya gedə bilmir və ürəyi də nədənsə rahatlıq tapmır. Birdən o, gecəyarı nəyinsə mələdiyini eşidir. Bir az ötür və ona aydın olur ki, kimsə onu inadla iyləyir. Yuxusunu qaçıran bu haldan şübhələnən rahib böyrünə qoyduğu əl ağacını ətrafa gəzdirib baş tərəfində kiminsə dayandığını yəqin edir və bütün gücüylə əl ağacın ona ilişdirir. Bərk qışqırıq səsi gəlir, kimsə yerə yıxılır. Ev sahibi - qarı əlində çıraq qaçıb gəlir və bu heynidə rahib yanında yerə sərilmiş cavan qadın görür. Qarı bu qadını xilas etmək üçün ona yalvarır, amma rahib geriyə baxmadan evdən qaçır. Zaman keçir və rahib yenidən bu kəndin yanından ötüb bir başqa yerə getməli olur. Çöldə xeyli adamın bir yerə yığıldığını və nəyəsə baxdığını görür. Rahib onlara yaxınlaşır və soruşur: "Burda nə baş verir?" ona cavab verirlər ki, qulyabanı - qadın tutublar onu torpağa basdırmaq istəyirlər". Adətən bu vaqiələr qadınlarla bağlı olur və mən heç vaxt eşitməmişəm ki, sağlığında kişilərdən kimsə iblisə dönsün. Yaranışdan qadınlar əxlaqsız, bədxasiyyətdilər, ona görə də yırtıcılar kimi yayğın olurlar. Doğrudu suylu imperator Yananın vassalı Ma Şu adında biri balaca uşaqları xəlvəti oğurlayıb ətini yeməkdən ləzzət alıb. Amma bu onların təbiətən vəhşi qədər rəzil olmağından irəli gəlib, icazənizlə söylədiklərimi isə buna qarışdırmaq düzgün deyil.
Bu baş rahib iblisə dönübsə görünür keçmiş həyatında çox günah işlər tutub. Və əvvəllər onun özünü ləyaqətli aparması səylə Buddaya xidmət etməsiylə bağlıdır. Əgər o, həmin oğlan uşağın ora xidmətə alıb özünə yaxın buraxmasaydı axıra qədər də pak rahib kimi yaşayacaqdı. Lakin onun şəhvətə istəyi hər şeydən üstün oldu, ona görə də yolun azıb iblisə döndü. Məsəl var: "Nəfsin istəklərinə uysan - iblisin qulu olacaqsan, nəfsinə üstün gəlsən - Buddaya daha yaxın olacaqsan", - və baş rahiblə bağlı vaqiə də bunu təsdiqləyir.
Sizin, bu evin sahibi kimi xeyirxahlığınıza qarşılıq olaraq, mən çox istərdim ki, bu rahib - iblisi əvvəllər olduğu kimi ləyaqətli bir insan şəklinə salım və o, yenidən haqq yoluna qayıtsın. Ev sahibi alnını həsir döşəməyə vurub baş əydi və üzündə sevinc ğöz yaşları dedi: "Ağam, siz bunu etsəniz, bizim əyalət cənnətdəki kimi bir rahatlığa qovuşacaq". Kənddə və ətrafdakı dağlarda sakitlik hökm sürürdü, nə məbəd künkünün, nə də məbəd zənginin səsi eşidilmirdi. Buludların içindən görünən ayın işığı ağac budaqlarından yığılmış qapının yarıqlarındaniçəri düşürdü. Ev sahibi indi anladı ki, gecə yarıdan keçib, qonağına,- gecən xeyirə qalsın,- deyib öz yataq otağına getdi.
Dağın başındakı məbədə gediş-gəliş yox idi. Məbədə qalxan cığırı kol-kos elə ağzına almışdı ki, cəngəlliyi xatırladırdı, içəridə döşəmə mamır bağlamışdı. Buddaların heykəllərinə hörümçək tor çəkmişdi. Məbədin mehrabı da quş və sərçə peyininə batmışdı. Baş rahibin otağında və rahiblərin hücrələrində qərar tutan boşluq dəhşət və qorxu doğururdu. Günəş üfüqə əyiləndə Kayan məbədə girdi və əl ağacını döşəməyə döyə-döyə qışqırdı: "Səyahətdə olan rahib sizdən bir gecəlik sığınacaq istəyir!" Amma onun səsinə cavab verən olmadı. O, bir daha və bir daha qışqırsa da səs-səmir çıxmadı.
Nəhayət yataq otağından sanki ayaqlarını sürüyə-sürüyə arıq və quru rahib çıxdı və xırıltılı səslə soruşdu: "Siz buraya necə gəldiniz! Bəzi səbəblərə görə bu məbədi insanlar tərk etdilər. Bir xeyli müddətdi ki, bura gələn yoxdu. Bu məbəddə qu desən, qulaq tutular. Burda arpa-buğda da yoxdu ki, çörəyimiz olsun, yorğan-döşək də yoxdu ki, yatıb dincələsiniz. Oduku kəndə gedin!" Kayan dedi: "Mən Mino vilayətindən Oya gedirəm, aşağıdakı kəndin yanından keçəndə qayaların əzəmətinə, gur-gur axan dağ çaylarının səsinə heyran oldum və gəzə-gəzə heç özüm də hiss etmədən, bir də baxdım ki, burdayam. Artıq günəş də batdı. Kənd də xeyli uzaqdı. Icazə verin, gecəni burda qalım".

(ardı gələn şənbə sayımızda)