adalet.az header logo
  • Bakı 13°C
  • USD 1.7

FÜZULİ ƏDƏBİ ESTETİKASI

VAQİF YUSİFLİ
39918 | 2016-09-24 09:54
("Tənqid tariximizdən"- VII yazı)

Böyük ustadımız Mir Cəlal Paşayev "Füzuli sənətkarlığı" monoqrafiyasında yazırdı ki: "Ədəbiyyatımızda Füzuli lirikası yüksəkliyinə qalxa bilən ikinci bir şair tanımırıq".
Bu fikri sübut eləməyə heç bir ehtiyac duymuruq. Füzulidən sonrakı beş əsrdə Azərbaycan poeziyasında müxtəlif izmlər, cərəyanlar, meyl və tendensiyalar yarandı, şeirimizin inkişafında irəliləmələr də oldu, geriləmələr də... sxolostika da, epiqonçuluq da davam elədi, amma Füzuli şeirinin təsir dairəsi Günəşin yaydığı şəfəqlər kimi öz nurunu poeziyamızdan əsirgəmədi.
Füzulinin Azərbaycan poeziyasında xüsusi bir yeri var və onun yaradıcılığı ilə qeydsiz-şərtsiz yeni mərhələnin yarandığı mübahisə obyekti ola bilməz. Amma ədəbi tənqid tariximizin "klassik dövrü" də müəyyən mənada Füzulinin adı ilə bağlıdır. Professional tənqidimiz yaranana qədər Füzuli bir çox elmi-nəzəri problemləri ilkin halda həll etmiş, şairlər və alimlər üçün mühakimə bazası yaratmış və sonrakı əsrlərdə bu ilkin elmi-nəzəri qənaətlər müstəsna rol oynamışdır. Təbii ki, Füzulinin elmi-tənqidi fikir və mülahizələri onun bədii təcrübəsində, qəzəl və qəsidələrində, poemalarında təzahür edə bilərdi. Mən görkəmli füzulişünas, mərhum Sabir Əliyevin "Füzuli ədəbi estetikası" (Bakı, 2004) monoqrafiyasına nəzər yetirirəm. İki fəsildən ibarət olan bu monoqrafiyanın təkcə yarımbaşlıqlarının adlarını xatırlamaq kifayətdir ki, Füzulinin elmi-nəzəri fikirlərinin, bu gün üçün də əhəmiyyətli olan tənqidi mülahizələrinin "nəhəng fikir buketi" ilə tanış olaq. Odur ki, biz mərhum alimin Füzulinin ədəbi estetikası ilə bağlı fikir və mülahizələrini xülasə şəklində təqdim etməyi lazım bildik. Fikrimizcə, Azərbaycan füzulişünaslığında bu mövzu tam və sistemli şəkildə məhz Sabir müəllimin həmin tədqiqatında öz dolğun ifadəsini tapıb. Bu, həm də alimin ruhuna ehtiramımız olur.
Sabir Əliyev "Giriş"də yazır: "Biz Füzuli poetikasının təhlili kimi son dərəcə mürəkkəb, çətin və məsul bir işə girişərkən, zəngin dünya füzulişünaslığının nailiyyətlərindən, ingilis, İraq, İran, Türkiyə, rus, sovet, Azərbaycan füzulişünaslarının qiymətli tədqiqatlarından, xüsusən Y.E. Bertels, H. Araslı, M.Quluzadə, M.C. Cəfərov, Mir Cəlal kimi görkəmli mütəxəssislərin istiqamətverici araşdırmalarından nə qədər faydalansaq da, yenə birinci növbədə şairin öz ədəbi elmi irsinə istinad etmişik, hər hansı elmi və ya bədii məsələnin həllində şairin özünə müraciət prinsipinə əsaslanmışıq. Çünki "dünya adamlarının üzünə söz süfrəsi açıb" onlara təxminən beş yüz ildən bəri tükənməz mənəvi-əxlaqi qida verən şairin düzdüyü "əlvan təamların" dadı haqqında heç bir şey onların özləri qədər dürüst təsəvvür yarada bilməz". Odur ki, Sabir müəllim Füzulinin şeirin mənşəyi, predmeti, məqsədi, ədəbiyyatın obrazlılığı, bədii uydurma və onun vəzifəsi, şeirin elmiliyi, məzmunla formanın vəhdəti, şeirin dili və üslubu, bədii növlər və onların təbiəti, orijinallıq və təqlidçilik, tənqid və təərrüz, şeir və cəmiyyət, mədh və həcv, bədii sözün ictimai əhəmiyyəti və s. məsələlər haqqında fikirlərini onun bədii əsərlərində axtarır.
İndi alimin tədqiqatında bir neçə əsas məsələyə diqqət yetirək. Bu məsələlər Azərbaycan füzulişünaslığında nisbətən az tədqiq edilib.
1.Şeirin mənşəyi. "Füzuli istisnasız olaraq bütün əsərlərində ardıcıl və prinsipial şəkildə şeiri, sənəti, mövzun kəlamı "Bəxşi-ilahi", "vəhyi-səmavi" (Allah vergisi) kimi izah etmiş, bu məsələnin həllində idealist mövqe tutmuşdur".
Sovet dönəmində bir çox tədqiqatçılar Füzuliyə "ateist paltarı" geyindirərək onu antidinçi kimi qələmə vermişlər. Amma S.Əliyev bu məsələyə real yanaşır, şeirin hakim dairələrdə gözdən düşdüyü, sevilib-qiymətləndirilmədiyi bir dövrdə ("Bir dövrdəyəm ki, nəzm olub xar"), dinlə dövlətin birləşib şeiri təkfirə qoyduğu ağır feodal şəraitində onu bu təzyiqlərdən qorumaq üçün məhz Allah və peyğəmbərlə əlaqələndirməyə ehtiyac duyur. Sübut edir ki, Allahı, Məhəmmədi və Quranı şairlərin və şeirin əleyhdarı kimi yox, tərəfdarı və müttəfiqi kimi düşünmək lazımdır. Şairlik istedadı da insana Allah tərəfindən nəqş olunub və Allahın köməyi olmadan "kəmali-şeir kəsbi" mümkün deyil. S.Əliyev Füzulinin Allahın mədhinə həsr etdiyi bir qəzəlinə müraciət edir:

Qəlbimi nurunla açdın, nolar açsan nitqimi,
Verdiyin nemətlər olsun ta ki, dillər əzbəri.
Nitq verdinsə, gözəl söz söyləmək də lütf qıl
Şeirim ilə zahir olsun gizli hikmət zivəri,
Lütfün əlası sözün bilməkdədir mənasını,
Həmd qıl, vermiş, Füzuli, həq sənə bu gövhəri.

Yəni insan qəlbini işıqlandıran, şairə nitq verən, gözəl söz söyləmək istedadı bəxş edən Allahdır. Bir sözdə, Füzuli başqa qəzəllərində də qeyd edir ki, şeir Allah nemətidir.
2. Bədii yalan. Yenə tədqiqatçıya müraciət edək: "Füzuli bədii şişirtməni əslində, çox mühüm və həyati hal sayır, həqiqətə uyğunluq hesab edir, bədii yalanı reallığın müəyyən miqyası, pilləsi, eyni kimi başa düşür. Şair şişirtmə və yalanı, hətta bədii söz üçün zərurət kimi anlayır... "Leyli və Məcnun" poemasında şeirin yalan sənəti olması haqqındakı məlum müddəaya işarə vardır, anasının Məcnuna qadağan etdiyi "pis əməllər" sırasında şeir də qeyd olunur: "Şeirə həvəs etmə kim, yamandır, Yaxşı desələr onu, yalandır". Füzüli burada "Yalan" sözünü iki məqamda işlətmişdir; birincisi, şeir haqqında deyilən müsbət rəy yalan çıxarılır, təkzib olunur, ikincisi də, şeir özü yalan hesab olunur: şeir də yalandır, onun haqqındakı elm də. Yaxşılığı yamanlıqdan ibarət olan şey isə anaya "yaman" görünür. Şair beytdə bədii təzadın və söz oyununun köməyi ilə şeir haqqındakı tarixi bir sənədi təfsir etmişdir. Nizamidə də eyni motivi görürük. O da şeirə münasibətindən danışanda oğlunu təkcə şairlikdən deyil, həm də şeirşünaslıqdan, alimlikdən çəkindirirdi". Tədqiqatçı belə fikrə gəlir ki, şairin təsvir etdiyi bədii yalan ideal gerçəklikdir. Deməli, "şeirdəki faydalı yalan zərərli doğrudan daha yaxşıdır".
3. Ədəbi növlər. Füzulüşünasların tədqiqatlarında dahi şairin ayrı-ayrı ədəbi növlərə və janrlara münasibəti haqqında məlum fikirlər az deyil. M.Cəlalın "Füzuli sənətkarlığı", M.Quluzadənin "Füzulinin lirikası", Azadə Rüstəmovanın "Klassik Azərbaycan poeziyasında qəzəl", Gülşən Əliyeva-Kəngərlinin "Çağdaş poeziya və klassik irs", "Poetika məsələləri" kitablarında Füzuli şeirlərinin janrı xüsusunda dəyərli mülahizələrlə qarşılaşırıq. Ən çox da "Füzuli və qəzəl" problemi işıqlandırılıb. Bu mövzuda söz açan tədqiqatçıların əməyini yerə vurmadan deyə bilərik ki, Azadə Rüstəmova adını çəkdiyimiz monoqrafiyasında problemə daha köklü şəkildə yanaşıb. Azadə xanım ədəbiyyatşünaslığımızda ilk dəfə olaraq klassik şeirimizin şah janrı - qəzəlin təşəkkül tarixi, mənşəyi, inkişaf yolları -təkamül dinamikası və poetikasını sistemli şəkildə araşdırmışdır. Sabir Əliyevin tədqiqatında isə təkcə qəzələ deyil, digər janrlara da Füzulinin münasibəti yığcam şəkildə də olsa, öz elmi şərhini tapır. Yenə tədqiqata üz tutaq: "Füzuli hər bir formanın məqamını, hər vəznin yerini dərindən bilən şairdir. O, bədii forma ilə ədəbi mətləbin vəhdəti zərurətini həm şair kimi hissən duymuş, həm də alim kimi fikrən dərk etmişdir. Özünü haqlı olaraq "babilinəjad sahir", "həzarpişə kargər" hesab edən şair "Leyli və Məcnun" əsərində yaradıcılığının şəkli zənginliyinə işarə edərək yazırdı:
Söz dərkinə sərf edib fərasət,
Əmlakına bulmuşam rəyasət.
Gəh tərzi-qəsidə eylərəm saz,
Şahbazım olur büləndpərvaz.
Gəh dəbi-qəzəl olur şüarım,
Ol dəbə rəvan verir qərarım.
Gəh məsnəviyə olub həvəsnak
Ol bəhrdə istərəm düri-pak.

Bu parçada şair öz yaradıcılığında əsas yer tutan üç aparıcı bədii formanı (qəzəl, qəsidə və məsnəvi) qeyd edir, eyni zamanda obrazlı şəkildə onların hər birinin qısaca janr xüsusiyyətini göstərir".
4. Orijinallıq və təqlidçilik. S.Əliyevin fikrincə, Füzulinin qoyub həll etdiyi ən maraqlı məsələlərdən biri şairin bədii yaradıcılıq prosesinə münasibəti, yaradıcılıqda orijinallığa və təqlidə, bədii icadçılığa və ədəbi-fikri təkrara baxışı məsələsidir. Çünkim Füzuli sözün əsl mənasında orijinal yaradıcılıq yolu ilə irəliləyən özü hər sözü yazanda, hər şeiri bitirəndə ehtiyatla hərəkət etmiş, öz şeirlərini mövcud bədii təcrübə ilə yoxlamış, xoşlanmayan, işlənməyən, təkrara oxşayan sözlərini kəsib tullamış, təsir və təzyiq təzahürlərini qoparıb atmışdır. Şərq ədəbiyyatında Nizamidən üzü bəri onlarla "Leyli və Məcnun"lar yarandı, lakin Füzulinin bu məhəbbət dastanı birincidir və bir incidir. Şərq ədəbiyyatında nəzirəçilik dəbdə idi və Füzuli də bundan sərf-nəzər etməmişdir. Lakin o, kimə nəzirə yazıbsa, açığını deyək, birinciliyi ələ almış, orijinalı üstələmişdir. Burada başqa bir füzulişünasın-mərhum Samət Əlizadənin Füzuli qəzəllərinin şərhini verən "Şah beytlər" kitabından bir misala müraciət etməyi lazım bilirik. Samət müəllim türk şairi Nicatidən belə bir beyti misal gətirir: "Demə kim, yardə yox cövrü-cəfadən qeyri, Nə dilərsən bulunur mehrü vəfadən qeyri". Füzulidə isə: "Nə yanar kimsə mənə atəşi-dildən özgə, Nə açar kimsə qapım badi-səbadən qeyri" Samət müəllim yazır ki: "Ədalət naminə açıq demək lazımdır ki, burada ədəbiyyatlar tarixində az təsadüf edilən bir hal qarşısında qalmış oluruq: nəzirə orijinaldan həm şəkil, həm də məzmunca güclüdür, mükəmməldir".
S.Əliyev Füzulinin bədii yaradıcılıqda təqlidin və təqlidçiliyin amansız düşməni olmasını xeyli misallarla şərh edir və əlbəttə, belə bir məşhur qitəsini misal gətirir:

Müddəi eylər mənə təqlid nəzmü nəsrdə,
Leyk namərbut əlfazi mükəddər zatı var.
Pəhlivanlar badpalər səyirdəndə hər yana
Tifl həm cövlan edər, əmma ağacdan atı var.

(Məni müddəi (iddiaçı-rəqib) nəzm və nəsrdə təqlid edir, amma onun şəxsiyyəti kimi kobud, nahəmvar sözləri var. Bu ona oxşayır ki, pəhlivanlar yel kimi uçan vtlarını hər yanda səyirdərkən uşaq da ağacdan at düzəldib, gövlan edər).
Heç kimə bənzəməyən Füzuli yaradıcılıqda orijinal yol tutmuş, amma ondan sonrakı əsrlərdə Füzulinin açdığı yola yüzlərlə şairlər baş vurmuş, amma çoxları təqlidçilikdən irəli gedə bilməmişlər.
5. Sadəlik və aydınlıq. Sabir müəllim elmi ədəbiyyatda "Füzuli Azərbaycan türkcəsinə yeni bir hava gətirmişdir" məlum fikrini bir qədər də genişləndirir və burada biz onun bu xüsusda söylədiyi bir mülahizəsini misal gətirmək istərdik: "Rindü Zahid" əsərindən müvafiq parçanı bir də xatırlayaq: oğul atasını sadə dildə danışmağa dəvət edir, deyir ki, "sözü məzmuna örtük eləmə (məzmunu sözlə örtmə), məzmun gözləyənlərin qəlbini qanə döndərmə, əsl məsələ bəzək deyil, mənadır, söz odur ki, onu avam da başa düşür".
Füzuli Azərbaycan dilində yüksək sənət əsərləri yazmış, ədəbi dilimizin inkişafında Qazi Bürhanəddindən, Həsənoğludan, Nəsimidən və Xətaidən sonra yeni bir üslub yaratmışdır. "Məndə tovfiq olsa bu düşvarı asan eylərəm" - və o düşvarı asan eyləmiş Füzuli.
... Biz ədəbi tənqid tariximizin Füzuli dövrünə müraciət edərkən çox etibarlı bir mənbəyə-mərhum professor Sabir Əliyevin "Füzuli ədəbi estetikası" monoqrafiyasına üz tutduq və bu görkəmli füzulişünasın əsərindən çox qısa bir xülasə ilə kifayətləndik. Ruhu şad olsun Sabir müəllimin!

TƏQVİM / ARXİV