adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7

Qəlb şairi

10024 | 2016-09-24 10:01
(Esmira Məhiqızın yaradıcılığı haqqında)

Zakir Məmməd

Daha tribunadan şeir oxumurlar. Bu dövr keçdi. İndi ölkə iqtisadiyyatında rəqabət mühiti əvəzinə inhisarçı qüvvələrin meydanı genişlənsə də, cəmiyyətin yaradıcı şüuru üçün hər hansı ciddi əngəllər, demək olar ki, yoxdur. Ədəbi inkişafımıza ziyan vura biləcək "izm"lərlə birgə qəzet-jurnal dəllallığı əhəmiyyətini itirməkdədir. İndi ölkə oxucusunun müasir ədəbi prosesin gedişatından, ədəbi-bədii həqiqətlərdən agah olması üçün hər hansı vaxt, məsafə əziyyətlərinə qatlaşmasına ehtiyac olmadığı kimi, şair, yazıçı zümrəsinin də boynu çapçıların, naşirlərin minnət boyunduruğundan azad edilməyə başlayıbdır. İndi kimliyindən, harada yaşamağından, irqindən, cinsindən, milli mənsubiyyətindən asılı olmayaraq, hər bir fərd dünyanı ovcunda saxlayan, hər kəsin istifadəsində olan sosial şəbəkələrdə özünü realizə edə bilir, başqa sözlə desək, sözlə oxucu arasında sərhədlər dağıdılır.
Sözün aktuallığı şüurun və ictimai münasibətlərin təşəkkülü ilə eyni zamana təsadüf edir. Vaxtında və yerində ifadə edilmiş fikir vaxtında və məqamında deyilmiş sözdür. Söz müəyyən şərtlər daxilində tarix üçün dəyər və əhəmiyyət daşıyır. 21-ci yüzilliyin başlanğıcında yeni bir "mədəni inqilab"ın ləzzətini duya-duya insan yazmaq, danışmaq vərdişlərini dövrün tələblərinə hər gün uyğunlaşdırmaqdadır. İstədiyi informasiyanı anındaca əldə etməyə can atan müasir insanın hansı düşüncələrinin prioritet olduğunu bilmək də olduqca maraqlı görünür. Bu cür düşüncələrini paylaşmaq istəyən söz və xəbər istifadəçilərinin ən çox toplandığı yer sosial şəbəkələrdir.
İndi "Facebook" səhifəsində hər kəsin qarşısında yeganə bir sual var: "Sən nə düşünürsən?" Bu sualın cavabı olaraq paylaşılan poetik düşüncələr daha maraqlıdır. Bir şərtlə ki, həmin sualın cavabı düşündürücü olsun, qıcıqlandırıcı olsun. Facebook səhifəsində paylaşılan belə düşüncələr - status və açıqlamalar adamı yenidən düşünməyə yönəldir. Bunları 21-ci əsrin yazıları adlandırmaq da olar. Bu yazıların müəllifləri sırasında şeir, sənət bilicisi olaraq özlərini çoxdan təsdiq edib məşhurlaşanlar da, az tanınıb və ya yenicə yazmağa başlayıb "mətahlarını" böyük səxavətlə "istehlakçıların" diqqətinə yetirməyə çalışanlar da, necə deyərlər, gecə-gündüz qələm işlədirlər. Şeir, sənət bilicisi, Facebookda yazılarına tez-tez rast gəlinən belə müəlliflər sırasında Esmira Məhiqızı imzası ilə yazan çox istedadlı şairin adını qeyd etmək və ondan söhbət açmaq, məncə, yerinə düşər. Şeirlərini ilk dəfə Facebook səhifəsində oxuduğum bu gözəl şairin yazdıqlarında, düzü, indiyəcən mütaliə etdiyim yazılarda görmədiyim ahəng və intonasiya müşahidə edirəm. Bir qədər incik və küskün əhvalını nəzərə almasaq, bənzərsiz dil və obrazlar yaradaraq oxucu ilə tez dil tapıb dostlaşmağı bacaran, onu çox hiss etməyə və düşünməyə sövq edən söz adamlarımızdandır. Şeirlərində ilk baxışda təhkiyə üçün səciyyəvi bir üslub nəzərə çarpsa da, bu hekayətlərdə lirikaya xas təsvir və tərənnüm çox asanlıqla "adamın ağlını başından alır". Şair içində olduğu mühitin elə yerlərindən söz açır ki, o ərazinin havası, iqlimi başqalarının, yəni oxucunun da "səhhətinə" yaxşı təsir edir.
"Bir gün yalnızlığın quru yerinnən
mənə yaşamağa bir ada yolla".

Dünyada taleyindəki tənhalıq limitindən, yəqin ki, hər kəs bəhrələnə bilir. Ancaq tək-tənha qalmağın, tutaq ki, Robinzon Kruzo həddi də var. Bunu yer üzünün mədəni əhalisi bilməmiş deyil. E. Məhiqızı bu cür həyat bilgilərinə istinad edərək yeni, daha yaddaqalan variantlar üzərində çalışır və "yalnız qalmağın" poetik düsturlarını cəmiyyətə təqdim edir. Mübaliğəli danışmaq Esmira xanım üçün su içmək qədər asandır.

"Hələ Mosugilin evi də yandı,
elə ürəyimə dəydi bu xəbər.
Elə bil nəmindən çəkib o kəndin,
mənim gözlərimə sel göndərdilər".
Heca şeirinin ritm, nizam yaratma imkanları çox olsa da, şair forma, məzmun innovasiyalarına can atır, dilin digər vasitələrindən də faydalanmağa üstünlük verir. Şeirlərində yaratdığı xitablı cümlələr ritorik səslənmir.

"Məni bu bahar da gözləməyin,
uşaqlar!
Bir payız koluna ilişib qalmışam.
Donumun ilişdiyi yerdən
bir payız kolu cücərib.
Qupquru budaqlarıma
boz sərçələr qonur arada.
Və yadıma sərçə qızlar düşür,
donları çil-çil,
yanaqları gül-gül,
saçları tel-tel...
Hürkütdülər, uçurtdular o qızları..."

Bu şeir parçasında zahirən hər hansı qeyri-adilik müşahidə edilməsə də, başqa sözlə, bir nəsr parçasını xatırlatsa da, oxuduqca bu kiçik ədəbi mətn adamı papağını qabağına qoydurub düşündürür və təsirləndirir. Esmira xanımın bu cür mətnlərini nə qədər hekayəyə oxşatmağa çalışsaq da, ordakı poeziya bolluğu söhbətin şeirdən getdiyi həqiqətini araya gətirir. Məsələn, həmin bu şeir parçasında ekspressiya hər cümlədə özünü göstərir. Bir məsələni qeyd etmək gərəkdir ki, hekayəçilik də obrazlı təfəkkürün məhsuludur. Obrazlarla zəngin olmayan nəsr nümunələri də mütaliə üçün yararlı hesab olunmur. Ədəbi tələblər sırasında bütün janrlar üçün eyni olan şərt bədiilikdir, qurulmuş nitqin ekspressivliyidir. Şairlə şairi ayıran da həmin bədii priyomların necəliyidir. Bir qədər təfərrüatlara varsaq, şeirin bədii dəyərini açıqlaya bilərik. "Bir payız koluna ilişib qalmaq" anlayışını "donun ilişib qalan yerindən" həmin payız kolunun cücərməsi" informasiyası daha da şiddətləndirir. Bu misraların estetik həyəcanı "normal ölçülü" mətnlərdə olduğundan çoxdur.
Onda daxili nitq güclüdür. Deməyə sözü çox, lap çoxdur. Şeirinə gətirdiyi cisim və əşyaların hansına müraciət etsə "anlaşmaq" mümkündür. Dialoqları da elə qurur ki, insan və dünya tərəf-müqabilliyində bir şəxsin, birinci şəxsin monoloqları üstünlük təşkil edir. Məna yükünün ağırlığına görə bir çox məşhur monoloqlardan seçilməyən bu cür nitqlərin alt qatındakı dünyanın gərdişinə etiraz intonasiyası həm də ağrı və kədər doğurur.

Gözümlə buluda naxış qoyurdum,
navalça qoyurdum, çıxış qoyurdum,
dəyişib adımı yağış qoyurdum-
mənim anam idin bulud, ay bulud!

Bu şeirin digər bəndlərində "balığ"a və "palıd"a müraciət edilir. Balıq dünyanın su, palıd quru hissəsini, bulud göyü təmsil edir. İnsanla kainatın vəhdətini cəmi üçcə cisimə etdiyi müracətlərin üzərində qura bilir. O, dağınıq təəssüratları bütövləşdirə bilir. Bu bütövlük biri digərini tamamlayan emosiyaların estradasıdır.
Esmira Məhiqızı danışıq dili ilə ədəbi (bədii) dili uzlaşdırmağı yaxşı bacarır. Onun yazısını və nitqini mifdən, nağıldan törəmə şüur mühafizə edir. Müraciətləri şeir üçün uğurlu başlanğıc rolunu oynayır. "Ay bacılı", ..."atam oğlu", "ay səni" və s. müraciətləri onun üslubunu bir az da fərdiləşdirir, poeziya yaradıcılığında özünəməxsus rəng və boya əlvanlığı effekti doğurur.

Ay bacılı, xəbərin var, anamız,
saçımızı hörə-hörə qocaldı.
Gözümüzün qabağında qış-payız,
gözlərimiz görə-görə qocaldı.

Şeirlərində nikbin sentimentallıq ilə kəskin tragizm bir yerdə diqqəti cəlb edir. Əgər bu insan tragediyaları canlı aləmin həyat uğrunda mübarizə qanunauyğunluqları ilə düz mütənasibdirsə, poeziya da üzərinə düşən "könül izharı" funksiyasını tamam-kamal yerinə yetirərək onu əks etdirirsə, onda könülləri viran qoyan dəhrdə abadlıq axtarmağa dəyməz. Onda xaraba könülləri abad edən - şeir, ədəbiyyat olacaqdır. Axı insan kədəri cəmiyyət üçün mənəvi mövcudluq etalonudur. Poeziyadakı həmin kədər bərbad edilən dünyanı abad edən ən yaxşı mənəvi iksirdir. İnsan fiziki varlıq olsa da, o, "başına gələnlərsiz" mövcud ola bilmir. İnsanın faciəsi onun ölüm anına qədər baş verənlərdir. İnsanın deyib-gülməyi də, əslində, faciədir. Həmin anda gülmək, bəlkə, lazım deyilmiş. Lazım olan və olmayanlar poeziyada gerçəkləşə bilirsə, onu yaradanların istedadına şübhə ola bilməz. Esmira xanımın şeirə gətirdiyi adlar və sözlər çox olsa da, "oralar" adamı daha çox riqqətə gətirir və düşündürür.

"Bənövşələnmiş sevgilər,
qərənfillənmiş dərdlər,
durna-durna ümidlər ..."

kimə aid edilməlidir, görəsən? Yəqin ki, "oralar" dan soraq ala bilməyən hələ də ismarışını "ay havada uçan durna"ya həvalə edən bir topluma. O toplumun adı hər nədirsə, o adla "oralar"sız yaşamaq hər halda asan deyil. E. Məhiqızının şeirləri həm faciəyə, həm komizmə uğramış bir epoxanın katarsisidir. Eyni zamanda şair fərdin, lirik qəhrəmanın arzu və istəkləri ilə "fələyin yazdıqlarının" kolliziyasını yaradır.
Şairin bəhs etdiyi faciələrin bir adı "insan boşluqları" kimi mənalandırıla bilər. İnsan dünyanı gözlə görüb, könlü, duyğusu ilə qucaqlayıb sevməyi və bu dünyadan doymağı bacarırsa, bu, elə onun bəxtəvərliyidir. Fəqət arzuların, istəklərin qapıları boşluğa açılanda ümidsizlik adamın qoluna girib onu hara gəldi alıb aparır. Bax onda həyatı boşluqda keçirməkdənsə, bir nicat yolu axtarıb tapmaq ümidi xaraba qalmış yurd yerlərində çiçəkləyə-çiçəkləyə qalmış nar kollarına ilişib qalır. Daha nar kollarının ümidinə qalmış vətən sevgisi ilə ilan kimi qabıqdan çıxmaq əzabı tutur həmin sevgi... boşluqlarını.
"Bütün boşluqları
nar kolları doldurub oralarda.
Xarabalar nar kollarının
həsrətini çəkirmiş neçə illərdi.
Və xaraba qalmış könlümüzün
boşluqlarında yaralarımız
nar kolları kimi çiçəkləyir...."
Bir də təkrar edim ki, xaraba qalmış doğma yurdu olan insanın könlü abad ola bilməz. Doğma torpaqlarından, ev-eşiyindən perik düşmüş xalqın olduqca ağır qəmi-kədəri şeirdə deklarativ üsullarla deyil, əsl poeziyaya xas olan obraz və təsvirlərlə nəzərə çatdırılır. Tamamilə yeni olan bu yazı üslubunun leksikası və qrammatikası da poeziyanın hər kəs üçün sirli qanun-qaydalarına böyük ustalıqla tabe etdirilir. Məsələn, "boşluq" semantikası işğal edilmlş ərazini daha dəqiq ifadə etdiyi kmi, onun əsasında yaradılmış yeni frazalar üçün "göz", "qucaq", "sevgi" kəlmələri də düzgün seçilmişdir. Yəni boşluq o zaman yaranır ki, göz gəzdirib heç nə görə bilmirsən, doğmalarını bağrına basıb qucaqlamaq arzusuna yetə bilmirsən, nəticədə sevməyə kiminsə, nəyinsə yoxdur.

"Gözümüzün boşluğunda,
qucağımızın boşluğunda,
sevgimizin boşluğunda
ilan kimi qabığımızdan soyuluruq.
Və ümidlərimizi kül eləyən
səmum küləklərində
ilan qabığı kimi yellənirik-
boş-boşuna.
Amma ilan qabıqları zəhərli deyil,
ilan qabıqları heç kimi çalmır.
Eyyyyyyy, Vahid Qazi!
Biz ilan qabığı kimi gedərik, Ağdama.
Nar yığmağa gedərik,
uşaqlıqdakı kimi...
Boşluqların hamısını
narlarla doldurarıq.
Sonra da özümüzü
bir mələs nardan asıb
ilan kimi geri qayıdarıq".

Şərti olaraq mətn adlandırsaq, buradakı təhkiyə "yaralı" duyğuların əhvalatından ibarətdir. "Payızla şəkil çəkdirməyi" "bacaran" ürək şairinin vaxtın, taleyin alnımıza yazdıqlarını və başımıza gətirdiklərini əzbərçi tarixin səhifələrindən silib dilimizə, nitqimizə, intonasiyamıza, jest və mimikamıza daxil etməsi bir daha onun şairlik istedadını təsdiq edən fakta çevrilir. Bu şeir poetik düşüncəni əyaniləşdirən yarlıklarla, dərdli bir insan həyatının simvollaşmış hissəsini kodlaşdıran leksik vahidlər (məsələn, xaraba, boşluq, ilan qabığı və s.) və cümlə quruluşları ilə hər kəsin, xüsusən, öz Qarabağını itirmişlərin mənəvi boşluqlarını bir anlıq "suvaması" ilə oxucunu təəccübləndirə bilir. Bu şeir həm də xal düşmüş ürəklərini ancaq özləriylə gəzdirənlərə oxumaq üçündür, yəqin. Çünki "ilan kimi geri qayıtmağa" daha çox onlar layiqdirlər.
Esmira Məhiqızının şeirləri iti fəhmli, yüksək zövqlü, ədəbi prosesi yaxşı bilən və izləyən bir söz adamının - qüdrətli bir şairin yazdıqlarıdır. Nə yaxşı ki, o, şeirlərini dostlarla, oxucularla bölüşür. Yazdıqlarını xatirə adlandırsa da, reallıq belədir ki, onun xatirə adlandırdıqları böyük ədəbiyyat nümunələridir.
Xatirə, yəni yaşanmış ömrün xəyalda əks-sədası - yazılmamış şeir, hekayə adlandırıla bilər. Lakin onu yazıya almaq şairlərin, yazıçıların işidir. Acı xatirələr də E. Məhiqızının hərdən müraciət etdiyi "xam material" deyildir. Onun çox gənc xatirələşmiş həyatı yazısının, yaradıcılığının tərkib hissəsidir. Məsələ bundadır ki, onun şeirlərinin lirik, həm də tragik qəhrəmanının taleyi bizim hamımızın taleyidir. İtkinlik, didərginlik əhvalını qabartmaq üçün "kənd", "ev", "tikana ilişib qalmış don", "ilan qabığı", onun qəmli xatirələrini şərtləndirən elementlər kimi şeirlərinin çox münasib bədii materialını təşkil edir. Bədii material olaraq sözdən korluq çəkməyən şair dilimizin lüğət tərkibinə baş vuraraq ondan ustalıqla yararlana bilir. Xalq dilinin təmizlənib təzələnməsi üçün xalqın və onun dilinin öz böyük söz adamlarına həmişə ehtiyacı olub. E. Məhiqızının şeirlərində axtarıb hər hansı söz xətası, ifadə səliqəsizliyi tapmaq olmur. Onun qələmindən çıxan hər cümləni ədəbiyyat faktı kimi bütün dünyayla paylaşmaq təqdirəlayiq bir hərəkət olardı. Bu baxımdan, E. Məhiqızının "Belə" rədifli qoşmasındakı poeziya yeniliklərinin söz-sənət adamlarını vəcdə gətirməsi təbiidir.

"Atam oğlu, hamınızı itirdim,
gözüm gəzir aran belə, dağ belə.
Vaxt varıydı mən də dil-dil ötürdüm,
ay deyirdim, bostan belə, bağ belə.

İndi hər gün unutmaqdan gəlirəm,
ha gedirəm, qayıtmaqdan gəlirəm,
bir bulud var, ovutmaqdan gəlirəm-
deyəmmirəm, çilən belə, yağ belə."

Həmin şeirin ölümünü gözünün altına alan qəhrəmanı - ətrafında baş verənlərə həm də "oralarda qalan qız"ın gözləri ilə baxır. "Oralar" indi yadlara "tapşırılmış" doğma torpaqlarımız və o torpaqların üstündə yaşayan insanlarımız - indi böyüyüb boya-başa çatmış azyaşlı oğul və qızlarımızdır. Oraların balaca qızlarının, oğullarının gözünü açıb gördükləri qan-qada, dərd-qəm, ölüm-itim olubdur. Ölənlər niyə öldülər, qalanlar niyə hələ də yaşayırlar; ölmək yaxşı idimi, qalmaq lazım idimi və s. qınaqlar həm də bir balaca qızın dilinin qəmli bayatısı, könlünün bundan sonrakı pasibanıdır. Sırtılmış siyasət jonqlyorlarının meydanı genişləndikcə ayıq və saf vicdanı ilə baş-başa qalan vətənin oğul və qızlarının küskün və incik əhvalı başa düşüləndir.

"Ürəyimdə nişanları soruşma,
yaşanmayan yaşamları soruşma,
mənə düşən axşamları soruşma,
qaramatdı, dövran belə, çağ belə.

Atam oğlu, gözüm üstə göz qalıb,
gözüm altda ölümlərə az qalıb,
oralarda bir balaca qız qalıb-
hey oxuyur, ölü belə, sağ belə".

Esmira Mehiqızının sərbəst şeirləri onun sənətin sirlərinə nə dərəcədə bələd olduğunu daha aydın şəkildə açıb göstərir. Bu cür şeirlərində qafiyə, heca bölgüsü olmasa da, ilk baxışda onun ard-arda düzdüyü sətirlər misraya oxşamasa da, şeiri oxumağa başlayanda belə şeylər adamın yadında olmur və şeir boyu, məsələn, nar çiçəyini bir başqa cür söhbətə tutan kiminsə olduğu da kiminsə ağlına gəlmir. Çünki şeirdəki obrazların əhatəsində özümüzü bir-birimizdən ayıra bilmirik. Burada vətəni ifadə etmək üçün ən uyğun proobraz nar çiçəyidir. O balaca qızcığaz yenə də əsərin əsas obrazlarından birinə çevrilir. "Çəkdiyi şəkilləri" "gözləriylə rəngləyən" hörmətli şairimiz bu dəm bizə böyük Füzulini xatırladır. Onun rənglərində "bahar"la "qış"ın fərqi apaydın görünür.
Hər bir şeir qəlb üçündür və ya qəlbi ələ almaq şeirin birinci vəzifəsidir. Ancaq insan qəlbinin bütün sirlərinə vaqif olmaq Füzuli kimi şairlərə nəsib olur. Bu mənada böyük Füzulini həm də qəlb şairi adlandırırdılar. Bu sözləri E. Məhiqızı haqqında da demək mümkündür. Yəni Esmira Məhiqızı qəlb şairidir.

TƏQVİM / ARXİV