adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7

VOLQOQRADDAN GƏLƏN QONAQ

4524 | 2016-09-24 09:19
Azərbaycandan uzaqlarda Vətənimizi ləyaqətlə tanıdan həmyerlilərimiz çoxdur. Orucəli Həmidov da elələrindən biridir. Uzun müddət Qəhrəman şəhər Volqoqradda daxili xidmət orqanlarında qulluq edən Orucəli Həmidov indi istefada olan mayordur. Xidməti dövründə Rusiya Federasiyasının yüksək dövlət təltiflərinə layiq görülüb. Hazırda oğlu mayor Emin Həmidov Volqoqradda vilayət daxili işlər orqanlarında atasının yolunu davam etdirir.
Hələ neçə il bundan qabaq bizim Şabran şəhərində bir vaxt qonşum olan, növbəti məzuniyyətini ata yurdunda keçirən Orucəli ilə söhbət zamanı öyrənmişdim ki, o vaxtkı Azərbaycan Politexnik İnstitutunu bitirdikdən sonra o, 1988-ci ildə Volqoqrada üz tutub. O illərin məşhur mahnılarından birinin sözləri idi: "Genişdir Vətənim mənim..."
Elə isə Orucəli o "geniş Vətən"də niyə məhz Volqoqrada üz tutmuşdu?
Demə, bu seçim heç də təsadüfi deyilmiş: Orucəlinin atası Fətulla Həmidov İkinci Dünya müharibəsində, Böyük Vətən müharibəsində sovet xalqlarının tarixi 9 May qələbəsinin qazanılmasında həlledici rol oynamış Stalinqrad döyüşlərinin iştirakçısı, igid döyüşçülərimizdən biri imiş...

***
Stalinqrad döyüşlərini yada salanda ilk əvvəl, əlbəttə, xalqımızın igid oğlu, iki dəfə Sovet İttifaqı Qəhrəmanı, tank qoşunları general-mayoru Həzi Aslanov yada düşür.
Stalinqrad döyüşlərində öz həmyerliləri Həzi Aslanov kimi qəhrəmanlıq göstərən cəsur azərbaycanlılar çox olub.
Stalinqrad döyüşlərində faşist ferdmarşalı Paulyusu əsir alan ağdamlı, zabit Həmzə Sadıqov haqqında uzun illər bundan qabaq bir məqalə yazıb "Azərbaycan" qəzetində çap da etdirmişdim. Xəbis ermənilər öz məkirli xüsusiyyətlərinə xas olaraq öz həyatını göz-görəsi təhlükəyə atıb faşist ferdmarşalının görüşünə gedib onu əsir alan igid həmyerlimizin bu qəhrəmanlığını az qala öz adlarına çıxmaq istəsələr də, həqiqət qalib gəlmişdi. Nə isə...

***
Belə bir faktı xatırladaq ki, sovet qoşunları ilə faşistlər arasında Stalinqrad uğrunda 1942-ci ilin 17 iyulundan 1943-cü ilin fevralın 2-nə qədər çəkən döyüşlərdə almanlar və onların müttəfiqləri ümumilikdə 1,5 milyon nəfər canlı itki - ölü, yaralı və əsir itirmişdilər ki, bu da Almaniyanın və onun müttəfiqlərinin güclərinin dörddəbiri idi. Alman silahının 1939-1941-ci illər qələbə şöhrətinə Volqa sahillərində, Stalinqradda son qoyuldu.
Bu döyüşlərin iştirakçıları üçün "Stalinqradın müdafiəsinə görə" medalı təsis edildi.
İsti iyul günlərinin birində ata ocağının qonağı olan Orucəli Həmidov məni evlərinə dəvət etdi:
-Volqoqraddan qonaqlarım var, - dedi, - 90 yaşlı Lidiya Mixaylovna Kiselyova Böyük Vətən Müharibəsi iştirakçısıdır. O ağır illərdə cəbhədə şəfqət bacısı olub. Neçə-neçə döyüşçünün həyatını xilas edib. Atamın cəbhədən salamat qayıtması üçün ailəmiz də ona borcludur.
Orucəli burasını da bildirdi ki, şimallı qonağını ilk əvvəl Bakıya aparıb. Qonaq Fəxri Xiyabanda Ümummilli Lider Heydər Əliyevin məzarını ziyarət edib.
Şabranda rayon İcra Hakimiyyətində keçmiş müharibə veteranını hörmət və ehtiramla qəbul ediblər. Volqoqradlı qonaq Heydər Əliyev Mərkəzinə baş çəkib, Ulu Öndərin zəngin həyat və fəaliyyəti ilə tanış olub, xatirə kitabına öz ürək sözlərini yazıb.
"Mən, Kiselyova Lidiya Mixaylovna, 1927-ci ildə anadan olmuş, köklü Stalinqradlı, Böyük Vətən Müharibəsi veteranı, "Stalinqradlı uşaq", keçmiş Sovetlər İttifaqının da böyük oğlu Heydər Əliyevin Vətənində oldum, onun məzarını ziyarət edib əklil qoydum.
Şabranda Heydər Əliyev Mərkəzinə də baş çəkdim. Azərbaycan vətəndaşları ilə görüşlərdə başa düşdüm ki, onlar öz liderlərini necə bir istəklə sevmiş və sevirlər. Onun öz Vətəni qarşısında xidmətlərini bir daha başa düşdüm.
Mən Şabran RİH başçısı Novruz Novruzova da təşəkkür edirəm ki, öz liderlərinə layiq belə möhtəşəm muzey yaradıb.
Səmimi hörmətlə,
Böyük Vətən müharibəsi veteranı,
"Stalinqradlı uşaq", Qəhrəman şəhər Volqoqradın sakini,
08.07.2016-cı il"
Yelena Mixaylovna ilə görüşdük. Açığı yayın istisi məni təntitmişdi. Şimallı qonağa yayın bu istisinə işarə etdim.
Yaşı 90-nı haqlayan bu kübar rus qadını gülümsəyib:
-Siz azərbaycanlıların qəlbi, məncə, yay havalarından daha isti, hərarətlidir, - dedi.
Lidiya Mixaylovna bir an susub sonra da:
-Həm də mən azərbaycanlıların qədirbilənliyi qarşısında səcdə edirəm. İlahi, bu xalq necə də qədir biləndir! Yaxşılığı heç vaxt yerdə qoymaz...
Lidiya Mixaylovna sözünə davam edib:
-Mən o zaman hospitalda ağır yaralı döyüşçü Fətulla Həmidovun çarpayısı başında tibb bacısı kimi öz vəzifə borcumu yerinə yetirmişdim, - deyə uzaq illərə qayıtdı.
-Hospital məktəbdə yerləşirdi. Pəncərələr sınıb tökülmüşdü, qapılar yox idi, təkcə quru divarlar qalmışdı, elektrik yox idi, xərəklər çatışmırdı. Qızlar yaralıları şinellərdə daşıyırdı. Yaralıların arasında elələri də var idi ki, onları yerlərindən tərpətmək mümkün deyildi. Həmidov da onların arasında idi. Bədənində salamat yer qalmamışdı...
Aradan neçə-neçə illər keçmişdi. Həmidovun oğlu Əli Fətullayeviç uzun axtarışlardan sonra axtarıb məni tapdı. Atasının xilaskarı kimi minnətdarlıq etdi. O vaxtdan ana-bala kimiyik. Bundan yüksək qədirbilənlik olar?!.
Uzun müddət paqonlu mundir geyinmiş, yaşı 60-ı haqlayan sabiq milis mayoru Orucəli Həmidov soyuqqanlılığını saxlaya bilməyib kövrək səslə:
-Atam cəbhədə döyüş qəhrəmanlığına görə "Şöhrət" ordeninə layiq görülüb, - deyir. - Anam Qızbacı xanım da Analıq Şöhrət ordeni alıb. Axı, o, dünyaya yeddi övlad gətirib. Atamız həyatdan tez getdi. Nəvə görə bilmədi. Müharibədə, cəbhədə aldığı yaralar, necə deyərlər, öz sözünü dedi...
Lidiya Mixaylovna da doluxsunub sonra da: - Biz Stalinqradda müharibə iştirakçılarının xatirəsini yaşatmaq üçün əlimizdən gələni edirik, dedi. - Axı, bu bizim ümumi tariximiz, faşizm üzərində sovet əsgərinin qəhrəmanlıq salnaməsidir.
Lidiya Mixaylovna bildirir ki, Rusiyanın Volqaqrad şəhərində Stalinqrad döyüşlərində iştirak edən azərbaycanlılara aid muzey ekspozisiyası açılıb. Muzeyin eksponatlarından məlum olur ki, hər beş azərbaycanlıdan biri Böyük Vətən Müharibəsi cəbhələrində döyüşüb.
Muzeyin stendlərinin birindən iti gözlü bir oğlan baxır. Fətulla Həmidov cəbhəyə 16 yaşında yola düşüb. Və dərhal da Stalinqradda döyüşlərə atılıb. Stalinqrad döyüşlərində ilk dəfə yaralanan igid əsgər "Şöhrət" ordeninə layiq görülüb. Təltif vərəqində: "Yoldaş Həmidov öz pulemyotu ilə qorxu bilmədən döyüşürdü. Cinahdan irəli çıxaraq öz pulemyot atəşi ilə düşmənin ilk hücuma keçən atıcı rotasının qarşısını alıb", sözləri yazılıb.

***
Söz-sözə calanır, ağrılı-acılı, şirinli-şərbətli xatirələrdən haldan-hala düşən Lidiya Mixaylovna, necə deyərlər, "işgüzar söhbət" üstünə gəlir:
-Biz, Qəhrəman şəhər Volqoqradın "Stalinqrad" klubunun üzvləri, Stalinqrad döyüşlərinin iştirakçıları, Böyük Vətən Müharibəsi veteranları Azərbaycan Respublikası Şabran şəhəri ilə Qəhrəman şəhər Volqoqradı qardaşlaşmış şəhərlər kimi görmək istəyirik. Bu arzu ilə "Stalinqrad" klubunun prezidenti polkovnik V.S.Turov da Şabran şəhəri inzibati nümayəndəliyinə müraciət ünvanlayıb.
Lidiya Mixaylovna ürəyindən keçən arzunu da dilinə gətirdi "Stalinqrad veteranlar şurası" - Stalinqrad qəhrəmanlarının xatirələrini doğma Vətənlərində əbədiləşdirmək üçün də təşəbbüslər göstərir. Fətulla Həmidovun da adını əbədiləşdirmək üçün onun Şabranda yaşadığı küçəyə adının verilməsi üçün RİH-ə məktub yazmaq fikrindəyik. İnanırıq ki, biz müharibə veteranlarının bu arzusu öz müsbət həllini tapacaq. Axı, heç kim unudulmamalı, heç nə yaddan çıxmamalıdır...
Şabran

TƏQVİM / ARXİV