adalet.az header logo
  • Bakı 20°C
  • USD 1.7
24 Sentyabr 2016 20:30
10903
İDMAN
A- A+

Daha iki güləşçimiz dünya ikincisi oldu

Makedoniyanın paytaxtı Skopye şəhərində Beynəlxalq Hərbi İdman Şurasının (CİSM) himayəsi altında keçirilən güləş üzrə hərbçilərin 31-ci dünya çempionatı başa çatıb.

 

MOİK mətbuat xidmətindən verilən xəbərə görə, çempionatın son günündə 80, 85, 97 və 130 kq-da mübarizə aparan yunan-roma güləşçiləri yarışıblar. Azərbaycan hərbçi güləşçiləri ilk 3 çəki dərəcəsində mübarizə aparıb. Boris Traykovski adına İdman Mərkəzində keçirilən turnirdə güləşçilərimiz 2 medal qazanıb.

 

80 kq-da mübarizə aparan Rafiq Hüseynov Yunanıstandan Nikolaos Varkas, Makedoniyadan Qoran Atanasov, yarımfinalda isə Ukraynadan Andrey Belıx üzərində qələbə qazanıb. Finalda Almaniya idmançısı Paskal Ayzellə görüşdə minimal hesabla uduzan güləşçimiz çempionatın gümüş medalına sahib olub.

 

85 kq çəkidə yarışan İslam Abbasov ardıcıl olaraq Albaniyadan Alban Necay, Ukraynadan Aleksandr Şişman və Əlcəzairdən Aem Bucemli üzərində qələbə qazanaraq finala yüksəlib. Rusiyalı Yevgeni Saleyevlə qarşılaşan güləşçimiz gərgin keçən final görüşündə 3:4 hesabı ilə uduzub və o da çempionatı gümüş medalla başa vurub.

 

Qeyd edək ki, hərbçi güləşçilərimiz Makedoniyadakı dünya çempionatından vətənə 9 medalla (2 qızıl, 4 gümüş, 3 bürünc) qayıdacaq. Nümayəndə heyəti sabah səhər saatlarında vətənə qayıdacaq.

 

Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən xəbərə görə, Azərbaycan yığması ümumi komanda hesabında 53 xal toplayaraq yarışları ikinci yerdə başa vurub.

 

Çempionatda Rusiya Federasiyası 61 xalla birinci, Ukrayna isə 52 xalla üçüncü yerə layiq görülüblər.

 

Qeyd edək ki,  hərbçilərin güləş üzrə dünya çempionatında 35 ölkədən 300-dən çox idmançı iştirak edib